20.12.2013

Vəhşiliyin təntənəsi

  Çünki o sevirdi. Yarım-yamalaq da olsa, dahilәr qәdәr sevgidәn anlamasa da, onlar qәdәr dәrin vә mәnalı sevә bilmәsә dә, sevirdi. Bu, onun üçün әn böyük sevgiydi.  


  Daha iyirmi bir yaşındaydı. Vә Azәrbaycanda doğulmuşdu. Dünyanın gözündәn uzaq bir ölkәdә. Әsrlәrdir dәyişilmәyәn adәt-әnәnәlәrin hökm sürdüyü, cahilliyin, köhnә, ikiüzlü qaydalara riayәt etmәyin fәxr edildiyi, ana-bacıya beş qәpiklik dәyәr verilmәdiyi halda ana-bacı söhbәtinin “yaxşı oğlanlıq” sayıldığı bir ölkәdә doğulmuşdu. Nә normal mәktәbә gedә bilmişdi, nә dә ali tәhsil alıb, öz ayaqları üstündә durmaq fikri, arzusu olmuşdu. Necә ola bilәrdi axı? Gözünü açandan qohum-әqrәbadakı qızlar yaxşı bir oğlana әrә gedib, uşaq doğmaq, bahalı paltarlar geyinmәk,xöşbәxtliklәriylә hәr kәsi qısqandırmaq arzusuyla alışıb-yanırdılar. Ona da ancaq bu fikirlәr tәlqin edilmişdi. Elә lap balaca yaşlarından cehizi üçün hazırlıq görmәyә başlamış, “bu gün-sabah böyüyüb, әrlik qız olacaq” deyib cehiz verilәcәk yorğan-döşәyi hazırlamağa başlamışdılar. Cehizliyin әn sanballı olan әşyaları olan soyuducu, televizor, ikinәfәrlik yatağı isә әn sonda alırdılar. Onu da ya kreditә götürәcәkdilәr, ya da kimdәnsә borc götürüb alacaqdılar ki, toydan yığılan pulla ödәyәrlәr.
Ama gәrәk normal bir oğlan elçi gәlәydi, onlar da el adәtincә elçilәrә “biz sizә sonra xәbәr göndәrәrik” deyib oğlanı, ailәsini yaxşıca araşdırıb, “şirin çay” üçün oğlan tәrәfә xәbәr göndәrәydilәr.
Vә nәhayәt iyirmi bir yaşına çatanda ona da elçi gәldilәr. Bu, onun bu ölkә üçün, artıq “evdә qalmağa” doğru getdiyi bir yaşıydı. Bu vaxta qәdәr gәlәn elçilәri o, bir bәhanәylә yola vermişdi. Bu dәfәki isә qohumuydu, hәm dә yaxşı oğlanıydı. Araşdırmaq mәrhәlәsinә vaxt itirmәdilәr heç, ama o razı olmadı. Qardaşının, atasının üzünә ağ olmağı belә gözә aldı. Çünki o sevirdi. Yarım-yamalaq da olsa, dahilәr qәdәr sevgidәn anlamasa da, onlar qәdәr dәrin vә mәnalı sevә bilmәsә dә, sevirdi. Bu, onun üçün әn böyük sevgiydi.
Onun da arzusu digәr qızlardakı kimiydi, ama bunu sevdiyi insanla etmәk istәyirdi, başqasıyla belә bir şeyi edәcәyini tәsәvvürünә gәtirdikcә hönkürtüylә ağlamaq istәyirdi, ama bunu ancaq otağında tәk olanda edә bilirdi, onda da özü öz sәsini kәsmәk üçün әllәriylә ağzını tuturdu. Axı qardaşı, anası, atası onu bu cür görsәydilәr ona “әxlaqsız” deyib, övladlıqdan silә bilәrdilәr, ya da bu”әxlaqsız”ı ağıllanana qәdәr döyәrdilәr. Bu mәmlәkәtdә, onun nәsil-nәcabәtindә belә bir şey etmәk, öz arzusuyla kimisә sevmәk böyük bir qәbahәtiydi çünki. Sevә bilәrdi, sevgilisiylә әl-әlә tutub gәzә bilәrdi hәtta, ama bütün bunları ailәnin uyğun gördüyü bir adamla evlәndikdәn sonra edә bilәrdi.
Bir neçә dәfә qohumuna verdiyi “yox” cavabından sonra hәr iki tәrәfin sәbri tükәndi. Vә oğlanın tәklifi özünü gecikdirmәdi. Әsrlәrdir sınanan, әsrlәrin sınağından üzüağ çıxan, әn üsyankar qızları belә quzu kimi razı salan “qız qaçırma” adәt-әnәnәsindәn istifadә etmәkdi niyyәti. Qızın valideynlәri, qardaşı bu tәklifә ikiәlli razı oldular, hәtta çox dirәnsә, ağzının üstünә bir-iki şillә çәkmәyi mәslәhәt gördü, tapşırdı qızın atası vә qardaşı.

Plan quruldu.
Qızın ailәsi birotaqlı evdә yaşadıqlarına görә qız üçün hәlә uşaqkәn hazırlamağa başladıqları cehizlik yorğan-döşәklәr xalasıgildәydi, qızı evdәn çıxarmaq bәhanәsi dә mәhz bu oldu. Xalası qızı öz evlәrinә aparırdı o cehizlik yorğan-döşәklәri çölә çıxarıb tәmizlәmәk üçün. Yolda bir maşın bunların yanında dayandı, içindәn tanışları çıxdı, xalasıyla görüşdülәr, hal-әhval tuturdular, bütün bunlar әlverişli şәrait yaranmağını gözlәmәk üçünüydü.
Qәfildәn qamarlanan qız daha nә olduğunu anlamamış zorakılıqla maşının içinә tәrәf aparıldı, qız özünә gәlmәyә başlayanda isә özünü maşının içindә tapdı. Sağdan vә soldan onun qollarını burub, xәyallarının dalınca getmәk müqavimәtini qırmağa çalışan iki oğlan onu yerindә oturtmağa çalışırdılar. O isә özünümüdafiә instikti vә tәhlükәnin yaratdığı ona yad, fövqәladә bir güclә bu maşından, bu yad qollardan çıxmaq üçün mübarizә aparırdı, çırpınırdı. Ama әbәs yerә… Maşın sürәtlә yerindәn götürüldü. Maşın gedirdi vә onu gәlәcәk arzularından, xәyallarından get-gedә uzaqlaşdırırdı, daha da әlçatmaz edirdi bu arzuları. Hәm, artıq iki nәfәr deyildi, hәr dәfә sәs-küy qaldırdıqca maşının baqaj tәrәfindә oturan bәyin әmisioğlu qızın atasının sözündәn ilhamlanaraq hәr dәfә öz şillәlәriylә qızın sәs-küyününün qarşısını almağa çalışırdı.
Ama sandıqları qәdәr asan deyilmiş. Budur, maşın bir evin qapısının ağzında dayandı, içәridәn dörd nәfәr sifәti şillәdәn qızarmış, saçları dağınıq bir qızı sürüyә-sürüyә evә salmağa çalışırlar. Saldılar da. Axı heç nә filmlәrdәki kimi olmur, nә “ağ atlı şahzadә” gәldi onu qurtarmağa, nә dә ki, ordakılardan kimsә bu insan hәyatıyla oynamaq kimi ağır cinayәtә qarşı çıxdı. Onlardan biri bunu könülsüz edirdi, ama bәylә arası yaxın olduğuna görә qızın qolunu burub sürümәliydi onu evә qәdәr. Bununla da o öz işini görmüş olacaqdı, özünә bununla tәsәlli edirdi. Ama şillәvuran üçün bu, bәlkә dә, artıq bir prinsip mәsәlәsiydi, yoxsa niyә evdә dә qızın hәr sözünә görә ağır kişi şillәlәrini onun sifәtinә çırpsın ki? Bәlkә dә bәyin әmisioğlu olmağı tәlәb edirdi bunu ondan… Bәy isә sakitcә baxırdı, gәlәcәk hәyat yoldaşının başqaları tәrәfindәn işgәncәyә mәruz qalmasına tamaşa edirdi. Bu hadisәyә şahid olan avropalı yәqin aldığı travmadan ya özünü psixoloqa göstәrәrdi, ya da ordakıları. Ama bu ölkә üçün bu, normalıydı, oturuşmuş ata-baba adәtiydi. Onların da arasında vaxtilә bu vәhşiliyin iştirakçısı olanlar da, bu cür vәhşiliklә qaçırılıb indi “xöşbәxt” olanlar da az deyildi. Qızın xalası da qaçırılmışdı, döyülmüşdü, toyu da olmuşdu. Ona görә dә sonradan özünü çatdıran xalası özünü qıza nümunә göstәrәcәkdi. Qız xalasına üstünә qışqıranda isә yenә әmioğlunun şillәsi onun qızarmış sifәtini daha da qızardacaqdı.
Sonradan ata gәldi qardaş da gәldi. Ama nә tәhdid, nә şillә onu fikrindәn daşındıra bilmәdi. Bu oğlana әrә getmәyәcәkdi, qәrarında qәtiydi, ondansa, ölüm yaxşıdır. Mәhz belә fikirlәşirdi, bura gәtirilәndәn az sonra tualet bәhanәsiylә tualet otağına girib pәncәrә şüşәsiylә qolunu kәsmişdi dә, ama qapıya dәyәn şiddәtli tәpik zәrbәsi onun bu işi belә axıra çatdırmasına imkan vermәdi.
Bir-iki saat söhbәtdәn sonra da onun qәrarını dәyişmәdiyini görüb, evә qaytardılar. Qardaşı da telefonu bağlayıb, evdәn çölә çıxmır ki, bacım dost-tanışın içindә mәnim başımı aşağı elәdi. Bacısı üçün bu vәhşiliklәrә qol qoyanda bәs onun başı aşağı olmayacaqdımı? Bacıya bu qәdәr önәm verәn adam bu vәhşiliklәrә razı olardımı?
Qız qayıtdı qayıtmağına, ama sevgilisinin dostları imkan vermir onun sevgilisiylә danışmağına. Axı qız qaçırılıb vә qayıdıb. Qayıtma sәbәbinin, bu qәdәr dirәnişin sәbәbinin mәhz hәmin oğlan olması kimin vecinәdir ki?! Bәy isә qızın sındırılıb ona yalvarmasını gözlәyir intiqam almaq üçün. Axı onun qüruruna toxunulub vә o bunun әvәzini hökmәn çıxmalıdır. Axı onun üçün gələcәk hәyat yoldaşı olacaq birininin döyülmәsinә göz yuman, qızın isә öz dediyinin üstündә durmasından incinәn qüruru hәr şeydәn vacibdir.

Hiç yorum yok:

Yorum Gönderme

Axtar