13.05.2015

Yazarların əfəndisi - Remark

2012-ci ilin yayı idi.  Nəşriyyatlar Sabir bağında kitab yarmarkası keçirirdi. Remarkla tanışlığım da məhz həmin gün oldu. Qərb cəbhəsində yenilik yoxdur. Kitabı əlimə alanda Səlcuq Elçin xeyli təriflədi. Mən də çox tərəddüd etmədən alıb evə yollandım. Remark sevgimin cücərtiləri bu kitabın səhifələrini çevirməyə çətinlik çəkdiyim o günlərdə yaranmağa başladı. Birini sevirsən, sonra getdikcə sevgin artmağa başlayr. Çünki hələ tanımadığın yanları var. Bir müəmmadır. Tanıdıqca dolaşığa rast gəlirsən. İpləri açmağa çalışdıqca sevirsən. İpləri aça-aça sevirsən. Sonra hər şey rəngsizləşməyə başlayır. Çünki sən onu müəmma olduğuna görə sevmişdin, ancaq artıq müəmmalı heç nəyi qalmadı. Hətta bir vaxtlar gözünə həddən artıq maraqlı görünsə də, indi bilirsən ki, o da adiymiş, o da hamı kimiymiş. Remark isə başqa bir şey oldu. Dolaşıqlarını açmağım mümkün olmadı. Aça bildiklərimə uşaq kimi sevindim. Hər kəsin təsirləndiyi bir yazar olur. Yazarların isə üstündə ciddi şəkildə iz buraxan yazar mütləq olur. Hansı ki, onun kimi yazmağa cəhd edir, onun kimi düşünməyə çalışır və s. Yalan danışmaq, gopa basmaq fikrim yoxdur. “Qaçış”ı tam variantda işləməyə başlamağıma səbəb Remark oldu. Bu dəfə “Ölesiye yaşamak” əsəri. Bir adam necə bu qədər səmimi və heyrətamiz yaza bilər axı? Öz yazdıqlarıma baxdım, utandım, cırıb atdım hər şeyi. Və “Qaçış”ın ilk cümləsi (sonralar ikinci fəsil) yarandı: “Bundan sonra yazacaqlarım dürüstcə olmalıdır. Özümdən iyrənməmək üçün...”
Kimdir Remark? Yazar! Bu qədər? Onda sizin üçün Teoman da ,sadəcə, müğənnidir. Erich Maria Remarque. Əsl adı Erich Paul Remarkdır. 1898-ci il 22 iyununda Almaniyanın Onsanbrük şəhərində anadan olub.  İlk əsəri “Qərb cəbhəsində yenilik yoxdur”u yazana qədər hələ 18 yaşında Birinci Dünya Müharibəsinə yollanacaqdı və bir neçə dəfə yaralanacaqdı. Müharibəni gördü və elə hiss etdi ki, bu, onun bütün əsərlərində öz izini göstərdi.
“Onlar hələ də məqalələr yazır və nitqlər söyləyir, amma biz hərbi xəstəxanaları və ölüləri görürdük.” – yazırdı Remark. Müharibə nəydi, niyəydi? Əsərlərində ən çox buna cavab axtarmağa çalışıb. Hətta xeyli cavabsız sual var. Bizə ünvanlanan, vicdanlarımızın cavab verməli olduğu suallar. Məhz buna görə Remarkı faşist höküməti qətiyyən sevmirdi. O, birbaşa heç kimi təhqir etmirdi. Sadəcə, bircə cümlə işlədib Hitler haqqında. O da “Ölesiye yaşamak” əsərində insanların başlarını itirdiyinə və yeni, Hitler adlı birini sevdiklərinə dair cümlədir. O, sadəcə göstərirdi. Nəyin nə olduğunu o qədər aydın təsvir edirdi ki, insan susur, dəhşətə gəlir, bu qədər düşünən birinə heyran qalır. İlk əsərində belə bir səhnə var: Əsərin qəhrəmanı bataqlıqda gizlənir və ötüb keçmək istəyən düşmən əsgərini ölümcül yaralayır. Düşmən ölür və qəhrəman onun cibindən poçt kartı və düşmənin ailəsinin şəklini və onlara yazılmış məktubu tapır. Dialoqu isə olduğu kimi verirəm:
“ – Dostum, mən səni öldürmək istəmirdim. Bir də burda olmasaydın, mən bunu etməzdim. Əlbəttə ki, sən özünü yaxşı aparsaydın. Əvvəl sən mənim beynimdə yaşayan və mənə qərarımı diqtə edən mücərrəd anlayış, uydurma ideyalar olmusan, indi mən həmin uydurma ideyaları öldürdüm və görürəm ki, sən də mənim kimi insansan. Mən sənin əl qumbaran, silahın və süngün barədə düşündüm. İndi isə sənin üzünə baxıram və arvadını, həmçinin, ikimizin də malik olduğu ortaq şeylər haqqında düşünürəm. Bağışla məni, dostum. Biz həmişə bunu çox gec görürük. Axı bizə niyə əvvəldən demirlər ki, siz də bizim kimi yazıq insanlarsız, analarınız bizim analarımız kimi oğulları üçün eyni dərd çəkirlər, siz də bizim kimi ölümqabağı qorxursunuz, eyni ölüm və ağrılarımız var? Bağışla məni, dostum! Axı sən necə mənim düşmənim ola bilərsən? Əgər silahı və hərbi formanı çıxarıb atsaq, sən də Kat və Albert kimi qardaşım ola bilərdin.”
Və başqa bir fikir:
“Görürəm ki, millətləri bir-birinin üstünə qaldırırlar, insanlar da kor kimi iradəsinə tabe olaraq bir-birilərini öldürürlər. Onlar nə etdiklərini, hansı günaha sahib olduqlarını bilmirlər.”
Elə təkcə bu cümlələrdən faşistlərin onu niyə sevmədiklərini görmək olur. O, onlar üçün təhlükəli düşmən idi, çünki yazılarında vəziyyəti bütün çılpaqlığıyla göstərirdi. Məhz buna görə də ilk əsərindən iki il sonra, yəni 1931-də təzyiqlərə davam gətirməyib əvvəlcə İsveçrəyə və 8 il sonra isə Amerikaya köçdü. Ancaq Osnanbrük onun əsərlərində daima yaşadı. Orayla bağlı xatirələrini yazdığı “Ölesiye yaşamak” əsərində bu yeri gen-bol təsvir edib. Ümumiyyətlə, yazarlar haqqında yazanda həyatı və əsərləri ayrı-ayrı yazılır. Remark isə yaşadığını yazan biri olub. Ona görə də onu əsərlərindən ayrı yazmaq əclaflıq olardı. Mən isə indi Remarka qarşı əclaflıq etmək fikrindən çox uzağam. 1933-də əsərlərini yandıran nazilər 35-də onun bütün əsərlərinə qadağa qoydular və təsadüfi deyil ki, “Qərb cəbhəsində yenilik yoxdur” əsəri vaxtilə senzuralı olan kitablar siyahısındadır. Ürəkləri soyumadı, 1938-də alman vətəndaşlığından çıxardılar. Uzun illərdən sonra Remark vətənə qayıdanda artıq müharibə yoldaşları çoxdan ölmüşdü. Ümumiyyətlə, Remarkın ən məşhur əsəri “Qərb cəbhəsindən yenilik yoxdur” əsəridir. Yəni belə deyirlər. Remark özü də həmişə buna təəssüf edib. Çünki bir daha heç vaxt o cür məşhur əsər yarada bilməyəcəyini bilirdi. Mənim üçün isə elə deyil. İstər müharibədən bəhs edən ilk əsəri, istər müharibədən dərhal sonraya aid “Dönüş yolu”, istər Almaniyayla bağlı xatirələrini yazdığı “Ölesiye yaşamak”, istər yenə Almaniyayla bağlı xatirələri haqqında olan “Üç yoldaş” əsəri eyni dərəcədə mükəmməldir. Müharibədən sonra bir müddət müəllimlik edən Remarkın həyatının bu qismi “Dönüş yolu”nda geniş təsvir olunub. Bir müddət məşğul olduğu qəbir daşlarının hazıranmasıyla bağlı xatirələri isə “Ölesiye yaşamak” əsərində yazılıb. Test sürücülüylə bağlı yaşamı isə “Üç yoldaş” əsərində mövcuddur. Remark, remark... Axı əsərlərində müxtəlif adlı qəhrəmanlar səniydin. Onun qəhrəmanları kədərli deyil, ancaq gözləntiləri yoxdur. Çünki həyatda xoşbəxtliyin mövcud olmadığını bilirlər. Bəziləri əlinə düşən ömürlə nə edəcəyini bilmədiyi üçün yaşamağının sağlığına içir hər gün. Bəziləri unudulmuş mebelli otaqların arasında qalaraq yollarını gözləyən ümidsizliyi unutmaq, öz varlıqlarını xatırlamaq üçün içir.  O, hər şeyi görür, ağırlığını hiss edir və içir. Müharəbədən dönən cəbhə yoldaşlarının bir-bir öldüyünü unutmaq üçün içir. Çünki onlar artıq cəbhədə böyüyüblər, hər kəsdən daha yaxın olublar, eyni güllələrin vıyıltısını eşidiblər, eyni güllədən ölmək qorxusunu hiss ediblər. Ölən dostları da onlarlaydı. Hər partlayan mərmi onların tikələrini, paltarlarını məzardan çıxarıb səngərə atırdı. Artıq hamısı bir yerdədir, hamısı yenə əvvəlkitək bir səngərdədirlər. Müharibədən sonra isə kimisi əclaf çıxır, kimisi qəssab qızı almaqla infilyasiyanın hökm sürdüyü ölkədə özünü qurtarmağa çalışır. Qalanları isə ölür, intihar edir. Çünki artıq evə yaddırlar, öyrəşə bilmirlər. İnsanların saxtakarlığına göz yuma bilmirlər. Və bir-bir hamısı gedir. Remarkın qəhrəmanları ən başından ölümə, ayrılığa məhkumdur. Hətta bir neçə əsərində yazdığı kimi, ona uşaq deyirlər, hələ dünyanın qaydalarını başa düşməmiş biri deyirlər. O, dünyanın ikrahverici qaydalarını anlmaq istəmir. Onun öz düşüncəsi var, ancaq qaydaları yoxdur. Özünü axışa buraxıb yaşayır. Ölümləri o qədər adi qarşılayır ki, sən dəhşətə gəlirsən ki, ilahi, ölümü adiləşdirəcək qədər qəddar bir həyat yaşamaq mümkündürmü? Və bu sadə təsvirlər səni dəhşətə gətirir. Fikrim var ki, gələn bloq yazımda onun əsərlərindən qeydləri yazım. İndi haqqında kitablar yaza bilinəcək bu adamın əsərlərindən qısa məlumatlar verməyə çalışdım. İlk iki əsəri, yəni “Qərb cəbhəsində yenilik yoxdur” və “Dönüş yolu” müharibə və onun fəlakətlərindən bəhs edir. Qalan əsərlərdə də müharibənin izləri görünsə də, “Ölesiye yaşamak” xatirələr  və sevgi məsələləridir. “Üç yoldaş” da həmçinin . İki əsəri isə sona saxladım. Zəfər Tağı və Tanrının gözdesi yok. Qadınlardan danışır. Bilmirəm sizə nəyi necə deyim. O qadın kimdirsə, mən onun həqiqətən var olduğuna inanıram.  “Ölesiye yaşamak” və “Üç yoldaş”da o qadının bir xüsusiyyəti qələmə alınıbsa, “Zəfər tağı” və “Tanrının gözdesi yok” əsərində başqa bir xüsusiyyəti. Əsərlərdəki ad nə olur olsun, ancaq o qadın kimdirsə, eynidir. İtinin adını iki əsərində qeyd edən Remarkın təxəyyül məhsulu deyil o qadın da. Niyə özümə bu qədər əminəm? Çünki elə bir qadın tipinin var olduğunu bilirəm şəxsi təcrübəmdən. Və yaşamayan adam bu qədər üst-üstə dəqiqliklə yaza bilməzdi hər şeyi. Sizə qəribə gələ bilər, bəlkə də adi görünə bilər, ancaq mən o qadının kim olduğunu bilmək üçün yanıb-yaxılıram.
Bu yaxınlarda bir qız Remarkla nəfəs aldığını dedi mənə. Remarkı sevən, ancaq özünü buxovlayan, ailəsinin sözündən çıxmayan, ər istəyən, məsuliyyətli olan, anasının əxlaq qaydalarıyla oturub-duran biri. Və Remarkı sevirdi. Mənə Remarkı izah edirdi. Daha doğrusu, eləcə deyirdi ki, mən onu sevirəm, o ölməyib, mən hər gün onun əsərlərini oxuyuram, əsərdən hissələri oxuyuram filan. Bir film var. “Tanrının kitabı”. Son İncili qorumağa söz verən adam hər axşam onu oxuyur və yaşayışın olmadığı Şərqdən Qərbə doğru uzun bir yol alır. Kitabı qorumağa o qədər aludə olur ki, hər axşam onu oxuduqdan sonra çantasına qoyur, kitab üçün yaşayır, yol gedir və öldürür. Ancaq onun kitabı qorumağa başı o qədər qarışır ki, kitabın nələr buyurduğunu unudur. Yaxşılıq etməyi yaddan çıxarır. Filmdə o, bunu yadına salır, kitabı günahsız bir qızın yolunda düşmənlərə verir (Halbuki kitab ələ keçsə, ondan hakimiyyəti genişləndirmək üçün istifadə edəcəkdilər). Kitabı verir, ancaq heç nə itirmir, çünki artıq kitab onun beyninə həkk olunmuşdu. Həm də kitabın buyurduğunu edir. Həyat isə film deyil. Çətin ki, o qız anlaya ki, Remarkı hər gün oxumaqla bir pox da dəyişməyəcək onun həyatında. O, bundan sonra min dəfə də oxusa, qasığının tükünü namus məsələsi hesab edən tükəzban olaraq qalacaq.
Və işin mənə girən tərəfi də o idi ki, qız özünü Remarkın əsərindəki o qadına oxşadırdı. Deyirdi, onun əsərlərindəki qadınlarla (qadınlarla ha) oxşar xüsusiyyətlərim var, mən onlara oxşayıram.  Ona görə qızı xeyli cırnatdım. Ümid edirəm, buna görə Tanrı mənim günahımdan keçər.

Qayıdaq Remarka. Cəhənnəm olsun qız. Qız demişkən, Remarkın Almaniyada qalan bacısı Elfrid Şolz nazilərə qarşı propaqanda apardığına görə həbs olunub və qısa məhkəmədən sonra edam olunub. Və Remark özü düz 1958-ci ildə Çarli Çaplinin ilk arvadı olmuş Paulette Qoddard adlı aktirisayla evlənib. Düz 60 yaşında. Və aktrisa onun ölümündən sonra da heç kimə ərə getməyib. Son vaxtlarında ölümdən qorxan Remark 1970-ci ildə anevrizmadan aylarla əziyyət çəkərək öldü. Bizə qalan isə onun əsərləri oldu. Əgər bir gün siz də Remarkı sevsəniz, onun əsərlərini yavaş-yavaş oxuyun. Əsərlərini bir ömrə sığdırın. Çünki Remarksız həyat çox darıxdırıcı olacaq.

10.05.2015

Özünüdərkin ilk əsəri - Maks Demian

İnsanın özünü dərki mənim üçün ən vacib şeydir. Kim olduğumuzu, hardan gəlib hara getdiyimizi bilmədən etdiyimiz bütün şeylər, yaşadığımız bütün günlər bizə həqiqi zövq verməyəcək. Ətrafımızda bunun minlərlə, on minlərlə nümunəsini görə bilərik. Tarqovıda, McDonaldsda, toylarda, görüşlərdə, küçədə əl-ələ tutub gəzən cütlüklərdə. Hər şey qaydasındadır axı. Onlar hətta gülürlər. Ancaq elə bil ki, nəsə çatışmır. Onların gülüşündə, yemək yemələrində, əsəbiləşməklərində... Hər hərəkətdə, hər davranışda bir sünilik olduğunu hiss etmək üçün alim olmaq lazım deyil. İnanlar daha çox başqarına göstərmək üşün nəsə edirlər. Hətta qlamur və xoşbəxtlikdən uçan qızların da hərəkətlərində qeyri-müəyyənlik, kədər xirtədəyə qədərdir.  Biz daxili rahatlığı ancaq özünü dərkin sayəsində tapa bilərik. Qısa yazıram, çünki dediyim şeyləri bir çoxumuz müşahidə etmişik. Hətta özümüzdə də. Əgər siz etməmisinizsə, əksini düşünürsünüzsə, zəhmət olmasa, səhifəni bağlayın və facebookda eşələnməyinizə davam edin, biz də mənin, özün başa düşülməsi üçün yazılan əsərlərdən söz açaq. Mənin başa düşülməsi, insanın özünü anlaması haqqında bir xeyli əsər var. Yaxşı, ya da pis. Yazacağım mövzu bu deyil. Istəyirəm ki, bundan sonrakı bir neçə bloq yazımı oxuduğum bu tip əsərlərdən seçdiyim qeydlərə həsr edim. İlk yazar Herman Hesse, ilk əsər onun “Demian” əsəri olacaq.
Alman əsilli Herman Hesse 1877-ci il 2 iyulunda (mənimlə eyni gündə) Almaniyanın Vürttenberq əyalətinin Kalv şəhərində anadan olub. Ailəsi xristian misioner ailə olmaqla yanaşı, adət-ənənələrinə bağlı və intelektual olub.
Herman Hesse ilk şeirini 25 yaşında yazıb və sərbəst yazarlığa da bundan iki il sonra, 1902-ci ildə başlayıb. Nobel mükafatçsıdır və o, bu mükafatı 1946-cı ildə alıb. 
O, əsərlərində, adətən, hind fəlsəfəsindən qaynaqlanan yazarlardandır. İstər Yalquzaqda, istər Siddhartha, istərsə də Demian əsərində yazar qəhrəmanın daxili təlatümlərini göstərib, insanın özünüdərkinin yolunu yazıb. Hətta Siddharthada belə bir hissə var ki, qoca deyir: “Çayı dinlə! O, sənə hər şeyi deyəcək.” Çayın axışına qulaq asmaq elə insanın özünə qulaq asmasıdır, düşünməsidir. Ancaq heyf ki, get-gedə səmimiliyin, mənin dərk edilməsinin azaldığı dünyada Hessenin yazdıqları öz gücünü itirir, bir xəyal kimi uzaq görünür.
İnternetin olduğu dünyada siz özünüz də onun avtobioqrafiyasını oxuya bilərsiniz. Ona görə bunu qısa kəsib keçirik əsərə. Demian. Bu əsər Emil Sinklerin həyat hekayəsidir. Emil Sinkler isə Herman Hessenin təxəllüsüdür. Əsərdə tərbiyəli bir ailənin tabularla böyüyən uşağı təsvir olunub. O, mədəni dünyanın tələb etdiyi kimi böyüməkdədir. Ancaq onun bəxti gətirir ki, Maks Demianı tanıyır. Və Demian Emil Sinklerin həyatında elə iz buraxır ki, artıq o, aydınlanmağa başlayır və bu yolun əndazəsindən çıxmaq qeyri-mümkün olur.
İndi əsərdən seçdiyim qeydləri paylaşıram.
“Bura kimi danışdıqlarımda ən əhəmiyyətlisi və ən çox yaddaşımda ilişib qalanı həmin o an idi. Bu, atamın müqəddəs obrazında ilk çat, həm uşaqlıq həyatımın arxalandığı, həm də bir insanın özü ola bilməsi üçün dağıdılması lazım olan dirəyin ilk silkələnməsiydi.”

“Məsələn, indi, yəni artıq bir ilə yaxındır ki, digərlərini aşan qəribə bir şiddətli arzu canımı yandırır və o da qadağalı sayılır. Yunanlar və bir çox başqa xalqlarsa bu həvəsi allahlıq səviyyəsinə yüksəldərək onun şəninə təmtəraqlı bayramlar keçirirlər. Deməli, qadağa əbədi deyil və dəyişə bilər. Axı indinin özündə belə hər kəs keşişin hüzurunda olub və seçdiyi qadınla evlənibsə, onunla rahatca yata bilər. Başqa xalqlarda bu, hazırda başqa cürdür. Məhz bu səbəbdən də hər birimiz özü üçün nəyin qadağalı, nəyin icazəli olduğunu müəyyənləşdirməlidir. Ömründə qadağan olunmuş şeyləri belə etmədən əclafın yekəsi olmaq mümkündür. Və ya əksinə... Mahiyyətcə bu rahatlığa olan sevgidən irəli gəlir. Kim özü fikirləşməmək və özü özünə hakim olmamaq üçün rahat olanı seçirsə, fərq qoymadan bütün qadağalara tabe olur. Digərləri isə içlərində hansısa hökmlər hiss edir, onlar üçün hər bir əxlaqlı insanın gündəlik tətbiq etdiyi şeylər icazəlidir. Sonunda hər kəs özünə cavabdehdir.”
“  “İcazəli dünyanın” yalnız aysberqin görünən hissəsi olduğunu  və adətən, keşişlərlə müəllimlərin əl atdıqları ikinci, gizlədilən tərəfi öz içində ört-basdır etməyə çalışmısan. Amma alınmayacaq. Fikirləşməyə başlayan heç kəsdə bu alınmır. Biz həmişə şəxsiyyətimizin sərhədlərini həddən artıq daraldırıq. Biz yalnız fərdi, hansısa fərqli xüsusiyyətlərə malik olanları şəxsiyyətimizə aid edirik. Amma hər birimiz dünyada mövcud olan hər şeydən ibarətik.
- Bəs onda, - mən etiraz etdim, - fərdiyyətin qiyməti nədədir? Əgər hər şey bizdə hazır şəkildə varsa, niyə bəs hələ də nəyəsə can atırıq?
- Dayan! – Distorius həyəcanla dilləndi. – Fərq böyükdür, özündə dünyanı daşımaq və onu daşıdığını bilmək  tamamilə ayrı-ayrı anlamlardır. Dəli birisinin ağlından keçən fikir Platonu xatırlada bilər, ya da hansısa gernquter məktəbinin sakit şagirdi yaradıcılığa dalıb qnostiklər və ya zərdüştdə rast gəlinən dərin mifoloji mülahizələri çözə bilər. Amma o, bunun fərqinə belə varmır! Ancaq nə qədər ki, o, bunları dərk etmir, taxta parçası, və ya daşdan, ən yaxşı halda heyvandan heç nəylə fərqlənmir. Yalnız bu bilginin ilk qığılcımları parlayanda o, insana çevrilir. Sözsüz ki, küçədə rastlaşdığınız hər iki ayaqlını düz gəzə bildikləri və doqquz ay bətnlərində körpə yetişdirdiklərinə görə insan saymırsınız?! Axı onların çoxunun balıq və ya qoyun, soxulcan və ya kirpi, digərlərinin qarışqa və ya arı olduğunu görürsünüz! Bax, onlardan hər birinin insanlaşma ehtimalı var, yalnız bu imkanlar ondan xəbər tutulduğu, mən deyərdim, həmçinin hətta dərk edildiyi zaman açılır.”

“Ayılan adamın qarşısında yalnızca bircə vəzifə durmalıdır: özünü axtarmaq, içində tapdığını möhkəmlətmək, hara aparıb çıxaracağından asılı olmayaraq öz oluyla irəliləmək.

“ – Birlik, - Demian sözünə davam elədi, - gözl şeydir. Amma indi gur şəkildə çiçəklənən heç də birlik deyil. O, yenidən doğur, ayrı-ayrı adamların bir-biri haqqında bildiklərindən meydana gəlir və dünya hansısa bir müddətə dəyişir. İndi birlik sürü psixologiyasına tay olub, insanlar bir-birindən qorxduqları üçün bir-birindən qaçırlar – varlılar varlılara, fəhlələr fəhlələrə, alimlər alimlərə! Bəs onlar niyə qorxurlar? Yalnız o kəs qorxur ki, özüylə dil tapa bilmir. Belələri heç vaxt özlərini qəbul edə bilmədikləri üçün qorxurlar. Bu birlik yalnız və yalnız özlərindən qorxanlardan ibarətdir... Çox uzağa getməyək, günlərini meyxanalarda çürüdən gəncliyə bax, ya da varlıların kef məclisinə! Başdan-ayağa ümidsizlik!.. Əzizim Sinkler, bunların heç birində ruhu şadlandıracaq bir şey yoxdur.Bir-birinin ətəyindən yapışan bu qorxaqlar əslində bir-birinə son dərəcə hirsli və etibarsızdır.”


“ – Sevgi istəməməlidir, - o söylədi, - və heç vaxt tələb etməməlidir, sevgi özündə inamda bulunmalıdır. Məhz bu zaman onu nəsə cəzb etmir, o özü cazibə qüvvəsinə malik olur.”

Axtar