21.12.2013

Bir intiharın tarixçəsi

Onu bir neçә saat qabaq iki dostuyla pubda görmәk olardı. İyul axşamı saat doqquzu, günbatımının sonsuz әzәmәtini, gözәlliyini vә kәdәrini  xatırladırdı  gözlәrindәki  ifadә. Bir zaman yaşadığı dәhşәtlәri qaldıra bilmәdiyinin ifadәsi, mәğlub olmuşluq vә bunun kәdәri varıydı bu gözlәrdә. Bu gözlәrә әzәmәti dә mәhz bu kәdәr verirdi.

Tez-tez saatına baxırdı. Dostları da bilirdi kirayә qaldığı evə geciksә, eyni hәyәtdә yaşayan ev sahibi yenә deyinәcәkdi. Çünki saat on birdәn gec gәlmәk olmazdı evә. Bu ölkәdә azadlıq heç bir formada mövcud deyildi, oğlanın tәk yaşamağı üçün onun ödәyә bilәcәyi qiymәtә bir evi uzun müddәt axtarsa da, tapa bilmәmişdi. Bu ev sahibini isә uzun müddәt danışdıqdan sonra razı sala bilmişdi. Ev sahibinin şәrtlәri nә qәdәr çox olsa da, razılaşmışdı, tәki özüylә baş-başa qala bilәcәyi, yaza bilәcәyi vә yazdıqlarını heç kim oxumadan öz-özünә oxuyub, xatirәlәrә dala bilәcәyi, keçmişindәki o әzabları xatırlayıb gözlәri yaşaranda heç kimin görmәyәcәyi bir evi olsun. Hәr dәfәsindә dә onun özü kimi yazdıqlarının da heç kimә maraqlı olmayacağını düşünürdü. Maraqlı olmayacaqsa, niyә bu yazıları başqa gözlәr görmәliydi? Bәlkә dә şedevrә çevrilәcәk beynindә yazdığı yazıları isә heç vaxt kağıza köçürmәzdi. Axı onun yazacaqları realıydı, yazacaqdısa, bu yazıya can qoyacaqdı, yazmaq üçün keçmişini xatırlamalı, o әzabları tәkrar-tәkrar yaşamalıydı, tәrs kimi dә keçmişini xatırlayanda hәr dәfәsindә  o hәlә beş yaşında olanda dayısının canından çox sevdiyi anasını onun gözlәrinin  qabağında saçından tutaraq sürüdüyünü, şillәlәdiyini, döydüyünü xatırlayırdı. Günahkar isә bir deyildi, bir neçәydi, tәkcә anasından başqa. Atası ölmüşdü, ona görә yaşadığı evdәn qovulmuşdular öz nәnә-babası tәrәfindәn. Ana tәrәfin evinә sığınmışdılar, ama nә etmәli ki, bu lәnәtәgәlmiş mәmlәkәtdә qızdan olan uşaqlar o qәdәr sevilmir, bura gәlәndәn onlara yad münasibәtinin bir sәbәbi buydusa, digәr sәbәbi dә dayısının qorxusuydu. Bu cılız adam fikirlәşirdi ki, qardaşıyla o böyüdükdәn sonra bu evә sahib olarlar. Hәr gün anası müәllimә kimi işlәdiyi mәktәbdәn qayıdandan sonra  günәmuzd kimi öz qardaşının qabağında әkindә işlәyir, evә yorğun bir halda qayıdırdı. Bu yetmirmiş kimi, tez-tez qardaşının tәhqirlәrinә, döyülmәlәrinә dә dözmәliydi. Dayısı anasını döymәklә qisas alırdı sanki. Öz qorxusunun qisasını.
Belәcә, hәr dәfәsindә bu xatirәlәr beynini deşir, gözünü yaşardır, daşların arasından damla-damla süzülәn su tәk beynindә yeni bir yazı yaradırdı, ama o, bunları yazmayacağını bilirdi. Bәlkә dә bu, öz dünyasını hamıdan gizlәtmәk üçünüydü.
Nәyisә müzakirә edirdilәr aram-aram pivәni qurtumlayaraq. Gәlәcәklә bağlı işlәrindәn danışırdılar dostları, o isә qulaq asırdı. Onun üçün hәyat keçmişdәn ibarәtiydi, o, hәyatını hәlә uşaqkәn itirmişdi, mәğlub olmuşdu. Hәyatda heç nәyә haqqı çatmadığını xalasının bişirdiyi tortdan bir parça istәyәndә anasının onu bәrk danlamasından başa düşmüşdü. Anasının günü daha da qara olacaqdı әgәr o tortdan öz balaca oğluna versәydi. “Necә yәni, uşaqlarının burda qaldığı bәs deyil, hәlә bir tort da istәyir?” deyәcәkdi dayısı vә nәnәsi.
Belә bir mühitdә böyüyәn insan qorxaq vә çәkingәn olur, özünә inanmır, heç kimlә ünsiyyәt dә qurmaq istәmir. O da ta iki il әvvәlә qәdәr insanlardan elә qorxurdu ki, özünü hәmişә haqsız, hәmişә günahkar sayırdı. Әtrafındakılarla danışmaqdan belә qorxurdu, kitablara qapanırdı, danışmağı o qәdәr yadırğamışdı ki, fikrini ifadә etmәkdә belә çәtinlik çәkirdi. Davranışlarında olan bu qüsurları keçmiş sevgilisi düzәltmişdi. Onu çox sevәrәk,onda özünә güvәn yaradaraq, onun özünә әslindә özünün necә dәyәrli olduğunu göstәrmişdi öz sevgisiylә. Ama xoşbәxtlik ondan qaçmışdı yenә, qızı zorla әrә vermişdilәr. Ama bu dәfә özünә qapanmamışdı, ürәyindәn qara qanlar axsa da, özünü hәmişә şәn göstәrmәyә çalışırdı. Yaşadığı hәyata görәydi bәlkә dә, yanında kiminsә kәdәrli olmasına dözә bilmirdi,  ya qarşısındakının dәrdinә şәrik olmaqla, ya da hәr cür, hәtta sudan ucuz hәrәkәtlәr belә etmәklә yanındakını xoşbәxt edә bilmәk, güldürә bilmәk üçün çalışırdı. Ama bu, bәzәn ona tәlxәk damğasının vurulmasıyla nәticәlәnirdi. Bu, kimin vecinәydi ki? Әsas odur ki, hәmin adam daha kәdәrli deyil, bu isә onun üçün hәr şey demәyiydi.
Bu arada isә saat,  artıq onuydu, getmәk vaxtıydı, üçü dә pubdan çıxaraq metroya tәrәf addımladılar, sabaha da görüş tәyin etdilәr. Bu iki adamın yanında ikiüzlülüyә ehtiyac yoxuydu, onlar ona layiq olduğu dәyәri verirdilәr, hәm dә kәdәrlәrinin öhdәsindәn özlәri gәlә bilirdilәr. Ona görә dә bu dәfә dә onun üzündәki hәmişәki solğun ifadәni görәndә gecә nә edәcәyindәn xәbәr tuta bilmәdilәr.
Budur, artıq o, hәyәtdәdir, kilid yerinә salınmış açar onun ondan başqa adam yaşamayan, soyuq vә qaranlıq evinin qapısını açır. Nisbәtәn, böyük otağa keçib rayondan bağlama göndәrәndә qutunu bağladıqları kәndiri lüstürә bağladı, dözümlüyüyünü yoxladı vә stuldan aşağı enib mәktubunu zәrfә qoyub gözә dәyәcәk bir yerә, üstündә heç nә olmayan stolun üstünә qoyub, üstünә dә “ailәmә çatacaq” yazdı. Meyidi aparan polislәr mәktubu da aparmışdılar, ona görә onun içindә yazılanlardan işi araşdıranlardan başqa heç kim xәbәr tutmadı. Mәktub işindәn sonra son dәfә onu hәyata bağlayan, qәhrәmanlarıyla birgә ağlayıb, birgә güldüyü kitablarına göz gәzdirdi. Budur ‘Sәfillәr’, iki aya yaxın vaxt getmişdi onu oxumağa. Sonda Jan Valjanın qızını görmәk üçün Ehtiraslar küçәsinә gizlicә getmәsi vә onun hәr şey düzәlmәyә başlarkәn ölmәsi onu günlәrcә ağlatmışdı. Qoqolun ‘şinel’indәki qәhrәmanın öz plaşının üstündә necә titrәmәsi hissi ona tanışıydı. Axı tәk dәyәrli şey o plaşıydı, uşaq kimi sevinirdi bu plaşa görә. Eynәn onun anasının onun vә qardaşının hәr kiçik uğuruna görә sevinmәsi kimi. ‘Martin İden’in yanında duran Lev Tolstoyun ‘Anna vә Karenina’sını oxumaq isә ona qismәt olmayacaqdı heç vaxt. Kitablarını heç kimә vermәk istәmәmişdi, ölümündәn sonra bu kitabların onu kimәsә xatırlatmağını istәmirdi, kәdәr istәmirdi, göz yaşı istәmirdi.
Yatağına uzanıb tәkrar-tәkrar keçmişini, bu gününü vә ölümündәn sonra nәlәr olacağını xatırladı. Kaş heç kim kәdәrlәnmәyәydi ona görә.
Bәzilәri o qәdәr diqqәtdәn kәnarda qalırlar ki, ya diqqәt çәkmәk üçün, ya da diqqәtdәn bu qәdәr uzaq qalmağın acısına dözә bilmәyib intihar edirlәr. Uzaq bir tanışı mәhz bunun qurbanı olmuşdu. O isә diqqәt çәkmәk üçün hazırlamamışdı o kәndiri, diqqәtdәn kәnarda qalmağı da dәrd etmirdi. Ama qaldıra bilmirdi. Yaşadıqlarını, kәndlәrindә gördüyü qadınların kişilәr kimi yer bellәmәsini, insanların ikiüzlülüyünü, mala, dövlәtә olan hәrisliyini, tox olsa da, toyda tıxa-basa yeyәn insanlarla eyni dünyanı paylaşmağı . Qonşularında bir ailә yaşayırdı, evlәrini hәr dәfә tikdirib yenidәn sökürdülәr, dәbә uyğunlaşmaq, daha yaxşısını tikmәk üçün. İnsanların yaşam üçün dәyәr verdiklәri dәyәrsiz şeylәriydi ona bu dünyanı çәkilmәz edәn. Mübarizә aparacaq gücü dә yoxuydu.
Fikirlәri bir-birini qova-qova hәr şeyi tәkrar xatırladı, әzab çәkdi, ağladı, sevgilisinin üzünü xatırlayanda gülümsәdi dә hәtta. Onun әrә verildiyi günü dә xatırladı. Daha sonra ayağa qalxaraq yaşam instiktinә qalib gәlәrәk, yavaş-yavaş, ama qәti addımlarla stula yaxınlaşdı.
Kәndir, artıq onun boynundaydı. O hәr bir hәrәkәti yavaş-yavaş edirdi. Şüurlu şәkildә etdiyinә әmin olmaq, tәlәskәnliyin qurbanı olmamaq üçün. Son dәfә hәyәtin uzaq küncündәn gәlәn işığın közәrtisinә baxdı, evin üstündәn keçәn yüksәkgәrginlikli elektrik xәtlәrinin sәsini dinlәdi, sonra evdәki sәssizliyi. İçindә bir rahatlıq varıydı…
Vә özünü ölümün ağuşuna atdı.
Rahatlaşmaq üçün, ölmәyi әzabla yaşamaqdan daha üstün tutduğu üçün.

Hiç yorum yok:

Yorum Gönderme

Axtar