“20 yanvar” tərəf ölkənin ən biabırçı yeridir, yəqin
ki. Burda üzüyola insanı rahatlıqla tutub getmək istəmədiyi bir yerə istənilən
qiymətə asanlıqla apara biləcək taksi şoferləri, həyasız, divaraişəyən qadın
satıcılar, cürbəcür mahnıları yüksək səslə camaata qulaq asdıran telefon
dükanları, polis sirenaları, siqnalı ard-arda basan sürücülər, sıxlıq – bir sözlə,
istənilməyən hər şey var. Ölkənin nəbzi də, imici də məhz burada çox aydın
görünür. Qarışıqlığın, qara qışqırığın içində insan özünü güclə qoruyur. Ora
hansısa qadının ayaq basması isə, demək olar ki, fəlakətdir. Məmə yeyənindən pəpə
deyəninə qədər, ağzı qara-qura bütün gədə-güdələr qadının ayaqlarını, arxasını
inadla və xüsusi amansızlıqla süzür, gözlərinin düz içinə baxıb, qadın
baxışlarında bircə qırıq boşluq gözləyir ki, ağzının suyunu axıda-axıda
yaxınlaşıb tanışlıq təklif etsin.
Təəssüf
ki, həftədə bir neçə dəfə yolum burdan düşür və hələ deyə bilmədiyim iyrəncliklərin
şahidi oluram. Məncə, 28 may tərəfdə əvvəllər yerləşən “Çudo Peçka”nın
divarlarını işləyən rəssamdan başqa buranı heç kim dəqiqliklə təsvir edə bilməz.