18.05.2014

Ən yaxşı adam haqqında sonat


Bu film haqqında çoxdan yazacağıma qərar vermişdim, ama yazımın çox aciz qalacağını düşündüyümə görə cəsarətimi toplaya bilmirdim. Axır ki topladım.

    Film The Lives of others. Alman istehsalı bir filmdir, orijinal adı Das Leben der Anderen. Dram və triller janrındadır.  2006-cı il 23 martında tamaşaçılara təqdim olunub. Filmin ssenaristi və rejissoru  Florian Henckel von Donnersmarckdır. Bu film elə rejissorun çəkdiyi ilk uzun metrajlı sinema filmidir. Mənim fikrimcə isə rejissor da, baş rolları paylaşan Martina Gedeck, Ulrich MüheSebastian Koch
da məhz bu film üçün yaradılmışdılar, filmin  hər bir izləyicinin beyninə hopması üçün göndərilmişdilər. Ulrich Mühe  2007-ci il 22 iyulda dünyasını dəyişib. Film təqdim olunandan 1 il sonra. Bu film orda oynayan hər bir aktyorun, hər bir kino həvəskarının həyatı boyu ən yaxşı 5 filmindən biri, hətta birincisidir, məncə.


    Film Sovet işğalından sonra Qərbə və Şərqə parçalanan Almaniyanın şərq hissəsində milli təhlükəsizlik nazirliyi olan Stasinin aktyorları,  yazarları addımbaaddım izləməsindən gedir. Şübhəli görünən hər bir məşhur milli təhlükəsizlik nazirliyinin hədəfi halına gəlir, hər bir addımı izlənilir, evi dinlənilir, hətta evinə də dinləyici cihazlar qoşulur. Məşhurlara qarşı olan bu təzyiqlər barədə Sergey Dovlatov “Çamadan” əsərində də məlumat verib. Onu da dissident düşüncələrinə görə izləyirdilər, belə adamların hər birinin nazirlikdə dosyası olurdu. Ən yaxınlarını belə şantaj üsulu ilə ələ alıb həmin adamın gizli işləri barədə məlumat verməyə məcbur edirdilər.

   Filmdə də yazar və sssenarist Dreymanın sevgilisi olan aktrisa Christa-Maria Sielanda milli təhlükəsizlik naziri olan Grubitzin gözü düşür, məhz bu istək  yazarı aradan çıxarıb onun qadınına sahib olmaq üçün onun təhlükəli şəxslər siyahısına daxil olmasına səbəb olur. Nazirliyin ən yaxşı əməkdaşı olan Gerd Wieslerin qəlbinə şübhə toxumları səpən nazir yazarın izlənməsinə əmr verir. Wiesler isə nazirlikdə lazım olmayan vicdana sahibdir. Hər dəfə dinləmə cihazında yazarın və ətrafının danışıqlarını dinlədikcə yazara rəğbət bəsləməy başlayır. Hətta yazar tanışları vasitəsilə Qərbi Almaniyanın Der Spiegelə mövcud rejimlə bağlı yazı göndərəndə belə onu ələ vermir, hətta yazının Qərbi Almaniyaya ötürülməsinə göz yumur. Ən sonda isə yazarın sevgilisi şantaj yolu ilə ələ alınır, yazının əl yazmasının yeri öyrənilir, Wiesler nazirliyin əməkdaşlarının yazarın evində axtarış aparacağını bildikdə yazının əlyazmasını gizlətməyə müvəffəq olur. Bu isə onun işini itirməsinə və karyerasına poçtalyon kimi davam etməsinə səbəb olur. Səssiz bir şəkildə dözür, etdiyinin cəzasını çəkir.
   Film boyunca Wieslerin gözlərindəki o ifadə insanı qəlbini riqqətə gətirir, ona rəğbət bəslməyə səbəb olur. Nə sentimentallıq, nə bayağılıq var, hisslərin möhtəşəm ifadəsi var bu gözlərdə. Film Spielberg kimi rejissorların çəkdiyi sentimental filmlərə qətiyyən bənzəmir, adamı silkələyən də məhz bu cür ucuz yollardan istifadə etməməklə bu cür möhtəşəm filmin ərsəyə gəlməsidir. 



  Və yuxarıdan hansısa bir əlin onu qoruduğunu hiss edən yazar eyni adlı mahnıya yazdığı “Ən yaxşı adam haqqında sonat” əsərini həmin o görünməz adama həsr edir. Adını belə bilmədən .

Wiesler isə təsadüfən bu kitabı görür, kitabın ona həsr olunduğunu da bilir və kitabı özü alıb özünə hədiyyə edir. 
  



Filmdə hər şey bir-birini tamamlayır, aktyor seçimindən tutmuş fonda səslənən musiqiyədək.  Filmin imdb linkini, türkçə dublaj və musiqi linkini də qoyuram. Yerinizi hazırlayın, siqaretinizi yandırın və filmdən həzz alın. Əminəm ki, sizi də öz sehrinə alacaq.


Hiç yorum yok:

Yorum Gönderme

Axtar