Onu ilk dəfə 2 ay qabaq görmüşdüm. İdman normativləri
vermək üçün stadionda toplaşmışdıq. Turnik, pres və qaçışdan imtahan verəcəkdik.
İlk olaraq turnikə qalxdıq. Dilxorçuluq idi. 9 dəfə çəkinməliydim, ancaq səkkizincini
güc-bəla ilə çatdıra bilmişdim. Əslində çəkinə bilməmək heç vecimə deyildi, (dağ ab-havası -mənə heç kim heç nə edə bilməz fikri qalmışdı beynimdə) amma ətrafdakıların
dilxorçuluğu mənə də sirayət etmişdi. Bir gözümü otluğun üstünə qoyduğum kitel
və sanitar çantama dikib bardyorlarda oturub siqaret çəkirdim. Hamı bir-birindən
nəticəni soruşurdu. Sevinən də var idi, sevinənlərə həsəd aparan da, imtahan
bitəndən sonra yenidən normativ verəcəyini və keçəcəyini deyən kəsilənlər də.
Zabitlər hərəsi iki-iki, üç-üç bir tərəfə dağılışmışdılar. Mən də maxe
tayfasına qarışmamaq üçün kənara çəkilmişdim. Onsuz da ağızlarının danışığını
bilmirlər, mənim yanımda ola-ola söyüş söyməkləri gələcəkdə onları daha da
qudurdacaqdı. Bu işin sonu əmr verəsi olsam, qoz qoymamağa qədər gedib çıxa bilərdi.
Buralarda belədir. Həyasız maxelər pərdəni cırmağa çalışdıqca sən üzünü
bozartmalısan, - qısaca zabit olduğunu hiss etdirməlisən ki, xəttə heç
yaxınlaşa da bilməsinlər.