Bu film
haqqında çoxdan yazacağıma qərar vermişdim, ama yazımın çox aciz
qalacağını düşündüyümə görə cəsarətimi toplaya bilmirdim. Axır ki topladım.
Film The Lives of others. Alman istehsalı
bir filmdir, orijinal adı Das Leben der Anderen. Dram və triller janrındadır. 2006-cı il 23 martında tamaşaçılara təqdim
olunub. Filmin ssenaristi və rejissoru Florian
Henckel von Donnersmarckdır. Bu film elə rejissorun çəkdiyi ilk uzun
metrajlı sinema filmidir. Mənim fikrimcə isə rejissor da, baş rolları paylaşan Martina
Gedeck, Ulrich Mühe və Sebastian Koch
da məhz bu film üçün
yaradılmışdılar, filmin hər bir izləyicinin
beyninə hopması üçün göndərilmişdilər. Ulrich
Mühe 2007-ci il 22 iyulda dünyasını dəyişib. Film təqdim
olunandan 1 il sonra. Bu film orda oynayan hər bir aktyorun, hər bir kino həvəskarının
həyatı boyu ən yaxşı 5 filmindən biri, hətta birincisidir, məncə.
Film Sovet işğalından sonra Qərbə və Şərqə
parçalanan Almaniyanın şərq hissəsində milli təhlükəsizlik nazirliyi olan Stasinin aktyorları, yazarları addımbaaddım izləməsindən gedir. Şübhəli görünən hər bir məşhur milli
təhlükəsizlik nazirliyinin hədəfi halına gəlir, hər bir addımı izlənilir, evi
dinlənilir, hətta evinə də dinləyici cihazlar qoşulur. Məşhurlara qarşı olan bu
təzyiqlər barədə Sergey Dovlatov “Çamadan” əsərində də məlumat verib. Onu da
dissident düşüncələrinə görə izləyirdilər, belə adamların hər birinin nazirlikdə
dosyası olurdu. Ən yaxınlarını belə şantaj üsulu ilə ələ alıb həmin adamın gizli
işləri barədə məlumat verməyə məcbur edirdilər.
Filmdə də yazar və sssenarist Dreymanın sevgilisi olan aktrisa Christa-Maria Sielanda milli təhlükəsizlik naziri olan Grubitzin gözü düşür, məhz bu istək yazarı aradan çıxarıb onun qadınına sahib
olmaq üçün onun təhlükəli şəxslər siyahısına daxil olmasına səbəb olur.
Nazirliyin ən yaxşı əməkdaşı olan Gerd Wieslerin qəlbinə şübhə toxumları səpən
nazir yazarın izlənməsinə əmr verir. Wiesler isə nazirlikdə lazım olmayan
vicdana sahibdir. Hər dəfə dinləmə cihazında yazarın və ətrafının danışıqlarını
dinlədikcə yazara rəğbət bəsləməy başlayır. Hətta yazar tanışları vasitəsilə Qərbi
Almaniyanın Der Spiegelə mövcud rejimlə bağlı yazı
göndərəndə belə onu ələ vermir, hətta yazının Qərbi Almaniyaya ötürülməsinə göz
yumur. Ən sonda isə yazarın sevgilisi şantaj yolu ilə ələ alınır, yazının əl
yazmasının yeri öyrənilir, Wiesler nazirliyin əməkdaşlarının
yazarın evində axtarış aparacağını bildikdə yazının əlyazmasını gizlətməyə müvəffəq
olur. Bu isə onun işini itirməsinə və karyerasına poçtalyon kimi davam etməsinə
səbəb olur. Səssiz bir şəkildə dözür, etdiyinin cəzasını çəkir.
Film boyunca Wieslerin gözlərindəki o ifadə
insanı qəlbini riqqətə gətirir, ona rəğbət bəslməyə səbəb olur. Nə
sentimentallıq, nə bayağılıq var, hisslərin möhtəşəm ifadəsi var bu gözlərdə.
Film Spielberg kimi rejissorların çəkdiyi sentimental filmlərə qətiyyən bənzəmir,
adamı silkələyən də məhz bu cür ucuz yollardan istifadə etməməklə bu cür möhtəşəm
filmin ərsəyə gəlməsidir.
Və yuxarıdan hansısa bir əlin
onu qoruduğunu hiss edən yazar eyni adlı mahnıya yazdığı “Ən yaxşı adam
haqqında sonat” əsərini həmin o görünməz adama həsr edir. Adını belə bilmədən .
Wiesler isə təsadüfən bu kitabı görür,
kitabın ona həsr olunduğunu da bilir və kitabı özü alıb özünə hədiyyə edir.
Filmdə hər şey bir-birini
tamamlayır, aktyor seçimindən tutmuş fonda səslənən musiqiyədək. Filmin imdb linkini, türkçə dublaj və musiqi
linkini də qoyuram. Yerinizi hazırlayın, siqaretinizi yandırın və filmdən həzz
alın. Əminəm ki, sizi də öz sehrinə alacaq.