21.12.2013

Rafiq Tağı haqqında bir neçə kəlimə

2011-ci il on doqquz noyabr axşamtərəfiydi. Adi bir payız axşamı. Saat ona qalmış Təhsil Nazirliyi tərəfdəki dayanacaqda bir kişi marşrutdan düşərək vağzal tərəfə addımlayırdı. Evinə tələsirdi.

İşdən sonra da yorğunluğuna baxmayaraq, üzündən təbəssümü əksik olmayan bu adamın ağarmış saçları və sifətinə daha da nuranilik verən o qədər də qalın olmayan bığı varıydı. Altmış yaşlarında ortaboylu biriydi. Əlində də içində sənədlər və yazıları olan bir portfel tutmuşdu.
Rafiq Tağıydı bu adam. Yazıçı-publisist, həm də həkim. Bu həmin Rafiq Tağıydı ki, 2006-cı ildə elə bu vaxtlar yazdığı “Avropa və biz” məqaləsinə görə İran ayətullahı Fazil Lənkərani onun haqqında ölüm fətvası vermişdi. Azərbaycanda isə məqaləsinin  dini ədavətin qızışdırılmasına səbəb olduğu əsas gətirilərək həbs edilmişdi. Məhkəməsində dindarlar dil-boğaza qoymadan ona söyüş yağdırsalar da, o, üzündən əksik olmayan təbəssümlə sakitcə gülümsəyirdi. Həbs edildikdən bir il sonra əfv fərmanıyla azadlığa buraxılsa da, yazdığı “İran və qloballaşma” yazısıyla yenidən dindarların şüursuz qəzəbinə tuş gəlmişdi.
Həmin vaxtlar dindarların gündəmi o idi, elə həmin axşam da fətvanı yerinə yetirib, cənnətə billet qazanmaq istəyən biri Rafiq Tağını öldürmək üçün hazırlaşmışdı. Rafiq Tağını izləyən bu adam getdikcə ona yaxınlaşırdı, həm də  bərk tələsirdi. Öz müqəddəs işini yerinə yetirib, içində o şüursuzluğun doğurduğu hiddəti, nifrəti dindirmək, sakitləşdirmək üçün Allahın verdiyi canı almağa tələsirdi.
Vağzala çatmağına beş-on addım qalmış doktor kiminsə  ona tərəf tələsik yaxınlaşan addım səslərini eşidib fikirləşdi ki, bu, yəqin ki, onun portfelini oğurlamaq istəyən bir oğrudur. Elə bu anda doktor kürəyində şiddətli bir sancı hiss etdi, sonra digərini, sonra daha birini.
İşini bitmiş hesab edən mömin qatil ordan uzaqlaşdı və doktoru yarıhalsız vəziyyətdə 1 saylı xəstəxanaya gətirdilər. Əməliyyatdan sonra halı yaxşıydı, hətta jurnalistlərin suallarını da cavablandırmışdı. Yenə də çöhrəsi nur saçırdı.  Müsahibəsində “Məni vuran adam bərk həyəcanlıydı” dedi doktor, sanki qatilə bəraət qazandırmaq istəyirdi. Səbəbini tam olaraq bilmədiyini dedi, kimsəyi günahlandırmaq da istəmirdi.
O, bıçaqlanan günü qardaşım evə indiyə qədər görmədiyim bir kədərlə gəlmişdi. Doktorla şəxsən tanışıydı, onun haqqında danışmışdı mənə, işlədiyi təcili və təxirəsalınmaz yardımda xəstələrə pulsuz kömək etməyini, hətta onlar üçün öz cibindən pul verərək dərman da aldığını demişdi. Qardaşım xəstələnəndə də onun üçün eyni şeyi etmişdi. Ondan məsləhət istəyən adamla da bu cür xeyirxah və təvazökar davranırdı. İnsanları anlamaq, yardım etmək üçün doğulmuş bu adam onu tanıyanlar stimul mənbəyiydi həm də.
Müsahibədən bir neçə gün sonra isə vəziyyəti qəfil ağırlaşan doktor dünyasını dəyişdi. Ölüm səbəbi kimi göstərilən kəskin peritonitin yaranmasında birbaşa həkimlər məsuliyyət daşımalıydı, ancaq kor quyu oldu bu cinayət işi, nə qatil tapıldı, nə də ölümə səbəbkar həkimlər məsuliyyətə cəlb olundu.
Onu tanıyan hər kəs həmin gün göz yaşlarına hakim ola bilməmişdi. Bu, həm də qaranlığın işıq üzərində növbəti qanlı qələbəsiydi. Bir tərəfdə savaddan və düşüncədən məhrum, kitab yerinə əlinə bıçaq, zəncir alıb, ya özlərinə, ya da özü kimi olmayanlara real təhlükə törədən dindar kəsim, doktorun ölüm hökmünü verən və onu öldürənin o dünyada mükafatlanacağını deyən ikiüzlü, riyakar ayətullahlar və insanların sorğusuz-sualsız qul olmağa səsləyən, tələb edən, dünyanı cəhalətdə, qaranlıqda saxlamaq istəyən din, digər tərəfdə isə üzünurlu, daima təvazökar, mədəni, insanlara fayda verməyə çalışan, vicdanla hərəkət edən, onları oxumağa, düşünməyə səsləyən həkim, yazıçı-publisist Rafiq Tağı.
Onlar bu dəfə də ənənələrinə sadiq qaldılar. Geriyə isə onun yazıları, unudulmayacaq yaxşılıqları, bir də arxasından səmimi axıdılan göz yaşları və üç uşağı, yoldaşı və qoca bir anası qaldı.
Anası bir neçə gün qabaq “Rafiqə deyin tez gəlsin, mən onu görməmiş ölməkdən qorxuram” deyib evdəkilərə. Çünki ondan gizlədiblər ölüm xəbərini, ona Rafiqin uzaq bir yerə-xaricə getdiyini deyiblər və ana hələ də oğlunun xaricdə olduğunu düşünür, onu yenidən görmək arzusuyla nəfəs alır.

Hiç yorum yok:

Yorum Gönder

Axtar