“20 yanvar” tərəf ölkənin ən biabırçı yeridir, yəqin
ki. Burda üzüyola insanı rahatlıqla tutub getmək istəmədiyi bir yerə istənilən
qiymətə asanlıqla apara biləcək taksi şoferləri, həyasız, divaraişəyən qadın
satıcılar, cürbəcür mahnıları yüksək səslə camaata qulaq asdıran telefon
dükanları, polis sirenaları, siqnalı ard-arda basan sürücülər, sıxlıq – bir sözlə,
istənilməyən hər şey var. Ölkənin nəbzi də, imici də məhz burada çox aydın
görünür. Qarışıqlığın, qara qışqırığın içində insan özünü güclə qoruyur. Ora
hansısa qadının ayaq basması isə, demək olar ki, fəlakətdir. Məmə yeyənindən pəpə
deyəninə qədər, ağzı qara-qura bütün gədə-güdələr qadının ayaqlarını, arxasını
inadla və xüsusi amansızlıqla süzür, gözlərinin düz içinə baxıb, qadın
baxışlarında bircə qırıq boşluq gözləyir ki, ağzının suyunu axıda-axıda
yaxınlaşıb tanışlıq təklif etsin.
Təəssüf
ki, həftədə bir neçə dəfə yolum burdan düşür və hələ deyə bilmədiyim iyrəncliklərin
şahidi oluram. Məncə, 28 may tərəfdə əvvəllər yerləşən “Çudo Peçka”nın
divarlarını işləyən rəssamdan başqa buranı heç kim dəqiqliklə təsvir edə bilməz.
Bir neçə
saat olar avtobusdan düşüb ordan üzüaşağı evə tərəf düşürdüm. Arxamca kişinin hədələrini
eşidib yerişimi yavaşlatdım. Kişi gəlib mənim bərabərimə çatdı, arxasınca isə
bir qadın ayaqlarını sürüyə-sürüyə, yeriməyə məcbur olan adam kimi gəlirdi.
Əlində ağır veşləri başını aşağı salıb kirmişcə yeriyirdi. Kişi isə: “Gəl, tez
gəl. Evdə sənin burnunu dağıdacam yenə. Sənin yalın artıq düşüb, ona görə
anangilə getmək istəyirsən”- dedi. Qadın bir müddət də sakitcə qulaq asdı,
sonra onlar qabağa keçdi və birdən qadın qəfil səsini qaldırıb: “Bəsdir də, Rüfət,
məndən nə istəyirsən axı?!” – deyə üsyan etdi. Məqsədi səsini ətrafdakılara
eşitdirmək idi. Kömək yalvarırdı qadının səsi. Ancaq mən daxil, hər kəs heç nə
olmamış kimi yoluna davam etdi. İzləməyə davam edirdim, çünki bilirdim ki,
yaxınlaşmaq qorxuludur.Əclaf əlindəki cib bıçağını elə rahatlıqla oynadırdı ki,
o rahatlıqla kimə desən soxa bilərdi o bıçağı. Ancaq ətrafda polis yox idi. Məqsədim
o götverəni polisə demək idi. Bəlkə bir köməkləri dəyə.
Mən rayon
yerində böyümüşəm. Başqalarının dəhşətlə oxuduğu, eşitdiyi hadisələri öz gözlərimlə
görmüşəm, hətta yaşamışam.
Qadının əri
tərəfindən döyülməsi o qədər adi işdir ki oralarda. İnsanlar ər ifrata varmadıqca
qarışmağı məsləhət bilmir, “ailə problemidir” deyib ağlamaqdan burnunun suyu
axan qadınların qışqırıqlarını, yalvarışlarını qulaqardına vururlar. Saçından
tutularaq pilləkənlərdən aşağı süründürülən qadınlar, ərin əllərində
yolunub-qalan qadın saçları, yerdə çabalayan qadının üzünə, qarın boşluğuna dəyən
kişi təpiyinin zərbələri, uşaqların yalvarışları, ağlaşmaları, qadına söyülən ən
ağır söyüşlər kənddə görünməmiş hadisə deyil. Mən ər görmüşəm ki, həyat yoldaşı
yolda gələndə dondurma yediyi üçün otağa salıb qapını bağlayıb arxadan və hirsi
soyuyana qədər qadını döyüb. İçəridən gələn yalvarışlar hələ də qulağımda
cingildəyir. “Həmid, ayaqlarının altında ölüm, vurma qarnıma. Həmid, itin hesab
et məni qapında, yalvarıram, qurban olum boynuna. Vurma, nolar vurma”
Eşitmirdi, gözü o qədər qızmışdı ki, yalvarışlar onu daha da dəli edirdi.
Qadının acizliyi onu daha da güclü edirdi. Halbuki bir dəfə həmin adamı küçənin
ortasında bir nəfər o qədər döymüşdü ki, ağzı-burnu qan içində idi.
Ərinin əlindən qurtulub evdən çarəsizcə kənddə
yolboyu qaçan qadınlar olurdu. Ayaqyalın, başıaşıq. Sanki Xocalı işğal olunurdu
yenidən və qadın ancaq canını götürüb qaça bilirdi.
Bayaqkı qadını da evdə xoş aqibət gözləmirdi.
Ərinin amansız şillə-təpiyinin ona dəyəcəyini bilirdi. Ancaq bu ölkədə polis də
hətta rəsmi şikayət vaxtı belə, ailədaxili münaqişələrə qarışmaqdan boyun
qaçırır. Çünki o polislərin özləri də qadını döyəcək təfəkkürə sahibdirlər.
Qadınlar bəzən çox danışır, kişilər isə döyür. Hər kəs bacardığı kimi. Heç kim
sonunun hara varacağını düşünmür. Dəfələrlə yaşanan problemlər ailənin
bütövlüyünə xələl gətirmir. Göz yaşlarını qurudaraq həyatına davam edir döyülənlər.
Hər dəfə də bir bəhanə tapılır döymək üçün. İçib sentimentallaşan, özündən
çıxan kişilərin də qurbanı yenə qadınlar olur.
Və bu beləcə
davam edir. Səssiz-səmirsiz. Biz onların ölüm xəbərlərini eşidəndə bilirik məsələləri.
Başları kəsilir, baltalanır, döyülüb öldürülür. Və hələ də haqq qazandıran qadınlar
var. “Yaxşı at özünə qamçı vurdurmaz” dedi bu gün bizdəki qadın həkimlərdən
biri. “Siz onda atsınız, yəqin ki” – dedim mən də. Üzümə tərs-tərs baxdı və bir
neçə misal çəkdi sudan ucuz səbəblərə görə dəfələrlə şiddətə məruz qalan
qadınlar haqqında.
Şiddətin
qarşısının alınmasının hələ ki ancaq bir yolu var. Qadınların bir-birini dəstəkləməsi,
şiddətə əl atan kişilərin linç edilməsi və xəbərin tirajlanması. Bilmirəm, bəlkə
də, qarşısını yetərincə almayacaq. Çünki ard-arda şiddət hadisələrinin
doğurduğu rezonans belə, özünü yazıçı, cəmiyyətin kultu hesab edən insanı da
qorxuda bilmirsə, gedəcəyimiz yol çox uzundur. Ancaq gizlətmək heç vaxt fayda
verməyəcək, çünki insan xarakteri heç vaxt dəyişmir
Hiç yorum yok:
Yorum Gönder