Türkiyə mənim üçün həm də hərbi çevrilişlərin bir
vaxtlar tez-tez olduğu ölkədir. Axırıncı çevriliş şousundan sonra isə çətin ki,
AKP-nin hakimiyyətdə olduğu vaxtda ordu bir daha elə bir güc əldə etsin. Yazıda çevrilişlərin düz, yoxsa səhv olduğunu
müzakirəyə çıxarmaq fikrim yoxdur, amma türk tarixində çevriliş deyincə ağla təkcə
ordunun hakimiyyəti ələ keçirməsi, idarə üsuluna qarışması deyil, həm də
sayı-hesabı bilinməyən edamlar, sui-qəsdlər, işgəncələr gəlir. Onların içində
isə hərbi çevriliş deyincə əsas yadıma düşən bir insan var. Bu yazı da məhz o və
onun edamına səbəb olan hərbi çevriliş haqqındadır.
Erdal Eren.
Boğazına ip keçirilərkən 17 yaşında olan bu oğlanı
edama aparan yol hələ həmin ilin əvvəllərində 1980-nin 30 yanvar tarixində onun
da üzvü olduğu YDGD (Yurtseven
Devrimci Gençlik Derneği) üzvü Sinan Sunerin MHP-li nazir Cengiz Gökçekin
mühafizəçisi tərəfindən öldürülməsiylə başlamışdı. Mühafizəçinin gənci
Ankaranın Yuxarı Ayrancı istiqamətinə avtomobiliylə gətirib yolda işgəncələr
verərək və öldüyünə tam əmin olduqdan sonra xəstəxananın qapısının ağzına
tullaması dövrün gənclərində dərin bir şiddətə səbəb olmuşdu . Hadisənin cəmiyyətdə
geniş rezonans doğurmasının ardından – fevralın ikisi gəncin öldürüldüyü yerdə
Erdal Erenin də iştirak etdiyi etiraz mitinqi təşkil olundu. Əsgərlərlə
etirazçılar arasında baş verən qarşıdurmada Erdal Eren də daxil olmaqla 24
insan həbs edildi. Erdal Erenin həbsinin əsas səbəbi isə Zekeriyye Önge adlı əsgərin qarşıdurmada onun
öldürməsinə olan iddia idi.
Sürətli məhkəmə proseslərinin ardından 19 martda
edam cəzasına məhkum edildi. Daha 17
yaşındaydı. Vəkili Nihat Toktay dəlillərin nöqsanlı olduğunu, ballistik
araşdırmaların aparılmamasını və əsas olaraq da yaşının edama imkan vermədiyini
səbəb kimi göstərərək edam qərarının ömürlük həbsə çevrilməsini tələb etdi,
ancaq tələblər rədd edildi. Kütləvi imza toplama kampaniyaları, ölkə xaricindən
gələn etiraz səsləri də qərara təsir edə bilmədi. Çünki qərar yuxarıdan artıq
verilmişdi və hakimlərə sadəcə yazılanı elan etmək qalmışdı.
Şəxsiyyət vəsiqəsində 1961-ci il yazılması edama
imkan verən səbəblərdən göstərilmişdi. 17 yaşında olmasını sübut etmək üçün
sümüklərinin qrafiklərinin çəkilməsi və tibbi analizə göndərilməsi barədə vəkilinin
tələbləri də Hərbi Məhkəmə tərəfindən “vəsiqədə
yazılan doğum tarixiylə bağlı problem yoxdur.” açıqlamasıyla rədd edildi və
1980-ci il 13 dekabrda Ankara Mərkəzi Həbsxanasında edam edildi.
Vəkil edam qərarının dəyişməməsini “dövrün gəncliyini
susdurmaq və qorxutmaq” kimi qiymətləndirərkən edamdan sonra Xunta rəhbəri Kenan
Evren çıxan etiraz səslərinə cavab olaraq etirazların daha da artmasına səbəb
olan “asmayıb, nə edəcəkdik, əsgərə silah çəkən xainləri bəsləyib yedirəcəkdik?!”
, “edamları imzalayarkən əllərim belə
titrəmədi” ifadələriylə yaddaşlara
qazındı.
Vəkili
sonralar – 1994-cü ildə yayımlanan proqramda Erdal Erenlə üzbəüz dayanan əsgər
Zekeriya Öngenin əslində arxadan və tüfənglə vurulduğunu, həmin etiraz
mitinqində isə heç kimdə, xüsusən Erdal Erenin əlində tüfəng tapılmadığını dilə
gətirdi.
Həbsdə olduğu müddətdə Erdal Erenin çeşidli və
dözülməz işgəncələrə məruz qaldığını və məhz bu səbəbdəndir ki, ölümün
qorxuducu bir şey əvəzinə arzulanan bir hadisəyə çevrilməsinin onun valideynlərinə
yazdığı məktubundan da görmək mümkündür. Burada paylaşacağım linkdə Erdal
Erenin valideyninə məktubu eşitmək mümknüdür (https://www.youtube.com/watch?v=ppMsg6yIcSM&index=3&list=LL0NH7y23ZBZ12OdXGOVAZ2w). Mənə bu məktub çox soyuqqanlı və
dərindən yazılmış bir təsir bağışlayır. Sentimentallıqdan uzaq, qorxudan
arınmış və hansı yolda olduğunu, onu nələr gözlədiyini tam dərk edən 17 yaşlı
bu oğlanın həmin məktubu yazarkən keçirdiyi hisslər və düşüncə tərzi sanki daha
böyük bir şəxsin, hətta bir dəfə artıq yaşayıb yenidən həyata qayıtmış birinin hissləri və düşüncə tərzidir.
Erdal Eren dustaqların ailələri ilə görüş otağında
Ölümündən sonra çox müxtəlif sənədli filmlər çəkilib,
müxtəlif müğənnilər (Sezen Aksu – Son bakış, Teoman – On yedi, Çoban
yıldızı, İki çocuk, Duman – Kolay değildir,
Mor ve ötesi – Darbe, Grup Yorum – Büyü və s.) onun haqqında mahnılar səsləndirib.
Bunlar arasında isə Teoman mənim üçün həm səsinə və oxuğu mahnılarım məzmununa
görə, həm də siyasi düşüncə və biliklərinə görə xüsusi önəm daşıyır. Kenan
Evren haqqında danışarkən çevrilişdən az sonra onu görüşdə alqışlayan tələbələri
axmaq adlandırdığına görə bir xeyli söh-söhbətin yaranmasına səbəb olmuşdu (https://www.youtube.com/watch?v=JiQDxbMxm7w&list=LL0NH7y23ZBZ12OdXGOVAZ2w). Erdal Eren haqqındakı düşüncələrinə qarşı
və qohum olduqları səbəbindən “əsgərin də anası var” kimi qınanmalardan
sonra öldürülən əsgərin də onun qohumu olması faktı ortaya çıxmışdı və prosesdə
hər iki gəncin günahsız olaraq qurban getməsi onun “İki çocuk” mahnısında da öz
əksini tapıb.
Saysız edamlara, işgəncələrə səbəb olmuş həmin
çevrilişi (Türkiyə üçün ordunun sayca 3-cü çevrilişi) 12 sentyabrda Kenan Evren
və 4 general (Nejat Tümer , Nurettin Ersin, Tahsin Şahinkaya,
Sedat Celasun) həyata keçirmişdi.
Düz 30 il sonra – 12 sentyabr 2010-cu ildə çevrilişi edənlərdən sağ
qalan iki şəxsə (Kenan Evren və Tahsin Şahinkaya) cinayət işi başladılmış,
ancaq proses sona çatmadan Kenan Evrenin ölməsi onun cinayətlərinin cəzasız
qalması ilə nəticələnmişdir.
Çevrilişdən sonra Süleyman Demirelin rəhbəri olduğu
hökümət tutduqları mövqedən azad edildi,
Milli Məclis (TBMM – Türkiye Büyük Millet Meclisi) buraxıldı,
Konstitusiya ləğv edildi, siyasi partiyaların fəaliyyəti dayandırıldı və əmlakları
müsadirə olunmaq şərtilə ofislərinin qapıları qıfıllandı, 650 min insan həbsə
atıldı, 1 milyon 683 min insan nəzarətə götürüldü. 98 min 404 insan “terror təşkilatı
üzvü olmaq” iddiasıyla cəzalandırıldı, 7 min insan üçün edam cəzası tələb
edildi, 517 insana edam cəzası verildi və 300 nəfər şübhəli şəkildə öldü, 171 nəfərin
işgəncədən öldüyü sənədləşdirildi.
Etiraz
olaraq keçirilən aclıq aksiyalarında 14
nəfər öldü, “qaçarkən” vurulanlardan 16
nəfər, baş verən qarşıdurmalarda isə 95 nəfər öldürüldü. Həbsxanalarda həyatını
itirən 73 nəfərə isə “təbii ölüm sənədi” verildi və 43 nəfərin intihar etdiyini
elan etdilər.
400 jurnalist üçün ümumilikdə 4 min il həbs istənildi
və bunlardan 31 jurnalistə 3 min 315 il 6 ay
həbs cəzası verildi. Ümumilikdə 300 jurnalist hücuma məruz qaldı. 3854
müəllim, 47 hakim işdən çıxarıldı.
Çevriliş zamanı dəyən əmlak zərərinin isə 50.4
milyard dollar olduğu açıqlandı.
Türklər hər nə qədər bu mövzunu çəkdikləri filmlərlə
çeynənmiş hala gətirsələr də, aralarında bəzi filmlər bürokratiyanı, senzuranı,
işgəncələri tam olaraq ifadə edə bilib (Eve dönüş, Kağıt).