18.01.2020

Can


Şimali Koreya haqda yazının birinci hissəsini bir il qabaq yazıb arxasını gətirə bilmədim təəssüf ki. Bəzən vaxt olmadı, bəzən həvəs. Həmin mövzuya ara verib bu dəfə təkrar oxuduğum bir kitab haqda fikirlərimi yazmaq istəyirəm. Əslində indi belə yazılar daha çox status şəklində yazılır, amma mən düşünürəm yazının və fikirlərin daim göz önündə qalması baxımından bloq yazısı daha uğurludur.

Kitabın adı "Can"dır. Əksəriyyətin heç olmasa adını eşitdiyi Andrey Platonovun bir əsəridir

Mən istər filmlər, istər kitablar barədə həmişə yaddaşıma şübhə ilə yanaşıram. Çünki bir müddətdən sonra tamam yadımdan çıxan filmlər olub. Açıb qeydə baxanda maraqlı olduğunu, filmdən bəzi kadrları yazdığımı görürəm, amma beynimdə o.filmə aid heç bir iz tapmıram, buna görə də yenidən baxıram. Hərdən də detalları tam olaraq yadımda qalmayan filmlərə də baxıram. Bəzən əvvəlki dadı vermir. 4-5 il qabaq gözümdə böyütdüyüm, yaddaşımda ciddi izlər buraxan filmin o qədər də böyük matah olmadığını anlayıram. Nümunə kimi Şpilberqin çəkdiyi "Süni zəka" filmini göstərə bilərəm. Bir neçə il qabaq məndə xoş təəssürat yaradan bu film bu dəfə baxanda çox da ürəyimə yatmadı.
Gələk kitablara. Mənə görə yaxşı kitablar arabir təkrarlanmalıdır. Çünki "Can"ı birinci dəfə 7 il qabaq oxumuşdum və əsas yadımda qalan yer Vera adlı rus qızın gənclərin təşkil etdiyi bir əyləncə gecəsində sevgilisi olduğunu, ona diqqət yetirdiyini ətrafındakılara sezdirmək üçün saçlarına yerə tökülən gülləri gizlində düzməsi idi. Bu səhnənin oxşarını Sahil bağında gül bayramından sonra görmüşdüm. Təmiz və səliqəli geyinmiş, halından mədəni bir adam təəssüratı  bağışlayan bir oğlan  sevgilisinin saçları üçün yerə tökülən güllərdən çələng düzəldirdi. Qız da - indiyə qədər yadımdadır - ağ, zərif don geyinmişdi və oğlanın yanında durub təbəssümlə onu izləyirdi.  Üzündən də xoşbəxtlik və heyranlıq yağırdı. Bəlkə də məndə kasıblıq yaşayan insanların travması zadı var deyə mənə qəribə gəldi, amma hər bir halda oğlanın sevgilisinə siyasi işlərə alət edilmiş, missiyası bitmiş gülləri rəva bilməsi, qızın bunu xoşbəxtlik kimi qəbul etməsi mənə çox pis qoydu.
Müəllifin "Kotlovan" kitabını da özümlə 2015-də dağa aparmışdım, amma yollar bağlanmağa imkan tapmamış "dostlarım" gəlmişdi ziyarətimə. Bütün əşyalarımı, kitablarımı ələk-vələk edəndən sonra siyasi deyə o kitabı müsadirə elədilər. Onu da etməyəcəkdilər, amma 3 saatlıq sorğunun ardından o qədər yordular ki məni, dedim götürün o kitabı, SSRİ-nin ikiüzlülüyündən bəhs edir filan. Onlar da sevinə-sevinə maddi sübut kimi götürüb getdilər, sonra da məni aşağı  - amma lap aşağı -zirzəmilərinə qonaq aparmaq istədilər, ona da sağ olsun, əli hər yerə girən, imkanları geniş olan bir nəfər yüksək rütbəli zabit imkan vermədi.
Kitabı bu dəfə oxuyanda isə mənə bir başqa cür təsir bağışladı. Artıq Veranın saçlarına özünün gül düzməsindən əlavə, Aydımın Cağatayevi qartala oxşayan quşlar üçün yem kimi qurban etməyi gözə alması, Cağatayevin quşun qanını içməsi üçün son nəfəsində Aydıma yalvarması, ruhdan başqa verəcək heç nələri olmayan kiçik bir xalqın yaşamı da təsir etdi.
 Kitabda məkan adlarını tələffüz edəndə adamın dili topuq çalır, təsvirlər ürəksıxıcıdır, kiçik bir xalqın o cür səhralıqda yaşaması adamın təəccübünə səbəb olur. Ümumiyyətlə, bu tip kitablar, həmçinin kinolar həyatın bizə o üzündən xəbər verir ki, orda insanlar poxun içində doğulub, pox içində yaşayırlar/sürünürlər və vaxtları çatanda da səfalət içində ölüb gedirlər. Belə yerlərdə ölüm nə arzulanan qonaqdır, nə də qorxulan bir gerçəklik. İnsanlar heç vaxt normal həyat sürmədikləri üçün onlar üçün ölüm xüsusi məna kəsb etmir. Kitabda bir yerdə müəllif haşiyə çıxaraq "Can" xalqının ölümü arzuladığını qeyd edir, bunu da onlardan hər gün bir neçəsinin xan tərəfindən boynunun vurulması ilə əlaqələndirir. Belə tez öləcəklərini anlayan xalq bütünlüklə boynunun vurulması üçün xanın sarayına yürüyüş edirlər. Ancaq xan əlindəki yeganə gücün - ölüm qorxusunun bu səfil insanlar üçün əhəmiyyət kəsb etmədiyini başa düşüb onlara toxunmur və edamlara son verir. Qalan digər vaxtlarda isə - kommunizmə inanan gəncin xalqı səhradan keçirdiyi vaxt, insanların öz miskin yurdunda süründükləri digər günlərdə - kiminsə ölməsi qalanların üzündə heç bir ifadə dəyişikliyinə səbəb olmur. Hərəsinin bir həyat hekayəsi olan, hər biri bir səbəbdən qaçıb buralara sığınmış bu insanlar sevə bilmir, arzulamır. Bu bərəkətsiz torpaqlarda insanlar yeməyi ac qalmamaq üçün yox, ölməmək üçün yeyir.  İnsanlar da səhradakı dəvə kimi asudə vaxtlarını gözlərini yumaraq, mürgüləyərək keçirirlər ki, enerjilərini qənaət etsinlər. Bu adamlar yoxsul səhrada qarşılarına çıxan hər şeyi qidaya çevirirlər, onların mülkü üstündə yatdıqları cır-cındır həsir parçalarıdır, hələ canısulu cütlüklər isə bir-birini sevirlər. Ona görə yox ki, onlar istəyərək sevirlər, ona görə ki, onların yanlarındakı insandan başqa sevəcək heç nələri yoxdur.
Kitab haqda fikirləri uzatmaq da olar, amma oxumaq üçün çox da zaman tələb etməyən bir kitab olduğu üçün fikirləri burda saxlayıram
Müəllifinin adı hər nə qədər SSRİ-ə qarşı çıxan bir yazar kimi hallansa da, bu əsərində mən kommunizmin mədh edilməsini və buna haqq qazandırmasını sezdim. Bütün çətinliklərdə dövlətin xalqın yanına göndərdiyi nümayəndəyə dəstək göstərməsi, onu hətta sırf həmin xalqı tapması və daha yaxşı həyatla təmin etməsi üçün səhraya ezam etməsi kitabda müsbət bir hal kimi qələmə verilir. Əlbəttə ki, belə bir məsələyə digərləri kimi mən də müsbət baxmaq məcburiyyətindəyəm.

 Bu qədər.

Hiç yorum yok:

Yorum Gönder

Axtar