Şəhərdə və
bölgələrdə şadlıq saraylarının sayı durmadan artır, hər gün bir-birindən daha dəbdəbəli,
orta gəlirli bir ailənənin öz büdcəsi hesabına toy edə bilməyəcəyi şadlıq sarayları tikilir və istifadəyə verilir. Şadlıq
saraylarındakı verilən yeməklərdən tutmuş ordakı xidmətlərə qədər hər şey göstəriş
üçün nəzərdə tutulub. Toy edəcək ailənin qohum-əqrəba, tanış-biliş arasındakı
hörməti də, sanballılığı da toyun hansı şadlıq sarayında olmasından asılıdır.
Bizimkilər də heç özünü filankəsdən əskik göstərməz axı, borc-xərc tapıb, birtəhər
də olsa, xirtdəyə qədər borcun içində də üzəsi olsa, toyu mütləq ən yaxşı
şadlıq saraylarından birində etməlidir. Toy etmək üçün girir xirtdəyə qədər
borcun içinə, ümidi də var ki, toya yazılan pullarla bağlayar borcunu. Birtəhər
də bağlayır, amma toydan sonra əldə qalan qəpik-quruş olur, evlənən cütlüyün də,
ailəsinin də toy bütün var-yoxunu alır, qoyur quru düzdə. Axı nəyə lazımdır bu
qədər dəbdəbə?Kimə lazımdır? Bu tanış-biliş də oğraşlıq edir, elə hamısı. Kimə
nə xeyri var orda bol-bol verilən və tez xarab olan, çölə atılan yeməklərin? Nə
faydası var yaxınlıqdakı ən dəbdəbəli şadlıq saraylarında toy etdirməyin? Niyə
bu insanlar göstəriş xətrinə aldadırlar bir-birini? Səbəb nədir? Bu qədər
camaatın içində biri cəsarətli çıxmır ki, desin, ay qardaş, çəkin mıxınızı, mənim
filan şadlıq sarayında toy etdirməyə imkanım çatmır, məqsəd evlənməkdisə, büdcəmə
uyğun şadlıq sarayında toy etdirəcəm, imkanıma
uyğun şadlıq sarayında da evləndirə bilərəm övladımı. İnanın ki, bu cəmiyyətdə
kimsə bu sözü deməlidir, kimsə bu bədbəxtlərə başa salmalıdır, ya da vecinə
almamalıdır ətrafın fikrini. 22 yaşım var və mən fikirləşəndə ki, mənim də
valideynlərim mən evlənəndə dəridən-qabıqdan çıxıb, borcun içində üzüb, mənə dəbdəbəli
bir şadlıq sarayında toy elətdirəcəklər, adamın nəinki evlənməyə, heç bu barədə
fikirləşməyə belə həvəsi qalmır. Qonaqların qozuna da deyil, bəzənib-düzənib gələcəklər
toya, büdcələrinə uyğun pulu yazılacaqlar, axıra kimi tıxacaqlar və xoşbəxt
olacaqlar. Ancaq mənim valideynlərimin üzü güləcək, içi isə qan ağlayacaq ki,
görəsən, toydan yığılan pul ödəyə biləcəkmi bu qədər borc-xərci?
Bir qohum bu yaxınlarda oğluna toy etdi, qohum
da, qayınları da biznesmendirlər və çox varlı adamdırlar. Oğluna da hamımızın
yaxşı tanıdığı və söyüşlə yad etdiyi bir məmurun qardaşı qızını aldı. Aldı ki,
biznesmen kimi dayaqlarını möhkəmlətsin, dəyib-dolaşan olmasın. Ama adamlar həyasızlığın
pik nöqtəsinə çatdılar, hətta o tərəfə də keçdilər. Toyu yaşadıqları Şəmkir rayonunda
yox, Gəncəbasar zonasının ən göstərişli, böyük şadlıq sarayı Tovuzda olduğu
üçün Tovuzda elətdirdilər. Atam da getmişdi toya, boş yerə kişini də saldılar
artıq xərcə. Bu boyda adam toy elətdirə, özü də regionun ən böyük şadlıq
sarayında, onda gərək evindəki bütün pulu aparıb ora yazılasan ki, biabır
olmayasan.
Və bu toylara getməyin özü də dəvət edilənlər
üçün dəhşətli dərəcədə vacib və aktual məsələdir. Heç ictimai-siyasi həyatda ən
vacib məsələ bundan daha vacib olmur. Bir ay qabaqdan evin xanımı özünə, qızına
sırf o toya geyinmək üçün paltar alır, aldığını bəyənmir, bir də alır.
Kosmetika bol olmalıdır, evdə taxılmağa yarayan qızıl qalmamalıdır, hamısı
olmalıdır qolda, boyunda və barmaqlarda. Xala görmüşəm dörd barmağına beş üzük taxıb gəlib toya.
Qızlar üçün ər tapmağın ən ümidverici yeri də elə toydur. Toya getmək vaxtı
çatanda lap dəhşət olur. İki saat qabaqdan hazırlığa başlayan evin xanımının
hazırlanmağı bitmək bilmir ki bilmir. Kişiyə nə var, Novruzəli də olsa, ən cool
biri də olsa, keçirir əyninə kostyumu və başlayır gözləməyə. Qadınlar isə daha
çox qısqandıra bilmək və daha yaxşı ər tapa bilmək üçün bir xeyli əlləşib-vuruşurlar.
Hərə öz çıxarları üçün istifadə edir. Xalalar qızıllarını göstərir, “xalxın
arvadları”nı qısqandırır, qızlar gələcək həyat yoldaşı qazanmağa çalışır. Toyda
bəzənib-düzənmək göstərişdir. Başqa da bir şey deyil. Axı niyə bu insanlar evdə
bəzənmirlər, həyat yoldaşları üçün gözəl olmağa çalışmırlar? Evdəki adam deyil?
Əksinə, hər kəsdən daha vacibdir. Amma etməzlər bunu, çünki göstərməlidirlər ki,
bizim filan şeyimiz var, camaat da qısqanmalıdır, işin özü budur.
Bəs onlar bunu bilirmi? Etdiklərinin artistlik
olduğunu bilmirlər? Bütün bunların əslində adət-ənənə olmadığını, özlərini
aldatdıqlarını bilmirlər? Bilirlər! Onlar buna adət-ənənə deyir, hər kəs öz
etdiyi hərəkəti adıyla adlandırmağı bacarsaydı, nə varıydı ki. Avtobusda polis
görmüşəm, avtobusa minən xanımın arxasına keçib, qabağını xanımın arxasına
yapışdırıb, əliylə tutub xanımın belindən, budundan. O polisə də bir-ikisini
ilişdirib, oturtsan qabağına və soruşsan ki, ay oğraş, bu hərəkəti niyə edirsən,
əmin olun ki, o sizə etdiyi hərəkətin səbəbi kimi elə məsumca şey deyəcək ki,
matınız quruyacaq. Bəli, biz buyuq. Etdiyimiz hərəkətlərin hər birindən bir
sünilik, bir oğraşlıq yağır. Özümüzə tolerant deyib, bütün günü pivə içən yerdə
fotolarımızı çəkdiririk, amma müsəlmanın Ramazan ayıyla bağlı paylaşımlarına dözə
bilmirik, başlayırıq hoqqabazlığa, artistlik edirik, məzələnirik. Sonra da
deyirik belə. Biz hər zaman haqlı deyilik, sadəcə, həyasızıq. Etdiyimiz hər bir
hərəkətimizə haqq qazandıra biləcək qədər həyasızıq.