Maqa,
Sənə məktub yazıram
Yazıram ki bağışla...
Belə bir xalq mahnısı var. Düzü, heç xalq
mahnısı olub-olmadığını da dəqiq bilmirəm, bunun heç o qədər də fərqi yoxdur.
“Sən mənim könlümə elə düşmüsən, xəstənin könlünə nar düşən kimi...” Məhəmməd də
dünən mənim yadıma belə düşmüşdü...
Dünənki növbətçiylə lap çoxdan tanışıq. Mülki
vaxtlarda eyni yataqxanada qalmışıq. Yataqxanada da kimin nə mal olduğu tez
bilinir. O vaxtkı şan-şöhrətim gedib ona da çatmışdı ki, belə bir adam var və
müxalif biridir, filan. Ona görə də hələ şəxsi tanışlıqdan qabaq onun hörmətini
qazanmışdım. İndi də burda o naryadıydı, mən də evdə işıq olmadığına görə gəlmişdim.
Bir az ayaqüstü söhbətdən sonra otağa qalxıb telefonla qurdalanmağa başladım.
12-ə qalmış söhbət etmək üçün yuxarı zəng edib məni çağırtdırdı. Dedi “otur
burda gözlə, tualetə dəyib gəlirəm.” Gözətçi otağında oturub onu gözləyəndə içəri
girən adamların ayaq səslərini eşitdim. Rəis də tuaetdən çıxmışdı. Dəhlizdə
görüşdülər. Onlar zabit yoldaşıydı. Başladılar ordan-burdan söhbətə. Gələnlərdən
üçüncüsü qiyabi tanış kimi ən sonda danışmağa başladı. Dedim ala bu ola bilməz.
Başımı balaca nəfəslikdən çıxarıb gözümü həmin adamın üzünə dikib eləmədim. Səs
Məhəmmədin səsiydi. Eyni onun kimi danışırdı. Məhəmmədin səsini eşidənlər bunu
daha yaxşı bilər. İndi onun səsini xarakterizə edəcək qədər söz bazam yoxdur. Məhəmməd
kimi o da təmkinlə danışırdı. Onun da səsində çılğınlıq var idi. Məhəmmədin bu təmkinliyində
nə qədər çılğınlıq olduğunu da tanıyanlar bilir. Adam var sözləri üyüdüb tökür,
adam da var vurdum duymaz. Məhəmmədin danışığında isə həmişə partlamağa hazır
barıt hiss olunurdu. Həmin adamın üzünə baxmağa cəsarət etmədim, çünki
qorxurdum ki, üzü onunkuna oxşamaya. Bu da cəhənnəm, əclaf bir üz ifadəsi ola
bilərdi. O danışırdı. Naxçıvanda qar uçqunundan, uçqun altındakı 3 hərbçidən
birinin bu olduğundan, təkcə onun sağ çıxdığından. Deyir qarı qucaqlayıb yığdım
altıma ki, üstümdə ağırlıq eləməsin. Qarın altından çıxan kimi də o birilərinə
zəng etdim. Zəng çatmırdı. MAXE-nin papağı düşən yerdə qarı eşələməyə başladım,
amma əllərim donurdu, dərin qaza bilmirdim. Gücüm çatdığı qədər hər yer
axtardım, alınmadı. Sonra xilasetmə gəldi, MAXE-nin meyidini həmin gün, o biri
zabitin meyidini üç gündən sonra tapdılar. Onlar gələnə kimi də mən dayanmadan
hər yeri ələk-vələk elədim.
Həmin gün onun yarımcan hala düşdüyü hiss
olunsa da, qətiyyən bundan danışıb özünə diqqət çəkmədi, onun gözlərində iki
yoldaşının ölümünün ağrısı duyulurdu. “Yaxşı qurtarmısan” , “Allah qurtarıb”
kimi ifadələrə də laqeydcəsinə susdu. Bu, elə bir vəziyyətdir ki, insan sağ
qaldığına sevinə bilmir.
Mən ona qulaq asdıqca Məhəmməd gəlib durmuşdu
gözümün qabağında. Adamın üzünü görmürdüm, ona görə danışanın Məhəmməd olduğunu
xəyal edirdim. Lənət olsun! Bu bilirsiniz, necə bir hissdir?! Məhəmməd dəhlizdədir,
mən ayağa durub otaqdan çıxsam, onu görəcəm, o da məni görəcək , gözlərimiz
parıldayacaq, qucaqlaşacağıq. Amma çıxmırdım. Çünki gerçək olmadığını bilirdim,
ancaq özümü aldatmağıma da heç nə mane olmurdu.
Məhəmmədi 2012-nin yayında tanımışdım. Bu,
Nidanın xoşbəxt vaxtlarıydı. Tanışı Rəşad Həsənova bağ evini müvəqqəti
vermişdi. Ev Hövsanda, dənizin 20-30 metrliyində yerləşirdi. Nidanın yay kampı
bu evdə keçdi. Üçgünlük kampın birincü günü oyananda otaqların birində yata birini
gördüm. Məhəmməddir dedilər. Gecələr oyaq qalır, ona görə də gec oyanacaq dedilər.
Nizamidəki “Beşmərtəbə” marketində satıcı işləyirdi. Axşam 9-dan səhər 8-dək.
Sonra dabanbasaraq qaçırdı bura, bir az yatırdı. Oyananda xüsusi tanışlığımız
olmadı. Sadəcə, ümumi söhbətlərdə iştirak etdik. Əsas tanışlığımız Nidanın eyni
işi ikimizə verməsi vaxtı oldu. İşi bilənlər bilir, bilməyənlər də yaxşı ki,
bilmir. Qəflətən zəng edib dedilər ki, Ümid, Məhəmmədlə filan işi görəcəksən, əlaqə
saxlayın. Nömrəsini göndərdilər və görüşdük. Rəsmi tanışlıqlar bizə görə deyil,
ona görə də onunla on ilin tanışları kimi salamlaşıb başladıq layihə haqqında
danışmağa. İş boyunca bir il ərzində həftədə 2-3 dəfə görüşdük. İşin
detallarını açıqlaya bilmədiyimə görə senzura edirəm özümə, ancaq xatirələri
yazmaqla yetinməliyəm. Mən ilk dəfə ondan eşitdim Bakuninin, Çomskinin adını,
anarxistliyin nə olduğunu. Hətta bir dəfə divara anarxizmin işarəsini çəkib
işin-gücün arasında dirəşmişdi ki, mənim şəklimi çək. Sonra ailələrimiz
haqqında danışırdıq. Onun atası haqda danışdıqlarına səsli gülürdüm, mənim
xatirələrim isə ancaq onun mənə “göt oğlu” deməsinə səbəb oldu. Para babası mən
olurdum. Xəsislik etməyə çalışırdım. “Sən öl, pulum yoxdur, 5 manatla bir həftəni
yola verməliyəm!” deyirdim. “Sikdir də, Ümid. Sən bir günü belə yola verə bilməzsən.
Di get siqaret al.” Qırmızı vinston çəkirdik. Bir neçə dəfə bizi şəhərdə babat
qovalamışdılar. Məndən sürətli qaçırdı. Arxaya qalırdım həmişə, canıma vicvicə
düşürdü ki, tutacaqlar məni. Qışqırırdım ki, ay oğraş, məni də gözlə. Bu qədər
siqaretə rəğmən bu, nə sürətdir? Mitinqdə də bu sürətlə qaçmışdı, mən isə
ayağım sürüşüb yıxıldığıma görə yaxalanmışdım. Həmin gün ,deməli, Məhəmməd
qaçır, qabaqda da başqa bir nidaçı, adı da Caviddir. Cavid Məhəmmədi tanımayıb,
elə bilib mülki geyimlidir. Məhəmməd polisdən qaçır, Cavid Məhəmməddən. Polis
heç birini tuta bilməmişdi. Deyirdi ki, sən də uşaq vaxtı atandan qaçsaydın,
indi mənim kimi olardın. Kişi haqqında çox danışırdı. “Bir dəfə məni yenə
vurdu. Dedi səni öldürəcəm. Gözlədim ki, hirsi soyusun, amma soyumurdu. Dedim
ala bilirsən, nə var? Öldürmək elə olmur, belə olur və başladım başımı divara
çırpmağa. Kişi gördü ki, yox, bu xiyar o xiyardan deyil. Məni hop götürüb atdı
otağın o biri küncündəki divanın üstünə.” Bir dəfə də, 8-də oxuyanda qaçıb
Bakıya gəlmişdi. Atası yenə vurmağa başlayıb, bu da kişinin üzünə deyib ki,
sikim sənin ağzını, göt oğlu. Və dabanına tüpürüb birbaşa qaçıb avtovağzala. Üç
gündən sonra tapmışdılar. Uşaq vaxtı ipəyatmaz biri olmuşdu. Heç indi də boyun əyən
biri deyil. Deyirdi ki, bəy, mən şeyimin üstünə filankəsin adını da yaza bilərəm,
heç kim məni qınaya bilməz. Gənclik belə olmalıdır. Mən universitetin bitməyini
gözləyirəm, ondan sonra nələr edəcəyimi görəcəksən. Arzularından danışırdı.
Gözləri elə parıldayırdı ki, adam fərəhlənirdi. 4-5 saat dayanmadan kilometrlərlə
yol gedirdik, amma gəl ki, yorulmurduq. Və Krevetkanın köhnə vaxtlarıydı.
Oturub-durduğumuz yer ora idi. Orda o vaxtlar bir qız işləyirdi. Döşlərinin
yarısı çöldə idi. Həm də qəşəng idi. Məhəmməd deyirdi ki, onu sevirəm. Biz də
onun yanında gözaltı süzürdük qızı.
Bir də dayanmadan Beşiktaşın, Fənərin,
Qalatasaryın himnlərini oxuyurdu. Həm Beşiktaşın himnini oxuyurdu, həm də
qalatasaraylıların Beşiktaşla məzələnmələri haqqındakı himni. O qədər oxumuşdu
ki, mən də əzbərləmişdim. Ara-sıra Nidanın himnini yolboyu oxuya-oxuya
gedirdik.
Onların həbsindən 2 ay qabaq idi. 12 yanvar
aksiyası. Birdən kütlə başladı “şəhidlər ölməz, vətən bölünməz” şüarı deməyə. Hənanın
yeri deyildi. Etiraz mitinqi dəstək mitinqinə çevrilmişdi. Məhəmməd qabağa
qaçıb camaatın qarşısında dayandı. “Dayanın, dayanın! Sakit!” qışqırırdı
dayanmadan. Yuxarı tullanırdı, əliylə camaatı sakitləşdirməyə çalışırdı. Gücü
çatdığı qədər başqa şüar deyirdi. Alınmışdı da. Kütləni aldadılmaqdan qurtara
bilmişdi.
Onu televizorda görəndə gözlərim dolmuşdu, nəfəsim
təngləşmişdi. Qozuma da deyildi onun nə danışdığı. Ağlımda olan iki şeyiydi.
Tutanda döyüblərmi. Bir də onun orda olmağı, həbsi. Kanallar ard-arda qəhbəlik
edirdilər. Hamısına baxmışdım. O 3 dəqiqəlik videodan nəsə gözləyirdim, nəsə
tapmağa çalışırdım. Məhəmmədin danışanda yubanmağı, başını gah aşağı salmağı, əlaqəsiz
sözlər deməyi və kamera arxasındakı adama baxmağı. Bu şeyləri biz başa
düşürdük, bilirdik. Ki, bu hərəkətlər bizə mesajdır. Və sonra ard-arda həbslər,
məhkəmələr. Ümidlə gözləmək. Barı görə bilsəydik. İlk dəfə həbsdən zəng edəndə
sevincdən gözlərim yaşarmışdı. "Ümiddir?” İlk sualı bu olmuşdu. Nömrə
görünmür içəridən zəng edəndə. Səsini tanımıdım. O, bütün zənglərində pozitiv
oldu. O, pozitiv olduqca məni ağlamaq tuturdu. Bu insanın yeri dörd divar arası
deyil. Başa düşürəm, inqilabçı filan, amma hisslər, həyat qayda-qanun hərləmir.
Onu dəmir barmaqlıqlar arxasına salmağa heç nə, heç bir ideologiya, heç kəs
haqq qazandıra bilməz. Bu həbslər
inqilabi yolun şanlı səhifələri ola bilər, ancaq insanlığın qara ləkəsidir.
Atasını 10 mart günü tanıdım. Çox təvazökar,
sadə bir insandır. Araz kafesində oturmuşduq. Mən, qardaşım, Məhəmmədin atası və
qohumları. Araz dayı stolun üstündəki qəzetdə Məhəmmədin şəklinə baxdı və dedi
ki, buna bax, cin kimi baxır adamın üzünə. Bir yerdə dura bilmirdi, tanınmaq
istəyirdi. Bu da tanınmaq...
Səsi titrəyirdi, amma oğlunun yanında
olacağını da bilirdik.
Məhəmmədin yanına yemək aparmaq üçün atasından
etibarnamə alınmalıydı. Etibarnaməni Elmin Bədəlova verəcəkdi. Gediblər
notariusa.Qız deyib ki, dayı, dovernusu nə qədər müddətlik verim? Elmin deyir,
duruxduq. Nəsə deyə bilmədik? Nə deyə bilərdik? Kişinin ümidi varıydı, ona görə
heç nə deyə bilmirdi. Bir az keçəndən sonra “Bir il yaz, qızım. Bir il... hələlik
bir il. Bəlkə, heç bir il lazım olmadı...” dedi.
P.S. Məhmmədin Məmməd olduğunu bilirəm, amma
siz məni Ümid tanıdığınız kimi, biz də onu Məhəmməd tanımışıq.