18.12.2013

"Qrimlənmiş ürək"

Qrim otağında güzgüdә özünә baxırdı...

İllәrdir sevdiyi bir işlә mәşğuluydu. Tamaşalara hazırlaşmaq, öz rolunu oynamaq vә tamaşaçaların gözlәrindә o tamaşanın tәsirini görmәk onun hәyatının әn vacib hissәsiydi. 


 
Abutriyentlik dövründә kimisi tibbә, kimisә hüquqa hazırlaşarkәn, mәhz o, hamıdan fәrqli bir yol seçmişdi. Aktyor olacaqdı. Uşaqlıqdan yavaş-yavaş onda baş qaldırıb, getdikcә hәyatının әn böyük amalına çevrilәn arzusunu reallaşdıracaq, ağ-qara televizorlarında baxdığı filmlәrdәki aktyorlar kimi, hәtta onlardan daha peşәkarcasına oyanayacaqdı. Tez-tez rayonlarında göstәrilәn tamaşalara gedәr, tamaşanın özündәn әlavә, hәr bir aktyorun әn xırda hәrәkәtini izlәyәr, özünü sevdiyi rolları oynarkәn tәsәvvür edәr, evdә heç kim olmayanda güzgü qarşısına keçәrәk saatlarca, evә adam gәlәnә kimi güzgü qarşısında o aktyorlar kimi rol oynayıb özünü inkişaf etdirmәyә çalışardı. Vaxt gәlib vәdә yetişәndә öz arzularına doğru kiçik bir addım atdı. Sәnәdlәrini Mәdәniyyәt vә İncәsәnәt universitetinә verdi. Ancaq savadı vә aktyorluq bacarığı yetәrli sayılmadı. Aktyorluq üçün tәlәb olunan yaraşıq vә boyu da yetәrli deyildi. Arıq, sısqa, balacaboy vә yaxşı rol oynaya bilmәyәn birini müәllimlәr heç cür qәbul etmәk istәmirdilәr. Buna görә qәbul ola bilmәdi. Amma o inadkarlıq etdi, onu imtahan edәnlәrin "sәndәn aktyor olmayacaq" kimi sözlәrinin әksini sübut etdi öz zәhmәti vә çalışqanlığı ilə. Daha çox çalışdı, oxudu, öz üzәrindә dayanmadan işlәdi. Aktyor olmaq üçün yüzdә yetmiş faiz zәhmәt tәlәb olunur. O belә eşitmişdi. Vә zamanla bunun doğruluğunu sübut etdi. Yavaş- yavaş әvvәlcә xırda, sonra isә daha böyük vә önәmli rollarda rol almağa başladı.

Lap elә әn kiçik rolundan başlayaraq hәr zaman eyni hәyәcan, eyni şövqlә hazırlaşırdı rollarına. İlk rolu olan şahın tәlxәyi rolunu necә hәvәslә, ürәklә oynamışdısa, әn son oynadığı rolu da eyni hislәrlә oynadı. Bir tamaşanın neçә dәfә oynanılması, zalda nә qәdәr tamaşaçı olması әsla onun vecinә deyildi. O, gerçәk bir aktyor idi vә bunların onun üçün heç bir әhәmiyyәti yoxuydu. Hәr bir tamaşa onun üçün eyni dәrәcәdә әhәmiyyәtli idi. Zal ağzına qәdәr dolu olanda da, zalda cәmi on nәfәr tamaşaçı olanda da onun rolları eyni dәrәcәdә gözәl vә maraqlı alınmışdı. Hәr dәfә tamaşadan sonra sәhnәyә çıxanda tamaşaçının gözündә o tamaşanın tәsirini görmәk onun hәyatının qayәsiydi. Ona başqa bir şey dә lazım deyildi. Aldığı maaşla idarә edir, mәhrumiyyәtlәr onu әsla qorxutmurdu. 

SSRİ dağılandan bir neçә il sonra yeni bir insan gәldi hakimiyyәtә. Bu hakimiyyәt o gündәn bu günә kimi davam edәcәk, hakim ailә mәdәniyyәt düşmәni olduqlarını hәr bir mәdәniyyәt adamına sübut edәcәkdi. Teatrların sayı sürәtlә azalacaq, xalq arasında teatra marağın azalması ona da tәsir edәcәkdi әlbәt. O, bunu elә ilk vaxtlar hiss etmişdi. İmperiyanın dağıldığı dövrlәrdәn ta hakim ailәnin taxta yiyәlәnmәsinә qәdәr keçәn dövrdә olan yeddi teatrın qәflәtәn bağlanması, onların şadlıq saraylarına, çayxanalara çevrilmәsi onu da, dostlarını da bәrk narahat edirdi. Sonrakı dövrlәr böhran dövrlәri oldu, aktyorlara verilәn qiymәt, onların maddi vәziyyәti getdikcә pislәşdi. Artıq öz sözünü deyә bilәn, işini sevәn aktyorlara o qәdәr dә әhәmiyyәt verilmirdi, teatrlarda, filmlәrdә oynamaq tanışlıq tәlәb edirdi. Hansısa rolda oynamaq üçün mütlәq "yuxarılar"dan kiminsә qohumu olmalıydın. Az-maz rol aldığı tamaşalar isә artıq hakim ailәni mәdh etmәyә yönәlmişdi. Ssenaristlәr belә tamaşalar yazmağa mәcburuydular, yoxsa işlәrindәn min bir bәhanәylә çıxarılırdı. Әvvәllәr oynadıqları tamaşalar hakim ailәnin xoşuna gәlmәyә bilәrdi. Әgәr rejissor, teatr rәhbәrliyi belә düşünürdüsә, o tamaşa birdәfәlik lәğv edilirdi, atılırdı tarixin arxivinә. Mәdәniyyәtin yerli-dibli mәhvi gündәmdәydi vә get-gedә gerçәklәşirdi. İllәrini bu işә vermiş, saçlarını teatrlarda ağartmış aktyorlar getdikcә bu sahәdәn uzaqlaşır, maddi qazanc dalınca gedir, pul qazanmaq üçün başqa işlәr görmәyә mәcbur olurdular. Onun bir aktyor dostu da işdәn çıxmışdı. "İki yüz manat maaşla ailә saxlaya bilmirәm" demişdi ona. Bir müddәt sonra o dostunu tәsadüfәn özünә paltar almaq üçün yolunu saldığı "8-ci kilometr" bazarında görmüşdü. Paltarı almaq istәyәn o, paltarı satan isә dostuydu. Tәhqirolunmuşluq ifadәsi dostunun gözlәrindәn oxunurdu. Bu, artıq rol deyildi. Gerçәk hәyatıydı. Bir zamanların adlı-sanlı, istedadlı aktyoru bazarda onun satdıqlarını ucuza almaq istәyәn satıcılarla çәnә-boğaz döyürdü. Dostu onu görәndә qaçıb-gizlәnmәyә çalışmışdı, gördüyü işin әslindә onun sәnәtinә tәhqir olduğunu, özünә xәyanәt etdiyini bilirdi vә o sanki bundan qaçıb gizlәnmәyә çalışırdı. 

Amma o hardan bilәydi ki, bir zamanlar dostunun keçirtdiyi xәcalәt hissini indi o әvvәllәr tamaşadakı roluna hazırlaşmaq üçün istifadә etdiyi qrim otağında o da tәkrar keçirәcәkdi.

Maddi vәziyyәti o qәdәr ağırlaşmışdı ki, o da digәr peşәkar aktyorların etdiyi kimi toylara klon getmәyә hazırlaşırdı. Bu qәrara gәlmәk ona o qәdәr ağır gәlmişdi ki, gecәnin bir yarısı oyanıb otaqda var-gәl etmәyә başlayırdı. Gecәlәri yuxusuz, gündüzlәri o qәdәr fikirliydi ki, gözlәrinin altında torbacıqlar әmәlә gәlmiş, üzünün rәngi vәrәmli xәstәlәrdә olduğu kimi solğunlaşmış, bәyazlamış, gözlәrindә әvvәlki parlaqlığın yerini sönük bir ifadә almışdı. 

Toya bu gün dәvәt almışdı, axşam saat sәkkizdә o öz "mәharәtini" göstәrmәk üçün sәhnәyә çıxmalı, ora gәlәn uşaqları vә böyüklәri әylәndirmәliydi. Bura gәlәnә qәdәr bu iş onu tәhqir etmiş, onun beynini o qәdәr mәşğul etmişdi ki, siqnal sәsi qәflәtәn onun başını qaldırıb әtrafa baxmağa mәcbur etmişdi. O maşın yolunun ortasında tәk-tәnha dayanmışdı. Deyәsәn, o burda çoxdan hәrәkәt edirdi. Sürücülәrin söydüyü söyüşlәr, maşınların onu vurma tәhlükәsi onun bir anlıq real hәyata qayıtmağa vadar etdi. Ama bu an bu yolla hara getdiyini yada salınca özünü yenidәn zәlzәlәdәn sonra binanın altında qalmış adam kimi hiss etdi. 

Sanki ayaqlarına daş bağlanmışdı, addımlarını güclә atır, qrim otağına yaxınlaşdıqca yerişi daha da ağırlaşırdı. 

Özünü otağa güclә çatdırıb, qapını arxadan bağladı. Xeyli zaman keçmişdi ki, güzgüdә özünә baxırdı. Bir vaxtlar aktyorluq üçün uyğun olmadığını desәlәr, vaxt getdikcә xarizmalı olmuş vә püxtәlәşmişdi. Amma indi bunlardan әsәr-әlamәt yoxuydu, bütün bunların yerini altında torbacıqlar olan sönük gözlәr, solğun üz, tәbәssümü qaçmış dodaqlar almışdı. Sanki iyirmi il qocalmış, bütün hәyat eşqini itirmişdi. 

O, bir an o toyu tәsvir etdi. Toyda hami gülәcәk, әylәnәcәk, doyandan sonra da yeyәcәk, klon sәhnәyә çıxanda isә hamı ona baxıb irişәcәk, o da tәlxәklik edәcәkdi. Ama heç kim o qrimin arxasında kimin olduğunu, orda tәhqir olunmuş bir ürәyin olduğunu bilmәyәcәkdi. Sonda isә o bütün bunların әvәzi olaraq yüz әlli manat alacaqdı. Özlüyündә bu pul heç nәydi, ona vurulan zәrәri ödәmәsi mümkün deyildi. Ama bu pul, demәk olar ki, onun bir aylıq maaşına bәrabәriydi. 

O, bunları düşündükcә üzünü daha çox qirimlәyir, tanınmamaq, bәlkә dә özündәn gizlәnmәk üçün daha çox qrimlәnir, daha da tanınmaz olurdu, daha da klona oxşayırdı. 

Amma o, qәfil dayandı. İçindә birdәn-birә baş qaldıran üsyan dalğası onun bütün bәdәnini bürüdü. Artıq onun gözlәrindәn hiddәt, qәzәb oxunurdu. Qrim qabına әlini atmasıyla qabın pәncәrәnin şüşәsini çilik-çilik edәrәk çölә fırlaması heç bir saniyә dә çәkmәdi. Nә yerә tökülәn şüşә qırıqları, nә çöldәn gәlәn qabın yerә dәymәsindәn çıxan sәs onun hirsini soyutmadı. Güzgüyә isә әl vurmadı, vanna otağına keçib üzünü tәmizlәyib yenidәn güzgü qarşısına keçdi. Artıq orda özünә nifrәt edәn bir klon yox, bayaq etdiyi hәrәkәtdәn mәmnun bir aktyor dayanmışdı. 

Çölә çıxıb gümrah addımlarla dәniz kәnarına doğru yola düşdü. 

Hәmin gün günortadan bir az keçmiş dәniz kәnarında teatrdan xәbәrsiz gәnclәrin bir adamın dәli kimi öz-özünә danışdığını görmüşdülәr.

Bu o, idi. Söylәdiklәri isә onun çox sevdiyi rollarından birindә söylәdiyi monoloq idi.

Hiç yorum yok:

Yorum Gönderme

Axtar