20.12.2013

Həmin o günə ilyarım qalarkən

  
 11 il… Körpə bir uşağın on bir il atasız qalmasının nə demək olduğunu hakim, prokuror haradan biləydi axı. Onsuz bizim nə çətinliklər çəkəcəyimizi, yaxınlarımın, xüsusən də atam tərəfin bizə düşmən kimi davranacağından hakim də, prokuror da, mən də xəbərsiziydik. Onlar bəlkə indi də bilmir bunun nə demək olduğunu, ama mən, artıq yaxşı bilirəm, gördüm, yaşadım bunu çünki. Beşinci sinifdə oxuyanda cəbr müəlliməmiz qəfildən atamın harada işlədiyini soruşdu, “zavodda işləyir” dedim başımı aşağı salaraq, gözlərimin dolduğunu görməyini istəmirdim.


 
Əl-üz yuyulma otağının pəncərəsindən ətrafa çökmüş qaranlıqda akademiyanın işıqları yanan həyətinə və həmişə qaydasında, səliqəli olan qazonlara baxıram, bir də bir az aralıda on yeddi mərtəbəli binada işıqları yanan pəncərələrə. Kim bilir orda indi kimlər nə edir. Bəlkə bir qadın yorğun-arğın işdən gəlib, indi də ailəsinə yemək hazırlamaqla məşğuldur, ya da qabları yumaqla, ya da ki, gənc bir ana uşaqlarını yatırmağa çalışır. Hansısa bir ata, yəqin ki, sabahkı gün üçün “Allaha təvəkkül” deyib başını yastığa qoyub, bu günün yorğunluğunu çıxarmaq, sabaha hazırlaşmaq üçün erkəndən yatmağa hazırlaşır. Sağdan dördüncü mərtəbədəki evdə, deyəsən, xoşbəxtlik hökm sürür, yəqin gənc bir ailənin isti evidir orası. Çünki o evin pəncərəsindən gur işıq gəlir, pərdələri də təzədir, içəriyə diqqətlə baxanda xoş bir rahatlıq olduğunu sezmək olur. Bizdə isə, bu günləri bomboz keçən kazarmamızda axşam düzülüşü bir neçə dəqiqə qabaq oldu. Oxuduğum hərbi akademiyada bu, bir qaydadır. Hərbi qanunların qanla yazıldığını, hər bir qaydanın, hər bir qanunun səhvlər, düzlər nəticəsində formalaşdığını deyirlər, bu qayda da yəqin ki, hansısa hadisədən sonra formalaşıb.
Hər dəfə düzülüşə bir az qalmış növbətçilərin gur səsi koridorda əks-səda verir: “ 5 dəqiqəyə tam formada hamı aşağı!”
Müəllim 20 illik fəaliyyətində bezir hər il eyni vaxtda eyni dərsi danışmaqdan, ilk illər həvəsli olsa da, sonrakı illərdə illərin və eyni mövzunu hər il danışmağın yorğunluğu çökür üzlərinə və işindəki fəaliyyətinə. Ama zabitlərdə bu hiss olunmur. İlk illərində necə kobud, aqressiv və bəxtinə söyürdüsə, sona qədər də elə qalır.
Biz də ilk gündən həvəssiz, ama intizamla aşağıya-həyətə düşüb, həmin gün üçün axırıncı olan düzülüşə gedirik.
Atam yadıma düşüb, xüsusən də, həbsdən çıxmağına il yarım qalmış hər gün onu xatırlayıram, həbsdən çıxanda mənimlə görüşəndə bir-birimizə nə deyəcəyimizi, danışmağa söz tapıb-tapmayacağımızı düşünürəm. Axı necə olacaq bütün bunlar? Aradan keçən on il yarım bizi bir-birimizə elə yadlaşdırıb ki. Bəlkə də mən onun üçün hələ də sevimli balaca uşağam, ama onunla bağlı az-maz xatirələrimi də boz-bulanıq xatırlayıram. O, həbs olunanda mən hələ üçüncü sinifdə oxuyurdum, daha 8 yaşımdaydım, atamı yaxından tanımaq fürsətim olmamış tutdular onu, yaxınlarımın dediyinə görə şər atıb tutdurdular onu. Savadlı adamıydı, xarici neft şirkətində işləmək üçün İngəltərəyə dəvət olunmuşdu, gedəcəkdi, bizi də aparacaqdı. Ama onu həbs elədilər, əvvəlcə saxlanıldı, inzibati xəta törətmişdi guya, min manat rüşvət verilsə, buraxacaqlarını demişdilər, sonradan əmimin polisin haqsız əməlinə etiraz edib səs-küy qaldırmasına cavab olaraq işi ağırlaşdırdılar, guya hansısa fahişəni ölümlə təhdid etməklə pul almağa çalışıb. Məhkəməsini isə yaxşı xatırlayıram…atamın qolunu qandallayıb, məhkəməyə gətirən polislər, atamın qorxmuş, üzgün, əzilmiş baxışları, anamın yanaqlarından süzülən göz yaşları, sonradan bizə düşməni kimi davranan, ama məhkəmədə məni qucaqlayan nənəm, heç nə başa düşməyən, anama bərk-bərk qısılan balaca qardaşım həkk olunub yaddaşıma. Hələ də o günü xatırlayanda fırtınadan qaçmaqla canını qurtarmağa çalışan adam kimi qaçıram bu dəhşətli xatirəmdən. Ən çətini burda olur, başını nəyləsə qatmalıyam müvəqqəti unutmaq üçün, ama siqareti yandırıb közərən siqaretin tüstüsündə o günü bir kino kimi görməkdən başqa heç nə gəlmir əlimdən.
Dövlət ittihamçısı ömürlük həbs istədi atama, o an mən özümdən getdim, hakim az yaşlı uşaqları olduğunu nəzərə alıb, atam üçün on bir il iş kəsdi.
11 il… Körpə bir uşağın on bir il atasız qalmasının nə demək olduğunu hakim, prokuror haradan biləydi axı. Onsuz bizim nə çətinliklər çəkəcəyimizi, yaxınlarımın, xüsusən də atam tərəfin bizə düşmən kimi davranacağından hakim də, prokuror da, mən də xəbərsiziydik. Onlar bəlkə indi də bilmir bunun nə demək olduğunu, ama mən, artıq yaxşı bilirəm, gördüm, yaşadım bunu çünki. Beşinci sinifdə oxuyanda cəbr müəlliməmiz qəfildən atamın harada işlədiyini soruşdu, “zavodda işləyir” dedim başımı aşağı salaraq, gözlərimin dolduğunu görməyini istəmirdim.
Atasızlıq mənə bu qədər təsir etməzdi bəlkə də, əgər yaxınlarım tərəfindən atılmasaydım, əmimin məni görəndə yolunu dəyişdiyi başıma gəlməsəydi…
Başqa uşaqlardan nəydi axı mənim fərqim? Niyə altıncı sinifdə oxuyanda xəyallarını qurub qəbul olduğum türk liseyinə gedə bilmədim? Başqasının əlində snickers görəndə mənim də ürəyim şiddətlə onu istəyirdi, ama təklif olunanda, təşəkkür edib imtina edirdim, snickersin dadını unutmağıma az qalmışdı halbuki… Qonşumuzun oğlu varıydı, mənim bütün xəyallarımı o gerçəkləşdirirdi, məndə isə sadəcə arzu olaraq qalırdı, getdikcə qəlbimin dərinliklərinə gömülürdü, bütün xəyallar xəyal qırıqlığına uğradıqdan sonra xəyal qurmaq da əzab verirdi mənə, gerçəkləşməyəcəyini bilirdim. Nə etməli ki, gələcək həyatla bağlı arzuların gerçəkləşməsi üçün maddiyat çox önəmliydi.
Arzular sola-sola, əzab çəkə-çəkə, anamdan başqa sığınacağım heç kimim olmaya-olmaya, çətinlikləri bir yerdə dəf edə-edə, həyatda anamdan sonra tək dayağım olan babamın xərçəng xəstəliyindən əzabla ölməsini görə-görə yoxsulluq içində böyüdüm.
Deyirlər, uşaqkən çəkilən əzablar, yoxsulluq, çətinliklər insanın bir insan olaraq yetişməsində müstəsna rol oynayır, axı atasız və yoxsulluq çəkərək böyüyənlərlə, orta məktəbdə valideyn iclasına başqa uşaqların ataları gəldiyi halda hər dəfə anamın gəlməsiylə, o işığı gur yanan, təzə pərdələri olan, otağından rahatlıq duyulan binanın sağ tərəfdən dördüncü mərtəbəsindəki evdə valideyn qayğısıyla böyüyən uşaq arasındakı fərq böyük olur. Biri daima xoşbəxt ailə həsrətində, həyatın sınaqlarından çıxa-çıxa möhkəmlənən mən, digəri isə çətinlik görməyən, qoca sümüyü kimi kövrək olan, həyatın oyunlarından xəbərsiz kimsə…
Bu dəfə də atamla görüşəndə nə danışacağımı, bir-birimizə nə deyəcəyimizi təsəvvürümə gətirə bilmədim, halbuki danışacaq o qədər çox şeyimiz var ki. Ona sarılıb, doyunca qucaqlamaq varkən, aramızda keçən illər məni ona o qədər yadlaşdırıb ki, indi sanki yad bir adamla qarşılaşacam.
“Yat” komandasının verilməsinə isə bir neçə dəqiqə qalıb, növbətçi otağa girib komandanı verəcək və işıqları söndürəcək, sabahkı günə hazır olmaq üçünsə vaxtında yatağımda olmalıyam, onsuz da bir müddət yatağımda qurdalanacam, xatirələr elə asan imkan verməyəcək yuxuya getməyimə. Ona görə də yatmalıyam, unutmaq və böyümək üçün.

1 yorum:

  1. bu yazını yazanda həmin o günə il yarım qalmışdı, indi isə il yarım keçib.. bəs ardı nə oldu? yadmı? doğmamı?

    YanıtlaSil

Axtar