Aytac Babayevanın qətli
ölkəni olmasa da, müəyyən bir qrupu ciddi şəkildə təlatümə gətirib. Ancaq mən
bu məsələdə susmağı üstün tuturam. Ən azından ona görə ki, hamı danışır. Əsas səbəb
isə günahsız olanın daşı atmaq hüququna malik olmasıdır. Mən isə bu məsələdə
Aytacın qatili qədər günahkaram. Bəlkə də, ondan daha çox. Çünki o, artıq həbsdədir.
Mən və mənim kimi potensial qatillər isə azadlıqda. Biz hələ də təhlükə mənbəyi
olaraq qalırıq.
Sizə öz
hekayəmi danışacağam. “Bir dostum belə deyirdi” , “eşitdiyim əhvalat” kimi
yalanlardan istifadə edib insanların nifrətini öz üstümdən ötürmək kimi bir
fikrim yoxdur. İnsanlar mənə nə qədər çox nifrət etsə, bu, mənim vicdanımı bir
o qədər rahatladar. Həm də zorakılığı hekayəmi danışmaqla bütün incəliklərinə qədər
təsvir etməyə çalışacağam. Və bu məsələ,
mənim etdiklərim, mənim şəxsiyyətim tənqidə və təhqirə açıq olacaq.
2011-ci ilin avqustu idi. On altı avqust.
Bugünkü kimi yadımdadır. İki həftə qabaq uşaqlıq sevgilimin ərə veriləcəyi xəbərini
eşitmişdim. Bir az əlləşib-vuruşdum ki, onunla əlaqə yaradım, evlilik fikrindən
onu daşındırım. Əlimdəki şansları istifadə edirdim. Ancaq cəhdlərim uğursuz
olmuşdu, əlaqə yaratmamağımız üçün qızın ailəsi bilərəkdən onu elə blokada
etmişdilər ki, onun üzünü görmək belə imkansız hala gəlmişdi. Şanslar azalırdı,
mən dalana dirənirdim. Elə bu vaxtlar qohumlar bizə Bakıdan qonaq gəldi. “Bibi”
dediyim iki bacı. Biri iki qızıyla, o biri isə öz azyaşlı oğluyla. On altı
avqustda.
Və yüngülvari salamlaşmadan, görüşdən sonra
ağacların altındakı stolun ətrafında yığışdıq. Belə mənzərə yay vaxtı kənd evləri
üçün adi bir şeydir. Mən də fikirləri qarışıq bir halda bu qonaq-qohum dairəsindən
kənarda stulda əyləşib ora-bura baxırdım. Birdən gözüm hekayəmin qəhrəmanına
sataşdı. Kənd yerlərində hava tüstüsüz olduğuna görə göy üzü tərtəmiz olur,
ulduzlar göylərdə sayrışır, Ay bütün parlaqlığıyla bərq vurur. Həmin axşam Ay
bütöv idi və Ayın parlaq işığı sol tərəfimizdəki lampanın sönük işığına qarışıb
onun üzərinə düşürdü. İki qızdan böyük olan tayının. Onu hekayəm boyunca şərti
olaraq, Nigar adlandıracağam. Çünki indi məndən çox uzaqdadır və ölkədəki
dedi-qoduların insanın həyatını məhv etməsini nəzərə almalıyam. İstəmərəm ki, mənim
ona çəkdirdiyim əziyyətlərdən sonra bir də bu haqq-hesab ortaya çıxsın və onu
yenidən əzabların qucağına atsın. Bizim üç illik sevgimizdən onun ailəsindən
yalnız bacısı xəbərdar olub.
Mən o vaxtlar Allaha kortəbii inanırdım, o
vaxtlar namus mənim üçün hər şeydən üstünüydü, bakirəlik mövzusu da. Hətta
qızın əli oğlan əlinə dəymişdisə, sevginin vacibliyindən söhbət gedə bilməzdi.
Əli oğlan əlinə dəymiş qızı sevə bilməzdim. Tanışlarıma da demişdim ki, əgər əvvəlki
sevgilimin əli oğlanın əlinə dəysə, mən əsla onu sevməyəcəyəm. Niyə belə
edirdim? Bunu indi düşünürəm. Həqiqətən, mənim üçün bu əl məsələsi sevgidən
daha vacibiydimi? Həqiqətən, qadının bakirəliyi mütləqiydimi? Bu sualları o
vatlar özümə qətiyyən verməmişdim. Çünki inanırdım. Ənənələrə,mentalitetə.
Sorğu-sual etmədən qəbul etmişdim. Stefan Svayq yazırdı ki, bəzi cəmiyyətlərdə
qadağan olunan sevişmə, çılpaqıq köhnə yunanlarda ritual halına gəlmişdi, müqəddəsləşdirilmişdi,
həyatın bir parçasına çevrilmişdi. Ona görə də biz nəyin qadağalı, nəyin icazəli
olduğunu özümüz müəyyənləşdirməliyik. Kim ki, düşünmək əziyyətinə qatlaşmaq istəmir,
onlar onlara təqdim olunan qaydaları, qadağaları və icazə verilən şeyləri
gözüyumulu qəbul edir. Ancaq düşünən, sorğulayan insan özü üçün qadağa və icazə
məsələlərini kütlə psixologiyasına uymadan müəyyənləşdirir, ayırd edir. Mən indi o vaxtkı məni və mənim kimi düşünənləri başa düşürəm.
Kənardan baxanda halımız çox acınacaqlı və qorxunc görünür. Biz yazıqlar qətiyyən düşünə bilmirdik,
düşünmək istəmirdik, sorğulayacaq qədər dünyagörüşə və savada malik deyildik.
Bakirəliyin vacib olmadığını deyən birinə lənətlər yağdırırdıq, söyürdük, ona
“peysər” deyirdik. Çünki belə birisi əlimizə düşəndə fürsətdən yararlanıb
özümüzü ifadə edirdik, təsdiq edirdik. Çaqqalların səs-səsə verib axşamçağı
ulaşması kimi biz də həmin adamın üstünə ulamaqdan, onu təhqir etməkdən həzz
alırdıq. Bizə görə hər şey elə bu cür də olmalıydı.
O isə Bakıdan gəlmişdi. “Bakılı adam” məsələsi
rayon yerləri üçün xüsusi məna kəsb edir. Məsələn, Bakıdan olan bir qızın
rayondan kənara çıxmamış oğlana ərə getməsi sensasiyadır. Çünki “bakılı qız”a əxlaq
məsələsində güvənmək olmaz və oğlanın valideynləri bunu onun beyninə yaxşıca
yerdirirlər. Mənim isə belə bir şey o an yadıma düşmədi. Bəlkə də, köhnə
sevgilimin acısını unutmaq istədiyimə görə. Unutmaq istəyi o qədər güclü idi
ki, mən hətta Nigarı köhnə sevgilimə bənzətdim. Bir az da ona görə anidən aşiq
oldum ona. Aşiq olmaq da demək olmaz buna. Təsəlli üçün baxırdım. Həm də özümü
isbat etmək üçün. Bakıdan gələn bir qızın xoşuna gəlmək üçün. Ancaq sövq-təbii
hissi mənə ona saymazyana davranmağa vadar edirdi. Bilirdim ki, mənim kimiləri
çoxdur. Bu dəqiqə rayondakı qohum oğlanların hamısının gözü bu “bakılı
qız”dadır. Saymazyana davranmaq mənim şansımı artıra bilər. Heç olmazsa,
saymazyanalığım Nigar qohumlardan kimisə sevsə, mənim məğlub olmuşluğumu gizlədər.
Axı onsuz da o mənim vecimə deyildi. Ancaq birincisi alındı. Bu yaltaq
qohumların arasında mən daha tez gözə çarpdım. Hamı ona yaxınlaşırdı, hamı onun
gözünə girməyə çalışırdı. Biri siyasətdən danışmaqla, biri təbiət, biri oxuduğu
universitet haqqındakı uzun-uzadı söhbətləriylə onun zəhləsini tökürdü. Mən isə
ondan uzaq qaçırdım. Ümumiyyətlə, mənim bu qədər riyakarlığımın təbii
alnmasının bir səbəbi “mən başqasını sevirəm” bəhanəsiyidisə, başqa bir səbəbi
də o axşam Ay işığında onun parıldayan gözlərinə gizlicə, beynimin və qəlbimin
lap dərinliklərində aşiq olmağımıydı. Tək səmimi şey də elə bu idi.
Qohumlar Nigara yaxınaşırdılar, danışırdılar,
o isə səbrlə dinləyirdi. Ancaq qaçmağa çalışdığı süni təbəssümündən görünürdü.
İmkan olan kimi aradan çıxırdı və mənə pənah gətirirdi. Mən isə onu uzun-uzadı
sözlərimlə yormurdum. Bəzən həyətdəki qurumuş ağaclardan birini qırmağa gedəndə
onu da dəvət edirdim, ağaclar filan haqqında danışırdım, ya da onun üçün müxtəlif
meyvələr dərirdim. Sonra bir gün, onun Bakıya getməsinə az qalmış sevdiyimi
dedim. Və artıq onun da mənə sevgisinin olduğunu bilirdim. Bizim etirafımız bir
növ təsdiqiydi, ritualıydı həm də.
Nigar çox yumşaq və incə biri idi. Onunla
sevgili olduğumuz müddətdə mən onu canavarı əhilləşdirməyə çalışan səbrli və ürəyiyumşaq
təlimçiyə bənzədirdim. Mənim kimi bir vəhşini öz təbəssümləriylə, şirin
danışığıyla, sevgi dolu sözləri ilə adam etməyə çalışırdı. İndi sakit səslə
danışmağımı, bir yerə gedəndə maraqlı olması üşün eyni yoldan qayıtmamağı,
sevişməyi, toxunuşları hiss etməyi, kitab oxumağı ondan öyrəndim. O, mənə “On bir
dəqiqə” haqqında danışmışdı yayda. O əsər on səkkiz yaşlı qızı özünə məftun
etmişdi və danışanda gözləri elə parıldayırdı ki, istər-istəməz məndə o əsərə
qarşı maraq yaranmışdı. “Bİr gün bu kitab qabağına çıxsa, onu al,oxu, Orxan”
demişdi.
Artıq mən də yay tətilini başa vurub Bakıya
qayıdanda biz sevgili idik. Yay boyunca hər səhər mən telefonumda onun bir
mesajını görürdüm. Günümün şən keçməsinə səbəb olan həyat dolu, nəşəli sözü həmişə
olurdu. Mənə getdiyi yerlərdən danışmışdı, oxuduğu kitablardan, məktəbindən,
tanışlarından. Və Anardan. Dostundan. Elə ilk dəfədə başa düşdüm ki, burda bir əmma
var. Heç bir dost öz qız dostunun ona zəng etmədiyinə görə nömrəsini qırıb
atmaz, sevgilisi olduğunu biləndə kədərrlənməz. Bu dörd ildə Anarla Nigar
arasında olan şeyləri qısaca danışacağam.
İlk vaxtlar mənə Anarın gizli sevgisi o qədər də zərərli görünmədi.
Ancaq getdikcə hər şey qarışırdı. Ngarın mənə küskün olduğu vaxtlarda Anar
özünü göstərirdi, hər vəchlə Nigarın yanında olmağa çalışırdı və onu sevdiyi
deyirdi. 2011-in noyabr ayında onların yenicə çəkilmiş bir fotosunu facebookda
gördüm. Halbuki, Nigar mənə demişdi ki, artıq Anar onun həyatında yoxdur, bütün
əlaqələri kəsib. Dörd ildə hadisələr elə qarışdı ki, onların hamısı bir-bir
burda yazsam, çox uzun alınacaq. Ümumi nəticələr isə bunlarıydı: Anar Nigarı
sevirdi. Nigar isə məni sevdiyini deyirdi, ancaq bütün qadağalara,
yalvarışlarıma rəğmən hər dəfə onların əlaqəsinə dair şəkillər tapırdım. Hətta
bütün şəkillərd yan-yanaşı dururdular.Bir dəfə onları Xəqani ticarət mərkəzi tərəfdə
biryerdə gedən gördüm. Nigarın üzündəki rahatlıq və xoşbəxtlik məni yıxdı. Sakitcə başımı aşağı salıb yoluma
davam etdim. Sonra Nigarın bir neçə həftə davam edən sözləri, dediyi səbəblər,
göz yaşları mənim onu bağışlmağım üşün bəhanə oldu. Ancaq get-gedə anlayırdım
ki, Anar Nigar üçün nəsə başqa bir şeydir, məndən daha üstündür, daha vacibdir.
O, məni itirmək bahasına olsa belə, onunla yenə gizli-gizli əlaqə yaradacaq.
Ona görə bu dörd il əzrində onlarla, bəlkə yüzlərlə dəfə ondan Anara münasibətinin
olub-olmadığını soruşmuşdum. Hətta bir neçə dəfə Nigarı özüm tərk etmişdim ki,
bəlkə yoxluğum onu rahatladar, Anarla sevgili olar. Ancaq hər dəfə nəticə eyni
olurdu. O, geri qayıdırdı. Ancaq anarla birlikdə qayıdırdı. Biz ən xoşbəxt anlarımızda
belə mən Anarın düz yanımızda olduğunu bilirdim. O, boşluğuydu, kölgəydi, hara
getsək də, bizi tərk etməyəckdi. Və mən onunla mübarizə aparmaqda aciz idim.
Fiziki olaraq real olmadığına görə Nigarın gözündə ən yüksəkdə idi, arzu idi, səhvlər
etmirdi. Mən isə səhv edirdim və bilirdim ki, hər səhvimdə Nigarın beynindən
“Anar bunu etməzdi” düşüncəsi keçir. Bunları mənə yalnız ən sonlarda
ayrıldığımızı sandığı üçün etiraf etmişdi. Ancaq kiçik ayrılıqdan sona yenə
davam etmişdik. Mənim qəlbimdəki yaralarla. Bir neçə dəfə onların qrup şəklində
rayonlara səyahət etdiyini öyrəndim. Və yenə şəkillərdə Anar və Nigar
yanaşıydılar. Üzlərində də mənə məlum o məşhur təbəssüm. Aıxırncı dəfə isə Qəbələdəki
şəkillərində bu vəziyyəti gördüm. Bu hadisə 2-3 ay qabaq olub. Onda yenə Nigar
özünəməxsus uşaqca bəhanələrlə məni inandırmağa çalışırdı ki, o, Anarla dostdur
və Anarla dağda yıxılmaqdan qorxduğuna görə danışmağa başlayıb. Məhz Anarla. Şəkillərdə isə Anar özü gəlib durub yanında və
Nigarın bundan qətiyyən xəbəri yoxdur. Beş şəkildə bundan qabaqkı yüzlərlə şəkildəki
kimi yenə Nigar bundan xəbərsizdir. Həm də mənim bütün günü dırıldamağıma,
tapşırığıma, onun vədlərinə rəğmən. İkimiz də yataqda uzanıb bunu danışırdıq.
Onu sevirdim, ancaq hirsliydim, incimtək istəyirdim. Ona görə bütün hər şeyin
düzünü deməyi tələb edə-edə onu şillələyirdim. Bu, döymək üçün deyildi, mənim
hirsimi çıxmaq üçün idi. Bəlkə də hər şeyi danışsaydı, lap günahkar olsa belə,
mən onun dizlərinə yıxılıb hönkür-hönkür ağlayacaqdım. O isə inadla susurdu. “Nə
edəcəksən? Öldürəcəksən? Öldür, öldür!” deyirdi. Üzündə amansız ifadə və qürur
varıydı və gözlərindəki inadkarlıq mənim qanımı beynimə vururdu. Sonra ayağa
qalxıb getmək istədiyini dedi. Stefan Svayqin “Amok” povestini oxuyanlar o an mənim
nə hala düşdüyümü anlaya bilərlər. Mən bir amokuydum. Onu daha şiddətlə vurmağa
başladım, tutdum, yatağa itələdim. Qollarından yapışıb yataqdan tərpənməsinə
imkan vermirdim. Artıq gözlərimdə sevginin hirsi, əzabı yoxuydu. Mənim tək bir
məqsədim varıydı. O buradan getməməliydi. Bu qürurlu qadını buraxsam, qaytara
bilməyəcəyimi bilirdim. O, bu evdən bu ifadəylə, məsələnin bu yerində çıxıb
getsəydi, bir də geri qayıtmayacaqdı, bilirdim. Onu yenə vuranda üzümə dəyən
şillədən gözlərim qaraldı. O, şillələri, yumruqları mənim üstümə dolu kimi
yağdırırdı. Və onun bütün bu şillələrində, yumruqlarında bir təhqiredicilik
varıydı. “Sən məni vurursan? Məni? Özünü nə zənn edirsən?” dedi hikkəylə. Sanki
mənə yerimi göstərirdi. Vurduqca deyirdi, dedikcə daha da hikkəli vururdu. Mənim
kənddən gəldiyim, onun isə şəhərli olduğu gerçəyini bir daha üzümə vururdu. Bu
dəfə həm sözləriylə, həm şillələriylə. Əllərindən tutmağa çalışdıqca zəifliyimdən
isifadə edib daha da çox vurmağa başladı. Və o an beynimdə ildırımla çaxdı.
Onun başını əllərimlə tutub döşəyin üstünə çırpdım. Üzünü şillələməyə başladım.
Əlləriylə üzünü tutanda əllərindən, başından, üzünün açıq yerlərindən – hardan
gəldi vurmağa başladım. Və kəsik-kəsik nəfəs alırdım, qırıq-qırıq sözlər
deyirdim, onu söyürdüm. Bir an beynimdən keçdi ki, onun başını əllərimlə tutub
divara çırpım. Qoy, ölsün və mənim canım qurtarsın ondan. Onun xəyanətlərindən,
yalanlarından, oyunlarından. Bu an əllərini üzündən çəkdi, gözlərində yaşlar
varıydı. Göz yaşları sel kimi yanağından axırdı. Lənət olsun, indi də bunları
yazdıqca ətim ürpəşir, özümə nifrət edirəm, özümdən qorxuram, ürəyimdə Nigara
getdiyinə görə təşəkkür edirəm. O,
ağlayırdı, artıq bayaqkı hikkəsindən, qürurundan əsər-əlamət qalmamışdı, o
artıq bir canavarı sevmiş bir qadınıydı və aciziydi. “Yalvarıram, Orxan, vurma.
Vurma! Öldür, amma vurma. Sən mənə yumruq vurursan” dedi. Bütün bu müddətdə mənim
şillə zənn etdiyim əslində yumruq imiş. Qarşımızda güclü kişi görəndə
qaldırmağa qorxduğumuz yumruqlarımız qadınlar üşün qalxır. Biz kişiliyimizi
onlara yumruqlarımızla göstəririk. Və Nigarın bu vəziyyətini görəndə anam
yadıma düşdü. Atam da onu həmişə belə döyürdü. Otağa salırdı, qapını biz kömək
edə bilməyək deyə arxadan bağlayırdı və biz içəridən şillə səslərini, anamın yerdə sürünməsini,
atamın söyüşlərini, anamın göz yaşları içində
boğula-boğula “Yalvarıram, Həmid, vurma. Ayaqlarına qurban olum, vurma!”
dediyini eşidirdik. Yataqdan dik atıldım.
Gedib divarın dibində çöməltmə oturdum və əllərimi başımın arasına
alaraq acı-acı ağlamağa başladım. Mən burda ağlayrdım, Nigar isə yataqda. Sonra
ona yaxınlaşdım, onu bütün gücümlə qucaqladım və birlikdə ağladıq. “Burax,
gedim, orxan” dedi. Qoymadım yenə. Dayanmadan ağlayırdım. Və sonrakı saatlarda
bizim aramızdakı bu gərginlik sevgiyə, sevişməyə çevrildi, ancaq həmin günün
axşamı Nigara vəziyyəti başa saldım və o gündən sonra bir daha Nigarla əlaqə
yaratmadım, onun zənglərinə, meajlarına cavab vermədim. Çünki mən bir qatil
olduğumu bilirdim, bu halın bir aha təkrarlana biləcəyini və mənim varlığımın
ona fəlakətlər gətirəcəyini. Mən öz murdarlığımla onun həyatına son qoya bilərdim
və dünya Nigarsız çox iyrənc, çox çirkin görünəcəkdi. Nigar, o qeyri-adi qız, təbəssümü
can alan bu varlığın yaşaması, xoşbəxt olması üçün mən öz vəhşiliyimi,
murdarlığımı götürüb bir kənara çəkildim. Və nə indi, nə də bundan sonra bir
qadını sevmək, onun həyatına qarışmaq kimi bir fikrim var. Özümə belə şeyləri qəti
qadağan etmişəm. Bizlərsiz dünya daha yaşanılacaq bir yer olar. Qoy, bizsiz
qadınlar xoşbəxt olsunlar. Çünki bizim yetişdiyimiz mühit bizim dərinliklərimizə
elə işləyib ki, o murdarlıqları atmaq ya çox çətindir, ya da mümkün deyil.