28.06.2020

Koronavirus - tibbi həqiqətlər və gümanların müharibəsi

İlk öncə ondan başlayaq ki, koronovirus nədir. Bu haqda internetdə olan bütün məlumatlar eyni olduğu üçün yazmağa ehtiyac yoxdur. Biz azərbaycanlılar üçün daha vacib olan bu virusun var olub-olmaması və profilaktika-müalicə prinsipləridir.
Bəlkə də özünü normal sayan yeganə millətik ki, “COVİD 19”u hələ də ciddi qəbul edə bilmirik, inanmayanlarla inananlar arasında soyuq müharibə gedir, qurbanlar isə hər iki tərəfdəndir. Məsələnin iqtisadi böhrana səbəb olması hər kəs tərəfindən qəbul olunsa da, siyasi tərəfi haqqında ağlasığmaz fərziyyələr mövcuddur. Ki, burda “whatsapp qancıqları”nın əməyi müstəsnadır. Üstəlik vətəndaşın dövlətə kəskin inamsızlığı, özünü fərqli göstərmə cəhdi də xəstəliyin  tüğyan etməsində böyük rol oynayır. Dövlət pandemiyadan gücünü xalqa göstərmək üçün vasitə kimi istifadə etdikcə inamsızlıq daha da güclənəcək. Ancaq şəxslərin düşüncəsindən asılı olmayaraq hal-hazırda korona ölkədə hər gün yeni-yeni ailələrə daxil olur, qocasından az yaşlısına qədər müxtəlif yaş qruplarına aid olan insanlarda xəstəlik törədir.
Koronavirusun ilkin simptomları boğazda yüngül qıcıqlanma, burundan axıntı, dadbilmə, iybilmə qabiliyyətinin itirilməsi, bəzən normal, bəzən subfebril tempraturdur (37- 37.9). Bu artıq virusun burun-udlaqda lokalizasiyasını göstərir. Həkimə müraciət məhz bu əsnada olmalıdır. Bu simptomlardan birinin və ya bir neçəsinin olması artıq virusa şübhədir. İndiki dövrdə bu cür simptomların qripdən daha çox koronavirus əlaməti olduğunu birdəfəlik qəbul etmək lazımdır. Şəxsin immun gücündən asılı olaraq bu simptomlar güclü və ya zəif ola bilər, hətta virusun səbəb olduğu viral pnevmoniyanı ayaqüstə keçirən xəstələr də az deyil. Ancaq bu virusu orqanizmin öz gücünə buraxmaq əksər hallarda ağır nəticələrə səbəb olur. Çünki spesifik bakteriyaların yaratdığı tipik pnevmoniyalardan fərqli olaraq, virusların, ibtidailərin yaratdığı atipik pnevmoniyalarda iltihabi proses qaz mübadiləsinin həyata keçirildiyi yer olan alveollarda deyil, paycıqların arasındakı interstsial toxumada gedir. Başa düşülən dildə desək, proses barmaqların içində deyil, bayır hissəsində gedir, sağalma prosesində isə iltihabın yerində çapıq toxuma, bitişmələr qalır. İltihab nahiyəsində olan qan damarları genişlənir (vazodilatasiya), qan hüceyrələri iltihaba qatılır. Ancaq virusların ikinci böyük sürprizi lokalizasiya olunduqları yerdə hüceyrələrin divarını məhv edib lokal immuniteti də zəiflətdiyinə görə prosesə bakterial infeksiyalar da qoşulur. Ki, artıq bu zaman proses həm də alveolların daxilində gedir, orqanizm həm atipik, həm də tipik pnevmoniyadan əziyyət çəkir, müxtəlif mikroorqanizmlərə qarşı mübarizə aparmalı olur. Bunun da nəticəsi orqanizmin kompensator imkanlarının tükənməsi, immun zəiflik (burda virusun və bakteriyaların toksinlərinin yaratdığı iştahasızlıq nəticəsində düzgün qidalana bilməmək, orqanizmin stressə bağlı olaraq yorğunluğu, ağrılarla əlaqədar hərəkət məhdudluğu mühüm rol oynayır) və ağciyərin öz fəaliyyətini yerinə yetirə bilməsi üçün yetəri qədər sahəsinin olmaması (iltihabi zonalar tənəffüsdə iştirak etmir) nəticəsində baş verən tənəffüs çatışmazlığı – boğulmadır. Hələ ki aparılan araşdırmalar tam klinik sağalmanın mümkün olmadığı istiqamətindədir (həm alveollarda, həm də paycıqlar, bəzən paylar arasında çapıq toxuma – ağciyər alveol adlanan xırda şarlardan, onları əhatə edən qan damarları və sinirlərdən, interstsial toxumadan ibarətdir, bunlar da paycıqları va payları əmələ gətirirlər – barmaqların və daraqarxası sümüklərin, dərinin, qan damarları və əzələlərin əli əmələ gətirdiyi kimi). P.S. Çapıq toxuma tənəffüsdə iştirak etmir.
Qorunma metodlarından ən vacib olanı sosial məsafənin qorunması, mümkün olduqca şəxsi izolyasiyadır.
Unutmayın ki, maska sizi əhalinin sıx toplaşdığı yerlərdə qorumaq üçün yüz faiz effektli vasitə deyil. Bundan başqa immunitetin yüksəldilməsi üçün stressdən uzaq həyat tərzi, yuxu rejiminə riayət etmək, protein tərkibli ət yeməkləri kimi ağır qidaları qida rasionunda azaltmaq, meyvə və çiy tərəvəzə üstünlük verməkdir. Yuxarıda qeyd olunan simptomların birinin və ya bir neçəsinin zəif və ya ağır olmasından asılı olmayaraq özünüzdə aşkarladığınız zaman test üçün müraciət etmək mütləqdir. Ancaq testin informativliyinin 60-70 faiz olduğunu da nəzərə almaq lazımdır. Bəzən xəstələrdə 4-cü test də nəticəni neqativ göstərsə də KT (ağciyərlərin komputer tomoqrafiyası – pnevmoniyalar üçün ən informativ müayinə üsuludur) viral pnevmoniyanı çoxdan təsdiq etmiş olur. Əgər test götürmürlərsə, və ya testin cavabı mənfi çıxdığı halda özünüzdə günü-gündən ağırlaşan simptomları görürsünüzsə, mütləq KT müyainəsinə gedin, bu da mümkün deyilsə, ətrafınızda inandığınız həkimlərdən müalicə dəstəyi alın, TƏBİB artıq evdə müalicə prinsipi haqda protoklu təsdiqləyib. Unutmayın: viral preparatların (arbidol, tamiflyu) koronovirusa təsiri təsdiqlənməmiş məlumatlardır,  bu dərmanlar insanların inamsızlıqdan baş vurduğu bir yoldur.
İqtisadi-siyasi mübarizənin nəticəsi olaraq Avropa tibbi protokollarını Rusiya və Çin qəbul etmədiyi kimi bu preparatların virusa təsir etdiyini bu ökələr və onların müttəfiqləri xaricində heç kim təsdiqləmir. Əvvəldən bilinən məlumatlar da nəinki koronavirusun, digər virusların da birbaşa müalicəsinin olmadığını göstərir. Virusların öhdəsindən orqanizm gəlir, müalicə prisnipi virusa qalib gələ bilmək üçün immunitetin qüvvətləndirilməsi və bakterial infeksiyanın məhv edilməsidir. Ona görə də əziyyətlə qazandığınız pulları arbidol, arbivir, tamiflyu kimi dərmanları qarabazarda baha qiymətə almaq üçün xərcləməyin. Ölkədə klinik təcrübələr də bu yazdıqlarımı qəti şəkildə təsdiqləyir. Ancaq onu da bilin ki, TƏBİB”in protokolundan sonra hər gün apteklərə gündəlik olaraq arbidol preparatları verilir, burda hökümətdən daha çox işbazları qınamaq və onların məsuliyyətə cəlb olunmasını təmin etmək lazımdır. Çünki bu işbazlar qarabazarda bu cür preparatları əl altından od qiymətinə satır.

İndi isə  gələk daha bir inandığınız dərmanlardan olan, manısın birinin də statusunda bəh-bəhlə təriflədiyi dexamethasone ve prednizalon preparatlarına.  Bunlar böyrəküstü vəzinin (hamıda böyrəküstü vəzi var – Space tv) qabıq qatının hormonal maddələri olub, kortikosteroid preparatlar qrupuna daxildir (kortiko – qabıq). İnfeksion proseslərdə, travmalarda, müxtəlif allergik reaksiyalarda, bəzən ağrılar zamanı bu  hormonlar vəzidən az miqdarda ifraz olunur və orqanizmin sağlam həyat tərzinə davam etməsi üçün köməkçi olurlar. Reanimasion müalicə zamanı çətin sorulan iltihabi proseslər zamanı bu dərman vasitələri az miqdarda təyin olunur. Nəzərə almaq lazımdır ki, bu cür preparatların kortəbii qəbul olunması immundepressiv təsir bağışlayır, orqanizmi əldən salır, böyrəküstü vəzini tənbəlləşdirdiyi üçün böyrəküstü vəzin qabıq qatının çatışmazlığına səbəb ola bilər. Həmçinin, Sovet tibbi protokollarından fərqli olaraq artıq müasir tibb belə hormonal vasitələrdən mümkün qədər qaçmağa çalışır, hətta əsasən, antibiotiklərə bağlı anafilaktik şok reaksiyalarında belə effektsizliyi artıq sübut olunub. Sizin tablet şəklində alıb qəbul etdiyiniz adı çəkilən dərmanlar immun sistemi çökdürdüyünə görə xəstəliyin gedişini ağırlaşdırmaqla yanaşı yeni xəstəliklər törədir. Şəxsi müşahidələrimdən allergik reaksiyalarda özünə dexamethasone təyin edən insanların pnevmoniya xəstəliyinə tutulduğunu əminliklə deyə bilərəm. (Ümumiyyətlə, burda yazılan məlumatların hamısı tək mənim şəxsi biliyimin deyil, müxtəlif həkimlərin, tibbi araşdırmaların, analizlərin qısa və sadələşdirilmiş xülasəsidir)
Son olaraq koronovirusdan qorxmaq yox, qorunmaq lazımdır, inanmayanların da qorunmaqdan başqa çarəsi yoxdur. Vacib olan şey həm də düzgün informasiyalara inanmaqdır

1 yorum:

Axtar