21.12.2014

Xoşbəxtliyin facebook tərəfi


Sosial şəbəkələr, onlardan istifadə qaydaları, status yazmağın şərtləri haqqında Adnan Hacızadənin qeydinin oxunması vacibdir və mütləqdir. On görə də onu yazıya birbaşa əlavə edirəm :

        “Facebook Mədəniyyəti (Rant)

 

Bu facebook ki, var aa? Evdə bişməyib, qonşudan gəlməyib,dünyanın digər ölkələri kimi bizim ölkəmizə də daxil olan (hələ də) yeni fenomenlərdən biridir. Facebook, azad sözün və azad fikrin məkanıdır. Amma unutmaq lazım deyil ki, facebook həm də, bir ictimai məkandır. Hamı istədiyini yazır, və yazılanların çoxu mənasız yersiz, bəşəriyyətə xeyir gətirməyən (Ruslan Asad – 2012) statuslar olur. Azad Fikir Universitetinin mühazirələrinin birində aparıcı Əli Novruzov demişdi ki, əlinizi qaldırıb sual verəndən əvvəl bir düşünün ki, bu sualı dünyaya gətirməklə müsbətə doğru bir dəyişikliyə imza atmış olursunuzmu? Məncə eyni fikri statuslara da aid eləmək olar. Milyonlarca mənasız statuslar yazılır, vaxt sərf olunur, internet trafiki sərf olunur,insan gözü zəifləyir, zir-zibilin içində müsbət, maraqlı, informatik, gülməli yazıları tapmaqda çətinlik çəkirsən.

Dəyə bilərsiz ki, xoşuna gəlmirsə ‘’anfollov’’ elə,‘’blok’’-a sal, dostluqdan sil. Amma niyə? Niyə mən özümü insanlardan, bəşəriyyətdən təcrid eləməliyəm? Mənim üçün həqiqətən də maraqlıdır ki, facebook-dakı‘’dostlarım’’ bu və ya digər mövzuda nə düşünürlər.

Facebookun özünün qanunları var, pornoqrafiyanın yayılmaması; dini, irqi, cinsi zəmində ayrıseçkiliyin olmaması və s.  Amma bu bəs eləmir. Ona görə də biz bir şey düşünməliyik ki, hammımızın facebook təcrübəsini asanlaşdıraq, yaxşılarşdıraq.Bu mövzunu ictimai müzakirəyə çıxartmaq istəyərdim.

Mənim fikrim budur ki, biz, özümüz, tövsiyyəvi xarakter daşıyan facebook kodeksiniyaratmalıyıq ki, bu sənəd də facebook istifadəçilərinə bir yol göstərsin. Müzakirəyə çıxarılacaq mövzuları təklif edirəm:

1.    CAPS LOCK-la yazmayın! Oxumaq çətindir, adama eləgəlir ki, bağırırsız.
2.    Qeyri-normativ leksikon. Bu məsələ sual altındadır, dairəmdə olan insanların müxtəlif fikirləri var bu barədə amma söyüşə qədər alçalmaq heç kimə baş ucalığı gətirməz.
3.    Yağış və ya digər hava statusları. Çoxumuz eyni şəhərdə yaşayırıq, pəncərə var görürük. Ehtiyac yoxdur sadəcə.
4.    Geniş kütləyə o qədər də maraqlı olmayacaq məlumatlar:Yağışda islandım, işə bu gün gec gəldim, işə bu gün hamıdan tez gəldim qapıbağlıdır, səfərə getmək üçün şey-şüyümü yığıram, Darağımı tapa bilmirəm!,
5.    Ürəyiniz nəsə istəyəndə: Ürəyim xəngəl istədi, bir dənə siqaret olsaydı çəkərdim, indi yaxşı dönərin yeri var və s.
6.    Cəmiyyətə heç bir aidiyyatı olmayan sizin işiniz barəsində məlumatlar: Bu gün rəisim filan şey dedi, mən hər şeyi vaxtında çatdırdım, 2 report qalıb, bu rüb uğurlu oldu və s.
7.    ‘’2 saatdır tıxacdayam’’ status bizə heç nə vermir. Sizə yazığımız gəlməyəcək, helikopterlə gəlib size tıxacdan çıxarmayacayıq. Heç olmazsa yazın ki, filan yerdə güclü tıxac var başqa yoldan istifadə edin. Başqa yol yoxdursa ümmumiyətlə mənası yoxdur.
8.    Məkan statusları. Evdə! İşdə! Bakı! Barselona!Bu nə deməkdir? Bir yazın ki, əziz dostlar 3 günlük səfərdə Tiflisdə olacam kim görüşmək isyətirsə xəbər versin. Yoxsa məkanın adını yazıb nida işarəsi qoymaqla nə demək istəyirsiz? Əgər çatdığınız məkan hansısa nailiyyəti bildirirsə: Maçu-Piçu! Bazar-Düzü! Camalunqma! Şuşa! Onda başa düşmək olar. Amma avtobusla Sumqayıta çatıb ‘’Sumqayıt!’’ yazmağın heç bir mənası yoxdur.
9.    İdman nailiyyətləri. Bu gün 2 saat qaçdım, bugün 1 saat məşq elədim, 3km üzdüm, 100-dənə jim elədim və divara 2 dəfə kəllə vurdum. Əcəb elədin! Bizə nə? Biz niyə bilməliyik bunu?
10. Filankəslə,filankəslə, filankəslə filan yerdə oturub çay içirik. Sizə Nuş olsun! Amma nyus-fidin günahı nə?
11. Müəyyən bir insana ünvanlanmış statuslar. ‘’Filankəs işdən çıxandan sonra qapını örtmür’’,‘’Tofiq! Bir pivə al gəl torqovuya’’, ‘’Mən səni hamıdan çox sevdim, sən qədrimi bilmədin’’, ‘’Hamıya demək istəyirəm ki, mən filankəsi çox sevirəm’’ – bunu onun özünə yazın.
12. Mənası olmayan və mövcud olmyan #həştəqlər-dən istifadə.
13. Şəhərdə kim var? (əslində bunun mənası var… nevermind)
14. Yaxşı bilmədiyin xarici dildə status yazmaq. Niyə?
15. Yalnız özünüzə məlum olan hadisələri gözləmək: 4 ay qaldı, 4 gün qaldı, 3 saat qaldı…soruşanda Nəyə? deyirlər ‘’demək istəmirəm’’. Bəs onda niyə yazırsan?
16. Hərbi xidmətdə olan əsgərlərin status paylaşması, şəkil paylaşması. ‘'212 gün qaldı’’ kimi şeylər yazması. Dostlar, əsgərlikdə olanda facebook və internetdən istifadə etməyin bu cinayətdir və nəticələri çox pis ola bilər.
17. ‘’Bu yaxınlarda profilimə əl gəzdirəcəm’’, ‘’78 nəfəri sildim’’… sildin də, düz elədin.‘’bu bığlı daydaylar, maykalı qaqaşlar mənə niyə dostluq göndərir axı?’’. Bildik ki, populyarsan yaxşı bildik.
18. Google-da tapa biləcəyiniz məlumatları camaatdan soruşub onları yormayın. ''Filan ölkənin əhalisi nə qədərdi, kim bilir?''. (Araz Bayramov təklif elədi)
19. Futbol oyunları zamanı oyundan 2 saatdan əvvəl ''Biz sizi cıracayıq!!'', ''Mənim komandam zordu''... oyun vaxtı ''Gərək trener Filankəsi buraxardı meydana'' və ya ''Qooooooooooool!!'' haykırtıları niyə lazımdı? Kim istəyir futbola baxır... futbolun canlı komentatorluğu lazım deyil facebookda. Ya da hesabın yazılması, ya da ''Hesab nədi kim bilir?'' girin www.livescore.com-a orda var hamısı (Vüqar Salamlı təklif etdi) 
20. Şəxsi yazışmaları ictimai müzakirəyə çıxarmaq tərbiyəsizlikdir. ''Bir baxın görün Filankəs nə yazır mənə...''

Başqa lazımsız statuslar da var. Onu artıq bu postu oxuyanlar yazsın… amma hər halda status yazandan əvvəl bir düşünün:
-      bu status gülməlidir?
-      Bu status məndən başqa kimə maraqlı olmalıdır?
-      İnsanlar bu statusu oxuyub yeni bir şey əldə edəcəklər ya yox? “


Bu qeyd 2013-cü ildə yazılıb, ancaq çox az adam ondan nəticə çıxarıb. Şəxsi həyatın sosial şəbəkədə paylaşılmağından başlayaq. Bir para dostlarımız demək olar ki, atdıqları hər addımı yazırlar. Sevgilisiylədir və xoşbəxtdir, anası dadlı yemək bişirib, yenə xoşbəxtdir. Xaricdədir, xoşbəxtdir və üstəlik Azərbaycanda olanlara yazığı gəlir, “axx siz bədbəxt azərbaycanlılar” fikrini hər statusda vurğulayır. Darıxır, depressiyadadır, tualetdədir, sevgilisindən ayrılıb, özünü öldürmək istəyir, yemək yeyir, dırnağına lak qoyur,  onun sevgisi çox, lap çox böyükdür, ancaq biz bunu qanmırıq. Kimsə sevgilisinə sataşıb, tapsa bıçaqlayıb öldürəcək. Ərli qadınlar daha dəhşətdir, burda artıq dövriyyəyə əriylə yatmağından, harda nə yeməyindən, ərinə deyəcəyi sözləri, və hətta qarnındakı uşağın cinsindən də yazır, ərinin yataq otağında yatdığı halda fotolarını çəkib paylaşır.
Bütün bunlar hamısı konkret statuslarda gördüyüm şeylərdir. Məsələn, qızlardan biri yazmışdı ki, siz necə yatıb necə durursunuz bilmirəm, ancaq mən ərim olmasa, gecələri soyuqdan donaram. Həmin qız bir müddət sonra isə qarnındakı uşağın oğlan olmasından yazdı. Bir oğlan isə sevdiyi qadınla sevişməyindən yazmışdı.
 Və ya bir dostumuz var, gedib Amerikaya. Bütün günü xoşbəxt olmasından yazır, hətta o qədər xoşbəxtdir ki, bu tip statusları, commentləri hər dəfə yazmağa, üstəlik bizə yazığı gəlməyə də vaxt tapır. Bizə maraqlı  Amerikanın şəkilləri ola bilər ancaq. Onun özünün evdə, pubda çəkdiyi şəkilləri, hələ üstəlik başlıq kimi Amerikadakı xoşbəxt olmasından, oranın cənnət olmasından, bizə yazığı gəlməsindən yazması isə yorucudur. Biz onun xoşbəxt olduğunu görməkdən, oxumaqdan yorulduq, o bunları bizə deməkdən usanmadı.
Depressiyadasınız, sevgilinizdən ayrılmısınız? Təəssüf edirəm, ancaq biz bu məsələdə sizə heç bir köməklik göstərə bilməyəcəyik. Sevgilinizlə aranızı siz özünüz düzəltməlisiniz, sizin düzəldə bilmədiyiniz şeyləri biz qətiyyən düzəldə bilmərik.

Ümumiyyətlə, yazmağa nəsə tapmırsınızsa, yazmayın, yazmağa məcbur deyilsiniz, sizin belə bir məsuliyyətiniz yoxdur, rahat olun. Unutmayın ki, siz beynəlxalq insan deyilsiniz, sizin nə yediyiniz, halınız, kimlə, neçədə və harda olmağınız 3-5 nəfərdən başqa heç kimə qətiyyən maraqlı deyil, əksinə bu tip statusların ard-arda düzülməsi adamı əsəbiləşdirir. Köhnə profilimdə həddən artıq adam var, ona hər dəfə girəndə millətin o qədər bu tip yazılarını görürəm ki, düşürəm auraya, birtəhər oluram. Niyə yazırlar, və ya niyə yazırsız? Xoşbəxt deyilsiniz, imitasiya edirsiniz, sizin xoşbəxtliyiniz bu barədə facebookda yazıldığı andan tükənmişdir. Çünki xoşbəxt, ümumiyyətlə həyatın ləzzətini duya bilən adamlar sosial şəbəkədə belə şeylər barədə yazmırlar, yazmağa söz tapmırlar. Hər insanın həyatdan həzzalma formulu başqadır, ona görə də onlar özlərini ağıılı göstərib, nəsə yazmağa cəhd etmirlər. Ərinirlər, belə şeylər onlara maraqlı deyil. İnsan yalnız imitasiya üçün belə yazır. Xoşbəxt olduğunuz anları yadınıza salın. Heç onda facebooka ayırmağa vaxt tapmırdınız, yüngülvarı göz atmaqla yetinirdiniz. Ancaq indi hər gün saatlarla fb-dəsiniz, xoşbəxtlikdən çərənləyirsiniz, şəxsi həyatınız haqda hər şeyi yazırsınız.
Sevgilisi (əri) var, normalda xoşbəxt olmalıdır, ancaq xoşbəxt deyil, şüuraltısı bunu bilir, o isə sevgilisiylə (əriylə) xoşbəxt olduğuna özünü inandırmaq istəyir. Bunun üçün də facebookdan istifadə edir, davamlı xoşbəxtlikdən, sevgilisindən (ərindən, uşaqlarından, onlara nə bişirməsindən, onların davranışlarından) yazır, həyatlarının maraqlı olmasına işarə vurur. Onlar düşünür ki, həyatları həddən artıq maraqlıdır və bunu dostlarına göstərməklə hər kəsi xoşbəxt olduğuna inandırmaq istəyir, çünki dostları inansa, o da inanacaq, və bu yalanla bir az daha idarə edə biləcək. Başını qatır bir növ, məişət sıxıcılığını, həyatındakı boşluğu belə şeylərlə rəngləndirmək və doldurmaq istəyir. Həmçinin Amerikada (xaricdə) olanlar da bu tiplərə daxildir. Axı Amerika xəyallar ölkəsidir, təyyarədən düşən kimi xoşbəxt olmalıydı və ömür boyu da xoşbəxtlikdən göylərə uçmalıydı. Ancaq onun içində bir sıxıntı var, ləzzət almağı bacarmır və ya nəsə çatışmır. O isə bunu yaza bilməz, çünki axına qarşı çıxa bilməz, düşmənlərini sevindirə bilməz. Nə etməlidir? Davamlı xoşbəxtlikdən, həyatının necə maraqlı keçməsindən yazmalıdır, bizləri qısqandırmalıdır. Biz qısqanmalıyıq ki, o xoşbəxt olduğuna daha çox inansın.
Depressiyada olduğunu yazan adam heç vaxt depressiyada deyil, artisltik edir, sadəcə eqosu acdır və eqosunun oxşanmağına o qədər ehtiyacı var ki, bunun üçün depressiayaya düşür və status yazır. Axx sizi sroku keçmiş ərgənlər (c)
Etməyin, eləməyin, real həyatı facebookda paylaşmaqdan qaçının, çünki nə qədər çox paylaşırsansa, o qədər çox cılızlaşırsan, əlindəki şeylər bir o qədər dəyərsizləşir, sən artıq sevgilinlə facebookda yazmaq, şəkil paylaşmaq üçün görüşürsən, facebook üçün yeyirsən, kədərlənirsən, gülürsən, xaricə gedirsən. İnsan xislətidir, eqodur. Eqonuzu atın bir qırağa, onlar bizə həyatdan zövq almağa imkan verməyib, verməyəcək də. Kədərinizin səbəbini özlüyünüzdə aydınlaşdırın, aradan qaldırın. Sizə sevinc gətirən şeylərdən bərk-bərk yapışın, siyahını genişləndirin. Və facebooksuz xoşbəxt olun, ən sevincli anlarınızı facebooka yazmaqla ucuzlaşdırmayın.

Axtar