Yazı yazmaq
üçün nə etmək lazımdır? Köşə yazısı, hekayə, bloq yazmaq elə də fitri istedad tələb
etmir, sadəcə müşahidə etmə bacarığı və səbr lazımdır. Deyək ki, yolda gedirsiz
və hansısa bir hadisəylə qarşılaşırsız, bu hadisə də sizə möhkəm təsir edir, o
hadisəni diqqətlə müşahidə etməklə, səbəb və nəticələri təhlil etməklə yazının
materialını toplamış olursuz. Sonra isə beyninizdə yazının proyeksiyasını çəkirsiniz,
təqribi olaraq nələri harda yazacağınızı düşünürsünüz və bundan sonra tək iş
beyninizdəkiləri yazıya tökməkdir. Davamlı yazmaqla, öz üzərinizdə çalışmaqla
yazar olmaq olar. Ama ən əsası yazılarınızın ən sərt tənqidçisi, ən qəddar düşməni
özünüz olmalısınız.
Ama mənim indi yazacaqlarımın bu yazdıqlarıma
çox da dəxli yoxdur, sadəcə çoxdandır atalar və atam haqqında yazmaq istəyirdim.
Herman Hesse yazırdı ki, insanın özü ola bilməsi, öz şəxsiyyətinin formalaşması
üçün ilk şərt atasıyla özü arasında çatların yaranmasıdır. Bütün uşaqlar atalarını
ideal sayırlar, xüsusən də qız uşaqları. Oğlan uşağı böyüyəndə atası kimi olmaq
istəyir, qız uşağı atası kimi bir sevgilisinin olmağını istəyir. Onlar düşünürlər
ki, ataları çox güclüdür, turnikdə on dəfə çəkinə bilirsə, deməli, ondan ideal
kişi yoxdur. Və bu zaman nə özləri şəxsiyyət kimi formalaşa bilirlər, nə də
sevgidə uğur qazana bilirlər. Çünki atalar hər nə qədər müasir olsalar da,
müasirliyə can atan insanlar üçün onlar köhnəliyin tərənnümüdürlər, hər nə qədər
də olsa, yeni zamanla ayaqlaşmağı tam bacarmırlar. Turgnev “Atalar və oğullar” əsərində
müasir, dövrüylə ayaqlaşmağa çalışan ataları və dövrünün gəncliyini təsvir
edir. Talar hər nə qədər də zəmanəylə ayaqlaşmağa çalışsalar da, özləri belə
etiraf edir ki, zəmanə çox sürətlə qabağa gedir, onlar isə buna çatdıra bilmirlər,
artıq get-gedə köhnəlirlər.
Ataya
oxşamağı istəmək köhnəliyi sevmək kimi bir şeydir, ruhun rəngarəng olmamasıdır,
özündən əl çəkib bir başqasını yamsılamaqdır. Hansısa fanatın özünü sevdiyi müğənniyə oxşatması
kimi bir şeydir, təqribən. Sevgilisinin
atası kimi olmasını istəmək isə o insanın hələ böyümədiyinin bariz sübutudur.
Bir əlin beş barmağı eyni deyilsə, hansısa yad bir oğlandan qızın belə bir şey
gözləməyi və istəməyi anlamsızdır. Bu, o qızın bir şəxsiyyət kimi yetişmədiyindən
və sevgilisinə də belə bir şeyə imkan verməyəcəyindən xəbər verir. Hər xırda
problemdə atasını misal gətirəcək, oğlanı atası kimi olmadığına görə qınayacaq,
onun şəsiyyətini əlindən almağa çalışdığının və təhqir etdiyinin fərqində belə
olmayacaq. Özü də vay o gündən ki, qızın atası gəlirli kişi ola. Onda tək bir
şey qalır, götür başını qaç. Bu yazım kimlərəsə cılız bir şey kimi gələ bilər,
ama normal gəlirli ailənin qızlarını az-maz tanıyanlar bilər belə bir şeyin nə
demək olduğunu, bir də belə bir şeyin qurbanına çevrilmiş insanlar. Cek
Londonun “Martin İden” əsəri isə düşünürəm ki, bu mövzuya ən yaxşı toxunan əsərdir.
Kobud, təhsilsiz və proletar bir gənci sevən qız onu olduğu kimi sevir, ancaq
sonradan onun eqosu özünü biruzə verir, oğlanı hər vəchlə dəyişdirmək istəyi,
onu öz meşşan cəmiyyətinə daxil etmək və atasına bənzətmək istəyi sonunda
Martin İdenin ölümüylə nəticələnir. Çünki Martin bütün bunları görür, analiz edə
bilir, o Ruthun dediyi kimi yox, öz arzularının arxasınca gedərək yazar olmaq və
pul qazanmaq istəyir. Öz cəmiyyətini, atasını ideal sayan Ruth üçün isə bunları
anlamaq çox çətindir. Anlaya bilməz, çünki düşüncə tərzi buna imkan vermir, xəyalət
deyir Martin belələrinə. Düşünə bilməyən, ancaq nəfəs alan varlıqlara. Məhz bu
varlıqlar, başda Ruth olmaqla Martini dünyadan iyrəndirir, onların meşşanlıq,
pul həvəsi diksindirir onu və qurtuluşu özünü suda boğmaqda görür.
Atam haqqında
isə onu deməliyəm ki, onu heç vaxt ideal saymamışam. Şərait buna imkan verməyib.
Məhz bu, mənim özüm olmağıma təkan verib. Onu dediyim kimi, ideal saymamışam,
ama həmişə sevmişəm. Necə varsa, elə görmüşəm. Yaxşı tərəflərini də, pis tərəflərini
də ayrılıqda görə bilmişəm. Və bu, onun hansısa səhv hərəkətində mənim ondan üz
döndərməməyimə kömək edib. Atamın hansı məqamda aciz qalacağını da bilirəm, ona
görə də gözləntilərim də böyük deyil. Belə olması yaxşıdır. Çünki sonradan
onunla bağlı xəyal qırıqlığı yaşamaq istəmirəm
və bu günə kimi də yaşamamışam.
Ataları sevmək
lazımdır, hörmət etmək lazımdır, ama bütün bunlar üçün onları olduğu kimi qəbul
edib, tanımaq lazımdır. İdeallaşdırmaq isə qətiyyən lazım deyil. Bu qədər. Yazı
nə qədər bəsit olsa da, demək istədiyimi və deyə bilmədiklərimi anlayanlara eşq
olsun. Var olun!