Bu gün Zaur Qurbanlının seksual
inqilab haqqındakı yazısını oxudum. Zaur yazısında seksual inqilabın
vacibliyini yaşadığı Britaniya və Azərbaycan arasında müqayisə apararaq göstərmişdi.
Bir tərəfdə seksual inqilabın artıq çoxdan baş verdiyi, ancaq uşaqların təlim-tərbiyəsinin
xüsusi qorunduğu Böyük Britaniya, digər tərəfdə bakirəliyin sərt şəkildə
qorunduğu, ancaq yeniyetmələr arasında qeyri-ənənəvi seksin geniş yayıldığı Azərbaycan.
Niyə biz seksual inqilabdan bu qədər
uzağıq?
Yazıda da qeyd edildiyi kimi, evlənənə
qədər hər kişinin, heç olmasa, bir fahişəylə siftə etməsi danılmaz faktdır.
Ortalama götürsək, bir az “qabiliyyətli” oğlanlarda bu say ikidən çox olur.
Amma gəl ki, ölkə üzrə axtarası olsaq, barmaqla sayılacaq qədər az kişi öz həyatını
yaşamış qadını sevə bilər. Əlbəttə, aşiq ola bilər qəfildən. Ancaq qadının
keçmişi onun beynindəki müəyyən qrup hüceyrələri hərəkətə keçirəcək və nə illah
eləsə də, qadını bütünlüklə sevə bilməyəcək. Çünki bizlərə görə sevgi ən
birinci sahiblənməkdir. Mən qısqanclıqdan danışmıram. Sahiblənmək mənim düşüncəmə
görə bir az ayrı şeydir. Hətta heç kim bilməsə də, başqasıyla sevişmiş qadını
bizim kimi kişilərin qəbul etməsi həddən artıq çətindir. Çünki biz əslində çox
xudpəsənd insanlarıq. Sanki bir əşyadır qadın. Sanki onun hissləri, ehtirası
yoxdur. Kişilərə görə seviləcək qadın ehtirasını gizlədə bilən qadındır. Hətta
sevdiyi qadını məhz bu ehtiras söhbətinə görə tərk edənlər çox olur. Bir dostum
mənə keçən dəfə belə demişdi: “O qızla 3 iliydi ki, sevgiliydik. Arada qısa
ayrılıqlar zad olurdu, demişəm də sənə, amma tam olaraq çıxıb getmirdi. İki ay
qabaq yenə görüşəndə məndən axşam nə edəcəyimi soruşdu. Boş-bekar evdə
oturacağımı biləndə məni evə dəvət etdi. Ala, bax, elə onda bildim ki, bu qız
quşdur. Amma qəsdən getdim evə. Qapının ağzında öpüşməyə başladıq. Sən
inanırsan ki, yataqda mənə imkan vermirdi e. Mən də işimi görüb, səhər tezdən
yorğun halda çıxıb gəldim evə. Mesaj yazıb onun kim olduğunu dedim. Ürəyimdən
tikan çıxdı elə bil.” İndi həmin oğlan öz dayısı qızı ilə nişanlıdır.
Başqa bir tanışım isə yaraşıqlı
biridir. Hobbisi yatdığı qızları qəhbə çıxarmaqdır. Deyir ki, mən maksimum 2 dəfə
yatıram eyni qızla. Sonra zəng edib deyirəm ki, bax, sən “quşsan”, quş
olmasaydın, mənim şirin sözlərimə aldanıb mənimlə yatmazdın. Görürsən ki, sənin
beynin yoxdur?!
O da nə vaxtsa əl dəyilməmiş bir
qızla evlənəcək, və ya əl dəyilmədiyini zənn edəcək. Bölgələrdə bakirəliyin
qasıq nahiyəsinin tüklərinin qırxılmaması ilə ölçülməsi heç kimin dilə gətirmək
istəmədiyi həqiqətlər sırasındadır. Ancaq heç olmasa, bir dəfə yüngülvari də
olsa, seks təcrübəsi var əksər qızların.
Və ya başqa bir tanışım. Avropa
düşüncəli biri olduğunu deyir. Bəs o, sevə bilərmi? Xeyr! Niyə? Çünki xudpəsənddir.
Qısqanc deyil, amma ki, bu şeyi heç kim bilməsə də, qəbul edə bilməz. Özü üçün
“ağıllı” bir açıqlama da tapıb: “kişi sevmədiyi qadınla da sevişə bilər, ancaq
qadının biriylə sevişməsi üçün mütləq nəsə hiss etməsi lazımdır. Və o, ruhunun
bir parçasını verəcək sevişdiyi adama. Nə vaxt desən, ağlına gələ bilər keçmişdə
yaşadıqları, hissləri. Hətta müqayisə də edə bilər. Kişi isə etsə-etsə, ancaq
mastrubasiya vaxtı düşünə bilər keçmişini.”
Əlbəttə ki, bu, təkcə həmişə
geridəqalmış sayılan şərq ölkəsi insanı üçün xarakter deyil. Bir neçə ay qabaq
baxdığım “chasing Amy” filmində də bu mövzu işlənilib. Bir lezbiyana aşiq olan
karikatur ustası səbrlə qadını sevməkdə davam edir, onun yanında olmağa can
atır. Qadın sonda aşiq olur ona. Çünli özlüyündə lezbiyanlığının keçici bir həvəs
olduğunu başa düşür. Son sınanacaq şey bu idi. Vaxt keçdikcə qızın keçmişi bəlli
olmağa başlayır. Qızın tələbəlik həyatı bol seksli olub. Orgiyaların çoxluğu
oğlanı yaralayır. Bir gün dayan bilmir, sevgilisini sorğu-suala tutmağa
başlayır. Qadın gözlərindən yaşlar axıdaraq, qışqıra-qışqıra hər şeyi etiraf
edir. Heç bir şeydən ləzzət ala bilmədiyi üçün hər şeyi sınaqdan keçirdiyini,
axırda lezbiyanlığa meyl etməsini və qarşısında duran o oğlanın onun üçün son
sığınacaq olduğunu. Və əslində axtardığı hər şeyi məhz oğlanda tapdığını. Bədən
sevişib, ruh isə ancaq və ancaq sevgilisinə məxsusdur və bir ömür də bu cür
qalacaq. Qadın gedir, oğlan isə düşüncələr içində qalır. Onun qarşılaşdığı
problemləri yaşayan birinə rast gəlir. Həmin adam artıq peşmandır öz
sevgilisini tərk etdiyinə görə. Oğlan sanki öz gələcəyini görür, içində bir
şeylər tərpənir. Dostu ona deyir: “İnsanlar mövzu seksə gələndə Marko Polo kimi
olmaq istəyirlər. Bir bölgəni kəşf edən ilk adam olmağı arzulayırlar.
Biriylə
edəcəyin hər hansı bir şey əvvəllər başqalarıyla da edilmiş ola bilər.
İnsanlar
heç bir şeyin yeni olmadığını qəbul etsə, dünya daha yaxşı bir yer olardı.”
Sonda oğlan sevgilisinin etdiyi
orgiyalardan birini yaşamaq istəyir. Qadınla bərabər ola bilmək üçün və onu
başa düşmək üçün. Yaxın dostu olan iş yoldaşını və sevgilsini çağırır, məqsədini
açıqlayır. Üçü birlikdə sekslə məşğul olmalıdır. Amma qadın razılaşmır: “Mən səni
sevirəm, amma sənin tərcübə obyektin, ya da oyuncağın deyiləm.”
Bu şeylərə görə neçə ayrılıq
yaşanıb, neçə-neçə qızın göz yaşları yanaqlarında quruyub. Kim bilir, nə qədər
intiharlar olub.
Bu yaxınlarda “Pərdə” filminə
baxdım. Çox yazı yazıldı film haqqında, çox bəyənildi. Ki, həqiqətən, aktyor
oyunundan, danışıq tərzindən tutmuş, işlənən mövzuya qədər hər şey çox əla idi.
Amma bir şey var: Zorlanan qızın sevgilsinə qayıtmaq şansı olsaydı, oğlan onu qəbul
edərdimi?
Qızlar sevdiyi oğlana son momentdə
anal seks təklif edir. Çünki oğlan israr edir və ehtirasını gömmüş qadınlar
başqa bir yol bilmirlər onu əldə saxlamaq üçün. Araşdırma olsa, anal seksin
çoxluğuna görə ön sıralarda ola bilərik faiz göstəricilərinə görə.
Yaşadığım bu torpaqlarda neçə qız
gizlicə sevdiyi oğlana bakirəliyini verib. Hətta öz xalası oğlu ilə bunu edənləri
tanıyıram. Oğlanlar gedib, indi qalıblar ortada. Həkim olduğuma görə arada məndən
bakirəliyin bərpası üçün həkim axtarmağımı istəyənlər də olub.
Və növbəti bir həqiqət: Seksin
qadağan olunması onun yox olması demək deyil. Bilinən həqiqətdir. Ancaq seksin
şifahi (ancaq rəsmi) qadağan olunduğu bu yerlərdə daxillərində bir vulkan gəzdirir
kişilər və qadınlar. Hər gün mənimlə şəhərdəki hospitala xəstə aparan sürücü ətrafdan
keçən bütün qızlara baxır. Həm də çox dəhşətlə. Səsli xəyal edir. Bakirə
qadınlar almış bu kişinin şəhərdə yaş fərqi qoymadan, bütün qadınlar haqda
düşüncələrinin ancaq seksdən ibarət olması, əslində, çox ikrahvericidir. Əsəbi
olur. Çünki evlidir və iş imkan vermir doymağa. Qadınlar gözləriylə yeyir
adamı. Şübhəsi olan varsa, təşrif buyursun evimə və bir axşam 1 saatlıq gəzməyə
çıxaq. Barmaqlarına üzük taxırlar sevişmək üçün evə gedən cütlüklər. Evli
fikrini polislərdə, polislə işləyənlərdə oyatmaq üçün.
Buralarda seks əxlaqsızlıq kimi
başa düşülür. Hətta seksə nifrət edilir yuxarı dairələrdə. Ortadan qalxması ən
çox istənilən şeydir böyük ehtimal. “1984”dəki kimi: Seks, yalnız çoxalmaq
üçündür. Amma fahişələrin polislə
birlikdə işləmə faktlarının həddən artıq çox olması bu fikirdən kimlərinsə öz
xeyrinə istifadə etdiyini də göstərir. Böyük torpaqda (buralarda oralara belə
deyirik) seks hardasa daha asandır, amma burda iş çox qəlizdir. Hamı bir-birini
gözləriylə yeyir, ancaq yaxınlaşmaq çox risklidir. Hətta fahişəylə yatmağın
qiyməti 1050 manatdır. Mini polisin, əllisi fahişənin. Evlər təhlükəlidir.
Çünki qonum-qonşu belə şeylərə həddən ziyadə reaksiya verir. Prezervativ satışı
məhduddur, davamlı prezervativ almaq izlənmək ehtimalını artırır. Gecə vaxtı da
polislər bütün gücüylə iş başında olur, gecə 12-dən sonra küçələrdə görünmək
izlənmək ehtimalını qətiləşdirir. Bir hərbçi tanıyıram. Axşam 10-da qızın evinə
girib 12-ə işləmiş “iş” üstündə tutulub.
Oğlanların seks istəyi, qızların bakirəliyini qoruması, anal sekslər, hər
il gizlicə tikilən onlarla bakirəlik, bakirə olmadığını deyə bilməyən qızların ərə
getməkdən qəti şəkildə imtina etməsi, hər gün onlarla qıza baxan, tanış olmağa
cəhd edən oğlanların “əl dəyməmiş” qız axtarışları, ortada uçuşan yalanlar, məsum
və təmiz qız oyunları, “vallah, səninlə evlənəcəm” yalanları, valideyn qorxusu…
Bir də üstünə rəsmi qadağalar, işin daha riskli hal alması, biabır olmaq təhlükəsi.
Və erkən evliliklər. Çünki başqa cür ehtiyacları ödəmək, demək olar ki, mümkün
deyil. Həyat yoldaşı seks obyektinə çevrilir. Bir müddət sonra bezginlik
başlayır, ona görə də evli qadınların başqalarıyla tutulması da tez-tez rast gəlinən
hallardan biridir (ay ərzində ən azı 2 dəfə). Yazıda da qeyd edilib, mən də
deyim: Bəs onda bizim beynimiz niyə qəbul etmir ən yaxşı olanı? Niyə məntiqli
düşünə bilmirik? Nədədir problem?
Şərq təfəkkürlü insanların qısa
zamanda sonun kəsilməyəcəyi gün kimi aydındır. İndinin özündə də vaxtından əvvəl
qocalığa meyl edən, onlar kimi düşünən gənclər xirtdəyə qədərdir. Hətta bu gün
maşında gedəndə iki cavan oğlan mini geyinən qızlara normal baxan, onlara qarşı
neqativ fikir bildirməyən başqa bir tanışlarını peysər, qeyrətsiz çıxardılar.
Onlardan biri bayaq dediyim sürücü idi. Ayaq görən kimi ağlı başından çıxan, hətta
yubka geyinmiş qadının arxasına yanıq kimi baxan həmin adam.
Qadınlarda çox elə günah görmürəm.
Cem Yılmaz demişkən, yalan mexanizmləri uşaqlıqdan işləməyə başlayır. Onları
buna vadar edən o qədər çox kişi var ki ətraflarında. Atalar, qardaşlar, “təmiz”
qız axtaran oğlanlar. Təhsilin seks inqilabına gətirib çıxaracağına çox elə
inanmıram. Beyinlərdə dəyişiklik o dərəcə dərin olmalıdır ki, bütünlüklə qəbul
edə bilsin qadın-kişi bərabərliyini. Sevgilisindən seks tələb edib, axırda
valideynin məsləhət gördüyü qızla evlənməyi rədd edəcək ruha sahib olmalıdır.
Qadınların üstünə düşəcək yük onları bakirə olmadığı halda da qəbul edəcək o
oğlanlara cəsarət verməkdir həm də. Keçmişiylə bir bağlantısının qalmadığını, əslində
bu an və gələcək üçün ancaq onu düşündüyünü. Onda “Chasing Amy” filmindəki o
tale yaşanmaya bilər bəlkə.
Mən də qəbul edə bilərdim, məsələn.
Ürkək addımlarla cəhd edirdim. Mənim kimi rayondan gəlmiş biri üçün bu,
inanılmaz addımlar idi və sevginin gücü idi. Amma keçmişin heç də keçmişdə
qalmadığını hiss etmək ağır oldu.
Qadınlara “başlayın sevişməyə”
filan demək ağlımın ucundan keçmir. Kim necə istəyirsə, elə də edəcək. Ən
doğrusu, budur. Bu mövzuda yazılacaq bütün yazılar, tənqidlər kişilərə
ünvanlanmalıdır. Kişilərin beyin inqilabı bütün problemlərin açarıdır, məncə.
Hiç yorum yok:
Yorum Gönder