25.10.2015

Əli Novruzova deyə bilmədiklərim və ya 'Qaçış 'ın müdafiəsi

Qaçış haqda ilk tənqidi və babat yazını Əli yazdı. (Ümid edirəm sadəcə adını çəkməyimdən inciməz. Hər nə qədər də o, mənim təxəllüsümə, ümumiyyətlə təxəllüslə yazmağıma ironiya etsə də, mənim onun sadəcə adını yazmağım səmimiyyətdən doğur). Deməli belə. Əli bloq yazısının başlanğıcında təqdimatın keçirildiyi məkana və dost-tanış söhbətinə ilişir. Əli, təqdimatın party şəklində pubda təşkil olunması fikri mənim idi. Hələ ağlı başında olmayan bir gənc kimi sıxıcı kitab təqdimatı olmasını istəmədim. İntellektual mühitlər hər nə qədər intellektual olsa da, bir o qədər sıxıcı olur. Xüsusən də, əgər müəllif özü orda yoxdursa. Həm gələnlərin əylənmək kimi bir hüququ var deyə düşündüm. Ona görə bu fikrə gəldim. Dost-tanış da elə bir şeydir ki, ora gələnlər hamısı bir-birinin tanışı olur. Ora nə qədər yad adam gəlir və ya başqa bir sual: dostluğumuzda kitaba maraq göstərən, adını eşitmədiyi birinin kitab təqdimatına gələn neçə nəfər kənar adam tapa bilərdim(n)? Təxəllüs barəsində isə iradları qəbul etmirəm, ya da nə bilim. Necə istəsən, elə başa düş. Sürgün olunmuş, dağın başında inanmadığımız taleyin ümidinə buraxılmış adamın başqa şansı yox idi təəssüf ki. Kafka deyirsən, Bukowski deyirsən və Dostoyevski deyirsən. Kafkadan 'atama məktublar'dan başqa, əsər oxumamışam, Bukowskidən heç nə oxumamışam, Dostoyevskinin isə adını çəkdiyin məlum əsərinin üzünü açmamışam. Yəni onlardan təsirlənməyi qoyaq bir kənara. Tükəzban deyirsən, mən də sənə həyatın reallığıdır deyirəm. Bəyəm, günümüzün ən çox müzakirə olunan məsələlərindən biri deyilmi cazibədar qızların Tükəzban çıxmağı? Digər sevgili məsələsində uzunçuluq və banallıq etdiyimi qəbul edirəm, yerdən-göyə qədər haqlısan. Sentimentallıq məsələsinə gəlincə, bu ölkədəki vəziyyətə görədir. Ki, bu da bəzi yerlərdə açıq-aşkar göstərilib. Və şəxsi bədbinliyi tənqid edirsən. Belə bir adam tanıyırdım. Kamyunun 'yad'ındakı cənab Merso kimi biriydi. Bir az onun prototipini yaratmaq istəmişəm. Bir az da ,yəqin, əsəri yazanda o vaxtıma düşüb :)) pivəxana söhbətinə gəlincə, dövrümüz belədir, məni qınama :P keçək təmasül alətinin qalxmaması və bunun bədbinlik, kədər gətirməsi. İnsafın olsun, Əli Novruzov. Niyə axı malı mala qatırsan, kitabda bu əlaqəni göstərən ən xırda cümlə belə yoxdur. Çində bir adamı ildırım 6 dəfə vurmuşdu. Yəni adamın bəxti belə gətirib. Orda tənasül söhbəti də belə bir şeydir. Amerikano söhbətinə də bir açıqlama verim, keçərik arxa qapaq fotosuna. Bir kafe var Axundov parkının yanında. Adını unutmuşam. Çünki bura gələndən beynimdə çox şey silinib, yadıma sala bilmirəm. Hə, bax həmin kafedə amerikano içirdim. İçinə də şəkər qatırdıım həmişə. Onda vallah köpüklənirdi :D :P Arxa qapaq fotosundan isə xəbərim yoxdur. Üz qapağı mənim fikrimdir, arxadan xəbərim yoxdur :D fahişə sözü sentimental səslənirsə, bunun da günahı məndə deyil. O cümlə başqa şeydən xəbər verir. Bu qədər, Əli. Tənqidlərinə və ümumiyyətlə tənqid yazdığına görə sənə hədsiz minnətdaram. Qayıblara qarışan yazar ikinci dəfə sənin qarşına ikinci kitabla çıxacaq. Ona da tənqidi yazını gözləyəcəm. Tənqid inkişafdır və ən əsası tənqid mənim üçün gücdür. Çox sağ ol ki, məni güclü etdin. 

Axtar