16.03.2015

Diqqət, əsər var! Və ya bu, bir reklamdır! (Mişel Obamaya açıq məktub)



                     
Salam, Mişel xanım, və ya xanım Obama. Əslində məncə, Mişel xanım bir az kobud çıxır. İrqçi olsaydım, sizə bu müraciət formasının yaraşdığını iddia edərdim, ancaq mən irqçi deyiləm və mənə görə bütün qadınlar çiçəkdir. Qısası, gəlin, biz sizə xanım Obama deyək. Belə... Bilirsinizmi, bu yaxınlarda bizim ölkəmizdə gənc şair və yazarlar cənab prezidentimizə açıq məktub ünvanladılar?! Ancaq gördüyünüz kimi mənim belə bir fikrim yoxdur. Madam ki, bu məktubları cənab prezident oxumayacaq, heç mənim məktubumu siz də oxumayacaqsız, onda nəyə gərək ümidlənmək, kömək gözləmək? Belə vəziyyətdə ən yaxşısı sizə yazmaqdır.
 Mən Azərbaycandanam, xanım Obama. Təəssüf ki, azərbaycan vətəndaşıyam. Buraları bizim qədər olmasa da, sizin həyat yoldaşınız cənab Obama da tanıyır. Bura sizin həyat yoldaşınızın, cənab Morninqstarın, cənab Cekutanının tez-tez narahat olduğu bir yerdir. Yəni ən azından onlar bizim ölkə haqqında danışanda belə deyirlər. Bəli, bəli, məhz belə deyirlər: "Biz Azərbaycanda insan haqqlarının vəziyyəti barədə narahatıq", və ya "Biz gənc jurnalistin öldürülməsindən narahatıq!", ya da "Biz sadəcə narahatıq, çünki vəziyyət yaxşı deyil. Ancaq ümid edirik..." Biz də ümid edirik, xanım Obama. Özümüz də bilmirik nəyə ümid edirik. Ümid edirik və gözləyirik. Sanki nəsə olacaq. Bu gün, sabah, ya da o biri gün... Məsələn, mən kitabımın çap olunacağına ümid edirəm. Dörd il qabaq bu kitabı yazmağa başlamışdım. Yazdım, pozdum, sonra yenə yazdım və cırdım. Hardasa, 15-20 dəfə bu prosesi təkrarladım. Axırda yenə yazdım, bunu da 15-20 dəfə korrektə, redaktə edəndən sonra axır ki, alababat bir şey ortaya çıxara bildim. Sizə yalan danışmaq kimi bir fikrim yoxdur, xanım Obama. Heç kimə deməyin, ancaq bəzən mənə elə gəlir ki, yazdıqlarım, sadəcə, zibil yığınıdır. Vallah ciddi deyirəm. Bir yazar öz kitabını təhqir edərmi? Məncə, yaxşı yazmayıbsa və bir az obyektivdirsə, edər. Amma işin başqa tərəfi də var ki, yazdıqlarım bəzən də xoşuma gəlir. Bəlkə də, kitabımı sevməməyim onu çox oxumağıma görədir, sevməyim isə eqoistkikdəndir.  Düzü, heç oxucunun fikrini də bilmirəm. Yəqin ki, mən alman olsaydım və kitabım buralara gəlib çatsaydı, mənim yazdıqlarımı çox bəyənərdilər, ancaq dedim axı, təəssüf ki, mən azərbaycanlıyam və mən nə yaradıramsa yaradım, insanlarımız həmişə tənqid etməyə nəsə tapacaqlar. Etsinlər, hətta mən onların yerində olsam, öz əsərimə dörd manat verib almazdım da. Amma mız qoymaq üçün etməsinlər bu işi. Yazan birini tənqid etmək çox asan şeydir. Bəyənmirəm, vəssəlam. Və öz fikrimi deyirəm. Bəlkə də, bəyənirəm, ancaq xoşuma gəlmədiyini deməyə də mənə heç nə mane olmur. Səbəblərin isə fərqi yoxdur. Faktlar qalır ortalıqda və ilk dəfə yazan biri üçün ən ağır zərəbələrdən biri olur. Xanım Obama, əgər nə vaxtsa mənim kitabım sizin əlinizə keçsə, onu sadəcə mənim xətrimə dəyməmək üçün tərifləməyin. Siz də zibil yığını olduğunu düşünürsünüzsə, mənə məhz belə də yaza bilərsiz: "Dear Umud Khazarovich, Sizin kitabınızı oxudum. Dürüst danışmağımı istəmişdiniz. Onda sizə düzünü deyim. Yazdıqlarınız sadəcə zibildir, kağız israfıdır. Dear Umud, hələ də yazırsınızsa, ümid edirsinizsə, özünüzü yormayın, sizdən yaxşı hərbçi də ola bilər, hətta iki ayağınızı bir başmağa dirəsəniz, adam da ola bilərsiniz, ancaq heç vaxt yazar ola bilməyəcəksiniz. Hələ də gec deyil, özünüzü yormayın, həyatınızı yaşayın... Hörmətlə Mişel Obama." Əgər əsərim yaxşı deyilsə, mənim layiq olduğum ən yaxşı cavab da məhz bu olar.
Xanım Obama, heç demədim axı kitabım niyə çap olunmur. Bilmirsiniz yəqin, bizim ölkədə, təqribən, bir ay qabaq manat devalvasiya etdi, sizin amerikan dolları bahalaşdı. Qısası, aləm dəydi bir-birinə. Mən də kitabıma axırıncı nöqtəni qoyub düzəlişləri etdim və sevinə-sevinə nəşriyyata üz tutdum. Ancaq dedilər sevinmə, kitab çapı artıq iki dəfə bahalaşıb. İndi 300 tiraj üçün 600 manat pul istədilər və mənim bu qədər pulum yoxdur. Kimdənsə yardım istəmək? Dostlarım imkanlı deyil, xanım Obama. Manat-dollar məsələsi hamını pis vəziyyətə salıb həm də, mən də buna görə pulun götünü-başını yığa bilmirəm. Oyyy, bağışlayın, deyəsən, etikadan kənar söz işlətdim. Eybi yox, düşünürəm ki, buna görə əriniz məni Quantanamoya göndərməz. Gəlin, sizə bir etiraf edim. Növbəti etirafımı... Mən kitabımın oxunmağını istəyirəm. Zibil olduğuna, və ya yaxşı bir şey olduğuna qoy oxuyandan sonra qərar versinlər. Tanınmamış biri olduğuma görə bəribaşdan məni başından etməklərini istəmirəm. Voyniçi, Selinceri, Kamyunu ilk dəfə oxuyanda necə yad biri kimi oxuyub sonra doğmalaşmışdılarsa, qoy mənim əsərimi də elə bu cür oxusunlar. Kitabın üzünə baxan kimi qərarlarını verməsinlər. "Əşşi bizimkilərdəndir..." deməsinlər. Bir bilsəniz, bu sözlərdə, bu sözləri deyərkən o üz ifadələrində nə qədər öldürücülük gizlənir.  Sənin taleyin onların əllərində olur bir növ. Onlar hər şeyə qadirdilər. Çingiz Abdullayevi dağın başına qoyan insanlardır. Mən əjdaha filan deyiləm, xırda-xırda addımlar atan biriyəm, amma onlar istəsə, mənim ayaqlarımı qırıb bir daha yeriməkdən məhrum da edə bilərlər. Səbəbsiz-filansız. Sadəcə azərbaycanlı olduğuma görə Bir az da utanıram, xanım Obama. Kimə ağız açım, bilmirəm, daha doğrusu, ağız açacaq adam da qalmayıb. Hərənin öz dərdi var. Ancaq bu gün kefim yaxşıdır. Bizim İsveçrədə yaşayan bir yazarımız var. Əli Əkbər. Buralarda tanınmış biridir. İndi nəsə yazsam, götəgirənlik kimi çıxacaq, yəni elə başa düşə bilərsiniz. Ona görə də Əli Əkbər haqqında öz fikrimi yazmayacağam. Ona bu yaxınlarda kitabımın elektron formasını göndərdim və mənə bu gün öz fikrini yazdı. Sizə olduğu kimi yazıram onun fikirlərini... "Salam. Kitab çap edilməyə dəyər. Redaktədən sonra. İlk addımdırsa, pis deyil. Maraqlı hekayə, dramaturgiya və dinamizm. Çağdaş nəsrin mənə görə üç şərti. Epidtolyar janrda yazmaq cəhdi gördüm. Morua və Sveyqi çox oxumaq lazımdır. Onlar bu janrda, esse janrında necə yazırlar. Monoloqlarda uzunçuluq etmək lazım deyil. Çox oxumaq lazımdır. Yazmağa da hekayələrdən başlamaq lazımdır. Roman forması sonranın işidir. Bu qədər deyə bilərəm."
Deyəcəksiniz ki, ay axmaq, bunun nəyinə sevinirsən? Yox, siz, yəqin ki, belə deməyəcəksiniz. Çünki yalnız bizimkilər ordakı tənqidləri görüb onları mənim gözümə soxa bilər. Açığını deyim, monoloqlardakı uzunçuluğum ona görədir ki, adamın daxili aləminin təlatümlü olmasını, özüylə nə qədər və hər dəqiqə mübarizə apardığını göstərə bilim. Axı bizim beynimizə bir fikir gəlirsə, bəzən aylarla onun haqqında düşünürük. İndi "Qaçış"dakı adam da bu bəlaya mübtəla olubsa, burda mənim günahım nədir axı? Hə, hə, xanım Obama, siz dahisiniz, çox düzgün zənn etmisiniz, mənim kitabımın adı "Qaçış"dır. Məhz bu cür, elə belə. Qaçış. Vəssəlam. Ölü dildə qaçış, evdən qaçış, sevgidən birnəfəsə qaçış filan yox, sadəcə qaçış. Dəbdəbəli adlarla oxucu tora salmaq fikrim yoxdur. Oxunmayacaqsa, cəhənnəmə kimi oxunmasın, ancaq ekzotik, ehtiraslı adlarla oxucuyla məzələnmək fikrindən uzağam.

Belə, xanım Obama. İndi izninizlə sizə kitabdan bir neçə abzası yazmaq istəyirəm. Ən yaxşıları olmayacaq, ən pisi də. Ən yaxşısını kitabı oxuyanda görərsiniz, ən pis isə heç də ağıllı iş deyil, sizi kitabdan soyuda bilər, ona görə də sizə ortabab hissələri yazıb göndərəcəm.
İlk öncə kitabdakı ilk abzası yazacağam sizə. Sonra da ordan-burdan bəyəndiyim yerləri.
" Daxilən əzab çəkən biri ölüm ayağındakı insan kimi gülür. Babam sağ ayağında başlayan və getdikcə bədəninin hər əzasına yayılan xərçəngdən ölməyinə bir neçə ay qalmış arzularından daha çox danışmağa başlamışdı. O arzular ki ayağa qalxıb sərbəst yeriyə bilmədən onları etmək mümkün deyildi. Maşınla gəzəcəkdik, yenə əvvəlki kimi məni kəndin kənarındakı çayda çimməyə aparacaqdı. Ayağındakı gips sarğısının onu aldatmaq üçün qoyulduğunu, xəstəliyinin adını deməsələr də, öləcəyini bilirdi. Amma xatirələrindən, arzularından danışanda gülürdü, gülməyə çalışırdı. Bir neçə ay sonra isə o öldü. Ondamən on iki yaşındaydım. Onun gülüşünü bir də çox illər sonra Aydında gördüm. O da eynən babam kimi gülürdü. Təsəlli gülüşü... İnsanlar özlərini, ya da başqalarını aldatmaq üçün, hər şeyin yaxşı olacağına inanmaq üçün bu cür gülürlər. Ancaq gəl ki, gözlərinin içində, sonsuz dərinliklərdə gizlənən kədər gülüşlərinə əzab qatır, onu cingiltili, təmiz olmağa qoymur, gülüşün boğaza qədər olan hissəsini içindəcə boğur. "

" Yadıma gəlir, ikinci sinifdə müəlliməmin markerlərini oğurlamışdım. Hər dəfə markerlər olan şkafa yaxınlaşıb onları iki-iki, üç-üç götürüb çantamda gizlədirdim. Xoşuma gəlirdi, götürürdüm, mənim üçün belə idi. Qardaşım bunun oğurluq olduğunu deyəndə də qəbul etməmişdim, özümə  haqq qazandırmaq üçün daha çox bəhanə tapmışdım, qardaşımla dalaşmaqla vəziyyətdən çıxmağa çalışmışdım. Bu, çirkinliyini ona göstərən güzgünü şahzadənin qırmasına bənzəyirdi. Ancaq gerçəklər elə bir gücdür ki, müqavimət göstərmək olmur, onun varlığıyla barışmalı olursan. Qaçmaqla olmur, gərək, gerçəkliklərlə dil tapasan. Mən hansı doğrudan qaçmağa çalışdımsa, yaxamı buraxmadı. Başa düşdüm ki, insan özünü tanımasa, gerçəklər kölgə kimi qarabaqara onu izləyəcək. İnsan özünü tanıdıqca sevir, dost. Hər kəsdən gizlətdiyin, özünə belə deyə bilmədiyin fikirlərini, hadisələri beynindən qovmağa çalışmaqla olmur, gərək özünə etiraf edəsən, bir tək o zaman daxili rahatlığı tapacaqsan. "

Bələdçi qadın məni yazmaqdan ayırdı, qapını açıb gözlərini mənə zillədi, başımı qaldırıb ona baxdım. Sarışındır, yəqin ki, saçlarına və qaşlarına rəng qoyub. Dolu bədəndir, döşləri köynəyini yırtıb çıxacaqmış kimi qabağa can atır, bədəninə dar olan köynəyinin düymələri tarım çəkilib, ayaqları balaca, bədənin ağırlığı altında əyilmiş kimidir.  Səsini yaxşı eşitdirmək üçün o süni sarışınlığıyla, köklüyüylə kupeyə daxil oldu, kupe onun ətriylə doldu, darısqallaşdı. Rolunu yaxşı bilən aktyor kimi  üzünün maraqlanan ifadəsiylə nəsə lazım olub-olmadığını soruşdu. Lazım deyildi, etinasız halda başımı aşağı salıb “yox” dedim. İstəmirdim, gözümdəki istəyi görüb daha bir kişinin onu arzulamasından daxili həzz alsın. O da baxışlarıyla "bu qurumsağa bir bax" deyib çıxdı. O, qapını örtən kimi işıqlar söndü. Mən də qaldım qaranlıqda, gözüm öyrəşənə kimi kor-koranə ətrafıma baxdım, sonra hər şey öz yerinə oturdu, gözlərim qaranlığa öyrəşdi. Ancaq artıq işıq yox idi. Qadın getmişdi, işığı da sanki özüylə aparmışdı. Hər zaman belə olmurmu, ey sevgili? Hər qadının gəlişi, bəlkə, həyatımızı daha işıqlı etmir, amma qadının gedişi bizi zülmət qaranlığa qərq edir. Gözlərimiz sonradan öyrəşir yoxluğuna, lakin qaranlıq olaraq qalır həyatımız."

"Günahı öz boynuma atdım. Belədə onun ümid yeri qalmayacaqdı. "Ayırlmaq istəyirsən?" - dedi və susdu. Səssiz hıçqırıqlarını eşidirdim. Lənət olsun, mən göz yaşlarına dayana bilmirəm, çünki onun ağlamağı vəziyyyəti daha da qəlizləşdirir, kor yoxuşa aparır, məni gərginləşdirir. Göz yaşlarının ürəyi yumşaltması sevgidə olur. İndi onun hıçqırtıları mənim üçün ən arzuolunmaz şeyiydi. Nə edəcəyimi bilmirdim. Üzünə telefonu bağlamaq istədim, onda da özünü öldürə bilərdi. Beynimdən bir-bir ehtimalların hamısını keçirirdim. Bəlkə öldürməz. Anası dəqiq biləcək, aləm bir-birinə qarışacaq. Əşşi, cəhənnəmə kimi, nə vaxtsa hamı hər şeyi biləcək, yoxsa yox? Hər şeyi? Bəlkə, bu hər şey olmasın, mən ondan ayrılmayım? Yenidən sevmək? Hə, yenidən sevmək, sevməyə nəsə tapmaq. Problem məndədir, məndə! Mən istəsəm, onu sevə bilərəm? Bəlkə, ona nifrət edirəm deyə seviləcək tərəflərini görmürəm? Yenidən tanıyım onu, onun haqqındakı düşüncələrimi bir kənara atım, yəqin, sevilməyə hələ onda nəsə qalıb. Lənət olsun! Olmasın! Bax, mən rahatam, Narınc gözəldir, məni çox sevir, mənim üçün hər fədakarlığı etməyə hazırdır. Bir kişi bundan artıq nə istəyə bilər ki? Hə, vəziyyəti düzəltmək olar. Amma gərək elə edim ki, Narınc düşünməsin ki, ağladığına görə mənim ona yazığım gəlir və  bu sözləri ona görə deyirəm."

" Bunu neçənci dəfə idi edirdim? Adların heç fərqi yoxdur. Şəbnəm, Nərgiz və ya Aygün... Hamısını beləcə gözləmişdim. Gəlmişdilər, sevişmişdik və getmişdilər. Bəlkə də, qala bilərdilər. Bir seks partnyoru kimi. Amma qalmadılar. Bir-birimizin yanında qalmaq üçün çox az səbəbimiz varıydı. Bəzi qadınlar bir yel kimi gəlib keçmişdi. Gəldiyi yeri bilinən, ancaq hara getdiyi bilinməyən. İlk sevişmələrini ilk sevgililəriylə etmişdilər. Sonra ayrılmışdılar. Buzun üstünə çıxmış kimi olmuşdular, ordan-ora sürüklənirdilər, bir kişinin qollarından başqasına atılırdılar, qərar tuta bilmirdilər. Mən onların zəncirindəki kişilərdən sadəcə biri idim. Bir gecəlik, bir həftəlik və ya bir neçə saatlıq... İndi də Nərgizin zəncirinin bir həlqəsi olmaq üçün gözləyirəm... Penisimin dili olsaydı, ondan başıma niyə bu oyunu açdığını soruşardım. Bu fikir ağlıma batdı. Görünmürdü, amma oyağıydı. Seks haqqında düşünməyi bir müddətlik kənara atıb, şalvarın altından da mənimlə dialoqa girə bilərdi.
- Nə?
- Nə var?
- Deyirəm, yenə sənin poxuna keçmişəm.
- Aydın bəy, siz mənim poxuma keçməmisiz, əksinə mən sizin zibilinizə düşmüşəm. Yenə məni kimliyi bilinməyən birinin içinə salacaqsınız. Mən də başımı məcburən yenə zibilliyə soxmalı olacam. Barı soruşdunmu, bəlkə, aybaşıdır?"


""Lifciyimi çıxar" - dedi. Bu da işdir? Guya mən bilmirəm onun lifciyini çıxarmalıyam? Amma bu lənətəgəlmiş şeyi özü çıxarsa olmazdı? Əllərimlə lifciyinin cəftələrini açmağa başladım. Gülmə mənə, sevgilim. Mən ona cəftə deyirəm. Cəftəni açmaq... Elə bil qapı-zad açırıq. Amma qarmaq da deyirlər, ilgək deyənlər də var. Adının fərqi yoxdur, qarmaq, cəftə, ya da ilgək. Əsas odur ki, bu zibilin mən üçüncüsünü aça bilmirəm. Heç vaxt alınmayıb. Görə də bilmirəm, hər dəfə sevişəndə bu mərhələdə ləngimə olur. "

" Bir gün mənə rast gəlsən, yəqin ki, susqun gözlərinlə mənə baxacaqsan və məni qınayacaqsan. "Əvvəlcə Narınc" - deyəcəksən, - "sonra da Şəms. Nə etməyə çalışırdın axı?" Onda mən susacağam. Amma içimdə bir ümid var ki, məni başa düşəcəksən. "Belə-belə işlər, Aydın bəy" - deyəcəksən. Ya da ,bəlkə, bir yazar olacağam, kitabımın təqdimatında üz-üzə gələcəyik. Əlində kitabım, avtoqraf almaq üçün mənə yaxınlaşacaqsan. Mən kitabı imzalayanda sən məni süzəcəksən, başımı qaldıranda baxışlarımız toqquşacaq, kitaba nə yazdığımdan isə xəbərsiz olacaqsan. Səni tanıdığımı hiss edəcəksən, kitabda yazdığım avtoqrafı oxuyanda isə onun sən olduğuna əmin olacaqsan. Əsərimi başa düşəcəksən, amma məzələnəcəksən. Zarafat xətrinə. Bir gün mübahisəmiz düşəcək, gözlərin dolmayacaq, ağlamayacağını bilirəm. Sənin göz yaşların yanaqlarına axmır. Yox, sən ağlamayacaqsan. Mənim yanımdan getmək istəməyəcəksən və ağlamayacaqsan. Səni yanımdan qovanda da getməyəcəksən, "özün sikdir get, qapı ordadır" deyəcəksən və məni öz evimdən qovacaqsan. Üç gün, ya beş, ya on.... Bir ay, ya da beş ay... Geriyə qayıtdığımda səni orda tapacağam. Buraxıb getdiyim yerdə. Səssiz qəbul edəcəksən məni, sual verməyəcəksən, sorğulamayacaqsan. Onda mən də suallarla sənin zəhləni tökməyəcəm. "Anarla hələ də danışırsan?" sualını verməyəcəm, gözümün içinə baxıb yalanlar demək məcburiyyətində olmayacaqsan, özünü özündən gizlətməyəcəksən. İnsan bəzən özü-özünü aldadır, sevgilim. Anar hər zaman varıydı. Məndən üç il qabaq da varıydı, məndən sonra da olacaq. Onların dediyi hər şeyi mən də bilirəm. Anarın sevdiyi insanı qoruma hissinin güclü olması, qulaq asması, hirslənməməsi, həmişə hər şeyi qəbul etməsi qadınların xəyal edəcəyi bir şeydir."

"Yuxuda ölmək istəmirəm, düzü. Heç öləcəyimi də gözləmirəm. Bəlkə də gənc olduğuma görə ölüm mənə bu qədər uzaq görünür, onun məni alıb apara biləcəyinə inanmıram. Heç vaxt ölümü hiss etməmişəm, sevgilim. Ölmək istədiyim vaxtlar olub, amma bu, mənə nəsə başqa cür təsir bağışlayıb. Canını qurtarmaq kimi, məsələn. Ölmək istəmək ölümün səni qəfil yaxalamasından fərqlənir. Birində ölüm yüngüllük vəd edir, digərində isə qorxu. Bir filmdə görmüşdüm, qadın xərçəng olur və əri dayanmadan təcrübələr apararaq xərçəngin müalicəsini tapmağa çalışır. Bütün gününü laborotoriyada keçirir, meymunun üstündə müşahidələr aparır, hətta gecələri də evə gəlmir. O, xərçəngin müalicəsini tapdığı anda isə qadın evdə tək-tənha ölümlə boğuşur və ölür. Deyilməmiş sözlər, yaşanmamış günlər və ömür boyu sürəcək peşmanlıqlar qalır kişiyə. Bəzən nəyinsə qarşısını almaq mümkünsüzdür, sadəcə əlindəki günləri dəyərləndirməlisən. "Nə fərqi var, onsuz da öləcəksən?" demə, sevgilim. Bunu deməyəcəyini də bilirəm, çünki sən məni başa düşürsən."

P.S. Mənə maddi yardım etsəniz, sizə Minnətdar olaram, xanım Obama. Xərc də sizin, gəlir də sizin. Özü də tamamilə. Gecəniz xeyrə.



Hiç yorum yok:

Yorum Gönder

Axtar