25.06.2015

Çe Gaveranın son sirri







İlk olaraq onu deyim ki, ilk dəfədir ki, telefonla bloq yazısı yazıram. Bu, bilirsinizmi, nəyə bənzəyir? Çap maşınında yazmağa. Çünki yazdıqca eynən ondakı kimi telefonun ekranı soldan sağa sürüşür, və ya əksinə. 
Şəkildəki kitabı Şəmkirdəki Heydər Əliyev mərkəzindən götürmüşəm. Bəli, orda iyirmi minlik kitabxananı görəndə mən də sizin qədər təəcüblənmişdim. Hələ burda Ağalar Məmmədovun, Sartrın, Rasim Qaracanın, Voyniçin kitablarını görəndə gözüm kəlləmə çıxmışdı.Şəxsiyyət vəsiqəsini qoymaq şərtilə 15 günlük götürülməyə icazə verilən 3 kitabdan biri Çe Gaveranın son sirri oldu.
Söhbət Məhəmməd Süleymanovdan gedirsə, google mütləq açıq olmalıdır.
Bəzən bir cümlədə iki dəfə google lazım olur. Təbii ki, yadımda qalmayan şeylər çox olur. Ancaq bu məni həyəcanlandırmır. Gəncəm, qarşımda hələ uzun bir ömür var. Oxumaqla keçəcək ömür. Çox güman ki, bu templə getsəm, ordakı məlumatların bir çoxundan hali olacam. Ancaq indi yadımda qalmırsa, bu, fəlakət deyil.
Kitab Məhəmməd Süleymanovun ayrı-ayrı vaxtlarda yazdığı məqalələrin toplusudur. Ancaq məqalələr elə nizamlanıb ki, kitab adama dövrlərin müxtəlif ölkələr üzrə təsviri təsiri bağışlayır. Kitab Çe ilə başlayır. Bu gün də Sol inqilabının üzü olan Gevara ilə. O, kapitalizmə qarşı vuruşurdu. Ancaq indi onun şəkillərindən, onun haqqında çəkilən filmlərdən, reklamlardan ən çox pulu da elə kapitalistlər qazanır. Kapitalizmin çirkinliyi də bəlkə elə burasındadır. Pul gətirən hər şey yaxşıdır. Düşmənləri olsa belə. Bəlkə də, yaşamağın vacib qaydasıdır. Gəlir üçün mümkün olan hər şeyi etmək. 

1967-ci ilin 7 oktyabr günü Çe artıq təslim olmaq üzrədir. Müəllif bir gün qabağa qayıdır. Ordan da Çenin gündəlik qeydlərinə. Çe hər gün gündəliyində qeydlər edir, hətta döyüş günü də. Nikbindir, bəlkə də özünü aldadır. Müəllif psixoloji hala diqqət çəkir. Çe niyə təslim oldu? Ordan Deniz Gezmişə də keçid edir. Axı niyə təslim oldular? Müəllif deyir ki, aclıq və yorğunluq sinir mərkəzləri tərəfindən tənzimlənən bir şeydir. Deməli, hər iki inqilabçının təslim olması bununla əlaqədardır. Onlar həm yorğun və ac idilər. Mühasirədəydilər və yolları yoxuydu. Ancaq ölümü yox, təslim olmağı seçdilər. Burası ayrı bir mövzudur ki, bəlkə də Deniz Gezmiş o an orda ölsəydi, bu qədər məşhur olmayacaqdı. Çünki əzab müddəti nə qədər uzanırsa, məşhurluq o qədər artır. Deniz Gezmişin həbs müddəti də onun məşhurluğunu pik həddə qaldırdı. Jurnalistə həyatını danışmaq imkanı oldu. Bundan da Deniz Gezmişin həyatından bəhs edən müəllifi həmin jurnalist Savaş Ayın olduğu kitab yazıldı. Deniz Gezmiş son məktubunu yazdı, musiqi dinlədi. Hər hərəkəti dillər əzbəri oldu. O cümlədən, Çenin sorğusuz-sualsız güllələnməsi diktaturaya nifrəti artırdı. Axı o təslim olmuşdu. Heç özü də öləcəyini gözləmirdi. Bu, onun gündəliklərində də öz əksini tapır.  Müəllif ümumiyyətlə, inqilabın partizan, yəni zor gücünə olmasına xüsusi diqqət çəkir və önəmini qəhrəmanlarının diliylə vurğulayır. Mən isə qətiyyən bunu qəbul etmirəm. Mən Cin Şarpçıyam. Partizan mübarizəsi, silahlı mübarizə, zor əslində diktatorun istədiyi hərəkətdir. Heç bir halda heç bir qruplaşma dövlətdən daha güclü silahlana bilməz. Polislər, texnikalar, agentlər, gizli polislər, ordu və s. və ilaxır. Heç bir zaman ağlabatan deyil. Və Çe və Denizin taleyini yaşamayacaqlarına heç kim qaranti vermir. Biz insanıq. Psixoloji faktorlar önəmlidir, deməli, təslim ola bilərlər, ya da satıla. Azmı oldu Çenin satılan yoldaşları? Özləri indiyə qədər Çenin yanında olmaqlarından doğan məşhurluqla yaşayırlar. Çeyə isə çoxdan xəyanət ediblər. Elə ideyalarına da.
Partizan mübarizəsi qalib gəlsə belə, bu da zor gücünə baş vermiş bir şey olacaq. Demokratiyanın təməl prinsiplərinə isə ziddir. Əgər Sol mənim nəzərdə tutduğum demokratiyanı nəzərdə tutursa. Həm güclü partizan dəstəsi, hətta xalqın köməyi vətəndaş müharibəsi deməkdir. Onda xarici qardaşlar sülhməramlı məqsədlə ölkəni işğal etmək üçün gələ bilərlər. Bundan yaxşı nəsə gözləmək sadəlövhlük olar. Necə ki, illərdir bizim ölkə buna ümid edir. ABŞ  Dövlət Departamentinin xırda bir tənqidi bizimkiləri qanadlandırır. Heç Red Bulla da ehtiyac yoxdur. Ancaq qəbul etmirlər bizimkilər. Etməsinlər. Qoy, ümid etsinlər. Ümid yaxşı şeydir.
Məhəmməd Süleymanovun dili qəliz olduğu qədər canlıdır. Kitabı oxuduqca mən Çe Gaveranı gündəlik yazdığı yerdə müşahidə etdim. Başının üstündə, sağ tərəfində. Uzun saçları bir az dağılıb, sağ çiyni stola doğru əyilib. Siqar isə özü üçün bir kənarda tüstüləyir. Çeylə birlikdə qadına 50 peso verdim və qadını Çenin yanından ayrılıb gizlicə öldürmək istədim. Erdal Erenin şəninə yazılan Son Bakış-ı dinlədim, Şafak Türküsünde Ahmet Kayanın hayqırışları qulaqlarımda cingildədi. İndiyə qədər sevdiyim Jorj Sandı danladım. Sən burjuaziuanı tənqid et. Ancaq inqilaba da nifrət et. Və təhqirlər yağdır. Floberi əclaf elan etdim, Hüqonu təkrar sevdim, səfillərdəki barrikada təsirləri yadıma düşdü, yenidən Jan Valjana Mariusu daşımaqda kömək etdim. İnqilabın metodikasına təkrar nəzər saldım, Erik Xofferin kitabını oxumağı qarşıma məqsəd qoydum. Düdənginski haqda fikirlərim qarışdı. Onun haqda öyrənməyə özümə söz verdim. Amma kapitalizmdən əl çəkə bilmədim. Bəlkə, daha çox tamahkaram. Bilmirəm. Ancaq dövlətin nəfəsi hiss olunan hər şey mənim ürəyimi bulandırır. Dövlət nə qədər çox nəzarət edirsə, diktaturanın yaranması bir o qədər realdır. Bu qədər. Ümid edirəm kitab əlinizə keçəcək və siz də mənim kimi kitabı bir günə acgözlüklə oxuyacaqsınız, onu yaşayacaqsınız, hissləri beyninizə hopduracaqsınız.

Hiç yorum yok:

Yorum Gönder

Axtar