7.09.2016

Kim Ki Dukun "Pieta"sı

Filmlər haqqındakı ilk yazım Kim Ki Dukun “Pieta” filmi haqqında olacaq. Bu, həm də Kim Ki dukdan baxdığım ilk filmdir.

 Cənubi Koreyanın bir şəhərində dəmir alətlər hazırlayan xırda sexlərdən biri... Bir azdan borc sahibi gələcək. Bu, əslində borc deyil, faizdir. Və faizlər o qədər yüksəkdir ki, borclunun götürdüyü üç min  dolllar bir ayın içində otuz min dollara çevrilir. Vədə tamamdır və artıq borclunun otuz min dollar borcu var. Belələri çoxdur. Və borcun yığılma qaydası da fərqlidir. Ya borcu yerindəcə ödəyirsən, ya da... İkincinin daha real olduğunu həm borc alan, həm borc verən bilir. Sığorta şirkətiylə borc verilməmişdən qabaq müqavilə imzalanır. Şikəst qalan hər müştəriyə görə otuz min dollar ödənilir. Borcları toplayan isə işini bilən və soyuqqanlı biridir. Hər səhər durur, borcluya zəng edir və onun obyektinə gedir. İlk getdiyi yerdə iki sevgili balaca bir sexdə işləməyə çalışırlar. Artıq bütün belə sexlərdə iş dayanmış vəziyyətdədir. İş verənlər daha çox iri sexlərlə işləyirlər. Bazar yoxdur, pul da yoxdur. Bir-birini qınayırlar.Qız oğlanı borc almaqda günahlandırır, oğlan isə pulu biryerdə xərclədiklərini deyir, hətta pul tapmaq üçün qızı belə satmaqdan çəkinməyəcəyini etiraf edir. Çünki bir azdan şikəst qalacağını bilir və qorxur. Məhz bu qorxudandır ki, tezbazar sevgilisiylə cinsi əlaqəyə girməyə tələsir. Bəli, sadəcə cinsi əlaqə. Heyvanlarınkından heç bir fərqi yoxdur. İçkiyə görə ailəsi dağılan adamın daha çox içməsi kimi, çıxış yolu olmayan oğlan ipin ucunu itirir və qorxularını azca da olsa azaltmaq üçün batdıqca batmağa qərar verir. Borcu toplayan gəlir. Cinsi əlaqə isə yarımçıq qalır. Döyülməyin ən təhqiredici formasıdır birini şillələmək. Borclu yalvarır, amma borc toplayan qəddardır. Hətta qız sevgilisini çölə itələyir, sexi bağlayır və onun qarşısında soyunaraq özünü borc toplayana təslim edir. “Nə edirsən et mənə, amma bircə onu şikəst buraxma. O, şikəst qalsa, biz batarıq, acından ölərik” deyib yalvarır. Amma bu yalvarışlar döyülməkdən başqa heç nəyə yaramır. Və borclu oğlanın əli dəmir alətin arasında şikəst qalır. İş qəzasıdır və artıq sığorta şirkəti onların borcu olan otuz mini ödəməlidir. Növbədə borc dəftərində adı olan başqa biridir. Ancaq bu dəfə borc toplayan oğlanın arxasınca bir qadın düşüb.
Səhər tezdən qapını döyüb onun evinə girib evi yığışdırmağa çalışıb. Hətta oğlanın onu şillələməsinə səsini çıxarmayıb. Oğlan artıq onun arxasınca səssiz-sədasız gələn bu qadını görür, amma görməməzlikdən gəlməyə çalışır və sexə girir. Yenə xırda bir sex və onu işlədən bir oğlan. Yanında anası əyləşib. Oğlan anasının könlünü almağa çalışır. Qəfildən bəla gəlir. Anasının yanında döyülmələr, şillələnmə başlayır. Uzaqdakı qadın isə qəddar borc toplayanın bu hərəkətlərini səssizcə seyr edir. Borclu anasının gözünün qarşısında onu vurmaması üçün yalvarır, anasına üzünü o tərəfə çevirməsini deyir. Və soyuqqanlı borc toplayan borclunu yarımçıq bir tikiliyə gətirir. Qadın kənardan yenə seyr edir. Sakit-səssiz. Qorxduğu hiss olunmur, amma gözlərində kədər var. Oğlan öz işindədir, hündürlüyü ölçür, çünki şikəst qalmaq lazımdır. Ölmək sığorta şirkətiylə məsələni qəlizləşdirəcək. Növbəti şikəst qalan biri və növbəti həll edilən borc məsələsi.
Sıra beləcə uzanır. Kimisi borc alıb dəli kimi pulu xərcləyir, çünki sonda özünü öldürəcəyini bilir, kimi şikəst qalmaqdansa, ölməyi üstün tutur. Və qadın oğlanın həyatına yavaş-yavaş girir. Təhqirlərə dözərək, imtahanları keçərək. Oğlan artıq bu səssiz qadının onun anası olduğunu qəbul edir. Artıq işləməyi də mümkün deyil. Çünki intiqam hissindən qorxur, həm qəddarlığı da azalır. Ancaq ortada nəsə müəmma var. Qadın durmadan toxuduğu jaketi oğlunun əlindən dartıb olur Bu, oğlunun ad günü hədiyyəsi deyil. Bəs onda kimindir? Filmin kuliminasiya nöqtəsi də burda başlayır. Qadın intiqam almaq üçün bu rola girib. Özünü öldürən borc sahiblərindən birinin anasıdır. Yaxınını itirməyin intiqamını alacaq. Həm də oğlana yaxınını itirməyin nə demək olduğunu göstərərək. Amma oğlan kimsəsizdir. Və bunun üçün ona əvvəlcə bir ana lazım idi. Həmin ana da bu qadındır. Oğlanın əziyyətli günləri başlayır. Anası qəfildən çıxıb gedir və oğlan borc siyahısındakı hər kəsə baş çəkməyə başlayır. Kimin intiqam aldığını öyrənmək üçün. Məhv etdiyi həyatları görür. Şikəst qalanları, sürünənləri, səfil yaşayanları, özünü öldürənləri, anaları... Ancaq qisas hələ tam başa çatmayıb. Ana doğma oğlunu basdırdığı yerdə qatildən intiqamını alacaq. Oğlan anası roluna girən qadının qaçırıldığını düşünür. Və yerin şəklini telefonunda görür. Anası göndərib. Anasının qışqırıqlarını eşidib, özünü həmin binaya çatdırır. Ana yuxarı mərtəbədə dayanıb qışqırır, ağlayır, onu öldürməmələri üçün arxasında dayanan naməlum adama yalvarır.
Borc toplayan oğlan da aşağıdan həmin naməlum adama yavarmağa başlayır. Başını və dizlərini yerə qoyur, ağlayır. Əslində isə qadının arxasında heç kim yoxdur. Qadın yad biridir və bir azdan öz qisasını əsl oğlunun qatilindən alacaq. Oğlan isə heç nədən xəbərsizdir. O, yuxarıda ağlayan qadını anası bilir, onu sevir və itirməkdən qorxur, onsuz yaşaya bilməyəcək çünki. Qadın isə qəfildən özünü yerə atır. Oğlan meyidi görür. Amma bu meyid başqası deyil. İlk dəfə bir doğması oldu, ilk dəfə birinə ürəyi isindi, həyatını anasına bağladı.
İndi isə onun meyidi qarşısındadır. Yaxınını itirməyin əzabı onun üstünə çöküb. O da qadın kimi edir. Yaxınını itirməyin əzabına dayana bilmir, özünə rəva bildiyi ən əzablı ölümü seçərək həyatına son verir.

Hiç yorum yok:

Yorum Gönder

Axtar