Filmə baxmağa
başladığımda bir gözüm telefonda idi. Ara-sıra gələn bildiriş səsləri diqqətimi
yayındırırdı, daha doğrusu, telefonu mənim üçün filmdən daha maraqlı edirdi.
Amma uzun sürmədi. Filmin gücü qalib gəldi, bildiriş səslərini vecimə almadan
diqqət kəsildim kinoya. 28 ildir yatağa məhkum kişinin üzündəki o təbəssüm
yavaş-yavaş məni bu soyuq otaqdan alıb apardı öz yanına.
Okeanı sevirdi və
xəyallarında uçurdu okeanın yanına. Ancaq hər şey xəyallarında və yuxularında
mümkün idi. Çünki 28 ildir yatağa məhkum, başqalarının köməyinə tamamilə möhtac
halda yaşayırdı. Tez-tez dilə gətirilən “əlillərin həyata bağlılığı, cəsarəti”
kimi fikirlərin əksinə olaraq, eftanaziyanı arzulayırdı bütün gücüylə. Çünki
baş nahiyəsindən başqa heç bir yeri işləmirdi və hiss etmirdi. Özünün tez-tez
dilə gətirdiyi kimi qürurlu ölümə can atırdı. Əhvalatı eşidib yanına gələnlər,
yaxınları onun fikrindən daşındırmağa çalışırdı. İnsafən, filmdə qəhrəmanın “məni
sevən qadın mənim ölməyimə kömək edəcək qadındır” deməsinə rəğmən, biz də heç
bu cəsarəti göstərə bilməzdik. Sevginin böyüklüyü onun ölməyini istəməkdir.
Çünki o anlıq hisslərə qapılmayıb, əsəbi deyil, daim üzündə başda yazdığım o kədər
dolu saf təbəssüm var. Sadəcə başqa çıxış yolunun olmadığını bilir. Qardaşının
məhkum kimi yaşamasını da bilirdi. Səbəb yenə o idi. Qardaşı da dənizi sevirdi,
ancaq sırf ona baxa bilmək üçün arvadıyla darısqal tarlada əkib-becərirdi. Çox
sevdiyi dənizdən imtina edərək.
Vəkili olan qadın
da onu fikrindən daşındırmağa çalışırdı. Ancaq ta ki, onun özü də əlil
arabasına məhkum olana qədər. Və bu hadisə onları daha da yaxınlaşdırır. İki
sevgili kişinin bir vaxtlar yazdığı əlyazma şeirlər kitabı çap olunandan sonra
birgə ölməyə qərar verirlər. Ancaq qadın hər zaman qadındır fikrinin filmdə
özünü göstərməsi tamaşaçıda qadına yaranmış rəğbəti alt-üst edir. Məqsəd
kişinin şeirlərinin çap olunmasına razılıq almaq imiş. Qəhrəmanımız bunu
kitabın ilk nüsxəsini qadının deyil, poçtalyonun gətirməsindən sonra, daha
doğrusu, qardaşı oğlu bağlamanı açanda orda öz kitabını və kitabın arasından
yerə düşən məktubu görəndə başa düşür. Əlbəttə, həyat şirin şeydir ölmək nə qədər
qürurlu olsa da. Rejissor sonda qadını cəzalandırır. Qorxaqlığının cəzasını
yaddaşını itirməklə, heç kimi tanımamaqla və sadəcə mənasız bir halda gülümsəyərək
ödəyir. Qəhrəmanımız isə eftanaziya barəsindəki son məhkəməni də uduzur. Heç bu
məhkəməyə getmək fikri də yox idi, çünki prosesi vaxt itkisi hesab edirdi. Vaxt
anlayışı da fərqli idi. O, 28 il itirmişdi və daha itirəcək vaxtı qalmamışdı.
Ancaq baldızı ona “bunun sənə xeyri olmayacaq, ancaq səndən sonrakılar üçün
vacib ola bilər” deməyi həm də bu yolda onun boynuna sonuncu yükü qoymuşdu.
Hakimlər “yox” deyir, əlbəttə ki, din də “yox” deyir. Özünü öldürmə istəyinə
qanunla izn verilsə, Tanrının hökmranlığı daralmış olardı axı. Ancaq ona yardım
etmək istəyənlər artıq yetəri qədərdir. Çatışmayan sonuncu adam bir qadındır. Həyatdan
ümidini üzmüş, ancaq qəhrəmanımıza olan sevgisiylə yenidən özündə güc tapmış və
onu öldürməyə cəsarət edəcək qədər çox sevən bir qadın. Vəkil və bu qadın
arasında seçim etməlidir – deyə düşünmüşdüm bu iki qadının arasındakı rəqabəti
ilk başlarda görəndə. Vəkili seçəcəyinə inanmışdım, hətta istəmişdim. Çünki tərəzinin
bir gözündə uğurlu və gözəl vəkil, digər gözündə isə qaraşın, uğursuz və o qədər
də gözəl olmayan həmin qadın. Ancaq tərəzinin ikinci gözü ağır gəldi. Birinci vədinə
xəyanət etdi, ucuz və sadəcə nəfəs alıb-verə bilən bir bədəndə yaşamağı üstün
tutarkən, ikinci sevgisini isbatladı. Çünki ən doğrusunu etdiyinə əmin olmuşdu.
Bir stəkan zəhərin
hazırlanmasında onun ölümünü gerçəkləşdirən hər kəs iştirak edir. Biri stəkanı
gətirir, digəri suyu doldurur, bir başqası zəhəri suyla qarışdırır. Son olaraq
qadın stəkanın içinə çubuğu qoyur. Beləliklə, məhkəmənin qarşı çıxdığı ölümdə
konkret kimisə günahlandırmaq mümkün olmayacaq.
Film İspaniya
istehsalıdır. 2004-cü ilin sentyabr ayında işıq üzü görüb. Söhbət 2005-ci ilin
“ən yaxşı xarici film” nominasiyası üzrə Qızıl Qlobus mükafatının qalibi
orjinal adı “Mar adentro”, türkçə “İçimdeki deniz” adlı filmdən gedir. Filmin
rejissoru da, ssenaristi də Alejandro Amenabardır. Əlbəttə ki, filmə baxmaqla nəsə
itirməyəcəksiniz, amma bir şeylər öyrənmək, ya da film boyunca hisslərinizin əsirinə
çevrilmək istəyirsinizsə, baxmağınız məsləhətdir.
Hiç yorum yok:
Yorum Gönder