Vatslav Havel
çex yazıçısı, dissidenti və dövlət xadimidir. Və Havel 1989-da demokratik dəyişiklikdən
sonra Çexoslovakiyanın ilk prezidenti olub. Bu, onun azərbaycan dilinə tərcümə
olunmuş ikinci kitabıdır. Kitab özü mütləq oxunmalıdır. Mən ordan ancaq elə
qeydləri seçib yazmışam ki, bu, bizə aiddir. Senzura əlimi-qolumu bağladığına
görə mən bu haqda çox şey yaza bilmirəm, güc sizin üstünüzə düşür. Oxuduğunuz hər
qeyddə bizim ölkəylə müqayisələr aparmalı və ordakı halın bizdəki hansı vəziyyət
olduğunu tapmalısınız. Kitab tutduğu yolda inamını, savadını və gücünü artırmaq
istəyən insanlara şiddətlə tövsiyə olunur.
“Susqunluğun
anatomiyası” (aprel 1985) müəllifin qeydinə görə “Amsterdamda keçiriləcək və mənim
iştirak edə bilmədiyim sülh konfransında təqdim edilməsi, həm də Surkamp nəşriyyatı
tərəfindən hazırlanan və Avropa kimliyinə həsr edilmiş esseler toplusunda dərc
olunması üçün” qələmə alınıb. Bu esse çex dilində ilk dəfə 1985-ci ilin
aprelində “Obsah” samidat jurnalında, ingilis dilində isə elə həmin il
Stokholmda “Xartiya 77” təşkilatının pamfleti qismində (“Çexoslovakiyadan səslər”)
işıq üzü görüb. Sonradan bu esse Yan Vladislavın redaktəsilə “Vatslav Havel və
ya həqiqətlə yaşamaq” adı altında oxuculara təqdim olunub. Esse Erazim Kohakın
ingilis dilinə tərcüməsi əsasında Azərbaycan dilinə çevrilib.
“Bəlkə də
bilməyiniz vacib olan şey bizim yaşadığımız yerlərdə “sülh” sözünün öz məzmununu
çoxdan itirməsidir. Son 37 il ərzində Çexoslavakiyanın bütün mümkün inctimai məkanlarında
“Vətənimizin rifahı sülhü gücləndirir” , “Sovet ittifaqı dünya sülhünün
zaminidir” , “Xalqımızın daha da sülhsevər əməyi naminə!” kimi şüarlar gözə dəyir.
Son 37 il ərzində bizim qəzetlər və mətbuatımız eyni çeynənmiş sülh təbliğatı
ilə doludur. Son 37 il ərzində vətəndaşlarımın bu köhnə sülh şüarlarının
yazıldığı plakatları icbari nümayişlərdə daşımağa məcburdur. Son 37 il ərzində peşəkar “sülh fəalı” kimi
ad çıxaran və rəsmi təbliğatı təkrarlamaqda mahir olan bəzi hiyləgər fərdlər
dövlət hesabına “sülh turizmi” ilə məşğul olurlar. Bir sözlə, son 37 il ərzində
“sülh uğrunda mübarizə” də yaşadığımız
sistemin ideoloji fasadının tərkib hissəsinə çevrilib.
Lakin hər bir vətəndaş öz şəxsi təcrübəsinə
dayanaraq çox yaxşı anlayır ki, bu rəsmi fasad tamamilə fərqli reallığı, insanı
ruhdan salan acı gerçəkliyi gizlədir. Bu gerçəklik mərkəzin hər şeyə, əhalinin
isə heç nəyə qadir olmadığı totalitar dövlətdə insan həyatının xarabalığıdır.”
Ölkəmizdə rəsmən
dəstəklənən “sülh uğrunda mübarizə” görəsən, kimə qarşı yönəlib? Əlbəttə ki, Qərb
imperialistləri və onların silahlarına qarşı. Yəni, bizim ölkəmizdə “sülh” sözü
Sovet blokunun siyasəti və onun Qərbə olan birmənalı mənfi münasibəti ilə üzvi
şəkildə birləşib.”
“Bəli, fərqli
ölkələr, fərqli adətlər... Əcnəbi oxucuların diqqətinə çatdırmaq istərdim ki,
biz, həqiqətən də, fərqli adətləri olan ölkədə yaşayırıq. Burada nüvə raketlərinə
qarşı çıxmaq dissident olmaq deməkdir. Belə bir addım atmaq insan həyatının
kökündən dəyişməsinə bərabərdir. Bu, həbs cəzasını insan taleyinin qaçılmaz bir
hissəsi kimi qəbul etməkdir. Bu, bizim ölkədə vətəndaş üçün olan-qalan azsaylı
imkanlardan dabir andaca məhrum olmaq deməkdir. Bu, davamlı olaraq hər gün qapı
zənginin qəfil çalınacağı qorxusu ilə yaşamaqdır. Bu, mikroskopik özünəqəsd
paktı bağlamaqdır. Bu, ətrafındakıların sənə qarşı lal rəğbəti, amma həm də sənə
qarşı lal təəccübüdür: bir insan dəyişməsi mümkün olmayan bir şey üçün niyə bu
qədər risk etsin?”
“Bəs bütün
bunlar haqqında bizim balaca yorğun çex nə düşünür? Onun hər zaman bildiyi bir
daha təsdiq olunur: sülh və müharibə məslələri müstəsna olaraq cənab Qorbaçov və
cənab Reyqanın ixtiyarındadır. Axı o, bu məsələyə öz töhfəsini necə verə bilər?
Sadə vətəndaş onların fikir dünyasına necə daxil ola bilər? Onların viski məclisinə,
qolf oyununa necə qoşula bilər? Bu sadə vətəndaş ilboyu pul topladığı və səbrsizliklə
gözlədiyi Yuqoslaviyada ikihəftəlik məzuniyyətinin olub-olmayacağına qərar verən
pasport qeydiyyat idarəsindəki ən xırda məmurun fikirlərini oxuya bilmir. Həmin
vətəndaşın Reyqan və Qarbaçov arasında yüksək səviyyəli razılığı heç də “sülhə
doğru atılan vacib addım” kimi yox, özünə qarşı qurulan növbəti tələ kimi qəbul
etməsi hələ də təəccüb doğurur?”
“İnsan məhsulu
olan hər hansı ideya sanki bir şkiv kimi bizi şəxsi məsuliyyətin və əbədi kədərin
yükündən necə azad edə bilər? Bunlar ki sadəcə illuziyadır!
Bu əqli qısqapanmaya əyani misalları – bəziləri
kədərli, bəziləri faciəli, bəziləri isə sadəcə dəhşətli – tarixdən gətirmək
olar: Marat, Robespyer, Lenin, Baader, Pol Pot. (Mən bu siyahıya Hitler və
Stalini bilərəkdən əlavə etmirəm, əks təqdirdə hər bir cinayətkarı
sadalamalıyam). Lakin mən bu səpkidən olan fanatiklər barəsində o qədər də
narahat deyiləm. Məni daha çox narahat edən bu utopik (və eyni zamanda
totalitar) virusların yumşaq cazibəsidir. Əlbəttə, daha yaxşı dünya baərsində
görüşlər və xəyallar həqiqi insanlığın təməl aspektlərindən biridir: onlar
olmazsa, insan həyatı öz mənasını, ləyaqətini və insaniliyini itirər. Ona görə
də insanların daha yaxşıya tez çatmaq üçün qısa yollar axtarması təəccüblü gəlməməlidir.
Hər gözəl xəyalın çəyirdəyində dağıdıcı bir toxum gizlənir.
Hər şey sadəcə “kiçik bir detaldan” – ideya
insan olmanın transendent ölçüsünü tapdalayaraq onu əvəz edən an, daha yaxşı
bir dünya üçün hazırlanmış məhsul insan məsuliyyəti və kimliyi ələ keçirməyə
başlayan an, mücərrəd bir ideal insana qulluq etmək əvəzinə onu özünə tabe
etdiyi an – məhz bu fatal məqamda çürüməni görməkdən asılıdr.”
“Bizim
insanalr özlərindən soruşur: görəsən, qərbli sülh fəalları da onlara eyni
utopiyaları təklif etməyə gəliblər? Gündəlik səksəkəli və yorucu mövcudluğun
bataqlığında sürünən, guya öz rifahı naminə bürokratik güc tərəfindən əzilən
Çexoslovakiya vətəndaşları növbəti “parlaq gələcək” vədləri eşidəndə, təbii ki,
inanmırlar. Onlar düşünür: görəsən, bu dəfə kim bizə yeni utopiyalar vəd edəcək?
Bu dəfə kim bizə ən xoş niyyətlərlə yeni fəlakətlər hazırlayır? Sabah iş yerimdə
daha yaxşı dünya naminə müdirimin mənə nə kələk gələcəyini bilmədiyim halda,
axı nəyə görə mən bəşəriyyətin xilası uğrunda özümü təhlükəyə atmalıyam? Məgər
şəxsi problemlərim özümə bəs etmirmi? Azad xalqların demokratik Avropası, tərksilah
olmuş və sülhpərvər qitə haqqında xəyallar qurmaq, bu xəyalları sadəcə
pıçıldamaq üstündə həbsxanaya mən gedim, amma cənab Qarbaçov qolf oynamağa
davam etsin? Avropanın platonik yenidənqurma planları uğrunda boşuna çalışmaq əvəzinə,
olmazmı ki, ən azından bu bataqlıqda öz həyatımı ləyaqətlə yaşamağa cəhd edim və
övladlarımın qarşısında utanc hissi keçirməyim? Qərbli sülh fəalları məni təhlükəli
işlərə cəlb edib, sonra da sabah hardasa Hannoverdə mitinq keçirməyə getsinlər,
mənim taleyim isə dövlət təhlükəsizliyi orqanının insafına qalsın? Axı onlar məni
nəinki işdən çıxara, hətta övladlarımın gələcəyini də məhv edə bilərlər.”
“Hansı
ideyaları insanlar sui-istifadə edə bilər, hansıları edə bilməz!”
“... biz çox yaxşı
anlayırıq ki, özünə həddən artıq ciddi münasibət bəsləyən şəxs sonda gülüş hədəfinə
çevriləək, özünə gülməyi bacaran şəxs isə heç vaxt həqiqi mənada gülünc vəziyyətə
düşə bilməz.”
“Heç kimsə şahidi olduğu
zorakılığa “özü keçib gedər” ümidi ilə
dözümlü yanaşmamalıdır. Belə düşünmək qeyri-insani texnologiyaya birdəfəlik təslim
olmaq deməkdir.”
“Azad, ləyaqətli və müstəqil
vətəndaşlar olmadan azad və müstəqil dövlətlər də mövcud ola bilməz. Daxildə
sülh olmadan, yəni ilk növbədə vətəndaşlar arasında və vətəndaşlarla dövlət
arasında sülh bərqərar olmadan, xaricdə də sülhə təminat yoxdur. Öz vətəndaşlarının
iradəsinə və hüquqlarına məhəl qoymayan dövlət heç vaxt digər xalqların, millətlərin,
dövlətlərin iradəsinə və hüquqlarına hörmətlə yanaşmayacaq. Hakimiyyəti üzərində öz vətəndaşlarının
ictimai nəzarətini qəbul etməyən dövlət beynəlxalq ictimaiyyətin nəzarətinə də
tabe olmayacaq. Öz vətəndaşlarının təməl hüquqlarını inkar edən dövlət öz
qonşuları üçün təhlükəyə çevriləcək: onun daxildəki özbaşınalığı xarici siyasətində
də öz əksini tapacaq. İctimai fikrin əzilməsi, hakimiyyət uğrunda ictimai rəqabətin
ləğv edilməsi dövlətin istədiyi şəkildə silahlanmasına rəvac verəcək.
Öz vətəndaşlarına yalan danışmağa utanmayan
dövlət digər dövlətlərə də yalan satmaqda tərəddüd etməyəcək. Bütün bunlar onu
göstərir ki, insan hüquq və azadlıqlarına hörmət həqiqi sülhün yeganə təməl şərtidir.”
“Hər dissidentin daxilində
bir qədər ağılsız, gerçəkilkdən uzaq, xəyalpərəst qəhrəman var. Dissident
mahiyyət etibarilə zatən Don Kixot kimidir. O, dövlətin nəhəng gücünə və
polisinə qarşı əlində tək qələmlə çıxır, tənqidi analizlər yazır, hüquq və
azadlıqlar tələb edir. Əvvəl-axır həbs olunacağını bildiyi halda o yazır, qışqırır,
haray çəkir, xahiş edir, hüquqa çağırır. Bəs onda bu şübhələr haradandır? Bu
s\fehlik dumanında məgər o, özünü suda balıq kimi hiss etməməlidir? Avropanın
dinc yenidənqurma proqramına imza atması üçün müraciət olunanda bir dissidenti dəhşətə
gətirən “səfehlik” ilə dissident düny asının “təbii səfehliyi” arasındakı fərqi
burada izah etmək lazımdır... Dissident gerçək siyasi gücün müstəvisində fəaliyyət
göstərmir. O, hakimiyyətə can atmır, vəzifə istəmir, seçicilərə elçi düşmür. Nə
də o, ictimaiyyəti ovsunlamaq istəmir, onlara heç nə təklif etmir və heç bir vəd
vermir. O, yalnız öz canını verə bilər, çünki uğrunda vuruşduğu həqiqəti təsdiq
etmək üçün başqa yolu yoxdur. Onun hərəkətləri vətəndaş ləyaqətindən doğur.Onun
siyasi fəaliyyətinin təməlində mənəviyyat və mövcudluq dayanır. Onun hər hərəkəti
ilk olaraq özü üçündür, çünki onun daxilində üsyan baş qaldırır və o, yalan
dünyasında artıq yaşaya bilmir. Siyasi motiv yalnız bundan sonra gəlir, o da
sadəcə mücərrəd, aydın olmayan və izah olunmaz ümiddir.”
“Bərkdən söylənilmiş həqiqət,
insanlıq üçün açıq ifadə edilmiş narahatlıq kimi qısa ömürlü əməllər də müəyyən
gücə sahibdir: hətta sözün də radiasiyası var və cəmiyyətin “gizli vicdanında”
iz buraxa bilər. Dissident gələcəyi proqnozlaşdırmaqdan daha çox mövcud vəziyyəti
təsvir və təhlil edir. O, hal-hazırda baş verən yalnışları tənqid edir, nəinki
yaxşı gələcək üçün planlar qurur. O, insanı sistemin təzyiqlərindən qoruyur,
onlar üçün daha yaxşı sistemin layihəsini hazırlamır. Gələcəyə gəldikdə, onu
daha çox narahat edən bu gələcəyin hansı mənəvi və siyasi dəyərlər üzərində
qurulacağı məsələsidir. O anlayır ki, gələcəyin təbiəti onun bugünkü
arzularından yox, öncədən görülməsi çətin olan hadisələrin gedişatından
asılıdır.
Dissident dünyasının “təbii səfehliyi” məhz
budur. Bu səfehlik öz çərçivəsi daxilində ardıcıldır, ona görə də mənalı səfehlikdir.
Bu səfehlik həm də taktikidir, çünki taktiki mühazirələri özünə rəhbər tutmur.
Bu səfehlik siyasidir, çünki siyasi oyunlar oynamır. Bu səfehlik konkretdir,
gerçəkdir, səmərələdir, çünki səfehlikdir.
Bu səfehlikdə bir dürüstlük var. O, özünə sadiqdir, bütövdür və bölünməzdir.
Bəlkə də bu xəyallar dünyasıdır, əlçatmaz idealdır, amma utopiya deyil.
Niyə gizlədim, bu həqiqət dünyasında
yaşamaq çətin olsa da, onun da öz üstünlükləri var: bu həqiqi güc və ənənəvi
siyasətin dünyasından, yəni səmərəlilik, taktika, uğur, kompromis, yarı-həqiqətlər
və yalanlarla manipulyasiya matriksindən kənarda yaşamaqdır, başqalarının gülüş
hədəfinə çevrilmədən özünə lağ edə bilər.”
“ Necə ki, siyasət
dünyasında siyasətçi axmaq vəziyyətində deyil, dissident də öz həqiqət
dünyasında xəyallar qurarkən axmaq vəziyyətinə düşmür. Lakin dissident siyasətlə
məşğul olan xəyalpərəstə çevriləndə axmaq vəziyyətinə düşür. Siyasətlə məşğul
olan xəyalpərəst nazirliyi olmayan nazirə, ordusu olmayan generala, respublikası
olmayan prezidentə bənzəyir. Dissident tarixin şahidi olmaq rolundan imtina
edir, amma onu tarixi yaradanların klubuna da qəbul etmirlər və o, həqiqət
dünyası ilə siyasət dünyası arasındakı qəribə boşluğa düşür.”
“Heç bir Şər hələ onun
simptomlarına qarşı mübarizə aparmaqla məğlub edilməyib. Biz səbəbi aradan
qaldırmalıyıq.”
“Bu və ya digər oxşar
suallar hər dəfə mənə açıq-aşkar göstərir ki, Qərb intelektualları burada baş
verənləri bə bizim, yəni dissident adlandırılan şəxslərin, nəyin uğrunda
vuruşduğumuzu nəinki anlamırlar, müəyyən mənada anlamaları heç mümkün deyil. Məsələn,
“biz sizin üçün nə edə bilərik?” sualını götürək. Təbii ki, çox şey. Dünyanın
azad düşüncəli insanlarının dəstəyi, marağı və həmrəyliyi nə qədər çox olarsa,
bizim həbs olunma ehtimalımız da bir o qədər az olar: üstəlik, bizim səsimizin
səhranın ortasında tənha hayqırta olmadığına inamımız bir o qədər artar.”
“Patotska yazırdı ki, əgər
həyat onu mənalı edən şeylərə özünü qurban verməyə hazır deyilsə, onu yaşamağa
dəyməz. Məhz belə həyatların və belə “sülhlərin” dünyasında, yəni “güzəran
qaydalarının” diktəsi altında müharibələr asanlıqla baş tutur. Belə dünyada
müharibə əlehinə heç bir mənəvi sədd yoxdur və qapılar “maraqlarımızın müdafiəsi
naminə” kimi irrasional cümlələrlə üzünə taybatay açıqdır. “Ölməkdənsə,
kommunist olmaq daha yaxşıdır” şüarı məni ona görə qıcıqlandırmır ki, Sovet
İttifaqına təslim olmağın təzahürü kimi səslənir. Əksinə bu şüarda məni qorxuya
salan Qərb insanının öz həyatını mənalı etmək iddiasından əl çəkməsi, anonim, şəxssiz
hakimiyyətə tabe olmasıdır. Çünki bu şüar iddia edir ki, həyatı qurban vermək
üçün heç bir ali dəyər qalmayıb. Ən ali qurban olmadıqda isə bütün qurbanlar mənasızlaşır.
Heç nəyin mənası və dəyəri qalmır. Nəticədə insanlığın ən adi qaydada inkarı fəlsəfəsi
ortaya çıxır.”
“Biz öz vicdanımızın səsini
bütün mücərrəd mülahizələrdən üstün tutmalıyıq: bu səsin bizə göstərdiklərindən
əlavə məsuliyyətlər icra etməməliyik. Biz sevgi, dostluq, həmrəylik, rəğbət və
dözümlülük kimi insani hisslərimizdən xəcalət çəkməməliyik: onları “şəxsi”
sürgündən qaytarıb yeni, mənalı insan cəmiyyətinin yeganə başlanğıc nöqtəsinə
çevirməliyik. Biz yalnız öz idrakımızla hərəkət etməli və bütün şərtlər altında
yalnız həqiqətə qulluq etməliyik.”
“ “Xartiya 77” haqqında
yazarkən Yan Patotska “sarsılanların həmrəyliyi” ifadəsindən istifadə etmişdi.
O, simasız hakimiyyətə müqavimət göstərməyə cəhd edən və bu zaman sərəncamında
olan yeganə şey – insanlıqları ilə ona qarşı çıxanları nəzərdə tuturdu. Məgər
daha yaxşı gələcək prespektivi məhz onların – dövlət sərhədlərinə, siyasi
sistemlərə və güc bloklarına məhəl qoymayan, ənənəvi siyasətin oyunlarından kənarda
duran, heç bir titul və vəzifəyə can atmayan və ən nəhayət şəxssiz hakimiyyət tərəfindən
lağa qoyulan fenomendən – insan vicdanından real siyasi güc yaratmağa çalışan
bu “sarsılanların” beynəlxalq birliyindən asılı deyilmi?”
Hiç yorum yok:
Yorum Gönder