17.05.2015

Maqa!





Maqa,
Sənə məktub yazıram
Yazıram ki bağışla...

Belə bir xalq mahnısı var. Düzü, heç xalq mahnısı olub-olmadığını da dəqiq bilmirəm, bunun heç o qədər də fərqi yoxdur. “Sən mənim könlümə elə düşmüsən, xəstənin könlünə nar düşən kimi...” Məhəmməd də dünən mənim yadıma belə düşmüşdü...
Dünənki növbətçiylə lap çoxdan tanışıq. Mülki vaxtlarda eyni yataqxanada qalmışıq. Yataqxanada da kimin nə mal olduğu tez bilinir. O vaxtkı şan-şöhrətim gedib ona da çatmışdı ki, belə bir adam var və müxalif biridir, filan. Ona görə də hələ şəxsi tanışlıqdan qabaq onun hörmətini qazanmışdım. İndi də burda o naryadıydı, mən də evdə işıq olmadığına görə gəlmişdim. Bir az ayaqüstü söhbətdən sonra otağa qalxıb telefonla qurdalanmağa başladım. 12-ə qalmış söhbət etmək üçün yuxarı zəng edib məni çağırtdırdı. Dedi “otur burda gözlə, tualetə dəyib gəlirəm.” Gözətçi otağında oturub onu gözləyəndə içəri girən adamların ayaq səslərini eşitdim. Rəis də tuaetdən çıxmışdı. Dəhlizdə görüşdülər. Onlar zabit yoldaşıydı. Başladılar ordan-burdan söhbətə. Gələnlərdən üçüncüsü qiyabi tanış kimi ən sonda danışmağa başladı. Dedim ala bu ola bilməz. Başımı balaca nəfəslikdən çıxarıb gözümü həmin adamın üzünə dikib eləmədim. Səs Məhəmmədin səsiydi. Eyni onun kimi danışırdı. Məhəmmədin səsini eşidənlər bunu daha yaxşı bilər. İndi onun səsini xarakterizə edəcək qədər söz bazam yoxdur. Məhəmməd kimi o da təmkinlə danışırdı. Onun da səsində çılğınlıq var idi. Məhəmmədin bu təmkinliyində nə qədər çılğınlıq olduğunu da tanıyanlar bilir. Adam var sözləri üyüdüb tökür, adam da var vurdum duymaz. Məhəmmədin danışığında isə həmişə partlamağa hazır barıt hiss olunurdu. Həmin adamın üzünə baxmağa cəsarət etmədim, çünki qorxurdum ki, üzü onunkuna oxşamaya. Bu da cəhənnəm, əclaf bir üz ifadəsi ola bilərdi. O danışırdı. Naxçıvanda qar uçqunundan, uçqun altındakı 3 hərbçidən birinin bu olduğundan, təkcə onun sağ çıxdığından. Deyir qarı qucaqlayıb yığdım altıma ki, üstümdə ağırlıq eləməsin. Qarın altından çıxan kimi də o birilərinə zəng etdim. Zəng çatmırdı. MAXE-nin papağı düşən yerdə qarı eşələməyə başladım, amma əllərim donurdu, dərin qaza bilmirdim. Gücüm çatdığı qədər hər yer axtardım, alınmadı. Sonra xilasetmə gəldi, MAXE-nin meyidini həmin gün, o biri zabitin meyidini üç gündən sonra tapdılar. Onlar gələnə kimi də mən dayanmadan hər yeri ələk-vələk elədim.
Həmin gün onun yarımcan hala düşdüyü hiss olunsa da, qətiyyən bundan danışıb özünə diqqət çəkmədi, onun gözlərində iki yoldaşının ölümünün ağrısı duyulurdu. “Yaxşı qurtarmısan” , “Allah qurtarıb” kimi ifadələrə də laqeydcəsinə susdu. Bu, elə bir vəziyyətdir ki, insan sağ qaldığına sevinə bilmir.
Mən ona qulaq asdıqca Məhəmməd gəlib durmuşdu gözümün qabağında. Adamın üzünü görmürdüm, ona görə danışanın Məhəmməd olduğunu xəyal edirdim. Lənət olsun! Bu bilirsiniz, necə bir hissdir?! Məhəmməd dəhlizdədir, mən ayağa durub otaqdan çıxsam, onu görəcəm, o da məni görəcək , gözlərimiz parıldayacaq, qucaqlaşacağıq. Amma çıxmırdım. Çünki gerçək olmadığını bilirdim, ancaq özümü aldatmağıma da heç nə mane olmurdu.
Məhəmmədi 2012-nin yayında tanımışdım. Bu, Nidanın xoşbəxt vaxtlarıydı. Tanışı Rəşad Həsənova bağ evini müvəqqəti vermişdi. Ev Hövsanda, dənizin 20-30 metrliyində yerləşirdi. Nidanın yay kampı bu evdə keçdi. Üçgünlük kampın birincü günü oyananda otaqların birində yata birini gördüm. Məhəmməddir dedilər. Gecələr oyaq qalır, ona görə də gec oyanacaq dedilər. Nizamidəki “Beşmərtəbə” marketində satıcı işləyirdi. Axşam 9-dan səhər 8-dək. Sonra dabanbasaraq qaçırdı bura, bir az yatırdı. Oyananda xüsusi tanışlığımız olmadı. Sadəcə, ümumi söhbətlərdə iştirak etdik. Əsas tanışlığımız Nidanın eyni işi ikimizə verməsi vaxtı oldu. İşi bilənlər bilir, bilməyənlər də yaxşı ki, bilmir. Qəflətən zəng edib dedilər ki, Ümid, Məhəmmədlə filan işi görəcəksən, əlaqə saxlayın. Nömrəsini göndərdilər və görüşdük. Rəsmi tanışlıqlar bizə görə deyil, ona görə də onunla on ilin tanışları kimi salamlaşıb başladıq layihə haqqında danışmağa. İş boyunca bir il ərzində həftədə 2-3 dəfə görüşdük. İşin detallarını açıqlaya bilmədiyimə görə senzura edirəm özümə, ancaq xatirələri yazmaqla yetinməliyəm. Mən ilk dəfə ondan eşitdim Bakuninin, Çomskinin adını, anarxistliyin nə olduğunu. Hətta bir dəfə divara anarxizmin işarəsini çəkib işin-gücün arasında dirəşmişdi ki, mənim şəklimi çək. Sonra ailələrimiz haqqında danışırdıq. Onun atası haqda danışdıqlarına səsli gülürdüm, mənim xatirələrim isə ancaq onun mənə “göt oğlu” deməsinə səbəb oldu. Para babası mən olurdum. Xəsislik etməyə çalışırdım. “Sən öl, pulum yoxdur, 5 manatla bir həftəni yola verməliyəm!” deyirdim. “Sikdir də, Ümid. Sən bir günü belə yola verə bilməzsən. Di get siqaret al.” Qırmızı vinston çəkirdik. Bir neçə dəfə bizi şəhərdə babat qovalamışdılar. Məndən sürətli qaçırdı. Arxaya qalırdım həmişə, canıma vicvicə düşürdü ki, tutacaqlar məni. Qışqırırdım ki, ay oğraş, məni də gözlə. Bu qədər siqaretə rəğmən bu, nə sürətdir? Mitinqdə də bu sürətlə qaçmışdı, mən isə ayağım sürüşüb yıxıldığıma görə yaxalanmışdım. Həmin gün ,deməli, Məhəmməd qaçır, qabaqda da başqa bir nidaçı, adı da Caviddir. Cavid Məhəmmədi tanımayıb, elə bilib mülki geyimlidir. Məhəmməd polisdən qaçır, Cavid Məhəmməddən. Polis heç birini tuta bilməmişdi. Deyirdi ki, sən də uşaq vaxtı atandan qaçsaydın, indi mənim kimi olardın. Kişi haqqında çox danışırdı. “Bir dəfə məni yenə vurdu. Dedi səni öldürəcəm. Gözlədim ki, hirsi soyusun, amma soyumurdu. Dedim ala bilirsən, nə var? Öldürmək elə olmur, belə olur və başladım başımı divara çırpmağa. Kişi gördü ki, yox, bu xiyar o xiyardan deyil. Məni hop götürüb atdı otağın o biri küncündəki divanın üstünə.” Bir dəfə də, 8-də oxuyanda qaçıb Bakıya gəlmişdi. Atası yenə vurmağa başlayıb, bu da kişinin üzünə deyib ki, sikim sənin ağzını, göt oğlu. Və dabanına tüpürüb birbaşa qaçıb avtovağzala. Üç gündən sonra tapmışdılar. Uşaq vaxtı ipəyatmaz biri olmuşdu. Heç indi də boyun əyən biri deyil. Deyirdi ki, bəy, mən şeyimin üstünə filankəsin adını da yaza bilərəm, heç kim məni qınaya bilməz. Gənclik belə olmalıdır. Mən universitetin bitməyini gözləyirəm, ondan sonra nələr edəcəyimi görəcəksən. Arzularından danışırdı. Gözləri elə parıldayırdı ki, adam fərəhlənirdi. 4-5 saat dayanmadan kilometrlərlə yol gedirdik, amma gəl ki, yorulmurduq. Və Krevetkanın köhnə vaxtlarıydı. Oturub-durduğumuz yer ora idi. Orda o vaxtlar bir qız işləyirdi. Döşlərinin yarısı çöldə idi. Həm də qəşəng idi. Məhəmməd deyirdi ki, onu sevirəm. Biz də onun yanında gözaltı süzürdük qızı.
Bir də dayanmadan Beşiktaşın, Fənərin, Qalatasaryın himnlərini oxuyurdu. Həm Beşiktaşın himnini oxuyurdu, həm də qalatasaraylıların Beşiktaşla məzələnmələri haqqındakı himni. O qədər oxumuşdu ki, mən də əzbərləmişdim. Ara-sıra Nidanın himnini yolboyu oxuya-oxuya gedirdik.
Onların həbsindən 2 ay qabaq idi. 12 yanvar aksiyası. Birdən kütlə başladı “şəhidlər ölməz, vətən bölünməz” şüarı deməyə. Hənanın yeri deyildi. Etiraz mitinqi dəstək mitinqinə çevrilmişdi. Məhəmməd qabağa qaçıb camaatın qarşısında dayandı. “Dayanın, dayanın! Sakit!” qışqırırdı dayanmadan. Yuxarı tullanırdı, əliylə camaatı sakitləşdirməyə çalışırdı. Gücü çatdığı qədər başqa şüar deyirdi. Alınmışdı da. Kütləni aldadılmaqdan qurtara bilmişdi.
Onu televizorda görəndə gözlərim dolmuşdu, nəfəsim təngləşmişdi. Qozuma da deyildi onun nə danışdığı. Ağlımda olan iki şeyiydi. Tutanda döyüblərmi. Bir də onun orda olmağı, həbsi. Kanallar ard-arda qəhbəlik edirdilər. Hamısına baxmışdım. O 3 dəqiqəlik videodan nəsə gözləyirdim, nəsə tapmağa çalışırdım. Məhəmmədin danışanda yubanmağı, başını gah aşağı salmağı, əlaqəsiz sözlər deməyi və kamera arxasındakı adama baxmağı. Bu şeyləri biz başa düşürdük, bilirdik. Ki, bu hərəkətlər bizə mesajdır. Və sonra ard-arda həbslər, məhkəmələr. Ümidlə gözləmək. Barı görə bilsəydik. İlk dəfə həbsdən zəng edəndə sevincdən gözlərim yaşarmışdı. "Ümiddir?” İlk sualı bu olmuşdu. Nömrə görünmür içəridən zəng edəndə. Səsini tanımıdım. O, bütün zənglərində pozitiv oldu. O, pozitiv olduqca məni ağlamaq tuturdu. Bu insanın yeri dörd divar arası deyil. Başa düşürəm, inqilabçı filan, amma hisslər, həyat qayda-qanun hərləmir. Onu dəmir barmaqlıqlar arxasına salmağa heç nə, heç bir ideologiya, heç kəs haqq qazandıra bilməz.  Bu həbslər inqilabi yolun şanlı səhifələri ola bilər, ancaq insanlığın qara ləkəsidir.
Atasını 10 mart günü tanıdım. Çox təvazökar, sadə bir insandır. Araz kafesində oturmuşduq. Mən, qardaşım, Məhəmmədin atası və qohumları. Araz dayı stolun üstündəki qəzetdə Məhəmmədin şəklinə baxdı və dedi ki, buna bax, cin kimi baxır adamın üzünə. Bir yerdə dura bilmirdi, tanınmaq istəyirdi. Bu da tanınmaq...
Səsi titrəyirdi, amma oğlunun yanında olacağını da bilirdik.
Məhəmmədin yanına yemək aparmaq üçün atasından etibarnamə alınmalıydı. Etibarnaməni Elmin Bədəlova verəcəkdi. Gediblər notariusa.Qız deyib ki, dayı, dovernusu nə qədər müddətlik verim? Elmin deyir, duruxduq. Nəsə deyə bilmədik? Nə deyə bilərdik? Kişinin ümidi varıydı, ona görə heç nə deyə bilmirdi. Bir az keçəndən sonra “Bir il yaz, qızım. Bir il... hələlik bir il. Bəlkə, heç bir il lazım olmadı...” dedi.

P.S. Məhmmədin Məmməd olduğunu bilirəm, amma siz məni Ümid tanıdığınız kimi, biz də onu Məhəmməd tanımışıq. 

Hiç yorum yok:

Yorum Gönderme

Axtar