4.06.2015

Naməlum saxtakar - ən yaxşı filmlər seriyasından iki film




Bəzi filmlər var ki, adamı baxdığı müddət ərzində bütün beynini alt-üst edər, həyəcanlandırar, dırnaqlarını yedirər. Məsələn, detektiv, adrenalin filmləri. İran inqilabından və molla rejiminin hakimiyyətə gəlməsindən sonra Kanada səfirliyində sığınacaq tapıb gizlənən altı amerikan diplomatının xilas edilməsindən bəhs edən “Argo” filmi belə filmdir. Ssenari filmin baş rol oyunçusu Ben Affleckindir. Bir də başqa cür filmlər var. İnsanın beynini uzun müddət məşğul edən. Mənim iki belə filmim var. O filmlərin insan üstündəki təsirini ifadə edəsi olsam, sizə deyərəm ki, düşünün. Düşünün, ya da xatırlayın (başınıza gəlibsə, xatırlayın, gəlməyibsə, düşünün, təsəvvür edin), pulunuzun qurtardığı vaxtlarda yuxuda çoxlu pul görürsünüz. Həmin gün insan hallı gəzir, elə bil nəsə gözləyir. Yuxu o qədər təsirli olur ki, adam niyəsə pul tapacağına inanır. Ya da unuda bilmədiyin sevgilini yuxunda görürsən. Ancaq onun üzü. Başqa heç nə. Və həmin günlərdə sənin üstünə xoş bir ağırlıq çökür, başın dumanlı olur.

Keçək ilk filmə. Filmin orijinal adı Boy A. Türkçə dublyaj axtarmaq istəyənlər üçün “İsimsiz çocuk”. Bu filmi siyahıma daxil edəndə və baxmaq fikrinə düşəndə imdb-də bir də göz atdım. Filmə xal verənlərin sayı az olsa da, reytinqi yaxşı idi. İngiltərə istehsalı olduğuna görə ürəyimdə dedim ki, yəqin, Hollivud kütləsindən uzaqdır, diqqətdən kənarda qalıb. Və ərinmədim filmə baxdım. Film bir oğlanın həytından bəhs edir. Keçmiş və bu gündən parçalar növbəli şəkildə tamaşaçıya göstərilir. Bir oğlan kişiylə danışmağa başlayır. Məlum olur ki, kişi onun himayədarıdır. Oğlan isə artıq yeni bir həyata başlayır. Onun adı da yenidir. Himayədarıyla birlikdə özünü yeni ad seçirlər. Yeni ev, yeni iş yeri, yeni sevgili. Sevgini ilk dəfə dadan o və sevgini bir neçə dəfə gecəlik dadmış bir qadın. Oğlanın beyni qarışıqdır. Keçmişindən tam qopması nəticəsində o artıq bu dünyada yenidir. Sevişməyi başa düşmək istəyir. Və sevgini, sevişməyi hamıya məlum olan kimi yox, özü başa düşdüyü kimi yaşamaq istəyir.

 Beynimizdə belə bir sual yaranır. Axı qəhrəmanın, yəni indiki bu cavan oğlanın keçmişlə əlaqəsinin itməsinə səbəb nədir? Niyə hər şey sıfırdan başlayır? Rejissor isə tələsmir.

Paralel olaraq oğlanın keçmişini göstərir. İki balaca uşaq. Rejissor qəhrəmanın uşaqlığına qayıdır. Keçmişdə hadisələr həmin məlum hadisəyə doğru istiqamətlənir. İki nadinc uşağın ümumi xarakteriskasını göstərir. Daha nadinc olanın digərinə örnək olmasını. Hətta bizim balaca qəhrəmanın (balaca qəhrəman - qəhrəmanın balacalığı, uşaqlığı) öz dostunun xətrinə dələduzluqlar etməsinin şahidi oluruq. Kiçik oğurluqlar, uşaq nadinclikləri. Hadisə yavaş-yavaş əsas qırılma nöqtəsinə doğru cərəyan edir. Bu məsələni danışmayacam. Filmdə sizin üçün də maraqlı nəsə qalmalıdır axı. Və həmin hadisədən sonra uşaqlardan birinin taleyi ölüm olur. Digəri isə hər şeyi sıfırlayır. Gerçəkdən sıfırlayır. Kubrickin  “A clockwork Orange” filminə baxdığınızı deyin mənə. Ya da Nitşenin “Zərdüşt belə deyirdi” kitabındakı bir məşhur sitatı anladığınızı: “Yaxşılıq qədər pislik də vacib əməldir. Kim ki, daima yaxşıdır, o, riyakardır. İnsan daima yaxşı ola bilməz. Həyat üçün bəd əməllər də vacibdir.” Durub məni səhv çıxartçaq fikrinə düşməyin ki, a bəy, Nitşedə sözbəsöz belə bir şey yoxdur axı. Mən təqribi dedim. Nəysə. Qayıdaq Kubrickə. Həmin filmdə də pislik, bəd əməllər etmək, özünü zor tətbiq edərək müdaifə etmək qabiliyyəti əlindən alınmış birinin acı faciəsi göstərilir. Bizim filmdə də eyni ssenari təkrarlanır. Səbəb himayədarın oğlunun qısqanclığıdır. Qəhrəmanımız ard-arda uğurlar qazanır, artıq həyatda özünə yer tutmağa başlayır və ara-səra öz himayədarıyla görüşür. Ata artıq bizim qəhrəmanı oğlundan daha çox sevməyə başlayır. İşəyaramaz oğluna onu örnək göstərir. Oğul isə fəlakət törədir. Tək edilməli olmayan şeyi edir. Atasının komputerindən oğlanın gerçək kimliyini tapır və bunu ictimaiyyətə yayır. Cəmiyyətdə yeni bir adla hər şeyə yenidən başlayan oğlan artıq keçmişiylə ittiham olunmağa başlayır. Ancaq özünü müdafiə edə bilmir, əlindən yamanlıq gəlmir. Həm də gücsüz və zəifdir. Hər şeyini itirməyə başlayır. Hər gün evində gecələdiyi sevgilisi tərk edir, işindən atılır, insanlar üstünə cummağa başlayır. Tək yol var, o da ölüm. Xəyalında sevgilisiylə vidalaşır və onun üçün çox aqressiv olan bu dünyaya əlvida deyir.

Filmin premyerası 4 sentyabr 2008-ci ildə keçirilib. Film düz 12 mükafata layiq görülüb. BAFTA mükafatlarından “ən yaxşı aktyor” , “ən yaxşı rejissor” , “ən yaxşı dram musiqisi” və s.

Baş rolları Andrew Garfield, Peter Mullan, Shaun Evans oynayıb. Rejissor isə John Crowleydir.



Keçək ikinci filmə. Bu gün (dünən) 40 yaşı tamam olan Ancelina Colinin baş rolda oynadığı Changeling (Saxtakar) filmi. Changeling sözü ingiliscədə kiçikliyində dəyişdirilən uşaq demək olsa da, türkcəyə filmin adı “Sahtekar) kimi çevrilib. Film köhnə Amerikada telefonçu qadının həyatından bəhs edir. Qadının bütün ümidini bağladığı yeganə oğlu bir gün oğurlanır. Və elə o illərdə gücüylə öyünən və sonsuz hakimiyyətə malik olan amerikan polisi işə qarışır. Qısa müddət sonra qadının oğlunun tapıldığı barədə xəbər verilir. Oğlunun gələcəyi qatar stansiyasına gedən qadın isə oğlunun əvəzinə bir başqa uşaq görür. Polis səhv edib. Daha doğrusu, məsələni tez-bazar ört-basdır etmək üçün kimsəsiz bir uşağı qadının uşağı olaraq təqdim edib. Qadın isə bunu heç kimə isbat edə bilmir. Məsələ, hətta o həddə çatır ki, qadın uşağın onunku olmadığını isbat etmək üçün polislə toqquşmalı olur və nəticədə qadına dəli damğası vurub dəlixanaya atırlar. Ancaq məndə belə bir fikir formalaşıb ki, Amerikanı demokratiyanın beşiyi edən yolda məhz cəsarətli adamların böyük rolu əvəzsizdir. Burda qadına ancaq bir keşiş inanır. Çünki o, polis qudurğanlığından xəbərdardır və var-gücüylə polisin qeyri-məhdud hakimiyyətinin qarşısını almaq istəyir. Qadın uşağa başqa biri olduğunu etiraf etdirə bilsə də, bunu sübut edə bilmir. Keşiş isə onun dadına çatır. Qadının oğlu oğurlanıb və digər oğurlanan uşaqlarla bir evdə saxlanılır. Filmdə bunlar ancaq danışıq olaraq keçir. Və uşaqlardan bir neçəsi qaçmağa müvəffəq olur. Həmin uşaqlardan birinə isə qadının oğlu kömək edir. Məsələ aydınlaşır, polis hakimiyyətinə son qoyulur. Ancaq qadının oğlu tapılmır. Ümid işığı isə var. Çünki oğlan xilas olub və anası əmindir ki, bir gün oğlu onun yanına qayıdacaq.

Filmin rejissoru əjdaha Clint Eastwooddur. Rolları isə Angelina Jolie və John Malkovich kimi əjdahalar oynayır. Filmin premyerası 31 oktyabr 2008-ci ildir.  Filmin 11 mükafatı var və 47 mükafat üzrə namizəd göstərilib.

Hər iki film haqqında mən qısadan da qısa izahat yazdım. Əsas işi sizi buraxdım. Sizin işiniz baxmaq və zövq almaqdır. İstəsəniz təəssüratlarınızı bölüşə, ya da gizlədə bilərsiniz. Hər bir halda əsas olan filmlərdən zövq almaqdır. Buyurub baxa bilərsiniz :)




Hiç yorum yok:

Yorum Gönder

Axtar