5.05.2015

Qatil mənəm!

                                     

Aytac Babayevanın qətli ölkəni olmasa da, müəyyən bir qrupu ciddi şəkildə təlatümə gətirib. Ancaq mən bu məsələdə susmağı üstün tuturam. Ən azından ona görə ki, hamı danışır. Əsas səbəb isə günahsız olanın daşı atmaq hüququna malik olmasıdır. Mən isə bu məsələdə Aytacın qatili qədər günahkaram. Bəlkə də, ondan daha çox. Çünki o, artıq həbsdədir. Mən və mənim kimi potensial qatillər isə azadlıqda. Biz hələ də təhlükə mənbəyi olaraq qalırıq.
 Sizə öz hekayəmi danışacağam. “Bir dostum belə deyirdi” , “eşitdiyim əhvalat” kimi yalanlardan istifadə edib insanların nifrətini öz üstümdən ötürmək kimi bir fikrim yoxdur. İnsanlar mənə nə qədər çox nifrət etsə, bu, mənim vicdanımı bir o qədər rahatladar. Həm də zorakılığı hekayəmi danışmaqla bütün incəliklərinə qədər təsvir etməyə çalışacağam.  Və bu məsələ, mənim etdiklərim, mənim şəxsiyyətim tənqidə və təhqirə açıq olacaq.
2011-ci ilin avqustu idi. On altı avqust. Bugünkü kimi yadımdadır. İki həftə qabaq uşaqlıq sevgilimin ərə veriləcəyi xəbərini eşitmişdim. Bir az əlləşib-vuruşdum ki, onunla əlaqə yaradım, evlilik fikrindən onu daşındırım. Əlimdəki şansları istifadə edirdim. Ancaq cəhdlərim uğursuz olmuşdu, əlaqə yaratmamağımız üçün qızın ailəsi bilərəkdən onu elə blokada etmişdilər ki, onun üzünü görmək belə imkansız hala gəlmişdi. Şanslar azalırdı, mən dalana dirənirdim. Elə bu vaxtlar qohumlar bizə Bakıdan qonaq gəldi. “Bibi” dediyim iki bacı. Biri iki qızıyla, o biri isə öz azyaşlı oğluyla. On altı avqustda.
Və yüngülvari salamlaşmadan, görüşdən sonra ağacların altındakı stolun ətrafında yığışdıq. Belə mənzərə yay vaxtı kənd evləri üçün adi bir şeydir. Mən də fikirləri qarışıq bir halda bu qonaq-qohum dairəsindən kənarda stulda əyləşib ora-bura baxırdım. Birdən gözüm hekayəmin qəhrəmanına sataşdı. Kənd yerlərində hava tüstüsüz olduğuna görə göy üzü tərtəmiz olur, ulduzlar göylərdə sayrışır, Ay bütün parlaqlığıyla bərq vurur. Həmin axşam Ay bütöv idi və Ayın parlaq işığı sol tərəfimizdəki lampanın sönük işığına qarışıb onun üzərinə düşürdü. İki qızdan böyük olan tayının. Onu hekayəm boyunca şərti olaraq, Nigar adlandıracağam. Çünki indi məndən çox uzaqdadır və ölkədəki dedi-qoduların insanın həyatını məhv etməsini nəzərə almalıyam. İstəmərəm ki, mənim ona çəkdirdiyim əziyyətlərdən sonra bir də bu haqq-hesab ortaya çıxsın və onu yenidən əzabların qucağına atsın. Bizim üç illik sevgimizdən onun ailəsindən yalnız bacısı xəbərdar olub.
Mən o vaxtlar Allaha kortəbii inanırdım, o vaxtlar namus mənim üçün hər şeydən üstünüydü, bakirəlik mövzusu da. Hətta qızın əli oğlan əlinə dəymişdisə, sevginin vacibliyindən söhbət gedə bilməzdi. Əli oğlan əlinə dəymiş qızı sevə bilməzdim. Tanışlarıma da demişdim ki, əgər əvvəlki sevgilimin əli oğlanın əlinə dəysə, mən əsla onu sevməyəcəyəm. Niyə belə edirdim? Bunu indi düşünürəm. Həqiqətən, mənim üçün bu əl məsələsi sevgidən daha vacibiydimi? Həqiqətən, qadının bakirəliyi mütləqiydimi? Bu sualları o vatlar özümə qətiyyən verməmişdim. Çünki inanırdım. Ənənələrə,mentalitetə. Sorğu-sual etmədən qəbul etmişdim. Stefan Svayq yazırdı ki, bəzi cəmiyyətlərdə qadağan olunan sevişmə, çılpaqıq köhnə yunanlarda ritual halına gəlmişdi, müqəddəsləşdirilmişdi, həyatın bir parçasına çevrilmişdi. Ona görə də biz nəyin qadağalı, nəyin icazəli olduğunu özümüz müəyyənləşdirməliyik. Kim ki, düşünmək əziyyətinə qatlaşmaq istəmir, onlar onlara təqdim olunan qaydaları, qadağaları və icazə verilən şeyləri gözüyumulu qəbul edir. Ancaq düşünən, sorğulayan insan özü üçün qadağa və icazə məsələlərini kütlə psixologiyasına uymadan müəyyənləşdirir, ayırd edir.  Mən indi o vaxtkı  məni və mənim kimi düşünənləri başa düşürəm. Kənardan baxanda halımız çox acınacaqlı və qorxunc görünür.  Biz yazıqlar qətiyyən düşünə bilmirdik, düşünmək istəmirdik, sorğulayacaq qədər dünyagörüşə və savada malik deyildik. Bakirəliyin vacib olmadığını deyən birinə lənətlər yağdırırdıq, söyürdük, ona “peysər” deyirdik. Çünki belə birisi əlimizə düşəndə fürsətdən yararlanıb özümüzü ifadə edirdik, təsdiq edirdik. Çaqqalların səs-səsə verib axşamçağı ulaşması kimi biz də həmin adamın üstünə ulamaqdan, onu təhqir etməkdən həzz alırdıq. Bizə görə hər şey elə bu cür də olmalıydı.
O isə Bakıdan gəlmişdi. “Bakılı adam” məsələsi rayon yerləri üçün xüsusi məna kəsb edir. Məsələn, Bakıdan olan bir qızın rayondan kənara çıxmamış oğlana ərə getməsi sensasiyadır. Çünki “bakılı qız”a əxlaq məsələsində güvənmək olmaz və oğlanın valideynləri bunu onun beyninə yaxşıca yerdirirlər. Mənim isə belə bir şey o an yadıma düşmədi. Bəlkə də, köhnə sevgilimin acısını unutmaq istədiyimə görə. Unutmaq istəyi o qədər güclü idi ki, mən hətta Nigarı köhnə sevgilimə bənzətdim. Bir az da ona görə anidən aşiq oldum ona. Aşiq olmaq da demək olmaz buna. Təsəlli üçün baxırdım. Həm də özümü isbat etmək üçün. Bakıdan gələn bir qızın xoşuna gəlmək üçün. Ancaq sövq-təbii hissi mənə ona saymazyana davranmağa vadar edirdi. Bilirdim ki, mənim kimiləri çoxdur. Bu dəqiqə rayondakı qohum oğlanların hamısının gözü bu “bakılı qız”dadır. Saymazyana davranmaq mənim şansımı artıra bilər. Heç olmazsa, saymazyanalığım Nigar qohumlardan kimisə sevsə, mənim məğlub olmuşluğumu gizlədər. Axı onsuz da o mənim vecimə deyildi. Ancaq birincisi alındı. Bu yaltaq qohumların arasında mən daha tez gözə çarpdım. Hamı ona yaxınlaşırdı, hamı onun gözünə girməyə çalışırdı. Biri siyasətdən danışmaqla, biri təbiət, biri oxuduğu universitet haqqındakı uzun-uzadı söhbətləriylə onun zəhləsini tökürdü. Mən isə ondan uzaq qaçırdım. Ümumiyyətlə, mənim bu qədər riyakarlığımın təbii alnmasının bir səbəbi “mən başqasını sevirəm” bəhanəsiyidisə, başqa bir səbəbi də o axşam Ay işığında onun parıldayan gözlərinə gizlicə, beynimin və qəlbimin lap dərinliklərində aşiq olmağımıydı. Tək səmimi şey də elə bu idi.
Qohumlar Nigara yaxınaşırdılar, danışırdılar, o isə səbrlə dinləyirdi. Ancaq qaçmağa çalışdığı süni təbəssümündən görünürdü. İmkan olan kimi aradan çıxırdı və mənə pənah gətirirdi. Mən isə onu uzun-uzadı sözlərimlə yormurdum. Bəzən həyətdəki qurumuş ağaclardan birini qırmağa gedəndə onu da dəvət edirdim, ağaclar filan haqqında danışırdım, ya da onun üçün müxtəlif meyvələr dərirdim. Sonra bir gün, onun Bakıya getməsinə az qalmış sevdiyimi dedim. Və artıq onun da mənə sevgisinin olduğunu bilirdim. Bizim etirafımız bir növ təsdiqiydi, ritualıydı həm də.
Nigar çox yumşaq və incə biri idi. Onunla sevgili olduğumuz müddətdə mən onu canavarı əhilləşdirməyə çalışan səbrli və ürəyiyumşaq təlimçiyə bənzədirdim. Mənim kimi bir vəhşini öz təbəssümləriylə, şirin danışığıyla, sevgi dolu sözləri ilə adam etməyə çalışırdı. İndi sakit səslə danışmağımı, bir yerə gedəndə maraqlı olması üşün eyni yoldan qayıtmamağı, sevişməyi, toxunuşları hiss etməyi, kitab oxumağı ondan öyrəndim. O, mənə “On bir dəqiqə” haqqında danışmışdı yayda. O əsər on səkkiz yaşlı qızı özünə məftun etmişdi və danışanda gözləri elə parıldayırdı ki, istər-istəməz məndə o əsərə qarşı maraq yaranmışdı. “Bİr gün bu kitab qabağına çıxsa, onu al,oxu, Orxan” demişdi.
Artıq mən də yay tətilini başa vurub Bakıya qayıdanda biz sevgili idik. Yay boyunca hər səhər mən telefonumda onun bir mesajını görürdüm. Günümün şən keçməsinə səbəb olan həyat dolu, nəşəli sözü həmişə olurdu. Mənə getdiyi yerlərdən danışmışdı, oxuduğu kitablardan, məktəbindən, tanışlarından. Və Anardan. Dostundan. Elə ilk dəfədə başa düşdüm ki, burda bir əmma var. Heç bir dost öz qız dostunun ona zəng etmədiyinə görə nömrəsini qırıb atmaz, sevgilisi olduğunu biləndə kədərrlənməz. Bu dörd ildə Anarla Nigar arasında olan şeyləri qısaca danışacağam.  İlk vaxtlar mənə Anarın gizli sevgisi o qədər də zərərli görünmədi. Ancaq getdikcə hər şey qarışırdı. Ngarın mənə küskün olduğu vaxtlarda Anar özünü göstərirdi, hər vəchlə Nigarın yanında olmağa çalışırdı və onu sevdiyi deyirdi. 2011-in noyabr ayında onların yenicə çəkilmiş bir fotosunu facebookda gördüm. Halbuki, Nigar mənə demişdi ki, artıq Anar onun həyatında yoxdur, bütün əlaqələri kəsib. Dörd ildə hadisələr elə qarışdı ki, onların hamısı bir-bir burda yazsam, çox uzun alınacaq. Ümumi nəticələr isə bunlarıydı: Anar Nigarı sevirdi. Nigar isə məni sevdiyini deyirdi, ancaq bütün qadağalara, yalvarışlarıma rəğmən hər dəfə onların əlaqəsinə dair şəkillər tapırdım. Hətta bütün şəkillərd yan-yanaşı dururdular.Bir dəfə onları Xəqani ticarət mərkəzi tərəfdə biryerdə gedən gördüm. Nigarın üzündəki rahatlıq və xoşbəxtlik  məni yıxdı. Sakitcə başımı aşağı salıb yoluma davam etdim. Sonra Nigarın bir neçə həftə davam edən sözləri, dediyi səbəblər, göz yaşları mənim onu bağışlmağım üşün bəhanə oldu. Ancaq get-gedə anlayırdım ki, Anar Nigar üçün nəsə başqa bir şeydir, məndən daha üstündür, daha vacibdir. O, məni itirmək bahasına olsa belə, onunla yenə gizli-gizli əlaqə yaradacaq. Ona görə bu dörd il əzrində onlarla, bəlkə yüzlərlə dəfə ondan Anara münasibətinin olub-olmadığını soruşmuşdum. Hətta bir neçə dəfə Nigarı özüm tərk etmişdim ki, bəlkə yoxluğum onu rahatladar, Anarla sevgili olar. Ancaq hər dəfə nəticə eyni olurdu. O, geri qayıdırdı. Ancaq anarla birlikdə qayıdırdı. Biz ən xoşbəxt anlarımızda belə mən Anarın düz yanımızda olduğunu bilirdim. O, boşluğuydu, kölgəydi, hara getsək də, bizi tərk etməyəckdi. Və mən onunla mübarizə aparmaqda aciz idim. Fiziki olaraq real olmadığına görə Nigarın gözündə ən yüksəkdə idi, arzu idi, səhvlər etmirdi. Mən isə səhv edirdim və bilirdim ki, hər səhvimdə Nigarın beynindən “Anar bunu etməzdi” düşüncəsi keçir. Bunları mənə yalnız ən sonlarda ayrıldığımızı sandığı üçün etiraf etmişdi. Ancaq kiçik ayrılıqdan sona yenə davam etmişdik. Mənim qəlbimdəki yaralarla. Bir neçə dəfə onların qrup şəklində rayonlara səyahət etdiyini öyrəndim. Və yenə şəkillərdə Anar və Nigar yanaşıydılar. Üzlərində də mənə məlum o məşhur təbəssüm. Aıxırncı dəfə isə Qəbələdəki şəkillərində bu vəziyyəti gördüm. Bu hadisə 2-3 ay qabaq olub. Onda yenə Nigar özünəməxsus uşaqca bəhanələrlə məni inandırmağa çalışırdı ki, o, Anarla dostdur və Anarla dağda yıxılmaqdan qorxduğuna görə danışmağa başlayıb. Məhz Anarla.  Şəkillərdə isə Anar özü gəlib durub yanında və Nigarın bundan qətiyyən xəbəri yoxdur. Beş şəkildə bundan qabaqkı yüzlərlə şəkildəki kimi yenə Nigar bundan xəbərsizdir. Həm də mənim bütün günü dırıldamağıma, tapşırığıma, onun vədlərinə rəğmən. İkimiz də yataqda uzanıb bunu danışırdıq. Onu sevirdim, ancaq hirsliydim, incimtək istəyirdim. Ona görə bütün hər şeyin düzünü deməyi tələb edə-edə onu şillələyirdim. Bu, döymək üçün deyildi, mənim hirsimi çıxmaq üçün idi. Bəlkə də hər şeyi danışsaydı, lap günahkar olsa belə, mən onun dizlərinə yıxılıb hönkür-hönkür ağlayacaqdım. O isə inadla susurdu. “Nə edəcəksən? Öldürəcəksən? Öldür, öldür!” deyirdi. Üzündə amansız ifadə və qürur varıydı və gözlərindəki inadkarlıq mənim qanımı beynimə vururdu. Sonra ayağa qalxıb getmək istədiyini dedi. Stefan Svayqin “Amok” povestini oxuyanlar o an mənim nə hala düşdüyümü anlaya bilərlər. Mən bir amokuydum. Onu daha şiddətlə vurmağa başladım, tutdum, yatağa itələdim. Qollarından yapışıb yataqdan tərpənməsinə imkan vermirdim. Artıq gözlərimdə sevginin hirsi, əzabı yoxuydu. Mənim tək bir məqsədim varıydı. O buradan getməməliydi. Bu qürurlu qadını buraxsam, qaytara bilməyəcəyimi bilirdim. O, bu evdən bu ifadəylə, məsələnin bu yerində çıxıb getsəydi, bir də geri qayıtmayacaqdı, bilirdim. Onu yenə vuranda üzümə dəyən şillədən gözlərim qaraldı. O, şillələri, yumruqları mənim üstümə dolu kimi yağdırırdı. Və onun bütün bu şillələrində, yumruqlarında bir təhqiredicilik varıydı. “Sən məni vurursan? Məni? Özünü nə zənn edirsən?” dedi hikkəylə. Sanki mənə yerimi göstərirdi. Vurduqca deyirdi, dedikcə daha da hikkəli vururdu. Mənim kənddən gəldiyim, onun isə şəhərli olduğu gerçəyini bir daha üzümə vururdu. Bu dəfə həm sözləriylə, həm şillələriylə. Əllərindən tutmağa çalışdıqca zəifliyimdən isifadə edib daha da çox vurmağa başladı. Və o an beynimdə ildırımla çaxdı. Onun başını əllərimlə tutub döşəyin üstünə çırpdım. Üzünü şillələməyə başladım. Əlləriylə üzünü tutanda əllərindən, başından, üzünün açıq yerlərindən – hardan gəldi vurmağa başladım. Və kəsik-kəsik nəfəs alırdım, qırıq-qırıq sözlər deyirdim, onu söyürdüm. Bir an beynimdən keçdi ki, onun başını əllərimlə tutub divara çırpım. Qoy, ölsün və mənim canım qurtarsın ondan. Onun xəyanətlərindən, yalanlarından, oyunlarından. Bu an əllərini üzündən çəkdi, gözlərində yaşlar varıydı. Göz yaşları sel kimi yanağından axırdı. Lənət olsun, indi də bunları yazdıqca ətim ürpəşir, özümə nifrət edirəm, özümdən qorxuram, ürəyimdə Nigara getdiyinə görə  təşəkkür edirəm. O, ağlayırdı, artıq bayaqkı hikkəsindən, qürurundan əsər-əlamət qalmamışdı, o artıq bir canavarı sevmiş bir qadınıydı və aciziydi. “Yalvarıram, Orxan, vurma. Vurma! Öldür, amma vurma. Sən mənə yumruq vurursan” dedi. Bütün bu müddətdə mənim şillə zənn etdiyim əslində yumruq imiş. Qarşımızda güclü kişi görəndə qaldırmağa qorxduğumuz yumruqlarımız qadınlar üşün qalxır. Biz kişiliyimizi onlara yumruqlarımızla göstəririk. Və Nigarın bu vəziyyətini görəndə anam yadıma düşdü. Atam da onu həmişə belə döyürdü. Otağa salırdı, qapını biz kömək edə bilməyək deyə arxadan bağlayırdı və biz içəridən  şillə səslərini, anamın yerdə sürünməsini, atamın söyüşlərini, anamın göz yaşları içində  boğula-boğula “Yalvarıram, Həmid, vurma. Ayaqlarına qurban olum, vurma!” dediyini eşidirdik. Yataqdan dik atıldım.  Gedib divarın dibində çöməltmə oturdum və əllərimi başımın arasına alaraq acı-acı ağlamağa başladım. Mən burda ağlayrdım, Nigar isə yataqda. Sonra ona yaxınlaşdım, onu bütün gücümlə qucaqladım və birlikdə ağladıq. “Burax, gedim, orxan” dedi. Qoymadım yenə. Dayanmadan ağlayırdım. Və sonrakı saatlarda bizim aramızdakı bu gərginlik sevgiyə, sevişməyə çevrildi, ancaq həmin günün axşamı Nigara vəziyyəti başa saldım və o gündən sonra bir daha Nigarla əlaqə yaratmadım, onun zənglərinə, meajlarına cavab vermədim. Çünki mən bir qatil olduğumu bilirdim, bu halın bir aha təkrarlana biləcəyini və mənim varlığımın ona fəlakətlər gətirəcəyini. Mən öz murdarlığımla onun həyatına son qoya bilərdim və dünya Nigarsız çox iyrənc, çox çirkin görünəcəkdi. Nigar, o qeyri-adi qız, təbəssümü can alan bu varlığın yaşaması, xoşbəxt olması üçün mən öz vəhşiliyimi, murdarlığımı götürüb bir kənara çəkildim. Və nə indi, nə də bundan sonra bir qadını sevmək, onun həyatına qarışmaq kimi bir fikrim var. Özümə belə şeyləri qəti qadağan etmişəm. Bizlərsiz dünya daha yaşanılacaq bir yer olar. Qoy, bizsiz qadınlar xoşbəxt olsunlar. Çünki bizim yetişdiyimiz mühit bizim dərinliklərimizə elə işləyib ki, o murdarlıqları atmaq ya çox çətindir, ya da mümkün deyil.


Hiç yorum yok:

Yorum Gönder

Axtar