İnsanın özünü dərki mənim üçün ən vacib
şeydir. Kim olduğumuzu, hardan gəlib hara getdiyimizi bilmədən etdiyimiz bütün
şeylər, yaşadığımız bütün günlər bizə həqiqi zövq verməyəcək. Ətrafımızda bunun
minlərlə, on minlərlə nümunəsini görə bilərik. Tarqovıda, McDonaldsda,
toylarda, görüşlərdə, küçədə əl-ələ tutub gəzən cütlüklərdə. Hər şey
qaydasındadır axı. Onlar hətta gülürlər. Ancaq elə bil ki, nəsə çatışmır.
Onların gülüşündə, yemək yemələrində, əsəbiləşməklərində... Hər hərəkətdə, hər
davranışda bir sünilik olduğunu hiss etmək üçün alim olmaq lazım deyil. İnanlar
daha çox başqarına göstərmək üşün nəsə edirlər. Hətta qlamur və xoşbəxtlikdən
uçan qızların da hərəkətlərində qeyri-müəyyənlik, kədər xirtədəyə qədərdir. Biz daxili rahatlığı ancaq özünü dərkin sayəsində
tapa bilərik. Qısa yazıram, çünki dediyim şeyləri bir çoxumuz müşahidə etmişik.
Hətta özümüzdə də. Əgər siz etməmisinizsə, əksini düşünürsünüzsə, zəhmət
olmasa, səhifəni bağlayın və facebookda eşələnməyinizə davam edin, biz də mənin,
özün başa düşülməsi üçün yazılan əsərlərdən söz açaq. Mənin başa düşülməsi,
insanın özünü anlaması haqqında bir xeyli əsər var. Yaxşı, ya da pis. Yazacağım
mövzu bu deyil. Istəyirəm ki, bundan sonrakı bir neçə bloq yazımı oxuduğum bu
tip əsərlərdən seçdiyim qeydlərə həsr edim. İlk yazar Herman Hesse, ilk əsər
onun “Demian” əsəri olacaq.
Alman əsilli Herman Hesse 1877-ci il 2
iyulunda (mənimlə eyni gündə) Almaniyanın Vürttenberq əyalətinin Kalv şəhərində
anadan olub. Ailəsi xristian misioner ailə olmaqla yanaşı, adət-ənənələrinə
bağlı və intelektual olub.
Herman Hesse ilk şeirini 25 yaşında yazıb və sərbəst
yazarlığa da bundan iki il sonra, 1902-ci ildə başlayıb. Nobel mükafatçsıdır və
o, bu mükafatı 1946-cı ildə alıb.
O, əsərlərində, adətən, hind fəlsəfəsindən
qaynaqlanan yazarlardandır. İstər Yalquzaqda, istər Siddhartha, istərsə də
Demian əsərində yazar qəhrəmanın daxili təlatümlərini göstərib, insanın özünüdərkinin
yolunu yazıb. Hətta Siddharthada belə bir hissə var ki, qoca deyir: “Çayı dinlə!
O, sənə hər şeyi deyəcək.” Çayın axışına qulaq asmaq elə insanın özünə qulaq
asmasıdır, düşünməsidir. Ancaq heyf ki, get-gedə səmimiliyin, mənin dərk edilməsinin
azaldığı dünyada Hessenin yazdıqları öz gücünü itirir, bir xəyal kimi uzaq
görünür.
İnternetin olduğu dünyada siz özünüz də onun
avtobioqrafiyasını oxuya bilərsiniz. Ona görə bunu qısa kəsib keçirik əsərə. Demian.
Bu əsər Emil Sinklerin həyat hekayəsidir. Emil Sinkler isə Herman Hessenin təxəllüsüdür.
Əsərdə tərbiyəli bir ailənin tabularla böyüyən uşağı təsvir olunub. O, mədəni
dünyanın tələb etdiyi kimi böyüməkdədir. Ancaq onun bəxti gətirir ki, Maks
Demianı tanıyır. Və Demian Emil Sinklerin həyatında elə iz buraxır ki, artıq o,
aydınlanmağa başlayır və bu yolun əndazəsindən çıxmaq qeyri-mümkün olur.
İndi əsərdən seçdiyim qeydləri paylaşıram.
“Bura kimi danışdıqlarımda ən əhəmiyyətlisi və
ən çox yaddaşımda ilişib qalanı həmin o an idi. Bu, atamın müqəddəs obrazında
ilk çat, həm uşaqlıq həyatımın arxalandığı, həm də bir insanın özü ola bilməsi
üçün dağıdılması lazım olan dirəyin ilk silkələnməsiydi.”
“Məsələn, indi, yəni artıq bir ilə yaxındır
ki, digərlərini aşan qəribə bir şiddətli arzu canımı yandırır və o da qadağalı
sayılır. Yunanlar və bir çox başqa xalqlarsa bu həvəsi allahlıq səviyyəsinə
yüksəldərək onun şəninə təmtəraqlı bayramlar keçirirlər. Deməli, qadağa əbədi
deyil və dəyişə bilər. Axı indinin özündə belə hər kəs keşişin hüzurunda olub və
seçdiyi qadınla evlənibsə, onunla rahatca yata bilər. Başqa xalqlarda bu,
hazırda başqa cürdür. Məhz bu səbəbdən də hər birimiz özü üçün nəyin qadağalı,
nəyin icazəli olduğunu müəyyənləşdirməlidir. Ömründə qadağan olunmuş şeyləri
belə etmədən əclafın yekəsi olmaq mümkündür. Və ya əksinə... Mahiyyətcə bu
rahatlığa olan sevgidən irəli gəlir. Kim özü fikirləşməmək və özü özünə hakim
olmamaq üçün rahat olanı seçirsə, fərq qoymadan bütün qadağalara tabe olur. Digərləri
isə içlərində hansısa hökmlər hiss edir, onlar üçün hər bir əxlaqlı insanın
gündəlik tətbiq etdiyi şeylər icazəlidir. Sonunda hər kəs özünə cavabdehdir.”
“ “İcazəli
dünyanın” yalnız aysberqin görünən hissəsi olduğunu və adətən, keşişlərlə müəllimlərin əl
atdıqları ikinci, gizlədilən tərəfi öz içində ört-basdır etməyə çalışmısan.
Amma alınmayacaq. Fikirləşməyə başlayan heç kəsdə bu alınmır. Biz həmişə şəxsiyyətimizin
sərhədlərini həddən artıq daraldırıq. Biz yalnız fərdi, hansısa fərqli xüsusiyyətlərə
malik olanları şəxsiyyətimizə aid edirik. Amma hər birimiz dünyada mövcud olan
hər şeydən ibarətik.
- Bəs onda, - mən etiraz etdim, - fərdiyyətin
qiyməti nədədir? Əgər hər şey bizdə hazır şəkildə varsa, niyə bəs hələ də nəyəsə
can atırıq?
- Dayan! – Distorius həyəcanla dilləndi. – Fərq
böyükdür, özündə dünyanı daşımaq və onu daşıdığını bilmək tamamilə ayrı-ayrı anlamlardır. Dəli
birisinin ağlından keçən fikir Platonu xatırlada bilər, ya da hansısa gernquter
məktəbinin sakit şagirdi yaradıcılığa dalıb qnostiklər və ya zərdüştdə rast gəlinən
dərin mifoloji mülahizələri çözə bilər. Amma o, bunun fərqinə belə varmır!
Ancaq nə qədər ki, o, bunları dərk etmir, taxta parçası, və ya daşdan, ən yaxşı
halda heyvandan heç nəylə fərqlənmir. Yalnız bu bilginin ilk qığılcımları
parlayanda o, insana çevrilir. Sözsüz ki, küçədə rastlaşdığınız hər iki
ayaqlını düz gəzə bildikləri və doqquz ay bətnlərində körpə yetişdirdiklərinə
görə insan saymırsınız?! Axı onların çoxunun balıq və ya qoyun, soxulcan və ya
kirpi, digərlərinin qarışqa və ya arı olduğunu görürsünüz! Bax, onlardan hər
birinin insanlaşma ehtimalı var, yalnız bu imkanlar ondan xəbər tutulduğu, mən
deyərdim, həmçinin hətta dərk edildiyi zaman açılır.”
“Ayılan adamın qarşısında yalnızca bircə vəzifə
durmalıdır: özünü axtarmaq, içində tapdığını möhkəmlətmək, hara aparıb
çıxaracağından asılı olmayaraq öz oluyla irəliləmək.”
“ – Birlik, - Demian sözünə
davam elədi, - gözl şeydir. Amma indi gur şəkildə çiçəklənən heç də birlik
deyil. O, yenidən doğur, ayrı-ayrı adamların bir-biri haqqında bildiklərindən
meydana gəlir və dünya hansısa bir müddətə dəyişir. İndi birlik sürü
psixologiyasına tay olub, insanlar bir-birindən qorxduqları üçün bir-birindən
qaçırlar – varlılar varlılara, fəhlələr fəhlələrə, alimlər alimlərə! Bəs onlar
niyə qorxurlar? Yalnız o kəs qorxur ki, özüylə dil tapa bilmir. Belələri heç
vaxt özlərini qəbul edə bilmədikləri üçün qorxurlar. Bu birlik yalnız və yalnız
özlərindən qorxanlardan ibarətdir... Çox uzağa getməyək, günlərini meyxanalarda
çürüdən gəncliyə bax, ya da varlıların kef məclisinə! Başdan-ayağa
ümidsizlik!.. Əzizim Sinkler, bunların heç birində ruhu şadlandıracaq bir şey
yoxdur.Bir-birinin ətəyindən yapışan bu qorxaqlar əslində bir-birinə son dərəcə
hirsli və etibarsızdır.”
“ – Sevgi istəməməlidir, -
o söylədi, - və heç vaxt tələb etməməlidir, sevgi özündə inamda bulunmalıdır. Məhz
bu zaman onu nəsə cəzb etmir, o özü cazibə qüvvəsinə malik olur.”
Hiç yorum yok:
Yorum Gönder