2012-ci ilin yayı idi. Nəşriyyatlar Sabir bağında kitab yarmarkası
keçirirdi. Remarkla tanışlığım da məhz həmin gün oldu. Qərb cəbhəsində yenilik
yoxdur. Kitabı əlimə alanda Səlcuq Elçin xeyli təriflədi. Mən də çox tərəddüd
etmədən alıb evə yollandım. Remark sevgimin cücərtiləri bu kitabın səhifələrini
çevirməyə çətinlik çəkdiyim o günlərdə yaranmağa başladı. Birini sevirsən,
sonra getdikcə sevgin artmağa başlayr. Çünki hələ tanımadığın yanları var. Bir
müəmmadır. Tanıdıqca dolaşığa rast gəlirsən. İpləri açmağa çalışdıqca sevirsən.
İpləri aça-aça sevirsən. Sonra hər şey rəngsizləşməyə başlayır. Çünki sən onu
müəmma olduğuna görə sevmişdin, ancaq artıq müəmmalı heç nəyi qalmadı. Hətta
bir vaxtlar gözünə həddən artıq maraqlı görünsə də, indi bilirsən ki, o da
adiymiş, o da hamı kimiymiş. Remark isə başqa bir şey oldu. Dolaşıqlarını
açmağım mümkün olmadı. Aça bildiklərimə uşaq kimi sevindim. Hər kəsin təsirləndiyi
bir yazar olur. Yazarların isə üstündə ciddi şəkildə iz buraxan yazar mütləq
olur. Hansı ki, onun kimi yazmağa cəhd edir, onun kimi düşünməyə çalışır və s.
Yalan danışmaq, gopa basmaq fikrim yoxdur. “Qaçış”ı tam variantda işləməyə
başlamağıma səbəb Remark oldu. Bu dəfə “Ölesiye yaşamak” əsəri. Bir adam necə
bu qədər səmimi və heyrətamiz yaza bilər axı? Öz yazdıqlarıma baxdım, utandım,
cırıb atdım hər şeyi. Və “Qaçış”ın ilk cümləsi (sonralar ikinci fəsil) yarandı:
“Bundan sonra yazacaqlarım dürüstcə olmalıdır. Özümdən iyrənməmək üçün...”
Kimdir Remark? Yazar! Bu qədər? Onda sizin
üçün Teoman da ,sadəcə, müğənnidir. Erich Maria Remarque. Əsl adı Erich Paul
Remarkdır. 1898-ci il 22 iyununda Almaniyanın Onsanbrük şəhərində anadan olub. İlk əsəri “Qərb cəbhəsində yenilik yoxdur”u
yazana qədər hələ 18 yaşında Birinci Dünya Müharibəsinə yollanacaqdı və bir neçə
dəfə yaralanacaqdı. Müharibəni gördü və elə hiss etdi ki, bu, onun bütün əsərlərində
öz izini göstərdi.
“Onlar hələ də məqalələr yazır və nitqlər söyləyir,
amma biz hərbi xəstəxanaları və ölüləri görürdük.” – yazırdı Remark. Müharibə nəydi,
niyəydi? Əsərlərində ən çox buna cavab axtarmağa çalışıb. Hətta xeyli cavabsız
sual var. Bizə ünvanlanan, vicdanlarımızın cavab verməli olduğu suallar. Məhz
buna görə Remarkı faşist höküməti qətiyyən sevmirdi. O, birbaşa heç kimi təhqir
etmirdi. Sadəcə, bircə cümlə işlədib Hitler haqqında. O da “Ölesiye yaşamak” əsərində
insanların başlarını itirdiyinə və yeni, Hitler adlı birini sevdiklərinə dair
cümlədir. O, sadəcə göstərirdi. Nəyin nə olduğunu o qədər aydın təsvir edirdi
ki, insan susur, dəhşətə gəlir, bu qədər düşünən birinə heyran qalır. İlk əsərində
belə bir səhnə var: Əsərin qəhrəmanı bataqlıqda gizlənir və ötüb keçmək istəyən
düşmən əsgərini ölümcül yaralayır. Düşmən ölür və qəhrəman onun cibindən poçt
kartı və düşmənin ailəsinin şəklini və onlara yazılmış məktubu tapır. Dialoqu
isə olduğu kimi verirəm:
“ – Dostum, mən səni öldürmək istəmirdim. Bir
də burda olmasaydın, mən bunu etməzdim. Əlbəttə ki, sən özünü yaxşı aparsaydın.
Əvvəl sən mənim beynimdə yaşayan və mənə qərarımı diqtə edən mücərrəd anlayış,
uydurma ideyalar olmusan, indi mən həmin uydurma ideyaları öldürdüm və görürəm
ki, sən də mənim kimi insansan. Mən sənin əl qumbaran, silahın və süngün barədə
düşündüm. İndi isə sənin üzünə baxıram və arvadını, həmçinin, ikimizin də malik
olduğu ortaq şeylər haqqında düşünürəm. Bağışla məni, dostum. Biz həmişə bunu
çox gec görürük. Axı bizə niyə əvvəldən demirlər ki, siz də bizim kimi yazıq
insanlarsız, analarınız bizim analarımız kimi oğulları üçün eyni dərd çəkirlər,
siz də bizim kimi ölümqabağı qorxursunuz, eyni ölüm və ağrılarımız var? Bağışla
məni, dostum! Axı sən necə mənim düşmənim ola bilərsən? Əgər silahı və hərbi
formanı çıxarıb atsaq, sən də Kat və Albert kimi qardaşım ola bilərdin.”
Və başqa bir fikir:
“Görürəm ki, millətləri bir-birinin üstünə
qaldırırlar, insanlar da kor kimi iradəsinə tabe olaraq bir-birilərini öldürürlər.
Onlar nə etdiklərini, hansı günaha sahib olduqlarını bilmirlər.”
Elə təkcə bu cümlələrdən faşistlərin onu niyə
sevmədiklərini görmək olur. O, onlar üçün təhlükəli düşmən idi, çünki
yazılarında vəziyyəti bütün çılpaqlığıyla göstərirdi. Məhz buna görə də ilk əsərindən
iki il sonra, yəni 1931-də təzyiqlərə davam gətirməyib əvvəlcə İsveçrəyə və 8
il sonra isə Amerikaya köçdü. Ancaq Osnanbrük onun əsərlərində daima yaşadı.
Orayla bağlı xatirələrini yazdığı “Ölesiye yaşamak” əsərində bu yeri gen-bol təsvir
edib. Ümumiyyətlə, yazarlar haqqında yazanda həyatı və əsərləri ayrı-ayrı
yazılır. Remark isə yaşadığını yazan biri olub. Ona görə də onu əsərlərindən ayrı
yazmaq əclaflıq olardı. Mən isə indi Remarka qarşı əclaflıq etmək fikrindən çox
uzağam. 1933-də əsərlərini yandıran nazilər 35-də onun bütün əsərlərinə qadağa
qoydular və təsadüfi deyil ki, “Qərb cəbhəsində yenilik yoxdur” əsəri vaxtilə
senzuralı olan kitablar siyahısındadır. Ürəkləri soyumadı, 1938-də alman vətəndaşlığından
çıxardılar. Uzun illərdən sonra Remark vətənə qayıdanda artıq müharibə
yoldaşları çoxdan ölmüşdü. Ümumiyyətlə, Remarkın ən məşhur əsəri “Qərb cəbhəsindən
yenilik yoxdur” əsəridir. Yəni belə deyirlər. Remark özü də həmişə buna təəssüf
edib. Çünki bir daha heç vaxt o cür məşhur əsər yarada bilməyəcəyini bilirdi. Mənim
üçün isə elə deyil. İstər müharibədən bəhs edən ilk əsəri, istər müharibədən dərhal
sonraya aid “Dönüş yolu”, istər Almaniyayla bağlı xatirələrini yazdığı “Ölesiye
yaşamak”, istər yenə Almaniyayla bağlı xatirələri haqqında olan “Üç yoldaş” əsəri
eyni dərəcədə mükəmməldir. Müharibədən sonra bir müddət müəllimlik edən
Remarkın həyatının bu qismi “Dönüş yolu”nda geniş təsvir olunub. Bir müddət məşğul
olduğu qəbir daşlarının hazıranmasıyla bağlı xatirələri isə “Ölesiye yaşamak” əsərində
yazılıb. Test sürücülüylə bağlı yaşamı isə “Üç yoldaş” əsərində mövcuddur.
Remark, remark... Axı əsərlərində müxtəlif adlı qəhrəmanlar səniydin. Onun qəhrəmanları
kədərli deyil, ancaq gözləntiləri yoxdur. Çünki həyatda xoşbəxtliyin mövcud
olmadığını bilirlər. Bəziləri əlinə düşən ömürlə nə edəcəyini bilmədiyi üçün
yaşamağının sağlığına içir hər gün. Bəziləri unudulmuş mebelli otaqların
arasında qalaraq yollarını gözləyən ümidsizliyi unutmaq, öz varlıqlarını xatırlamaq
üçün içir. O, hər şeyi görür, ağırlığını
hiss edir və içir. Müharəbədən dönən cəbhə yoldaşlarının bir-bir öldüyünü
unutmaq üçün içir. Çünki onlar artıq cəbhədə böyüyüblər, hər kəsdən daha yaxın
olublar, eyni güllələrin vıyıltısını eşidiblər, eyni güllədən ölmək qorxusunu
hiss ediblər. Ölən dostları da onlarlaydı. Hər partlayan mərmi onların tikələrini,
paltarlarını məzardan çıxarıb səngərə atırdı. Artıq hamısı bir yerdədir, hamısı
yenə əvvəlkitək bir səngərdədirlər. Müharibədən sonra isə kimisi əclaf çıxır,
kimisi qəssab qızı almaqla infilyasiyanın hökm sürdüyü ölkədə özünü qurtarmağa
çalışır. Qalanları isə ölür, intihar edir. Çünki artıq evə yaddırlar, öyrəşə
bilmirlər. İnsanların saxtakarlığına göz yuma bilmirlər. Və bir-bir hamısı
gedir. Remarkın qəhrəmanları ən başından ölümə, ayrılığa məhkumdur. Hətta bir
neçə əsərində yazdığı kimi, ona uşaq deyirlər, hələ dünyanın qaydalarını başa
düşməmiş biri deyirlər. O, dünyanın ikrahverici qaydalarını anlmaq istəmir.
Onun öz düşüncəsi var, ancaq qaydaları yoxdur. Özünü axışa buraxıb yaşayır.
Ölümləri o qədər adi qarşılayır ki, sən dəhşətə gəlirsən ki, ilahi, ölümü adiləşdirəcək
qədər qəddar bir həyat yaşamaq mümkündürmü? Və bu sadə təsvirlər səni dəhşətə gətirir.
Fikrim var ki, gələn bloq yazımda onun əsərlərindən qeydləri yazım. İndi haqqında
kitablar yaza bilinəcək bu adamın əsərlərindən qısa məlumatlar verməyə
çalışdım. İlk iki əsəri, yəni “Qərb cəbhəsində yenilik yoxdur” və “Dönüş yolu”
müharibə və onun fəlakətlərindən bəhs edir. Qalan əsərlərdə də müharibənin izləri
görünsə də, “Ölesiye yaşamak” xatirələr və sevgi məsələləridir. “Üç yoldaş” da həmçinin
. İki əsəri isə sona saxladım. Zəfər Tağı və Tanrının gözdesi yok. Qadınlardan
danışır. Bilmirəm sizə nəyi necə deyim. O qadın kimdirsə, mən onun həqiqətən
var olduğuna inanıram. “Ölesiye yaşamak”
və “Üç yoldaş”da o qadının bir xüsusiyyəti qələmə alınıbsa, “Zəfər tağı” və “Tanrının
gözdesi yok” əsərində başqa bir xüsusiyyəti. Əsərlərdəki ad nə olur olsun,
ancaq o qadın kimdirsə, eynidir. İtinin adını iki əsərində qeyd edən Remarkın təxəyyül
məhsulu deyil o qadın da. Niyə özümə bu qədər əminəm? Çünki elə bir qadın
tipinin var olduğunu bilirəm şəxsi təcrübəmdən. Və yaşamayan adam bu qədər
üst-üstə dəqiqliklə yaza bilməzdi hər şeyi. Sizə qəribə gələ bilər, bəlkə də
adi görünə bilər, ancaq mən o qadının kim olduğunu bilmək üçün yanıb-yaxılıram.
Bu yaxınlarda bir qız Remarkla nəfəs aldığını
dedi mənə. Remarkı sevən, ancaq özünü buxovlayan, ailəsinin sözündən çıxmayan, ər
istəyən, məsuliyyətli olan, anasının əxlaq qaydalarıyla oturub-duran biri. Və
Remarkı sevirdi. Mənə Remarkı izah edirdi. Daha doğrusu, eləcə deyirdi ki, mən
onu sevirəm, o ölməyib, mən hər gün onun əsərlərini oxuyuram, əsərdən hissələri
oxuyuram filan. Bir film var. “Tanrının kitabı”. Son İncili qorumağa söz verən
adam hər axşam onu oxuyur və yaşayışın olmadığı Şərqdən Qərbə doğru uzun bir
yol alır. Kitabı qorumağa o qədər aludə olur ki, hər axşam onu oxuduqdan sonra
çantasına qoyur, kitab üçün yaşayır, yol gedir və öldürür. Ancaq onun kitabı
qorumağa başı o qədər qarışır ki, kitabın nələr buyurduğunu unudur. Yaxşılıq
etməyi yaddan çıxarır. Filmdə o, bunu yadına salır, kitabı günahsız bir qızın
yolunda düşmənlərə verir (Halbuki kitab ələ keçsə, ondan hakimiyyəti genişləndirmək
üçün istifadə edəcəkdilər). Kitabı verir, ancaq heç nə itirmir, çünki artıq
kitab onun beyninə həkk olunmuşdu. Həm də kitabın buyurduğunu edir. Həyat isə
film deyil. Çətin ki, o qız anlaya ki, Remarkı hər gün oxumaqla bir pox da dəyişməyəcək
onun həyatında. O, bundan sonra min dəfə də oxusa, qasığının tükünü namus məsələsi
hesab edən tükəzban olaraq qalacaq.
Və işin mənə girən tərəfi də o idi ki, qız
özünü Remarkın əsərindəki o qadına oxşadırdı. Deyirdi, onun əsərlərindəki
qadınlarla (qadınlarla ha) oxşar xüsusiyyətlərim var, mən onlara
oxşayıram. Ona görə qızı xeyli
cırnatdım. Ümid edirəm, buna görə Tanrı mənim günahımdan keçər.
Qayıdaq Remarka. Cəhənnəm olsun qız. Qız
demişkən, Remarkın Almaniyada qalan bacısı Elfrid Şolz nazilərə qarşı
propaqanda apardığına görə həbs olunub və qısa məhkəmədən sonra edam olunub. Və
Remark özü düz 1958-ci ildə Çarli Çaplinin ilk arvadı olmuş Paulette Qoddard
adlı aktirisayla evlənib. Düz 60 yaşında. Və aktrisa onun ölümündən sonra da
heç kimə ərə getməyib. Son vaxtlarında ölümdən qorxan Remark 1970-ci ildə
anevrizmadan aylarla əziyyət çəkərək öldü. Bizə qalan isə onun əsərləri oldu.
Əgər bir gün siz də Remarkı sevsəniz, onun əsərlərini yavaş-yavaş oxuyun. Əsərlərini
bir ömrə sığdırın. Çünki Remarksız həyat çox darıxdırıcı olacaq.
Hiç yorum yok:
Yorum Gönder