28.06.2015

Adamlar və imtinalar



"Məncə, siyasi baxışlar adam haqqında tam təsəvvür verir. Siz mənə yalnız nə fikirləşdiyinizi və nə hiss etdiyinizi deyin, mən sizə etiqadınıızın nə olduğunu söyləyim. Adam həyatının ilk günündən hansı cəmiyyətə və partiyaya mənsub olursa-olsun, onun xarakteri gec-tez tərbiyəsi olan zehniyyət və əqidəyə qalib gələcəkdir. Deyin görüm, insanpərvərlik və nəciblik məfhumlarına yabançı olan bir dövlət quruluşunun mövcud olması ilə sakitcə razılaşan bir adamdan yaxşı bir şey gözləmək olarmı? "


Bu yaxınlarda oxuduğum bir şey bütün günü beynimdə dolanır: "Bloqçuluq mütləqdir. Saytlar bağlana bilər, gücünü itirə bilər və ya satıla bilər. Və ya redaktor senzura tətbiq edə bilər. Bloq isə sənin şəxsi meydanındır. Senzurasız hər şeyi yaza biləcəyin bir yerdir. "
Və çoxdan toxunmaq istədiyim bir mövzu varıydı. Bu sözlər məni cəsarətləndirdi. Düşündüm ki, pisdən-yaxşıdan bir bloqum var. Və mən burda istədiklərimi yaza bilərəm. Buna görə də yazmaq qərarına gəldim.


"Məncə, siyasi baxışlar adam haqqında tam təsəvvür verir. Siz mənə yalnız nə fikirləşdiyinizi və nə hiss etdiyinizi deyin, mən sizə etiqadınıızın nə olduğunu söyləyim. Adam həyatının ilk günündən hansı cəmiyyətə və partiyaya mənsub olursa-olsun, onun xarakteri gec-tez tərbiyəsi olan zehniyyət və əqidəyə qalib gələcəkdir. Deyin görüm, insanpərvərlik və nəciblik məfhumlarına yabançı olan bir dövlət quruluşunun mövcud olması ilə sakitcə razılaşan bir adamdan yaxşı bir şey gözləmək olarmı? "

Bu sözlər Jorj Sanda aiddir. Fransız xanım yazar, 'İndiana' kitabında burjuanı, burjuanın fırıldaqçılığını, murdarlığını göstərən, ürəkağrısıyla tənqid edən açıqfikirli xanım daima bu mövzulara toxunub. Ancaq medalyonun digər üzü olduğu kimi, yazarların, sənət adamlarının da digər üzü var. Hiki Dede demişdi: "Mən adamları imtinalarından tanıyıram." Bəli, sənət adamlarının da digər üzü imtinalar zamanı tanınır. Jorj Sandı oxuyanda elə düşünürdüm ki, bu xanım dövrünün açıqfikirli və ədalətli yazarlarından olub. Onun haqqında da, adətən, belə yazılır. Kitablarının ön sözlərində, internetdə. Ta ki, Böyük Fransa İnqilabı vaxtı yazarların reaksiyalarını oxuyana qədər. Ümumiyyətlə, mənə görə (həm də bir çox adama görə) yazarlar, sənət adamları xalqın vicdanıdır. Həmçinin dövlətin. O yazar ki, gedib oturur hakimiyyətin qucağında, gördüklərini yazmaq əvəzinə, güldən-çiçəkdən, füzulisayağı eşqdən yazır, mədh edir, vəzifə alır, ondan ümidi üzmək lazımdır. İstedadını hədiyyələr, pul, vəzifə qarşılığında peşkəş çəkmiş sənət adamı ürəkbulandırıcıdır. "Öz ölkəsinin turistləri" ifadəsi var. Həmin sənət adamları və onu oxuyub bəyənənlər, tənqid edə bilməyənlər öz ölkəsinin turistləri olurlar. Kar, kor və lal olurlar. Fədakarlıq əvəzinə, əylənməyi seçirlər. Sabir rəhmətlik yazmışdı: "Millət necə taraz olur-olsun, nə işim var." Bu cümlələr məhz bu cür insanları xarakterizə edir.
Jorj Sandın üzərində quracam mövzunu. 1789-cu il. Fransa Inqilabı. Artıq imtina vaxtıdır. Ya həmişə tənqid etdiyin burjuanın qarşısında olacaqsan. Ya da...
Jorj Sand ikincini seçir. İmtina, fədakarlıq vaxtı əsl üzünü göstərir. Rahatlığa, pula olan düşkünlüyünü nümayiş etdirir. Həm də çox açıq və həyasız şəkildə. İnqilabçıları lənətləyir, onları vəhşi, barbar adlandırır, hətta məhv edilməli olduqlarını dilə gətirir. Xalqı yox, burjuanı seçir. Çünki burjuanın qucağı daha rahatdır. Bir də Hüqo varıydı. Onun hayqırışları. Barrikadadakıların səsinə səs verən, neçə-neçə inqilabçını kəndirdən xilas edən adam. Dövrünün və dövrümüzün ən böyük adamı. Fədakarı və fədaisi. Ondan qabaq da hökümətin ayırdığı təqaüddən imtina edən yazar. Səsinə səs verilmədi, ikitirəlik yarandı, qanlar axdı.

Bəli, adamlar imtinalar vaxtı tanınır. Seymur Baycan Quqarkda yazır ki, o vaxtı (müharibə) ən çətin dövrlər idi. O vaxtı yaxşı olan adam bir də heç vaxt elə yaxşı ola bilməyəcək. O vaxtı pis olan adam bir də heç vaxt elə pis adam ola bilməyəcək.
Təkcə yazarlar yox, öz dövrünün ictimai yükünü çəkməyə qərar vermiş hər kəsin boynunda bu məsuliyyət var. İmtina məsuliyyəti. Vicdan və rahatlıq arasındakı seçim. Avropa Oyunları sizə elə-belə gəlməsin. İctimai sektordan (şərti olaraq) tanıdığımız neçə-neçə adam imtina edə bilmədi. Deyəsən, Elçibəy deyib pul qarşısında sınmaq ifadəsini. Sındılar. Müxtəlif səbəblər gətirdilər, bəhanələr etdilər. Fərqi yoxdur, xəyanətdir. Hətta bir aktivist deyib ki, mən könüllü də ola bilərəm. Burda nə var ki? Onsuz da könüllü olanlar çoxdur. Mənim olmağımla nə dəyişəcək?
Həmin xanım oyunlarda müəyyən vəzifə almışdı və iradlara cavabı bu olmuşdu. CV üçün bunu etdiyini demişdi. Hərənin öz səbəbi.
Yaltaqlar da çoxdur. Onun yaltaq olmasıyla nə dəyişəcək ki?

Və hər səbəbə, hər bəhanəyə yalnız bir cavab var: Xəyanətdir! Mən onları başa düşürəm, ancaq haqq vermirəm!
Bunu qəbul etmək lazımdır. Oyunlar CV üçün, pul qazanmaq üçün yaxşı imkan idi. Bizim onlara alternativ iş, pul təklif edəcək imkanımız da yoxdur. Haqq qazandırıram. Amma xəyanətdir. İllərdir çarpışdığın, uğrunda vuruşduğun dəyərlərə bir anda tüpürməkdir. Oyunlar bitəcək, illər də keçib gedəcək. Seçimlər və imtinalar isə qalacaq. Ən azından ürəklərdə və beyinlərdə. Kim bilir, bəlkə gələcəkdə tarix kitablarında.

Sevgilim də Avropa Oyunlarında sinxron tərcüməçi kimi (ingilis-alman, əksi) seçilmişdi. Onunla davamlı danışırdım. Rusdilli olan bu insan üçün nə bizim ölkə maraqlıdır, nə bu ölkəyə aid nəsə. Mən ona hər şeyi dedim. Heç kim və heç nə vecinə olmasa da, mənim mübarizəm, mənim kimi, bu yolda mübarizə aparanların əziyyəti, fədakarlığı. Hamısını çırpacaq yerə. Bizi düşün dedim. Razılaşmadı yenə. Oyunların vaxtı yaxınlaşdı. Onu çağırdılar. O isə...
Getmədi. Bunu sonradan öyrəndim. Dedi ki, sənə demədim. Amma sənin mübarizən mənim üçün dəyərlidir. Çünki sən dəyərlisən. Mən sənin əziyyətlərini yerə vura bilməzdim. Tüpürüm karyeraya. Mənə problem zad çıxaracaqlar. Bu da vecimə deyil.
Bəli, Azərbaycan dilində zəif bilən biri birtəhər cümlələri quraraq bunu dedi. Küçük İskender demiş, bir daha sevdim.
Və bir dostuma bu yaxınlarda dövlət iş təklif etmişdi. İşində ixtisara düşmüşdü. Təklif etmişdilər ki, gəl, səni ürəyin istəyən rayonun enerji idarə rəisi qoyaq. Pul qarşılığında susmaq. Cəlbedici təklifdir. Ancaq o imtina etdi. Və onu bir daha tanıdım. Çünki adamlar imtinalarından tanınır.








Hiç yorum yok:

Yorum Gönder

Axtar