Bu, mənəm, Ümid Xəzər. Hansı ki, gün ərzində mənim
söymədiyiniz yerim qalmayıb, tərifləriniz məni məst edib, amma söyüşlərə və təriflərə ara verin və yaxın oturun,
başlayaq.
Commentin screen edilib paylaşılmasında rolum
sıfırdır. Amma paylaşıldı, yayıldı. Və ardınca bitib-tükənməyən təriflər, tənqid
və təhqirlər, hətta bir neçə təhdid gəlməyə başladı. “Söyüş söyməklə öz iç
üzünüzü göstərdiniz” kimi cümlələr işlətmək fikrindən qətiyyən uzağam.
Söymüsünüz, yaxşı eləmisiniz. Amma haqsızsınız. Çünki...
Ağsaqqal məni təhqir edəndən sonra coşmuşam. Onun
timsalında bütöv bir təbəqəni söydüyümü deyənlər var. Yanılırsınız. Söhbət
bioloji yaşlılıqdan çox, uyğunlaşma qocalığı yaşayan orta yaşlı insanlardan və
hətta yaşıdlarımdan gedirdi. Həmin insanlar ki, kölə olmağı, boyun əyməyi
atalar sözləri halına gətiriblər (Dövlətlə dövlətçilik eləmə. Başını aşağı sal,
bir tikə çörəyini qazan. Qızını döyməyən dizini döyər və s.) Həmin ağsaqqallar
ki, həyat yoldaşlarının üzünü ancaq toy günü görməyi namus hesab ediblər, ancaq
toy gecəsi bakirəlik sübutu olan qanlı parçanı nümayiş etdirməkdən çəkinməyiblər.
Bir az daha artıq pul üçün rüşvət almağı tam normal bir şey hesab ediblər. Mümkün
olan hər yerdən pul qopartmağa çalışıblar, hətta onun nəticəsidir ki, indi də bəzi
iş yerləri “yeyintili yer” kimi bilinir. Seçki indi bu insanlar üçün əlavə gəlir
yeridir. Videoları görməmisiniz? Google-dan baxa bilərsiniz doyunca. Müdaifə
etdiyiniz qarıların lifciklərindən topa bulletenləri necə çıxarıb qutulara
atdığını. 2010-da müşahidəçi olanda öz gözlərimlə görmüşdüm. Qara koftalı bir
qadının yarıya qədər açılmış böyük döşünü və imkan tapıb saya bildiyim 4
bülleteni.
Ölkənin ictimai-siyasi həyatına tamam biganə bir şəkildə
yaşayıblar, öz ölkələrində turistlərdən daha artıq turist olublar.
Sevməyiblər, öpüşməyiblər, baharın ilıqlığını, gəlişini
hiss ediblər bəlkə də, amma imkanları olmayıb, fürsətini tapa bilməyiblər. “Biz
belə bir şey görməmişdik öz vaxtımızda, bizim vaxtımızda belə şeylər yox idi”
cümlələri ilə əslində necə də haqlıdırlar. Heç biri hələ indiyədək “biz belə
bir şey istəməmişdik” cümləsini dillərinə gətirməyiblər. Quruluşun dəyişməsi fələyin
çarxına çomaq soxdu, artıq insanlar baharın gəlişindən həzz almağa başladılar.
Həmçinin orta yaşlılar. Ancaq artıq vaxtları keçmişdi, daha onların ömrü qışa
doğru gedirdi. İstəklərinin hikkəsini görmədikləri şeyi lənətləməklə çıxmağa
başladılar. İmkanı və canı sulu olanlar gizlində ikinci qadın saxlamağa
başladı. Olmayanlar metrolara tökülüşdü, sıxlıqdan istifadə edib kiməsə sürtünməklə
azarlarını öldürməyə cəhd etdilər və edirlər. Qrup yoldaşım demişdi. Bir dəfə
onun atası metro ilə gedəndə basabasda üzbəüz duran qızın sakitcə ağladığını
görür. Amma səbəbini bilmədiyi üçün susur. Qatar stansiyaya çatan kimi qız
düşür və arxada duran orta yaşlı kişinin şalvarının qabağını bağlamasından hər
şeyi başa düşür. “Qaçış”da da yazmışam, öz gözlərimin şahidiyəm, orta yaşlı
birinin avtobusdakı qadının qarnını, budlarını əlləməyini görmüşdüm. Məhz bu
orta yaşlı nəslin nümayəndələri ya lənətləyir, ya sürtünür. Qadınların başına
az gəlməyib atası yaşda kişidən sevgi etirafı eşitmələri. Bizim nəslin nümayəndələri
də edir bunu? Əlbəttə, haqlısınız. Ancaq bir baxın, kimdir onlar. Yaşlandıqca
atalarının eynisi olacaq gənclər. 25 yaşında ağsaqqal olmağa çalışan, başında
tükü tökülməyini ağlın təzahürü hesab edən, rəngli geyinməyi “petuxluq” hesab
edən gerontokratik cəmiyyətin sadiq qoruyucuları və daşıyıcıları. Bura
prestijli iş yerlərində işləyən, qalstuk və kostyumu ancaq evdə çıxaran, cins
şalvar geyinməyən,saçlarına ayrıc atan, ağır danışan qocalmağa çalışanları,
butulka, qara şalvar geyinən, söhbətlər xırdalayan, məhləsinin ətrafında gəzən
oğlanları səhv çıxaran, facebookda Qarabağı qaytaran, çeçenka saç saxlayan,
podorginal saatı və bilərziyi, iri qaşlı böyük dini üzüyünü gözə soxmağa
çalışan qaqaşları və s. və i. Kimsə özünü və yaxının, yaşlısını, cavanını bu
kateqoriyalardan birində hesab edirsə, o, mənim problemim deyil. Mənim atam heç
vaxt rüşvət almayıb, amma hər zaman doğru bildiyimi etməyimə mane olub, öz
bildiklərini özündən əvvəlkilərin ona etdiyi kimi, mənə zorla təlqin etməyə çalışıb.
2 il qabaq “Adamlar və imtinalar” yazısına görə növbəti dəfə məni söyməyə
başlayanda doluxsunmuşdum. Çünki son olduğunu bilirdim. Bundan o tərəfi
olmayacaqdı, artıq qərarımı vermişdim. Və həmin gündən sonra onların “sənin
yazıların bizə problem gətirəcək. Kaş doğulmayaydın”” sözlərindən sonra bir
daha nə üzlərini gördüm, nə səslərini eşitdim. Çoxbilmişlər travmalı olduğumu və
ona görə hirsli olduğumu dilə gətirə bilərlər. Amma mənim yaşadıqlarım travma
almaq söhbəti deyildi, həmin gündən atam daxil hər kəsi adıyla çağıracaq qədər
cəsarətə sahib oldum. Peşmanlıqları məni onlara geri qaytarmadı. Bütün
valideynlər hirslənə bilər, ancaq geri qayıtsam, onların mənim həyatıma
qarışması, qınaması, müdaxilə etməsi halları yenidən başlayacaqdı. Siz isə bunu
edəcək qədər gücə və cəsarətə, həmçinin maddi imkana sahib olmadığınıza görə
hirsinizi bir-iki günlük evdən getməklə çıxırsınız ən uzağı. Gələcəkdə onların
yolunu gedəcəyinizi bildiyinizdəndir bu hikkə, onların belə qüvvətli müdafiəsi?
Axı oğraşlıq edənləri söymək niyə kimisə bu cür qıcıqlandırır? Aradakı uçurum,
onların bitib-tükənməyən təzyiqləri, özlərini ağıllı hesab etmələri və təcrübələrdən
çıxartdıqları dərsləri zorla bizə itələməkləri göz qabağındadır. Həyat eşqi
sönmüş gözlərin qaynayan həyatların söndürülməsinə olan hərisliyi. Atam demişdi
mənə. “Hərbidə olmağının ən yaxşı tərəfi odur ki, sənin həyatının qızğın
çağları orda, işdə keçəcək və sən cavanlıq edə bilməyəcəksən, hərbidən 42
yaşında çıxanda isə artıq ailəsi, evi olan sakit bir adam olacaqsan” Bəli, hər
səhər gecə hələ yer üzündən tam çəkilməmiş hərbi hissəyə doğru yol alıram,
axşam Günəşin son şəfəqləri yuvaya yığılan sonuncu qarışqalar kimi dağın
dalında gözdən itməyə başlayanda evə qayıdıram, bəzən isə aylarla Günəşin mənim
üçün heç bir əhəmiyyəti olmur.
Atamın timsalında danışmağım sizin atalarınızı,
yaxınlarınızı və bütün bunlarda əməyi olan digər yaşlıları daha az günahsız
etmir qətiyyən, belə tez rahatlamayın. Onlarla yaxşı yola gedirsiniz, çünki
onların dediklərini edirsiniz.
“Bu qədər danışırsan, sən özün nə etmisən, nəyə
nail olmusan?” deyənlərə. İsa, Musa, Məhəmməd və digər peyğəmbərlərin dinə gəlməyən
qövmlərinin dedikləri sözlər düşür yadınıza? “bizə bir möcüzə göstər, sənə
inanaq” Zatən hər zaman axırı eyni olub. İsa yarasanı yaratdı, suyu şəraba
çevirdi, Məhəmməd Ayı iki yerə böldü, Musa Nil çayını. İnanmadılar. Çünki
inanmaq üçün deməmişdilər. Hesabat verəcək deyiləm. Amma sizə cəzalarımdan
danışa bilərəm. Əvvəlcə buralara sürgün olunmağımdan, ardınca dağa, sonra yenidən
başqa dağa. Hər yazım harasa getməyimlə nəticələnib. Ardı-arası bitməyən DTX təhdidləri,
təzyiqlər, daima “bir gün gəlib aparacaqlar” qorxusu ilə yaşamaq. Başqa cür
yaşamaq barədə isə düşünmürəm, düşünə bilmirəm.
Mentalitet xristianın dininin kilsələrə sığınması
kimi sussa, bu qədər problem olmaz bəlkə də. Amma bədxassəli şiş kimi özünü əcaib
bir şəkildə və ən müxtəlif formalarda həyatımızın hər bir sahəsinə girir.
Müqayisə edəsi olsam, 300 spartalı filmində dağdakı cüzamlı qocalardır
mentalitet. Mundar dilləri ilə toxunduqları gənc və yarıçılpaq qadın isə gəncliyin
həyatıdır. Və bütün bu proseslərin təkanverici qüvvəsi, dəyirmanın suyu qocalardır,
qocalmış cavanlardır. Öz oğraşlıqları, fırıldaqları, qanunsuzluqları ilə daha
da eybəcərləşdirirlər bu səhnəni.
Ağsaqqalın cümlələrinin təhqirsiz olduğunu yazanlar
və ümumiyyətlə maraqlı olanlar üçün paylaşıram aşağıdakı şəkilləri. Birincisi mənim
commentimə cavabdır, digər ikisi öz səhifəsində yazdıqları.
Haqlısan, ağsaqqal. Bir daha sübut edirsən ki, sən
və sənin timsalında dediklərim çox az olub. Bacın oğlu mənim inboksuma təhdid
mesajları yazmamışdan, sən öz iç üzünü açıb daha yaxşı tökməmişdən qabaq
doyunca söyülməli olan o nəslin nümayəndəsisən. Sən məni tabe olduğum MN-lə təhdid
edirsən, hərbçinin facebooka girməyə vaxtının olmamalı olduğunu dilə gətirirsən.
Qısaca, içindəki hikkənin çölə vurmuş halı. Necə ki, yetməzlikdən yaranan hikkəni
metroda gənclərə göstərmisən. Halbuki, sən və sənin kimilərin aprel hadisələrində
“Şəhidlər ölməz, Vətən bölünməz!” hayqırtıları ərşə çıxarkən, mən sənin kimiləri
televizordan izləyirdim hər axşam. Dəmir asılqandan düzəldilmiş antenası olan o
televizorda və hər gün o tabutun içində olma ehtimalının yüksək olaraq qaldığı
həmin günlərdə. Səndən fərqli olaraq, mən ermənini çox yaxından görmüşəm, hiss
edə bilmişəm o əsgərin ürəyindən keçənləri, bezginliyi. Sən və sənin kimiləri
tabutları daşımaqla fəxr edərkən, təpələrin alınmasından orqazm olarkən, mən
erməni qəzəbini başımın üstündən uçan güllələrdə hiss etmişəm. Bu, həmin vaxtlar bizə yaxın yerlərdə ölən erməni
əsgərlərinin hirsini çıxmaq üçün idi. Başa düşmüşəm ki, insan olduqları üçün və
acıyı hiss etdikləri üçün qəzəbləniblər, amma öldürmək istəsəydilər, öldürə biləcəkləri
halda o an bağışlayıblar məni. Alnımın ortasına gülləni yapışdırmaq əvəzinə,
ağlayıb, sağa-sola məqsədsizcə yumruq atan yetişkin adamlar kimi davrandılar,
sağa-sola güllə səpdilər. 30 metrlik qar, çovğun, külək, 3 tərəfdə düşmən varkən,
bir qarış torpağı vermədik, almağa hazır idik. Onlar isə verməyə. Veclərinə
deyildi o yüksəkliklər, sadəcə etməli olduqlarını edirdilər. Necə ki, sən MN
filan qatacaqsan bura,mən cəzalara dözməyə məcbur olacam. Sənin kimi xislətli
insanlar üçün istifadəsi rahat imkanlar yaranıb. Amma unutduğun məqamlar var. Sənin
bildiyin hər şeyi əslində mənim sənə dediyimdir. Profil şəkli, Naxçıvanda xidmət
etməyim. Ona görə bilirsən ki, mən istədim. Çünki avtobusda necə parazitlik
edirsiniz ha, başımızın üstündə dayanıb vurnuxursunuz, itələyirsiniz, yer
tutmağa çalışırsınız, tənə edirsiniz, həmin o an sizlərin necə göründüyünü biz
bilirik, hiss edirik. Bax, indi də sənin bu çırpınışların mənə onu xatırladır.
Sənin uğursuz cəhdlərin, yalanların, bacoğlunun hirsi. Yekun nəticəsi nə
olacaq? Ya blöf, ya mənim şərlənərək həbsim, ya dağa göndərilməyim, ya da ki,
bacın oğlunun nəsə etməyi. Axırıncıya imkan verməyəcəm, ağsaqqal. Mənim sizin
növbəti qurbanınız olmaq fikrim yoxdur. Necə ki, bütün bu intiharlarda, bədbəxtçiliklərdə
sizin fikirləriniz əsas səbəbdir. Ayrılıqlar yaşadırsınız, zorla evliliklər
boşanmaların sayını artırır. Metroda öpüşməyənlər qonşu gəlinlərin, küçədə tək
gəzən qadınların bədənlərinə tamah salır, zorlayır, öldürür, bıçaqlayır. Özgüvənini
darmadağın etdiyiniz həmin övladlarınızdır ki, qadınından boş yerə şübhələnib
bıçağa əl atırlar. Başqa nələr sayım? Nəslinizin nəslimizə ötürdüklərindən? Nə
ötürmüsünüz? Oğraşlarınız oğraşlığı, qocalmağın keyfiyyətli bir şey olduğunu,
zövqsüzlüyü, suka olmağı, susmağı. Sistemin təşəkkül tapıb möhkəmlənməsində,
onların ideyalarının sistemi idarə edənlərdən daha qüvvətli bir şeyə çevrilməsinə
şərait yaratmısınız. Ən yaxşılarınızı 37-də, 20 yanvarda və müharibədə
itirdiniz, ağsaqqal. Geriyə sənin kimilər qaldı. Birinci commentdə özünü
mülayim göstərən, amma içi üfunətli olanların çoxluq təşkil etdiyi cəmiyyət.
Amma gücünüz gətirməyəcək, bilmiş ol. Təpik atan linç olunmaqla cavab aldı. Sənin
barəndə hələ demirəm. İradlarınız ancaq sizə qarşı qızmış gəncliyin gücünü göstərdi.
Bir də, yaşlıların kiflənmiş, saxta əxlaq qaydalarını vecinə almayanların sayı
çoxalacaq. Vəssəlam. Cəmiyyətin təşəkkülündə sənin kimilərin qeyri-adi
davranışı mühüm rol oynayır. Necə ki, illərlə edilən zülmə dinməyən xalqın
hakimiyyətin gözlənilməz hər hansı bir səhvi nəticəsində inqilab etməsi kimi.
Hiç yorum yok:
Yorum Gönder