26.01.2019

Müasir dünyanın qaranlıq ölkəsi- tanrılaşdırılmış liderlərin vətəni KXDR


Şimali Koreya və ya özlərinin adlandırdıqları kimi – Koreya Xalq Demokratik Respublikası yarandığı 73 ildən bəri müasir dünyanın qorxu və təhlükə mənbəyi kimi qalmaqda davam edir. Bu ölkə o qədər sirli və qəribədir ki, haqqında hətta bir xeyli mif də mövcuddur. Şimali Koreyanın məşhur 3 illik aclıq dövründə uşaqların qaçırılıb yeyilməsi tez-tez dilə gətirilən miflərdən biridir. İşin ən qəribəsi odur ki, bu ölkədə xalq da bəzi miflərə inanır. Bütün dinlərin qadağan olunduğu, dini kitaba sahib olmağın, oxumağın cinayət sayıldığı bu ölkədə xalq ölkənin liderlərinin tualetə getmədiyini, tualet ehtiyacının olmadığına inanır. Hətta hakimiyyət propaqandası  Kim hakimiyyətinin ilk nümayəndəsi olan Kim  İl-Sungun 3 aylığında sərbəst yeridiyinə, 6 aylıq olarkən danışdığına və 3 yaşı olanda kitab yazdığına xalqı inandırıb.

Həm də qəddarlıqları ilə məşhur olan bu ailəni yaxından tanımaq üçün ilk olaraq babadan – Kim İl Sungdan başlamaq lazımdır.
O, hakimiyyətə gələnə qədər Koreya yarımadası yaponların vəhşiliklərinin meydanı olub, ancaq 1945-ci ildə ABŞ-ın Yaponiyaya atom bombası atması yaponların zəifləməsi və geri çəkilməsi ilə nəticələnir, Daha sonra isə Amerika və SSRİ bu ölkəyə tamah saldı. Həmin vaxtlar Kim İl-Sung bir neçə dəfə həbsdə yatmış partizan bir kommunist idi və 1930-cu illərdən dağları özünə məskən etmişdi. Onun həmin vaxtlar Paektu dağında sığınacaq kimi istifadə etdiyi ev 1986-cı ildə restavrasiya olunub və indiyə qədər ziyarətgah kimi istifadə olunur. Həmin dağ həm də əfsanəyə görə Koreyanın ilk qurucusu olan əfsanəvi qəhrəmanın da doğulduğu yer olub.  Bu dağı Kim ailəsi ilə belə möhkəm bağlanmasının əsas səbəbi də elə əslində budur – Kim-lərin tanrı olduğuna xalqı inandırmaq.  Məşhur ingilis səyyah Michael Palin bu sığınacaqda olanda şimali koreyalı bələdçi onu inandırmağa çalışırdı ki,  Kim İl-Sungun oğlu Kim Jong-İl 1941-ci ilin 16 avqustunda burada dünyaya gəlib və o doğulana qədər buralarda hava -40 dərəcə olub, 16 avqustdan sonra güclü küləklər səngiyib, buludlar çəkilib və hava mülayimləşib.
Halbuki, yayılan məlumatlara görə Kim Jong-İl Moskvada doğulub.
1945-ci ildə ABŞ və SSRİ arasında Koreya yarımadası 38-ci paraleldən iki yerə bölünür, Cənubi Koreya Amerikanın, şimal isə SSRİ-nin tabeçiliyinə keçir və partizan Kim İl-Sung Stalinin də dəstəyi ilə hakimiyyətə gəlir.
İlk vaxtlarda yaşının az olması insanlarda inamsızlıq yaratsa da, illərdir işğallara və zülmə məruz qalmış xalq onun cəsarətini çox keçmir ki, təqdir etməyə başlayır, çünki partizan hakimiyyətə gəlməsindən qısa müddət sonra JUCHE fəlsəfəsini yaradır.
Bu fəlsəfənin təməli öz-özünü təmin etmək və işğalçıları ölkədən qovmağa dayanırdı. Bir neçə ilə Şimali Koreya Stalinin dəstəyi ilə hazırda dünyanın dördüncü güclü ordusu olan Koreya Xalq Demokratik Respublikasının ilk ordusunu yaradır. Və çox keçmir ki, cənubdakı kommunistlər onu Cənubi Koreyanı işğal etməyə təşviq edir. Xalqı öz rəhbərliyi altında birləşdirməyi qarşısına məqsəd qoyan baba Kim 1950-ci ildə qəflətən Cənubi Koreyaya hücum edir və 3 gün ərzində KXDR qoşunları Seula qədər irəliləyir, ancq ABŞ-ın işə qarışması bütün planlarını alt-üst edir. Beləcə, şimal və cənub arasında, əslində isə ABŞ-la SSRİ arasında 3 illik müharibə başlayır. Bunun əziyyətini isə təbii ki xalq çəkir. ABŞ-ın bombardman təyyarələri Şimalın 200 minlik əhalisi olan Pyongyang şəhərinə 200 min bomba atır, bu da adambaşına bir bomba deməkdir və bu bombardman tarixə “pəncərə tarlası” adı ilə düşür, çünki evlər dağılsa da, qəribə şəkildə pəncərələr salamat qalır və bütün şəhərdə gözə dəyən şey hər yerdə salamat qalmış pəncərələr olur.
 Müharibə ümumilikdə bir milyon koreyalın ölümünə səbəb olur. 1953-cü ildə Stalinin ölümü şimalla cənub arasında yenidən 38-ci paralel sərhəd olmaqla saziş imzalanmasına səbəb olur. Bu məğlubiyyət və ən böyük dəstəkçisini itirməsi Kim İl-Sungu daxildə propoqanda fəaliyyəti ilə məşğul olmağa vadar edir. Çox keçmir ki, lider SONGBUN qiymətləndirmə sistemini yaradır. Sistemə görə xalq 3 qismə ayrılır: Partiyanın sadiq nümayəndələri, şübhəlilər və partiya düşmənləri. Düşmənlər birmənalı olaraq xalqın gözü qarşısında edam edilir. Edamların icra olunma metodunda da məqsəd güdülür, belə ki, dirəyə bağlanmış məhkuma güllə mədə nahiyəsindən atılır ki, ölüm anında məhkumun başı aşağı əyilsin, heç kimə başı dik ölməyə imkan verilməsin. Şübhəlilər və edam olunanların yaxınlarını isə başqa tale gözləyir. Şimali Koreyadakı cəzalandırma sistemi 3 nəsli əhatə edir: cəza törətmiş olan, ondan əvvəlki  vəsonrakı nəsil işçi düşərgələrinə göndərilir. Burdakı məhkumluq həyatı o dərəcədə ağırdır ki, aclıq və xəstəliklər 3 ay ərzində insanların ölümünə səbəb olur. Düşərgənin Cənubi Koreyeya mühacirət etmiş nəzarətçilərindən birinin danışdığına görə orda ölən insanları kütləvi şəkildə basdırırlar və meyidlər o qədər çox olur ki, basdırma prosesində iştirak edən məhkumları qarğıdalı əriştəsi ilə mükafatlandırırlar. Nəzarətçinin şahidi olduğu bir başqa dəhşətli hadisə isə düşərgədəki uşaqların aclıqdan inək peyinin içindəki qarğıdalı dənələrini seçibki qarğıdalı dənələrini seçib topalamaları və yemələri haqqındadır.
Ümumiyyətlə, bu qapalı ölkə haqqında belə detallı məlumatlar mühacirlərin sayəsində mümkün olur, ancaq onların qaçması da ölkədəki yaxınları üçün faciəyə çevrilir, çünki hamısı meydanda insanların gözü qarşısında edam edilir.
Ən xırda detala qədər, hər şeyin möhkəm nəzarətdə olduğu bu ölkə bir nəslin 3 nümayəndəsinin hakimiyyətdə olduğu müddətdə sui-qəsdləri və bank hesablarından pul oğurlaması ilə də məşhurdur. İlk sui qəsd cəhdi baba tərəfindən 1968-ci ildə Cənubi Koreya prezidentinə qarşı olur. 31 ən yaxşı xüsusi təyinatlı babanın əmri ilə prezidentin yaşadığı Mavi Evə yollanır, ancaq onlar ora çatanda artıq cənubluların sui-qəsddən xəbərləri var idi və orda bu 31 nəfəri ölüm gözləyirdi. Şiddətli atışmanın nəticəsində 30 nəfər qətlə yetirilir, yalnız aralarından bir nəfər – Kim Shin-Jo salamat qalır, çünki açıq döyüşdən qaçır və təslim olur.

 İndi mühacirətdə olan bu adam: “o vaxtlar 25 yaşım var idi və intihar üçün əl qumbarası ilə özümü partlatmaq istəyəndə yaşamaq istədiyimi hiss etdim. Nə inqilab, nə lider, nə ailəm gəldi ağlıma.” Meyidlərin təsdiq olunmasından sonra onu sərbəst buraxırlar, ailəsi isə Şimali Koreyada edam edilir və özü lənətlənir, vətən xaini elan edilir. (Həmin adam indi rahibdir). Bu uğursuzluqdan sonra artıq ikinci bir adam, babanın oğlu – Kim Jong-İl  dövriyyəyə girir.


Ardı olacaq...

Hiç yorum yok:

Yorum Gönder

Axtar