Kim Ki dukun
rejissor təhsilinin olmadığını və rəssamlıqdan rejissorluğa keçid etdiyini
oxudum o gün. Ümumiyyətlə, bu gün iyulun iyirmi beşidir. Öyrəşmək məcburiyyətində
olmadığımı və almamağı kəşf etmişəm. Qışda qalacağım postda bu, çətin ki alına,
amma hələlik taborda bunu babat bacarıram. Bir neçə gün qabaq başda adını çəkdiyim
rejissorun üçüncü filminə baxdım. Yenə bizim üçün qeyri-adi görünən, nə qədər
düşünsək də, ağlımıza gəlməyəcək bir mövzu işlənilib.
Kim Ki duk adətən məhz bu tip mövzuları seçir, filmini çəkir və bizim üçün normalda qeyri-adi gələcək həmin mövzu artıq qəbul edilir. Filmlərinin əksər hallarda səssiz bir fonda cərəyan etməsi belə, filmə marağı azaltmır. Kim Ki duk səssiz sevməyin mümkün olduğunu göstərir, səssiz sevilməyin mümkünlüyünü isbatlayır. Bundan qabaqkı “Boş ev” və “Pieta” filmlərində etdiyi kimi. Bu film isə suların ortasındakı bir evdə cərəyan edir.
Yaşlı bir rahib və balaca bir uşaq... Daima ibadət edirlər, meşədən
müalicəvi otlar toplayırlar və gölə açılan qapıdan keçərək qayıqlarıyla evə
qayıdırlar. Həyat onlar üçün bu cür işlərdən ibarətdir. Amma adamın beynində
sual yaranır o uşağın hardan peyda olması haqda. Dəqiqələr keçir, suallar isə
getdikcə artır. Filmin gedişatı dəyişməyə başlayır. Rahibin evinə müalicə məqsədilə
bir gün bir qız gətirilir. Qız və anası da yaşlı rahibin qayığıyla həmin
qapıdan keçərək buraya gəlir. Çox keçmir ki, qız artıq böyüyüb cavan oğlan olan
uşağın ehtirasını oyadır. Kim Ki duk adətən məhz bu tip mövzuları seçir, filmini çəkir və bizim üçün normalda qeyri-adi gələcək həmin mövzu artıq qəbul edilir. Filmlərinin əksər hallarda səssiz bir fonda cərəyan etməsi belə, filmə marağı azaltmır. Kim Ki duk səssiz sevməyin mümkün olduğunu göstərir, səssiz sevilməyin mümkünlüyünü isbatlayır. Bundan qabaqkı “Boş ev” və “Pieta” filmlərində etdiyi kimi. Bu film isə suların ortasındakı bir evdə cərəyan edir.
“Sən sevmirsən, sadəcə sahiblənmə duyğusuyla tanış oldun və bu, bərabərində öldürmək istəyini də gətirəcək” – deyirhadisədən xəbər tutan qoca rahib cavan oğlana. Çünki qız və oğlanın sevgilərinin, sevişməyinin üstü açılıb və gənc rahib qızın orda qalması üçün qocaya yalvarır. Ancaq baş tutan iş deyil, qoca qızı qayığa mindirib qapının arxasında düşürür. Bu həmin qapıdır ki, qayığa minmək üçün və əksinə göldən gələndə quruya çıxmaq üçün mütləq o qapıdan keçilməlidir. Qız gedir, gənc rahib dayana bilmir və qaçır. Qoca hər şeydən xəbərdardır, amma mane olmur. Həvvanın Adəmi günaha sürükləməsi kimi, qız da gənc rahibi günaha sürükləyir, amma günah hələ qarşıdadır, gənc rahib isə bundan xəbərsizdir.
Və bir gün qoca ərzağını
bükdüyü qəzetdə kişinin arvadını öldürdüyünü və qaçdığını oxuyur. Bu, həmin gənc
rahibdir. Qoca haqlı idi. Öldürmə istəyi özünü göstərmişdi. Gənc rahibin artıq
gələcək tək bir yeri var, o da məhz bu yerdir. Gənc rahib gəlir, qoca ona içindəki
kinini tökməyə kömək edir, amma qanundan qaçmasına şərait yaratmır. Həbsdən
sonra artıq ortayaşlı rahib yenidən evə qayıdır. Qoca artıq yoxdur, sadəcə
qocanın intiharı barədə dəlillər var. Və bir gün bir qadın peyda olur. Səssizcə
gəlir, dua edir və qucağındakı körpəsini məbəddə buraxaraq ordan çıxır. Uşaq həm
də filmin başındakı uşağın buraya necə gəlib düşməsi barədə düşüncələrdə açar
rolunu oynayır. Günahların qüsurlu dövranıdır davam edən.
Filmin yenə
yarıdan çoxunda danışıq, dialoqlar yoxdur, ya küləyin səsi, ya da gölün səsi
eşidilir, ya da ibadət ritualları. Amma bu səssizlik filmə əsla kölgə salmır, əksinə
başda dediyim kimi, səssiz hiss etməyi öyrədir. Səsli filmləri sevənlər üçün bu
filmdən sıxılmağa səbəblər çoxdur, hətta yarıda, ya da elə ən başlarda
komputeri söndürə də bilərlər, amma filmdəki o səssizliyin sehri adamı öz
ağuşuna elə alır ki, dəqiqələrin necə keçməsindən xəbərin belə olmur. Sevginin
oxuduğumuz savab, gözəllik və xoşbəxtlik tərəflərindən başqa, bir də günaha
sürükləməsini göstərir. Çünki sevgi təkcə gözəllik, xoşbəxtlik deyil, həm də
qısqanclıqdır, bir müddətdən sonra bezməkdir. Eynən cavan rahibdən bezən qadın
və onu sevməsi üçün yalvaran, axırda qısqanclığına yenilən, qadını öldürən gənc
rahibin dramında olduğu kimi. Halbuki, o, qocanın yanından nə böyük ümidlərlə,
sevinc və həyəcanla qaçmışdı. Qarşıda onu gözləyən fəlakətləri heç ağlına belə
gtirmədən. Bəlkə də boğazına daş bağladığı balığın, ilanın, qurbağanın çəkdiyi əzabları
çəkirdi. Axı qoca demişdi ona.
Demişdi əgər o heyvanlardan hansısa biri ölsə,
onun da həyatı belə əzablı keçəcək.
Filmdən mənim
özümün çıxardığım nəticələrdən biri insanın günahlardan qaça bilməməsi oldu.
Günahsız yaşamaq üçün mütləq ya dörd divar arasına məhkum etməlisən özünü. Ya
da ki, rahiblərin etdiyini. Suların ortasında bir məbədə sığınmalısan. Ömrünü
ancaq ibadətə həsr etməlisən ki, günahlar yaxınına düşə bilməsin. Ancaq günah
işləmədən kim bunu bacara bilər ki? Kim sonsuz yaşamaq ehtirasını bir tərəfə
atıb elə ən başından özünü hər şeydən məhrum edə bilər?
Hiç yorum yok:
Yorum Gönder