22.07.2017

Varlığın dözülməz yüngüllüyünün doğma olması haqda cəfəngiyyat


Əlbəttə, 9 may günü mənim üçün təqvimdə sadəcə olaraq adi günlərdən biri ola bilərdi. Əgər məni həmin gün aparmasaydılar. İlk deyildi mənə baş çəkməkləri, amma ən dəhşətlisi idi. Bu dəfə aparmaq üçün gəlmişdilər.



Telefonun o biri ucundakı səs səbəb demədi, sadəcə şəhərdə olmama rəğmən, məni təcili yerimə çağırırdı. 40 dəqiqəlik yol, görməli olduğum işlər onun marağında deyildi. Çünki onun mənə əmr etdiyi kimi, ona da əmr etmişdilər. Ona əmr edənə də yuxarıdan əmr gəlmişdi. Bu əmrlər zəncirinin hardan başladığını bilmirdim, amma sonuncu mən idim, bütün əmrlər məni aparmaq üçün verilmişdi. Ölümünə tələsən adamlar kimi bəhanə etmədim xəstələri, sürücü ilə maşına minib yollandıq gəldiyimiz yerə. Normalda 60-dan yuxarı sürməyən sürücünün maşını ildırım sürəti ilə sürdüyünü görəndə başa düşdüm ki, ona da məndən xəbərsiz əmr gəlib. Deməli, dalımca gəliblər, məni gözləyirlər. Sürücü ilə hər nə qədər yaxın olsam da, heç nə soruşmadım. Çünki bilirdim ki, deməyəcəkdi. Axirət günü kimi bir şey idi. Hamı özünü sığortalamaq istəyirdi. Bunun üçün hamı cüzamlı xəstədən uzaq qaçan kimi, məndən uzaq qaçmalı idi. Bir az təpindim üstünə. “Heç normalda bu cür sürmürsən, yolda istidən bişirik. İndi məni onların caynağına vermək üçün niyə bu qədər tələsirsən?” – soruşdum. Dişlərinini bir-birinə sıxıb susdu, həm də utandı, sürəti azaldıb kədərli ifadə ilə gözlərini yola zillədi.

Bütün hər şey təsadüflər zəncirinə bağlı idi sanki. Hətta bu yazının yazılması da. əgər mən xidmət yerimdə olsaydım, onlar gələndə birbaşa caynaqlarına düşəcəkdim. Asan deyil. Bəlkə də bilmirsiniz. Qorxurdum. Qorxumu daha tez görəcəkdilər. Həm də heç kimə xəbər edə bilmədən gedəcəkdim.

Yerimə çatmağa az qalmış məntəqədə birinin vəziyyəti ağırlaşdı. Tək mən qaldığım üçün növbətçi həkim onlar 200 metr yolu gəlməyə macal tapmamış xəstəni maşına mindirib mənə onu hospitala çatdırmağımı tapşırdı. Bu da daha bir təsadüf. Maşın yerindən o qədər sürətlə götürülmüşdü ki, 200 metrdən ancaq barmaqları ilə məni göstərib “bu odur?” deyə soruşmağa macal tapıblarmış, sonradan öyrəndim. Qazi Məhəmmədin özünü qaladan atıb öldürməsindən sonra Şeyx Şamil rusların üstünə atlayıb bir göz qırpımında barrikadanı yaranda rus generalı Voronosov ancaq bu sözləri işlətməyə macal tapmışdı.

Yolu necə getdiyimi bilmirəm. Gücüm çatan Bakıdakı yaxınıma zəng vurmaq oldu.





 Deməli, “varlığın dözülməz yüngüllüyü”nün ilk səhifələrini oxuyuram. Tomaş, Tereza, Frans, Səbinə, onların intim münasibətləri barədə yazılıb hələ. Bildiyim şeyə kitabda rast gəlirəm: “Yatmaq istədiyin yox, oyanmaq istədiyin qadındır sevdiyin qadın” Tomaşın intim münasibətdən sonra tək qalmaq hissi, qadınlardan qaçması, amma uzaq dura bilməməsi, yenidən geri qayıtması yazılıb. Tanış gəlir bütün bu cümlələr, fikirlər, amma kitab bütünlüklə məni özünə çəkmir. Tərcümədə bəzi yerlərdə səhvlər var.

Amma kitab getdikcə daha çox marağıma səbəb olur. Budur, Tomaş bilmədən günah etməyin və buna haqq qazandırmağın əclaflıq olduğu ilə bağlı redaksiyaya bir məktub göndərir. Necə yəni, kommunistlər bilmirdilər ki, Sovet imperiyası Çexiyanı işğal etsə, onları nə hala salacaq? Nəriman Nərimanovun vəziyyətinə oxşadıram yazılanları. Kommunistlər isə əllərini sinəsinə döyür, günahlarını etiraf edirlər, isbat etməyə çalışırlar ki, əgər onlar bilməyiblərsə, deməli, təmiz adamlardır. Tomaşın məktubu qəzetdə dəyişdirilir, ixtisara salınır, yöndəmsiz bir şeyə çevrilir. O, bundan qəzəblənir, ancaq susur. Məktubun rezonans doğurması işlədiyi xəstəxanada vəziyyəti qəlizləşdirir. Artıq Tomaşın da həkim olması və bunun ardınca baş verənlər oxşarlığımızı daha da artırmağa başlayır.

Ardınca jurnalistlərə bir neçə gün qabaq ev paylanılır. Sevinclər, etiraflar, ağlaşmalar baş alıb gedir. Sınanların, sındıralanların sayı durmadan artır, daha doğrusu, bunu etiraf edənlərin.

Tomaşa məktub yazdırmaq istəyən baş həkimin istəyi və ətrafda ağzını marıtlayıb bunu həvəslə gözləyənlərin, onun da digərləri kimi sınacağını gözləyənlərin düşüncələri onu dəli edir. Sadəcə bircə məktub. Məktubu heç kimə göstərməyəcəklər, çünki məktubu yazan Tomaşın utanmasını və əsəbiləşməsini istəmirlər. Tomaş düşünür və bilir ki, məktubu bəlkə göstərməyəcəklər, amma daima onların əllərində şantaj vasitəsi olacaq həmin məktub. Caynaq kimi keçəcək boynuna və hər dəfə çırpındıqca daha çox incidəcək. Vaxt  gedir. Özlərini çoxdan hakimiyyətin qucağına atmış adamlar arasında artıq çoxdan gizli qardaşlıq yaranıb. Onlar ona görə bir-birinin gözlərinə dik baxa bilirlər ki, hamısının bir-birinin yanında eyibi var, göz-gözə gələn iki insan eyni səbəbə görə xəcalət çəkmirlər, əksinə bir-birləri ilə təskinlik tapırlar. Amma hələ bir nəfər qalıb. Gerçəyin gözünə dik baxan Tomaş. Onlar hətta Tomaşın razılaşdığını da düşünürlər, onunla dostlaşmağa hazır kimidirlər, hətta məktubdan dərhal sonra heç vaxt onunla dostluq etməyən bu adamlar onu çaxır içməyə mehribanlıqla dəvət edə bilərlər. Amma Tomaş imtina edir, xəstəxanadakı işindən ayrılıb ucqar bir yerdə ambulatoriyada həkim işləməyə başlayır.

Həkimi olduğum hərbi sistemdə qiyməti 2-3 qəpik olan bir tableti silmək – xəstəyə işlədildiyini isbat etmək üçün ən azı 5 kitaba yazmaq lazımdır – dünən hesablamışam. “Bu qədər çox dəqiqlik varkən, bu qədər yeyinti necə ola bilir?” – deyə soruşmaq istəmşəm həmişə. Hələ digər kitabları demirəm. Tomaşın ambulatoriyadakı fəaliyyəti ilə üst-üstə düşür bizim işimiz. Kundera buna həkimlik yox, məmur işi deyir. Niyə buralarda qalmaq istəmədiyimizin uzun-uzadı izah etdiyim bir səbəbinin qısaca adını öyrənirəm kitabdan – həkimlik deyil, məmur işidir. Ancaq məmurlar bu qədər sənəd işləmək məcburiyyətindədirlər.

Sonra Tomaşla gizli polis bir kafedə görüşür. Gizli polis həqiqətən Tomaşın sənətinə heyrandır. Artıq bu yerləri daha diqqətlə oxumağa başlayıram. Məni gəlib hospitaldan aparmalarını xatırlayıram. Yüngülcə mənə diş atmaq, sonra qəfildən səmimiyyətə keçmək. Tomaşdan fərqli olaraq, onların bu səmimiyyətinə inanmadım, qorxum məni cəsarətləndirmişdi. Qorxsam, üstümə gələcəklərini bilirdim. Və cəsarətimin onları yumşaltmağa vadar etdiyini düşünmüşdüm. Böyük bir səhv idi. Hər şey kitabda necə yazılmışdı, məhz elə baş vermişdi. Onlar rollarını oynamışdılar. Mənim ixtisasımı sevirdilər, kaş onların oğlu da həkim olmağı bacaraydı. Rutin bir iş görürmüş kimi danışmağa başlamışdı. Sanki işini tezcə bitirib evə getmək istəyirdi. Ona kömək etmək üçün qısaca cavablar verərkən, qəfildən hiss etdim ki, cavablarımdan suallar çıxarır, məndən kimlərinsə adını almağa çalışır. İndi sevinirəm bunu tez hiss etdiyimə görə. Yoxsa Tomaşın redaktoru istəmədən ələ verməsi kimi, kimlərisə onların siyahısına salacaqdım. Ortada nə qəbahət var, nə cinayət, nə də qanunsuz bir şey. İşin ağır tərəfi də budur. Kimlərsə səninlə dost olduğuna, sənə dəstək olduğuna görə qara siyahıya düşür. Dostumun maşında telefonla danışanda dediyi sözlər yadıma düşdü.  İnadla verdiyi “kitabın çapında kimlər sənə kömək edib” sualəna onun adını verdim. Və bir başqasının. Real təhlükə ola biləcək olandan diqqəti yayındırmaq üçün digərinə çəkdim söhbəti. Çalışırdım ki, mənim burda olmağımdan indi də həmin adamların xəbərdar olmasını cümlələrin arasına sıxışdırım. Sıxışdırdım da. Sonrasında ad verməli deyildim, ona görə özümü axmaq kimi göstərməyə başladım. Qəfildən “niyə ümid xəzər?” – soruşdular. “nə bilim” dedim, “nə qədər düşünsəm də, ağlıma normal təxəllüs gəlmədi.” Savadsızlığımdan utanıb gözlərimi mal-mal aşağı dikdim. Tomaşın gizli polisi kimi, onlar da qeyri-səmimi olduğumu düşündülər, inanmadılar. Deyə bilməzdim 3-cü kursda mənim facebook profilimi ən yaxın tanışlarımdan birinin dekanlığa, təhlükəsizlik xidmətinə çatdırdığını və ardınca öz adımla açdığım profilləri axtarış verib tapdıqdan sonra bu təxəllüsü seçdiyimi və mənası olduğunu: “bizim dəyişikliyə olan ümidimiz Xəzər dənizindəki suyun damcıları qədərdir” Uşaqcadır, bilirəm. Onsuz da mən hər yaşda uşağam. Başqalarının səhv kimi gördüyü işləri etməyə haqqımın olduğunu da buna görə düşünürəm. Tanışım məni satanda üzümə dedi. Arturun Ovod olması kimi, öz adımdan-soyadımdan, gerçək kimliyimdən uzaqlaşıb Ümid Xəzəroviç təxəllüsünə büründüm. Artur nifrətindən və xəyallarının puç olmasından dolayı bu hərəkəti etdi, mən qorxaqlığımdan.

Qarşılarında bir qovluq var idi. Tomaşda gizli polis onun haqqındakı hər şeyi əzbərdən bilirdi, məndə isə qovluqdan gözlərini çəkmirdilər. (Bu haqda digər məqamları Bakıdakı iki tanışım bilir. Hər şeyi dəqiqliklə həm də. Özümü bu yerdə senzura etməyə məcburam. Mənə nəsə olsa, onsuz da, üzə çıxaracaq həmin adamlar hər şeyi, çünki mənə söz veriblər).

Yazılarım və niyə yazmağım müzakirə mövzusu oldu. Bir ağ kağız və qələm uzatdılar, diktə etməyə başladılar. Pasport hissədə səsimi çıxarmadım, sonra yavaşca qələmi əlimdən buraxıb üzümə ən axmaq və qanmaz adam ifadəsini verib “əgər bunu mən yazacamsa, niyə öz fikirlərimi yazmayım” – deyə soruşdum. Üzümdə həm də qərarlılıq var idi. Sərtləşə bilərdim. Razılaşdılar. Yazdım. Fikirlərimə Tomaşın naməlum tanışı kimi yön verməyə çalışdılar. Səhvi də orda buraxdım. Elə bildim ki, qorxduğumu görürlər və hardasa, kömək etməyə cəhd edirlər. “Siyasi don geyindirilir də yazılarına, deməli. Yaz da bunu” Tomaşla olan söhbətdə  olduğu kimi. Amma qorxum tərk etməmişdi məni. Duyuq düşdüm və ortalama bir cümlə yazdım. Üzə çıxacağı təqdirdə kitabdakı qorxaqların sevinməsinə, dostlarımın kədərinə səbəb olmamaq üçün. Zərərsiz bir cümlə idi.
Sonra dalbadal imzalar atdım, saxta olmadığına inandılar. Qovluqda haqqımda yazılanlar hələ də təəccübümə və marağıma səbəb olur,Mənim yaddan çıxardığım nömrələri bilən adamlar, yəqin ki, nə yediyimi filan da bilirdilər. Gizli bir işim olmadığı üçün ağlıma ancaq məişət səviyyəsindəki məlumatlar gəlir. Çünki tam oxumadılar mənə, bəzi yerlərə nəzər salıb suallar vermişdilər.

Yenə ixtisasıma heyran olduqlarını dedilər və mənimlə gülərüzlə sağollaşdılar.

Qorxu isə məni hələ də tərk etməyib. Yazıram, çünki təsadüfə bağlı olaraq yazmalı oldum. Qorxudan intihar etməyi belə düşünürdüm. Gərgin vaxtlar idi, aşağılar da məni çox sıxışdırdılar. İlişmək üçün səbəb axtarırdılar. Yenə o günlərin geri qayıtmaması üçün yazıram. “Yalquzaq” kimi hər an intihara meylli adamam. Bir tərəfdən daha çox qorxutsa da, yaşamaq gücümü artırır. İntiharın ən son vəziyyətdə çıxış yolu olduğunu düşünmək rahatlıq gətirir. Məktubumun artıq tanışlarımda olması, izahatımdakı kimi, ora da imza atmağım, barmaq izim, hətta məktubu öz səsimlə səsyazma halında göndərməyim. Susmaq məni qorxutmur, hərçənd ki, əzab çəkirəm. Bu yaxınlarda oxuduğum məqalədə yazıçının daima gerçəyi aşkara çıxarması üçün vuruşmasını, çətinliklərdən qorxmamasını oxumuşdum. Amma bir gün dostlarımı sataram deyə, o vəziyyətə gəlməmək üçün arada susuram. Çünki üstümə çox gəlsələr, imkan tapsam, intihar edəcəm. Bəs birdən ona fürsətim olmasa? Mən nə gizli agent olmaq istəyirəm, nə də əzablara dözmək. Mənim Tomaş kimi həkimlikdən imtina edib pəncərəyuyan olmaq kimi bir şansım da yoxdur. Dilqəm Şabanlı pediatr idi. Onu da qaralamışdılar. Amma o da Tomaşın taleyini yaşamışdı. Tomaşı xəstələri pəncərə yumaq bəhanəsi ilə evə çağırıb həkim kimi fəaliyyət göstərməsini təmin edirdilər. Dilqəmə də hər kəs öz uşaqlarının sağlamlığını etibar edirdilər.  Mən isə hələ ki, 1 balla kəsilməyin məyusluğunu yaşayıram.





P.S. Yazıdakı bütün fikirlər müəllifin şəxsi təxəyyül məhsuludur və heç biri gerçəyi əks etdirmir. Razılaşmaya bilərsiniz, amma aləmi bir-birinə qatmaq lazım deyil

Hiç yorum yok:

Yorum Gönder

Axtar