25.06.2015

İlk tullanışım. Boğulmağı ilk dəfə dadıram

Bu gün bir başqa oldu. Yaxşı, ya pis, deyə bilmərəm, amma başqa cür oldu. Elminlə getmişdik çimməyə. Burda nə dəniz var, nə də şəlalə. Bir Kür çayımız var qarşısını kəsib SES düzəltdikləri. Kür də anadan travamlı doğulan ərköyün uşaq kimi beyni çönəndə hər il bir neçə nəfəri öz qaranlığına qərq edir. Mənim kimi güc-bəlayla üzən adam ora gedərmi? Təbii ki, yox. Çünki sahildə üzdüyün halda su səni sahildən uzaqlaşdırır, bundan başqa dibi çuxurlarla doludur. Biz də getdik kanala çimməyə. Qoca kişilər demiş: kopoğlunun ssri-si. Nəhəng turbalarla suyu uzaqlardan çəkib gətirir, turba qonşu kənddən keçir. Əkin sahələrinə yaxın yerlərdə artıq kanala açılır. Kanal yeraltı turbalara keçir, yolun altından keçir və yenidən hündür təpəliyin içində olan kanala açılır. Buradan da su platinası deyilən yerə axır. Suyun sonrakı taleyi haqda isə xəbərim yoxdur. Zatən söhbətimin mövzusu da bu deyil. Həmin o ikinci kanalın kənarları sovet dövründə sementlənib. Bura mənim üçün xüsusi məna kəsb edir. Həyatda səhvlərinə baxmayaraq sevdiyim tək-tük insanlardan olan babamla uşaqlığımda bura gəlirdik. Sizin eşşək arabası, bizim eşşək daşqası dediyimiz şeylə. Prinsipcə eynidir. Yəni söz birləşmələri sinonimdir. Daşqadan daşqaya da fərq var. Eşşəkdən eşşəyə olduğu kimi. Daşqa var dörd təkərlidir. Adətən, belə daşqaların təkəri dəmirdən olur, eşşək üçün onu çəkmək müsibətdir, amma aşma təhlükəsi azdır. Bu, bir az demode buraxılışdır. Həmin vaxtlar artıq daşqaları iki təkərli etmək dəbiydi. Təkərləri maşın təkəri olurdu. Eşşək qaçır hətta. Amma aşma ehtimalı çox olurdu. Babam da həmin vaxtlar təzəcə yeni model daşqa düzəltdirmişdi. Rəhmətliyin beynini gecə-gündüz yemişdim. Çünki eşşəyə yazığım gəlirdi.
Sizə danışıram 3-cü sinifdə oxuduğum vaxtlardan. Atam həbsdə idi. Ata tərəfim zırrama. Ona görə də yayda anamın atasının yanına gedirdim. Mənim üçün həmin babamın yanına getmək şəhərdən kəndə gedən uşağın hissləri qədər sevincli idi. Baxmayaraq ki, bir kənddən o biri kəndə gedirdim. Cəmi 5 kilometr. Ancaq bəzi şeylər məsafə ilə ölçülmür. Yaxınlıq, özünü rahat hiss etmək başqa şeydir. Bunu başqa bir misalla da göstərmək istərdim, ancaq qorxuram sevgilimin anası bunu oxuya, poxa keçim. Oturmuşuq oturduğumuz yerdə. Nəysə. Söhbətdən yayınmayaq. Həmin vaxtlar bu kanala həsrətlə baxırdım. İndi görürəm ki, 10 yaşlı uşaqlar kanalda təkbaşına çimir. O vaxtlar belə şey qəbul edilməz idi. Bir çox şey kimi.
Babam xətrimi çox istəyirdi. Bir dəfə bütün qadağalara tüpürüb demişdi get çim. Yanımda da əkin yerindən qonşu olan Röyal adlı oğlan. Onda o, 9-da oxuyurdu. Ən əsası da üzə bilirdi. Həmin vaxt çimmək 15 dəqiqə filan çəkmişdi.
Indi 14 illik aradan sonra mən yenə burdayam. Xatirələr dipdiri. Hətta kanalın üstündən əkin yerinin kənarındakı ağaclara baxıram. Söyüd, tut ağacları. Arx da yenə eynidir. Dayım bu yeri satıbmı, bilmirəm. Heç maraqlı da deyil. Əsas olan budur. O yer heç yerə qaçmır.
Kanala çatmamış soyunuram, paltarları bir kənara tullayıb ehtiyatla suya girirəm. Su soyuqdur. Yavaş-yavaş, ayağımla qabağı yoxlaya-yoxlaya irəli gedirəm. Qorxuram. Amma suyun ortasına çatıram, su isə sinəmdən aşağıdır. Bir vaxtlar boğulmaqdan qorxduğum kanalın bu yeri necə də dayazıymış. Bu gün fərqli bir şey etmək istədik. Kanalın ən hündür yerindən ən dərin yerinə tullanmaq. Üzmə bilməyən adamlar 4 metr hündürlükdən 4 metr dərinliyə tullanmaq istəyirlər. Bizə dəlilik kimi görünür. Sementin üstündə çılpaq ayaqları ilə qaçan on beş yaşlı uşaq bizə ürək-dirək verir. Özü yuxarı qalxır və  ordan hoppanır. Ən hündür yerdən ən dərin yerə. Ona nə var, o üzməyi bilir. Biz isə bilmirik. Sonra bir də tullanır. Dil boğaza qoymadan danışır, ürəkləndirir. Nəhayət ora qalxıram. Arxamca da Elmin. Aşağı baxanda gözlərim böyüyür. Uşaq mənə sağ tərəfi göstərir: "Bax, ora tullan. Dayazdır, ayağın quma dəyəcək. " Mən isə qorxuram. Yox, ayağım quma dəyəcək, qırıla bilər, tullananda ayağım betondakı armatur çıxıntılarına ilişə bilər. Hətta külək məni betona çırpa bilər. Elmin məndən cəsarətli çıxır. Mən risk etmək istədikcə həyəcanlanıram, qışqırıram. O isə arxaya gedir və qaça-qaça gəlir. Bir an tərəddüd edir. Ancaq artıq gecdir, havada tərəddüd fayda vermir. Suyun səsi və o, suyun üzündədir. Ortaya tullandı, amma qaça-qaça gəldiyinə görə qabağa atdı özünü. Suyun dayaz yerinə. Elmini ikinci dəfə tullanmağa razı salıram. Bir az sağ tərəfə gedib ən ucda dayandım. Və özümü atdım. Havada olduğu vaxt ərzində qəribə hisslər yaşayır adam. Bunu hər gün təkrarlayan uşaqlar bu hissi yaşaya bilməz. Ya öyrəşiblər, ya da ki, hisslərin təsvirinə, dərkinə ayıracaq vaxtları yoxdur. Qorxu böyükdür. Geri dönüş yoxdur. Bu haqda düşünmürsən də. Heç suya dəyəndə nə olacağı barədə də. Bilmirsən heç nəyi. Suya dəyən anda içini ölüm qorxusu kəsdirir. "Gərək etməyəydim" hissi, ya da poxa keçdim fikri. Dibə batırsan. Ancaq bu dib deyil. Ayağımla oğlanın dediyi qumu axtarıram. Qum isə yoxdur. Səhv yerə tullanmışam, deməli. Əsas məsələ yuxarı qalxmaq və yeri təyin etməkdir. Dayaz yer uzaqdır. Su məni bir də udur. Xayalarım qamçılanmış kimidir. Amma ağrıdan bağırmaq sonranın işidir, su udmamalıyam və təntiməməliyəm. İkinci dəfə çıxanda yuxarı baxdım. Oğlan orada oturmuşdu. Amma mənə kömək edəcəyini demişdi. Yenidən suyun dibinə gedirəm. Qorxumdan gözlərimi də yumuram hər dəfə. Bu dəfə suyun üzünə qalxanda əllərimi məqsədsiz şəkildə yellədirəm suyun içində. Axına kömək etmək üçün. 5-6 metrdən sonra su dayazlaşacaq. Artıq boğulmaq və suyun üzünə çıxmaq adi gəlir. Əsas olan su udmamaqdır. Xayamın ağrısı güclənir. Suyun dayaz yerinə çatanda qışqırıram, suyu söyürəm. Kənd uşağı üçün isə bu adi mənzərədir. Burda çox şey görüb o. Onu özündən böyüklər ən dərin yerə atıblar, suda boğmağa çalışıblar. Zarafatla. Mənim boğulmağım da bir zarafatdır onun üçün. Üzməyi öyrənməyimi istəyir. Sudan kənara çıxanda xayamın ağrısı azalmışdı. Amma hələ ürəyim şiddətlə döyünürdü.

P.S. Tullandığımız yer şəklin
sağ yuxarı tərəfi idi. Şəkildə ora uzaq və məsum görünür. Eni 20 metrə yaxındır. Beton divardan 8-9 metr məsafə 2 metrdən çox dərinliyi var. Mən düz dibə, 4 metr dərinliyə düşmüşdüm.

Hiç yorum yok:

Yorum Gönderme

Axtar