8.06.2014

Kubrickin zəfər yolu

Stenli Kubrik. Amerikalı rejissor. 1928-ci il 26 iyulda ABŞ-ın Nyu York şəhərində anadan olub. Filmdə texniki qüsursuzluq axtarışında olub hər zaman. Məhz bu xasiyyətinə görə aktyorları dizə gətirən bir rejissor olub. "Eyes Wide Shut" filmində Tom Kruz və Nikol Kidmanın 1 dəqiqədən də az sürən sevişmə səhnəsini 238 dəfə təkrarladıb ən qüsursuzunu almaq üçün.
Və bu filmin çəkimləri 400 gün sürüb, filmin hazır olması üçün isə düz 3 il vaxt keçib. Çünki adam texniki qüsursuzluq və mükəmməlçilik manyakı olub. Klassik musiqini çox gözəl bilib və filmlərində də klassik musiqiyə böyük önəm verib. Hətta "A Space Odyssey" filminə görə 40 dəqiqəlik ayrıca bir musiqi yazılsa da, sonradan Kubrik bunu klassik musiqiylə əvəzləyib. Və daha bir özəlliyi intellektual  simbolizmə böyük əhəmiyyət verməsi olub. Onun filmlərində heç bir musiqi boşuna çalınmayıb, hətta divarda asılan fotoların da, film qəhrəmanlarının adlarının belə xüsusi anlamı olub, adam hər bir incə ayrıntını belə xüsusi bir zövqlə və dəqiqliklə işləyib. Bir növ onun filmindəki hər şey elə olmalı olduğuna görə olub, yəni var, çünki belə olmalıydı. 
    
Kubriki film sektrounun Allahı adlandıranlar da var, hətta haqqında belə bir zarafat da var ki: "Bir gün Spilberq ölür və o dünyada cənnətin qapısına çatanda onu mələklər içəri buraxmırlar. Səbəb isə Tanrının rejissorları sevməməsidir. Elə bu an cırıq paltarlarıyla velosipedlə bir adam Spilberqin yanından keçərək qapıdan içəri girir. Bunu görən Spielberg: "Bu ki Kubrikdir, onu niyə buraxdız?" deyə soruşur. Mələk isə: "O, Tanrıdır, ancaq özünü Stenli Kubrik zənn edir" deyə cavab verir".
Karyerasına Nyu-Yorkdakı "Look" dərgisinə həvəskar fotolar çəkməklə başlayıb. İzlədiyi filmlərdən daha yaxşılarını çəkə biləcəyi qənaətinə gəldikdən sonra film çəkməyə qərar verib və ilk filmini (Fear and Desire. 1953-cü il) 25 yaşında çəkib. Bundan sonra bir neçə il arayla filmləri ekran üzü görüb. Hər birində işlənmiş mövzularda belə tam fərqli baxış bucağı, ayrıntılar və incə detallar olub. Filmləri fərqli mövzularda, daha çox müharibə, qorxu və elmi janrda olub. 
1962-ci ildə çəkdiyi "Lolita" filmi zamanı filmə görə müvəqqəti köçdüyü İngiltərənin Hetfordşir əyalətində daimi yaşamağa qərar verib və 1999-cu ilin 7 martında dünyasını dəyişənə qədər də buradakı evində yaşayıb. 
Son olaraq da "Film Fiction" jurnalının Kubrik və Federiko Fellini haqqındakı müqayisəsini verdikdən sonra keçəcəm onun filmlərinə. İndi isə müqayisə:
1. Fellini kinoda son sözü "Bəlkə biz sussaydıq, daha çox şey anlayardıq" olub, Kubrikdə isə "Gəl sevişək" (müəl.: Freydsayağı, bu, özünü "Eyes Wide Shut" filmində son cümlədə də göstərir)
2. Fellini İkinci Dünya Müharibəsini xəstəliyi hesabına fırladıb, Kubrik isə orta təhsilini elə 1941-45-ci illərdə alıb.
3. Kubrik kinoda novator olub, Fellini isə kinonun siması.
4. Kubrik fotoqraf olub, Fellini isə yazıçı.
5. Fellini dinamik olub, Kubrik isə statik.
6. Fellini "Yol" çəkib, Kubrik "Parıltı".
7. Kubrik böyük filmlər hesabına dahiləşib, Fellini kiçik filmlərlə böyük ürəklərə yol tapıb. 
8. Kubrikin qəhrəmanları təcrid olunmuşlardı, Fellini qəhrəmanları zəhmətkeşlər.
9. Fellini film içində film çəkib, Kubrik dünya içində dünya.
10. Fellini içdəndir, Kubrik düşüncədən.
11. Fellini rəssam olub, Kubrik zərgər.
12. Fellini mifalogiyadır, Kubrik illuziya.
13. Fellini italiyan kinosunun tanrısıdır, Kubrik Amerika kinosunun 
14. Kubrik klassik musiqidir, Fellini simfonik
15. Fellini üçün "Həyat şirindir", Kubrik üçün "Geniş qapalı gözlər".
Ümid edirəm bu müqayisə Kubriki daha da yaxşı tanımağa kömək edəcək. Və son olaraq. Kubrikin İllumunati adlanan təşkilatın üzvü olduğuna dair şaiələr və sübutlar var.
Ən son filmi olan "Eyes Wide Shut" filmində masonları deşifrə etdiyinə və məhz buna görə filmin ekran üzü görməsindən bir neçə gün sonra dünyasını dəyişdiyi də deyilir. İnfarktdan öldüyü deyilsə də, həyat yoldaşı Kristian Kubrik də infarkt məsələsini hər zaman təkzib edib. Elə söz düşmüşkən siyahı baş-ayaq olsa da, onun son filmi olan "Eyes Wide Shut" filmindən başlayaq. Film Kubrikin son filmi olub, 1999-cu ilin martında ekran üzü görüb. Film Arthur Schnitzlerin eyni adlı əsərindən götürülüb və Kubrikin əsəri təkrar işləməsiylə filmə çevrilib. Kişi-qadın münasibətlərindən, AİDS məsələsindən (az-maz) bəhs edir başlıca olaraq, ancaq sonrasında film başqa yönə çəkilir, ta ki Nikol Kidmanın ən sonda dediyi cümləyə qədər. Bu film haqqında türkçə tapdığım bir bloq yazısının  linkini paylaşıram, orda bu haqda və İllumunati, masonlar barədə də yazılıb. ( http://michaelsikkofield.blogspot.com.tr/2011/07/stanley-kubrick-zihin-kontrolu-ve.html?m=1 ) Yəni çox qarışıq bir film olduğuna görə filmdən hansı nəticəni çıxaracağınızı sizin ixtiyarınıza buraxıram.
 

İkinci baxdığım filmi "Full Metal Jacket" olub.

Vyetnam-Amerika müharibəsindən bəhs edir. Filmdə ana quzularının hərbi düşərgələrdə necə peşəkar qatilə çevrildikləri açıq şəkildə göstərilir, bundan başqa filmdə ikili göndərmələr diqqət çəkir, belə ki, əsgərin kaskasında yazılan "Öldürmək üçün doğulmuşam" sözləriylə ilə onun sülhü təbliğ edən nişan gəzdirməsi, və ya Vyetnamlı meyidlərə baxan ABŞ əsgərinin "onlara azadlıq vermək üçün gəlmişdik,  keşkə azad olmasaydılar, ama həyatda olsaydılar" ifadəsi. Və filmdə Apokalipsis now filmində olduğu kimi vyetnamlı əliyalın insanların səbəbsiz öldürülməsinə diqqət çəkilir, səbəbi isə bu əsgər-qatilə görə sadəydi "onlar da qızılı (vyetnam ordusu) idi və onları da öldürmək asanıydı buna görə, sadəcə bir az yuxarıdan atəş açmaq lazım idi. Filmdə Kubrik sonda vergül qoyur, bir növ nəticə çıxarmağı izləyicinin ixtiyarına buraxır. Film 1 Oskar, 1 Qızıl Qlobus və 2 BAFTA mükafatına namizəd kimi göstərilsə də, heç bir mükafat almayıb.
 Baxdığım digər filmi isə "The Shining" oldu. Stefan Kinqin "Medyum" kitabı əsasında çəkilmişdir, təbii ki, Kubrikin bəzi dəyişmələr etməyi ilə. Filmin çəkişləri planlanan vaxtdan düz 3 dəfə daha uzun sürmüşdür və deyilənə görə qaradərili aşpazın öldürüldüyü səhnə düz 70 dəfəyə çəkilmişdir.

Bu film sıradan bir izləyici üçün triller və qorxu filmi olsa da, səslənən musiqidən tutmuş ən sonda göstərilən tabloya qədər sətiraltı mənalarla zəngin bir filmdir. Filmdəki hadisələrin baş verdiyi Overluk oteli deyilənə görə Amerikanın yerli əhalisinin qəbirləri üzərində tikilib və otelin içinin dizaynı Kubrickin qızına məxsusdur.  Filmdə tək ölənin bir zənci olması və sondakı fotoda bütün insanların ağdərili olması 1921-ci ildə Tuslada çıxan üsyanda zəncilərin yerləşdiyi binaların yandırılaraq kül edilməsinə bir işarədir və bu tarixdə təkcə qızıldərililərin deyil, həmçinin qaradərililərə də soyqırım törədildiyini vurğulayır. Klassik musiqi xəstəsi olan Kubrickin ailənin otelə getdiyi yol boyunca səsləndirdiyi tükürpədici musiqi isə Mozartın "Cəhənnəm atəşi" musiqisidir ki, bu da filmə xüsusi ab-hava verir. Filmdə bir ara hər şey qarışır bir-birinə. Otelin Cek Nikolsonu dəli etməsi, ya Cekin əvvəlcədən dəli olması sual altında qalır. 
  


Kubrikin adamı düşünməyə vadar edən filmi kimi izlədiyim filmlərdən 4-cüsü "A Clockwork Orange" oldu. Filmdə ən saf şey olan südün içilməsiylə günah gecəsi başlanılır və qatillər ağ paltar geyinirlər, etdikləri hər şeyə rəğmən bu ağ paltarlara bircə damcı da qan və ya başqa ləkə izi düşmür ki, bu da gizli-gizli cinayət törədənlərin üzdə məsum insan olduqlarına (göründüklərinə) işarədir bir növ.

  
 Aleks adlı qatil psixolji müalicə almaqla cəzasının yüngülləşməsinə razı olur. Və bu müalicə üsulu onun şiddət duyğusunu bir növ xədim edir, ancaq bu dünyada şiddət olmadan yaşamağın mümkünsüzlüyünü də Kubrik gözlərimizin önünə sərir. Aleks dəyişib, ancaq bu heç kəsin vecinə deyil, onun zəifliyindən istifadə edirlər, hər kəs öz bacardığı kimi qisasını alır. Köhnə cinayətkar dostlarının polis formasında onun qarşısına çıxması və "işləmək yaşımız çatmışdı, biz də polis olduq" demələri polislərin də hansı vəziyyətdə olmasından xəbər verir. Və ayrıntılara xüsusi önəm verən biri kimi Kubrikin filmin qəhrəmanı üçün seçdiyi Aleks adı da təsadüfi deyil. Mənası, qanunlara uymayan, öz qanunları olan, özü üçün yaşayan adam deməkdir. Filmin adını isə hadisələrin gedişi yaxşı açıqlayır. Bundan başqa Kubrik burda ailə məsələsinə də toxunaraq, bir qisim ailələr üçün övladdan daha çox evin kirayəsini vaxtında, hətta qabaqcadan ödəyən, onlara yaxşı davranan kirayəkeşin əhəmiyyətli olduğunu vurğulayır.
  


Baxdığım 5-ci filmi isə "A Space Odyssey" oldu. Film Artur Klarkın əsəri əsasında çəkilmişdir. Filmdə ilk başlarda insanın təkamülünə nəzər salınır, bir növ necə bu hala gəlməyimizin qısa xronologiyasını verir. Deyilənə görə Kubrik bu filmdə istifadə olunan cihazları bir daha istifadə olunmaması üçün film bitdikdən sonra qırdırır. Və filmdəki ən maraqlı səhnə gizli bir sirri açmağa çalışan, bir növ başqa planetdə yaşayan canlı və ya Tanrı axtarışına çıxan insanın kosmosda işıq sürətiylə hərəkət edərək məsafələri qət etməsi və qocalması ən sonda isə elə özü kimi insanı görməsidir, bu da ki bu dünyada insandan başqa düşünə bilən bir varlığın olmadığına işarədir və sonda belə həmin o sirli daşın necə və nə üçün gəldiyi müəmma olaraq qalır. Bundan başqa filmdə elmin o zaman üçün kəşf etmədiyi məsələlər də yer almışdır, məsələn, kosmosda səssizlik və təklikdə eşidilən səsin ancaq insanın öz nəfəsi olması kimi..
  

Ən son baxdığım filmi isə "Paths of Glory" oldu.
Kubrik acı zarafatını elə filmin adı (Zəfər yolu) və filmdə baş verən hadisələr arasındakı əksliklə edir. Film ordudakı mənasız bürokratiyadan, özbaşınalıqdan, şöhrətpərstlikdən və bunun vətənpərvərlik adı altında gizlədilməsindən çox məharətlə bəhs edir.
 Rəislərin günahlarının cəzasını döyüşən əsgərlər çəkir, bir növ onlar günahsız "günah keçisi" olurlar. Və ən sonda digər filmlərdə hər şeyin yaxşı sonluğu bu filmdə təkraranmır, təkrarlanan şey isə hər şeyin əvvəlki halına qayıtması və heç nəyin düzəlməyəcəyi fikridir. Və filmin sonunda düşmən əsgərini sentimentallaşdırıb ağladan aktrisa Suzan Kristian filmdən sonra Kubriklə evlənib Kristian Kubrik olub.
P.S. Ümid edirəm bu uzun yazı sizi yormadı. 
P.P.S. Stenli Kubrikin filmlərinə baxmaq mütləq olmasa da, son dərəcə vacibdir, ancaq hər fgilmdən sonra o film haqqında araşdırma aparmaq, oxumaq isə mütləqdir.
Ümid Xəzər
Kultura.az

Hiç yorum yok:

Yorum Gönderme

Axtar