23.01.2014

Ana harayı

Bu yaxınlarda Maksim Qorkinin Ana romanını oxuyub bitirdim. Romanı qardaşım tövsiyə etmişdi. Oxuyarkən, həqiqətən, necə bir vacib bir kitab olduğunu anladım. Roman inqilabdan qabaqkı rus fəhlələrin məhəlləsini təsvir etməklə başlayır. Tüstülü və yağlı hava, alçaq və boz evlər, palçıqlı küçələr, fabrikin yuxudan doymamış, acıqlı insanları işə çağıran fiti, və məhəllə üzərində yoğun dəyənək kimi yüksələn uca, qara fabrik boruları. 

İnsanlar hər səhər əsəbi halda söyüş yağdıra-yağdıra işə gedir, işdən sonra sərxoş olanacan içir, evdə arvadını döyür, arvad da bu vəhşiliklə barışmış şəkildə, evə gələn ərindən mümkün qədər az kötək yeməyə çalışaraq beləcə bu solğun və kasıb məhəllələrdə həyatlarını çürdürürlər. Oğullar da atalarının yoluyla gedirlər. Təkcə Pavel Vlasovdan başqa. Atası ölən günü evə sərxoş gəlsə də, sonradan içməyi tərgidir, davamlı kitab oxuyur, harasa gedir və anasının tanımayacağı bir hala gəlir. Hər keçən gün daha da özünəqapanmış, fikirli və ciddi olur. Ana bundan narahat olmağa başlayır, bunu müxtəlif səbəblərlə izah etməyə çalışır, ancaq bir gün oğlunun anasıyla danışmasından sonra əsl səbəbi yarıqaranlıq da olsa, anlayır. 

Oğul qadağan olunmuş kitablar oxuyur, hansı ki, insanı həqiqəti öyrədir, bildikləri, gördükləri haqsızlıqları, səbəblərini incə bir dillə başa salır, insanları bununla mübarizə aparmağa, yeni bir dünya qurmağa səsləyir. Elə bir dünya ki, orda insanlar öz fikirləri üstündə tutulmayacaq, məhkəmələr sifarişli olmayacaq, insan əməyi vəhşicəsinə istismar olunmayacaq, qadınlar kölə olmayacaqlar. Ana oğlunun qadınlar haqqında dediklərini daha yaxşı anlayır, bilir ki, bu cəmiyyətdə qadınlara heç kimin yazığı gəlmir, ama əlbəttə ki, oxuma-yazmanı belə tam bilməyən ana oğlunun dediklərini tam anlaya bilmir, lakin instiktiv olaraq oğlunu qorumaq, onun yanında olmaq haqqında düşünür və oğlunu tək buraxmaq istəmir. Baxmayaraq ki, oğlunun bütün bu haqsızlıqlar qarşısında çox aciz olduğunu fikirləşir. 

Bundan sonra onların evinə tez-tez ananın tanımadığı gənclər gəlir, oğluyla qızğın müzakirələr edir, nəyisə planlaşdırır və gecə ikən gedirlər. Ana belə müzakirələrə qulaq asa-asa gəncləri daha yaxından tanımağa başlayır, onların əslində necə savadlı, fədəkar və mübariz olduqlarını görür. Və sevməyə başlayır, get-gedə özünü hamısının anası saymağa başlayır. Oğlunun və dostlarının məhəllədə, zavodda fəhlələr arasında vərəqələr yaymasından sonra oğlu tutulma təhlükəsi ilə üz-üzə qalır, ana oğlunu yenə də tək qoymur, oğlu həbs olunsa da, ana oğlununun dostlarının məsləhəti ilə vərəqə yaymaq işini öz boynuna götürür və bu və bundan sonrakı işləri də uğurla yerinə yetirməyə başlayır, bir növ oğlunun və onun dostlarının mübarizə yoldaşına çevrilir, hətta həbs olunanda da son anadək oğlunun yanında olur. Ana oğlunun danışdıqlarından öz anladıqlarını və gördüyü sadə həqiqətləri insanlara çatdırmağa başlayır, müxtəlif yerlərə gedir, insanlarla tanış olur, kitablar, qəzetlər aparır, sadə insanların necə yaşamasını, düşüncələrini daha yaxından görür. 

Bəziləri bu gəncləri alqışlayır, dəstəkləyir və gizlicə onların sıralarına qoşulub işlərində kömək edirlər. Bəziləri onları haqlı saysa da, qorxub susurlar, bəziləri isə bu gəncləri araqarışdıran sayıb onlara edilənlərə haqq qazandırırlar. Ana isə oğlu və ətrafının da etdiyi kimi bütün bunlara qarşılıq heç vaxt dayanmır, daima insanları maarifləndirməklə məşğul olur. Ən yaxın adamının ölümünü görür, onun son nəfəsinədək vicdanlı və ləyaqətli yaşaması ananı qürurlandırır, ölümü kədərləndirir, ağlayır, göz yaşlarına hakim ola bilmir. 

Oğlunun növbəti həbsindən sonra ana yenə kağızlar paylamağa başlayır, həm də mülki paltar geyinmiş xəfiyyələrdən yayınmağa çalışır. Get-gedə insanların daha da qəzəbli olduğunu görür, ama hələ də azadlığı çörəkdən üstün tutacaq iradələrinin olmadığını görür. Ən sonda isə ana oğlunun məhkəmədəki çıxışı yazılan kağızları aparmaq üçün yenidən yola düşür, dayanacaqda xəfiyyələrə tuş gəlir, stansiyadakı qapıçı ananı oğurluqda ittiham edir. Ana da hiss edir ki, bu artıq sondur, bir azdan onu tutacaqlar, o isə oğlunun fikirlərini çatdıra bilməyəcək, buna görə qəfildən danışmağa başlayır, qapıçının oğurluq mallar olduğunu iddia etdiyi çantasını açaraq, oradan kağızları topa-topa çıxararaq ətrafda yığışan insanların üzərinə yağdırmağa başlayır, "götürün, oxuyun, oğlumun sözləri fəhlə adamın, pula aldanmaz vicdanın pak sözüdür" deyir. Ananı itələyirlər, vururlar, sadə insanlardan bəzisi etiraz edir, arada bu əclaflığa haqq qazandıranlar da olur, amma ana susmur, səsi gələnədək qışqırır, insanları mübarizəyə səsləyir və kimsə uca hönkürtüylə onun son cümləsinə cavab verir.

Hiç yorum yok:

Yorum Gönder

Axtar