10.08.2014

Qoşun təcrübəsi - 2-ci hissə (hərbi qullquçuya münasibət)

sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa 
sətirlərdən ürəyiniz boy versin 
səbirlə dinləyin şikəst qayıdan 
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını 
üz çevirib getməyin uşaqlarımız dilənəndə 
su verin 
çörək verin! 
atalarımıza siqaret 
analarımıza ürək dirək verin… 

sizə zəfər gətirəcəyik 
bizə barıt qoxusu dadmayan 
səhər saxlayın 
bir az günəş 
bir az dəniz… 
bir az da soyuq xırdalan pivəsi 
şəxsən mənim üçün 

və sevməyin ay əclaflar 
bizi gözləyən qadınları

2.08.2014

Qoşun təcrübəsi (1-ci hissə)



Srağagün qayıtmışam cəbhədən. Hərbi həkim kimi 1 aylıq ezamiyyətimizin 15 gününü Beyləqanın N saylı hərbi hissəsində, qalan 16 gününü isə Füzulidəki N saylı Əhmədbəyli hospitalında keçirdik. Ordakı və ordudakı ümumi vəziyyət haqqında geniş bloq yazısı yazacam. Kİ bunu getməmişdən qabaq da statusumda yazmışdım. Amma hələlik bunları saxlayaq sonraya. İndi bəzi şeyləri qısaca qeyd etməyi özümə borc bildim.
   İlk əvvəl onu deyim ki, ordudakı hər bir əsgər göydən düşməyib, başqa planetdən və ya ölkədən gəlməyib, öz içimizdən, xalqın içindən gəlib xidmətə. Elə əsl problem də burdan başlayır. Çünki ordunun bir neçə il qabaqkı vəziyyətiylə bu gününü müqayisə edəsi olsaq, yerlə göy qədər fərqlilik olduğunu görərik. Bunun belə olmasında, əlbəttə ki, ictimaiyyətin, medyanın, əsgər valideynlərinin rolu çox böyükdür və bunu danmaq olmaz. Məhz ictimai rəyin tənqidi xarakterdə olması, əsgər valideynlərinin öz övladlarının haqqını axıra kimi tələb etməsi hərbidəki məsuliyyət hissini qat-qat artırıb. Artıq hərbi hissədə leytenantdan tutmuş polkovnikinə qədər hər bir hərbçi hər bir əsgərin üstünə əsir, əsgərin burnu qanayacağı təqdirdə onunla birlikdə neçə hərbiçinin də illər ərzində qurduğu karyerasının məhv olacağını, hətta həbsə düşəcəyini bilir. Həm də hərbidə hər bölük bir ailədir, ailədən birinə nəsə olması isə özlərini dəmir qədər sərt göstərən zabitin də ürəyini incidir. Əmin olun ki, bu belədir. Əsgəri qozuna almayan zabiti isə tədqiqatçılar hərbi dillə desək, ayaqlarını qaldırır yuxarı, yəni işi düşür tədqiqatçıya, bu isə zabit üçün qara kitabın açılışıdır. Ya külli miqdarda pulu çıxacaq (elə ki, ömür boyu bir də eyni qələti edə bilməyəcək), ya rütbəsi və ya vəzifəsi vurulacaq, ya da ki həbsə göndəriləcək. Mən olduğum hərbi hissədə günün nizam qaydasına elə riayət edirdilər ki, əsgəri bu nizam qaydasına görə nə gün vura bilərdi, nə don, nə də başqa bir şey. Hətta zabitlər özləri bölüklərini kondisionerlə də təmin etmişdilər ki, istivurma olmasın. MAXE-lər varıydı ki, əsgəri vecinə almırdı, hətta sevmirdi də, ama nizamnaməyə mütləq riayət edirdi. Əsgərin zabit, gizir və MAXE tərəfindən döyülməsi isə artıq orduda, demək olar ki, nağıla çevrilir. Yalnız döyüş bölgəsində bəzən bu hallarla qarşılaşmaq olur. Ki, ona da mən bir ay ərzində rastlamadım, eşitmədim. Amma dediyim kimi əsgər də eyni tip deyil, hərəsi bir cürdür, tualetə düzgün otura bilməyən, nəcisini tualetin divarına yaxan əsgərlər var, dişini qanadıb nəcisinin içinə tökənlər var ki, hospital getsin, və ya əlinə keçəni oğurlayan əsgərlər var, xidmət etməmək üçün hər bir oyundan çıxanları var. Səbəbi isə fərqlidir, ilk səbəb hərbi xidmətə çağırış yaşının az olmasıdır. Ki, 18 yaşlı evindən uzaqda belə qalmamış uşağı birbaşa hərbi hissəyə atanda çətin olur, daima ev həsrəti çəkir, hərbi geyimi fəxrlə geyinsə də, nifrət edir sonradan, günün nizam qaydasına dözə bilmir. Bəziləri sadəcə əziyyətə qatlaşmaq istəmir. Belə bir neçə əsgər bizim məntəqəni mazol eləmişdi, hər gün konkret vaxtlarda onların gələcəyini bilirdik. Baxırsan ki, boy yerində, buxun yerində, ondan qat-qat zəif uşaqlar xidmətdən yayınmağa belə cəhd etmir, ancaq belə qəhrəmanlar hansı yolla olur-olsun, məntəqədə yatmağa çalışırdılar. Hətta patinkanın ayağını xırdaca döyməsini faciə şəklində, axsaq yeriyərək gəlib bizə bildirirdilər. Halbuki mənim ayağımdakı patinka izləri onunkundan çoxuydu, o qədər də incitmirdi heç. A kişi, sizə burda gülməli gəlir e, orda əsgər görmüşəm ki, səbəbsiz yerə hərbi hissədən qaçıb, yarıyolda damarını kəsib qayıdıb hərbi hissəyə. Naxçıvanda qulluq etmiş tanışım şəstlə danışırdı ki, axırıncı aylarda silahı darağıyla birlikdə postda qoyub gedirdik hərbi hissənin yeməkxanasına. Hə, bilirəm, əsgəri tənqid etdiyimə görə mənə nifrət püskürənləriniz də olacaq. Hansılar ki, hərbi xidmətdən min bir bəhanəylə yayınıb, indi də Roadda və ya Yeraltı kafedə, Arazda filan oturub pivə içə-içə ordudakı vəziyyəti müakirə edir, tənqid edir. Qızla sevişməyə, gəzməyə, içməyə üzləri ağdır, onda heç yerləri ağrımır, ancaq hərbi xidmət məsələsi gələn kimi sağlam yeri olmur. Yalandır? Əlinizi qoyun vicdanınızın üstünə, neçə tanışınız xidmətə getmək istəyib, adam kimi xidmət edib, və ya ümumiyyətlə xidmət edib? Ordunun çatışmayan tərəflərini mən də bilirəm, həm də sizdən yaxşı bilirəm, adamın əli üzündə qalır ordakı bəzi şeyləri görəndə. Amma bu, heç kimə haqq vermir ki, xidmətdən yayınsın, özünü ordakılardan üstün görsün. Kim sizə bu haqqı verir? Özünüzü böyük pox zənn edirsiz, poxsunuz pox olmağına, amma əsas adam olmaqdır, ordakıların heç biri sizdən əksik deyil, hər bir əsgər ilk öncə insandır, hansısa bir ananın övladıdır, hərbidəki oğluna görə hər bir ana gecə-gündüz narahat olur, bir yerdə otura bilmir, övladı üçün nəsə etməyə çalışır, ordakı insanlar hansısa bir ailənin ümid işığı, hansısa qızın sevgilisi, kiminsə qardaşıdır. Bütün bu kəslər üçün hərbi xidmətdəki oğlan heç də sizdən az dəyərli deyil öz yaxınları üçün. Bir dostum var, hamınız da yaxşı tanıyırsız, xidmətdən yayınmağa çalışmadı, xidməti fırlatmağa da çalışmadı. O, Beyləqan korpusunda məşhur Haramı düzündə düz 1 il xidmətini elədi və heç bir problem də çıxarmadı.
Mən təzə gedəndə qazlı getmişdim, bunu etiraf edirəm, sonra tənqid etdilər dostlarım məni buna görə. Və düşündüm. Sonrasında əsgərə əsgər kimi yox, fərd kimi yanaşmağa başladım. Hərbidə, adətən, əsgər elə əsgərdir, onunla xidmətdən kənar nəsə danışılmır. Hansı ki, buna çox böyük ehtiyac var. Məntəqəyə gəlib-gedən hər bir əsgərlə xırda, səmimi bir söhbət onların üzünü güldürürdü, sevindirirdi. Sonrasında səhvləri olanda cəzalarını da verirdim, amma yenə də hörmət edirdilər. Çünki əsgər üçün zabitin beləsi orda qızıldan qiymətlidir. Amma yuxarıda dediyim kimi əsgər varıydı ki, adama əclaflıq dərsi keçərdi. Çünki ailəsində elə görmüşdü. Məhz bu cürləri postda yatır, avtomatı qoyub çayxanaya gedir, üzqırxanını yerə basdırır ki, mikrob yoluxsun, üzünü qırxanda üzü yara töksün və məntəqəyə getsin. Dizenteriya olur, özünü sağaltmır, əksinə nəcisini əsgərlərə pulla satır ki, onlar da xidmətdən yayınsın. Baxın indi, biz bu cür əsgərlərlə də işləməyə məcburuq. Psixologiyası normal olmayanlar, fiziki cəhətdən n qədər çatışmazlığı olanlar göndərilir hərbiyə. Ki belələrinin sayı yeni nazirin gəlişindən sonra xeyli azalsa da, hələ ki, tam qurtarmayıb. Hətta son dövlrər orduya hədsiz sayda MAXE və gizirlər cəlb olunur ki, postlarda onlar dursun ki, itkilərin sayı az olsun, ayıq-sayıqlıq daima qorunsun. Çünki 18 yaşlı xidməti yola verməyə çalışan uşaqla işinə görə maaş alan MAXE və ya gizirin məsuliyyət hissi, professionallığı çox böyük arayla fərqlənir. Qaldı ki, itkilərin sayını ictimaiyyətdən gizlətməyə, bu, bəzən lazımdır, əhalinin panikaya düşməməsi üçün bunu etmək bəzən hətta vacibdir də. Ancaq bu, ona əsas vermir ki, orduda özbaşınalıq yaransın, əsgəri boş yerə qurban versinlər. Müharibə şəraitidir. İtkilərin olması qaçınılmazdır, hər iki tərəf ara-sıra itkilər verir. Xüsusən də, əgər bunu kəşfiyyat-təxribatçı qrupu edirsə.
Media isə hər zaman ordunun üstündən gözünü çəkməməlidir, daima məlumat mübadiləsi olmalıdır, təbii ki, hərbi sirri qorumaq şərtiylə. Ancaq hər zaman dezoinformasiyadan qaçınmalıdır. Bu cür reytinq üçün dezoxəbərlər yayan jurnalistlərin etdiyi əclaflıqdan, jurnalist qəhbəliyindən başqa bir şey deyil. KİV güclü vasitədir, ən xırda bir şeyi, hətta olmayan bir şeyi ictimaiyyət üçün ən lazımlı hala gətirə bilər, amma KİV normal işləsə, ordu daima üstündə ictimaiyyətin nəzarətini hiss etsə, daha məsuliyyətlə yanaşacaqlar öz işlərinə. Bundan başqa hərbi xidmətə gedən hər bir yaxınınıza başa salın ki, ora farmozonluq yeri deyil, silahla şəkil çəkdirib sosial şəbəkədə paylaşmaq yeri deyil, gülləylə ata-ana yazıb, sonra ata-anasını zibilə salmaq yeri deyil. Əgər, həqiqətən, orduya getmək istəmirsənsə, getmə, ya da bunu da bacarmırsansa, get xidməti müəyyən səviyyədə yola ver, amma yüz hoqqadan çıxıb gəlib onu mülki həyatda kişilik kimi sırıma camaata.
Başqa vaxt deyirlər ki, niyə əsgərə xidmət vaxtı cəmi 3 güllədən artıq atmağa icazə vermirlər. A bəylər, ay xanımlar, başa düşün, əsgərdi bu, xalqın içindən çıxan uşaqdır, tində söhbət edən qaqaşdır, tualetə düzgün oturmağı bacarmayanları da var aralarında. Güllə verən kimi ya çətin vəziyyətə dözmür, özünü güllələyir, ya yanındakı kütbeyinlik edir, aralarında söhbət düşür, yanındakını güllələyir. Belə olanda necə güllə versinlər əsgərə? Niyə versinlər? Bir-birini güllələmək üçün? Axı burda hərbiyə aidiyyatı olmayan şeylər var. Məsələn, bayraq postunda duran əsgərə o biri əsgər yoldaşı gəlib ilişir, onunla məzələnir, vurmayana söyüş söyür, o da çəkir tətiyi, güllələri doldurur onun qarnına. Özü də bədbəxt olur, o biri də
Ordudakı vəziyyətin düzəlməsi üçün ilk növbədə təhsilin səviyyəsi heç olmasa, normal yaxın olmalıdır, hərbi hissələrdə bir neçə psixoloq olmalıdır və ən əsası “arxalı” əsgərlərin də adam kimi xidmət etməsidir. Həmin əsgər göz görə-görə, saymazyana telefon işlədəndə zabit gözükölgəli olur, o birilərə də heç nə deyə bilmir, susur və hörmətdən düşür. Kİ, susmasa, vəzifəsindən düşəcək.
Hələlik yazacaqlarım bu qədər. Daha sistemli şəkildə yazmağa çalışacam. Yəni ki, ardı var… P.S. Əgər səfərbərlik elan olunmasa

29.06.2014

Bizim haqsızlığımız və həyasızlığımız


Şəhərdə və bölgələrdə şadlıq saraylarının sayı durmadan artır, hər gün bir-birindən daha dəbdəbəli, orta gəlirli bir ailənənin öz büdcəsi hesabına toy edə bilməyəcəyi şadlıq sarayları  tikilir və istifadəyə verilir. Şadlıq saraylarındakı verilən yeməklərdən tutmuş ordakı xidmətlərə qədər hər şey göstəriş üçün nəzərdə tutulub. Toy edəcək ailənin qohum-əqrəba, tanış-biliş arasındakı hörməti də, sanballılığı da toyun hansı şadlıq sarayında olmasından asılıdır. Bizimkilər də heç özünü filankəsdən əskik göstərməz axı, borc-xərc tapıb, birtəhər də olsa, xirtdəyə qədər borcun içində də üzəsi olsa, toyu mütləq ən yaxşı şadlıq saraylarından birində etməlidir. Toy etmək üçün girir xirtdəyə qədər borcun içinə, ümidi də var ki, toya yazılan pullarla bağlayar borcunu. Birtəhər də bağlayır, amma toydan sonra əldə qalan qəpik-quruş olur, evlənən cütlüyün də, ailəsinin də toy bütün var-yoxunu alır, qoyur quru düzdə. Axı nəyə lazımdır bu qədər dəbdəbə?Kimə lazımdır? Bu tanış-biliş də oğraşlıq edir, elə hamısı. Kimə nə xeyri var orda bol-bol verilən və tez xarab olan, çölə atılan yeməklərin? Nə faydası var yaxınlıqdakı ən dəbdəbəli şadlıq saraylarında toy etdirməyin? Niyə bu insanlar göstəriş xətrinə aldadırlar bir-birini? Səbəb nədir? Bu qədər camaatın içində biri cəsarətli çıxmır ki, desin, ay qardaş, çəkin mıxınızı, mənim filan şadlıq sarayında toy etdirməyə imkanım çatmır, məqsəd evlənməkdisə, büdcəmə uyğun şadlıq sarayında toy etdirəcəm,  imkanıma uyğun şadlıq sarayında da evləndirə bilərəm övladımı. İnanın ki, bu cəmiyyətdə kimsə bu sözü deməlidir, kimsə bu bədbəxtlərə başa salmalıdır, ya da vecinə almamalıdır ətrafın fikrini. 22 yaşım var və mən fikirləşəndə ki, mənim də valideynlərim mən evlənəndə dəridən-qabıqdan çıxıb, borcun içində üzüb, mənə dəbdəbəli bir şadlıq sarayında toy elətdirəcəklər, adamın nəinki evlənməyə, heç bu barədə fikirləşməyə belə həvəsi qalmır. Qonaqların qozuna da deyil, bəzənib-düzənib gələcəklər toya, büdcələrinə uyğun pulu yazılacaqlar, axıra kimi tıxacaqlar və xoşbəxt olacaqlar. Ancaq mənim valideynlərimin üzü güləcək, içi isə qan ağlayacaq ki, görəsən, toydan yığılan pul ödəyə biləcəkmi bu qədər borc-xərci?
 Bir qohum bu yaxınlarda oğluna toy etdi, qohum da, qayınları da biznesmendirlər və çox varlı adamdırlar. Oğluna da hamımızın yaxşı tanıdığı və söyüşlə yad etdiyi bir məmurun qardaşı qızını aldı. Aldı ki, biznesmen kimi dayaqlarını möhkəmlətsin, dəyib-dolaşan olmasın. Ama adamlar həyasızlığın pik nöqtəsinə çatdılar, hətta o tərəfə də keçdilər. Toyu yaşadıqları Şəmkir rayonunda yox, Gəncəbasar zonasının ən göstərişli, böyük şadlıq sarayı Tovuzda olduğu üçün Tovuzda elətdirdilər. Atam da getmişdi toya, boş yerə kişini də saldılar artıq xərcə. Bu boyda adam toy elətdirə, özü də regionun ən böyük şadlıq sarayında, onda gərək evindəki bütün pulu aparıb ora yazılasan ki, biabır olmayasan.
    Və bu toylara getməyin özü də dəvət edilənlər üçün dəhşətli dərəcədə vacib və aktual məsələdir. Heç ictimai-siyasi həyatda ən vacib məsələ bundan daha vacib olmur. Bir ay qabaqdan evin xanımı özünə, qızına sırf o toya geyinmək üçün paltar alır, aldığını bəyənmir, bir də alır. Kosmetika bol olmalıdır, evdə taxılmağa yarayan qızıl qalmamalıdır, hamısı olmalıdır qolda, boyunda və barmaqlarda. Xala görmüşəm  dörd barmağına beş üzük taxıb gəlib toya. Qızlar üçün ər tapmağın ən ümidverici yeri də elə toydur. Toya getmək vaxtı çatanda lap dəhşət olur. İki saat qabaqdan hazırlığa başlayan evin xanımının hazırlanmağı bitmək bilmir ki bilmir. Kişiyə nə var, Novruzəli də olsa, ən cool biri də olsa, keçirir əyninə kostyumu və başlayır gözləməyə. Qadınlar isə daha çox qısqandıra bilmək və daha yaxşı ər tapa bilmək üçün bir xeyli əlləşib-vuruşurlar. Hərə öz çıxarları üçün istifadə edir. Xalalar qızıllarını göstərir, “xalxın arvadları”nı qısqandırır, qızlar gələcək həyat yoldaşı qazanmağa çalışır. Toyda bəzənib-düzənmək göstərişdir. Başqa da bir şey deyil. Axı niyə bu insanlar evdə bəzənmirlər, həyat yoldaşları üçün gözəl olmağa çalışmırlar? Evdəki adam deyil? Əksinə, hər kəsdən daha vacibdir. Amma etməzlər bunu, çünki göstərməlidirlər ki, bizim filan şeyimiz var, camaat da qısqanmalıdır, işin özü budur.
 Bəs onlar bunu bilirmi? Etdiklərinin artistlik olduğunu bilmirlər? Bütün bunların əslində adət-ənənə olmadığını, özlərini aldatdıqlarını bilmirlər? Bilirlər! Onlar buna adət-ənənə deyir, hər kəs öz etdiyi hərəkəti adıyla adlandırmağı bacarsaydı, nə varıydı ki. Avtobusda polis görmüşəm, avtobusa minən xanımın arxasına keçib, qabağını xanımın arxasına yapışdırıb, əliylə tutub xanımın belindən, budundan. O polisə də bir-ikisini ilişdirib, oturtsan qabağına və soruşsan ki, ay oğraş, bu hərəkəti niyə edirsən, əmin olun ki, o sizə etdiyi hərəkətin səbəbi kimi elə məsumca şey deyəcək ki, matınız quruyacaq. Bəli, biz buyuq. Etdiyimiz hərəkətlərin hər birindən bir sünilik, bir oğraşlıq yağır. Özümüzə tolerant deyib, bütün günü pivə içən yerdə fotolarımızı çəkdiririk, amma müsəlmanın Ramazan ayıyla bağlı paylaşımlarına dözə bilmirik, başlayırıq hoqqabazlığa, artistlik edirik, məzələnirik. Sonra da deyirik belə. Biz hər zaman haqlı deyilik, sadəcə, həyasızıq. Etdiyimiz hər bir hərəkətimizə haqq qazandıra biləcək qədər həyasızıq.

26.06.2014

Atalar ata və ideal kimi



Yazı yazmaq üçün nə etmək lazımdır? Köşə yazısı, hekayə, bloq yazmaq elə də fitri istedad tələb etmir, sadəcə müşahidə etmə bacarığı və səbr lazımdır. Deyək ki, yolda gedirsiz və hansısa bir hadisəylə qarşılaşırsız, bu hadisə də sizə möhkəm təsir edir, o hadisəni diqqətlə müşahidə etməklə, səbəb və nəticələri təhlil etməklə yazının materialını toplamış olursuz. Sonra isə beyninizdə yazının proyeksiyasını çəkirsiniz, təqribi olaraq nələri harda yazacağınızı düşünürsünüz və bundan sonra tək iş beyninizdəkiləri yazıya tökməkdir. Davamlı yazmaqla, öz üzərinizdə çalışmaqla yazar olmaq olar. Ama ən əsası yazılarınızın ən sərt tənqidçisi, ən qəddar düşməni özünüz olmalısınız.
 
 Ama mənim indi yazacaqlarımın bu yazdıqlarıma çox da dəxli yoxdur, sadəcə çoxdandır atalar və atam haqqında yazmaq istəyirdim. Herman Hesse yazırdı ki, insanın özü ola bilməsi, öz şəxsiyyətinin formalaşması üçün ilk şərt atasıyla özü arasında çatların yaranmasıdır. Bütün uşaqlar atalarını ideal sayırlar, xüsusən də qız uşaqları. Oğlan uşağı böyüyəndə atası kimi olmaq istəyir, qız uşağı atası kimi bir sevgilisinin olmağını istəyir. Onlar düşünürlər ki, ataları çox güclüdür, turnikdə on dəfə çəkinə bilirsə, deməli, ondan ideal kişi yoxdur. Və bu zaman nə özləri şəxsiyyət kimi formalaşa bilirlər, nə də sevgidə uğur qazana bilirlər. Çünki atalar hər nə qədər müasir olsalar da, müasirliyə can atan insanlar üçün onlar köhnəliyin tərənnümüdürlər, hər nə qədər də olsa, yeni zamanla ayaqlaşmağı tam bacarmırlar. Turgnev “Atalar və oğullar” əsərində müasir, dövrüylə ayaqlaşmağa çalışan ataları və dövrünün gəncliyini təsvir edir. Talar hər nə qədər də zəmanəylə ayaqlaşmağa çalışsalar da, özləri belə etiraf edir ki, zəmanə çox sürətlə qabağa gedir, onlar isə buna çatdıra bilmirlər, artıq get-gedə köhnəlirlər.
Ataya oxşamağı istəmək köhnəliyi sevmək kimi bir şeydir, ruhun rəngarəng olmamasıdır, özündən əl çəkib bir başqasını yamsılamaqdır. Hansısa  fanatın özünü sevdiyi müğənniyə oxşatması kimi bir şeydir, təqribən.  Sevgilisinin atası kimi olmasını istəmək isə o insanın hələ böyümədiyinin bariz sübutudur. Bir əlin beş barmağı eyni deyilsə, hansısa yad bir oğlandan qızın belə bir şey gözləməyi və istəməyi anlamsızdır. Bu, o qızın bir şəxsiyyət kimi yetişmədiyindən və sevgilisinə də belə bir şeyə imkan verməyəcəyindən xəbər verir. Hər xırda problemdə atasını misal gətirəcək, oğlanı atası kimi olmadığına görə qınayacaq, onun şəsiyyətini əlindən almağa çalışdığının və təhqir etdiyinin fərqində belə olmayacaq. Özü də vay o gündən ki, qızın atası gəlirli kişi ola. Onda tək bir şey qalır, götür başını qaç. Bu yazım kimlərəsə cılız bir şey kimi gələ bilər, ama normal gəlirli ailənin qızlarını az-maz tanıyanlar bilər belə bir şeyin nə demək olduğunu, bir də belə bir şeyin qurbanına çevrilmiş insanlar. Cek Londonun “Martin İden” əsəri isə düşünürəm ki, bu mövzuya ən yaxşı toxunan əsərdir. Kobud, təhsilsiz və proletar bir gənci sevən qız onu olduğu kimi sevir, ancaq sonradan onun eqosu özünü biruzə verir, oğlanı hər vəchlə dəyişdirmək istəyi, onu öz meşşan cəmiyyətinə daxil etmək və atasına bənzətmək istəyi sonunda Martin İdenin ölümüylə nəticələnir. Çünki Martin bütün bunları görür, analiz edə bilir, o Ruthun dediyi kimi yox, öz arzularının arxasınca gedərək yazar olmaq və pul qazanmaq istəyir. Öz cəmiyyətini, atasını ideal sayan Ruth üçün isə bunları anlamaq çox çətindir. Anlaya bilməz, çünki düşüncə tərzi buna imkan vermir, xəyalət deyir Martin belələrinə. Düşünə bilməyən, ancaq nəfəs alan varlıqlara. Məhz bu varlıqlar, başda Ruth olmaqla Martini dünyadan iyrəndirir, onların meşşanlıq, pul həvəsi diksindirir onu və qurtuluşu özünü suda boğmaqda görür.
Atam haqqında isə onu deməliyəm ki, onu heç vaxt ideal saymamışam. Şərait buna imkan verməyib. Məhz bu, mənim özüm olmağıma təkan verib. Onu dediyim kimi, ideal saymamışam, ama həmişə sevmişəm. Necə varsa, elə görmüşəm. Yaxşı tərəflərini də, pis tərəflərini də ayrılıqda görə bilmişəm. Və bu, onun hansısa səhv hərəkətində mənim ondan üz döndərməməyimə kömək edib. Atamın hansı məqamda aciz qalacağını da bilirəm, ona görə də gözləntilərim də böyük deyil. Belə olması yaxşıdır. Çünki sonradan onunla bağlı xəyal qırıqlığı yaşamaq istəmirəm  və bu günə kimi də yaşamamışam.
Ataları sevmək lazımdır, hörmət etmək lazımdır, ama bütün bunlar üçün onları olduğu kimi qəbul edib, tanımaq lazımdır. İdeallaşdırmaq isə qətiyyən lazım deyil. Bu qədər. Yazı nə qədər bəsit olsa da, demək istədiyimi və deyə bilmədiklərimi anlayanlara eşq olsun. Var olun!

8.06.2014

Kubrickin zəfər yolu

Stenli Kubrik. Amerikalı rejissor. 1928-ci il 26 iyulda ABŞ-ın Nyu York şəhərində anadan olub. Filmdə texniki qüsursuzluq axtarışında olub hər zaman. Məhz bu xasiyyətinə görə aktyorları dizə gətirən bir rejissor olub. "Eyes Wide Shut" filmində Tom Kruz və Nikol Kidmanın 1 dəqiqədən də az sürən sevişmə səhnəsini 238 dəfə təkrarladıb ən qüsursuzunu almaq üçün.
Və bu filmin çəkimləri 400 gün sürüb, filmin hazır olması üçün isə düz 3 il vaxt keçib. Çünki adam texniki qüsursuzluq və mükəmməlçilik manyakı olub. Klassik musiqini çox gözəl bilib və filmlərində də klassik musiqiyə böyük önəm verib. Hətta "A Space Odyssey" filminə görə 40 dəqiqəlik ayrıca bir musiqi yazılsa da, sonradan Kubrik bunu klassik musiqiylə əvəzləyib. Və daha bir özəlliyi intellektual  simbolizmə böyük əhəmiyyət verməsi olub. Onun filmlərində heç bir musiqi boşuna çalınmayıb, hətta divarda asılan fotoların da, film qəhrəmanlarının adlarının belə xüsusi anlamı olub, adam hər bir incə ayrıntını belə xüsusi bir zövqlə və dəqiqliklə işləyib. Bir növ onun filmindəki hər şey elə olmalı olduğuna görə olub, yəni var, çünki belə olmalıydı. 
    
Kubriki film sektrounun Allahı adlandıranlar da var, hətta haqqında belə bir zarafat da var ki: "Bir gün Spilberq ölür və o dünyada cənnətin qapısına çatanda onu mələklər içəri buraxmırlar. Səbəb isə Tanrının rejissorları sevməməsidir. Elə bu an cırıq paltarlarıyla velosipedlə bir adam Spilberqin yanından keçərək qapıdan içəri girir. Bunu görən Spielberg: "Bu ki Kubrikdir, onu niyə buraxdız?" deyə soruşur. Mələk isə: "O, Tanrıdır, ancaq özünü Stenli Kubrik zənn edir" deyə cavab verir".
Karyerasına Nyu-Yorkdakı "Look" dərgisinə həvəskar fotolar çəkməklə başlayıb. İzlədiyi filmlərdən daha yaxşılarını çəkə biləcəyi qənaətinə gəldikdən sonra film çəkməyə qərar verib və ilk filmini (Fear and Desire. 1953-cü il) 25 yaşında çəkib. Bundan sonra bir neçə il arayla filmləri ekran üzü görüb. Hər birində işlənmiş mövzularda belə tam fərqli baxış bucağı, ayrıntılar və incə detallar olub. Filmləri fərqli mövzularda, daha çox müharibə, qorxu və elmi janrda olub. 
1962-ci ildə çəkdiyi "Lolita" filmi zamanı filmə görə müvəqqəti köçdüyü İngiltərənin Hetfordşir əyalətində daimi yaşamağa qərar verib və 1999-cu ilin 7 martında dünyasını dəyişənə qədər də buradakı evində yaşayıb. 
Son olaraq da "Film Fiction" jurnalının Kubrik və Federiko Fellini haqqındakı müqayisəsini verdikdən sonra keçəcəm onun filmlərinə. İndi isə müqayisə:
1. Fellini kinoda son sözü "Bəlkə biz sussaydıq, daha çox şey anlayardıq" olub, Kubrikdə isə "Gəl sevişək" (müəl.: Freydsayağı, bu, özünü "Eyes Wide Shut" filmində son cümlədə də göstərir)
2. Fellini İkinci Dünya Müharibəsini xəstəliyi hesabına fırladıb, Kubrik isə orta təhsilini elə 1941-45-ci illərdə alıb.
3. Kubrik kinoda novator olub, Fellini isə kinonun siması.
4. Kubrik fotoqraf olub, Fellini isə yazıçı.
5. Fellini dinamik olub, Kubrik isə statik.
6. Fellini "Yol" çəkib, Kubrik "Parıltı".
7. Kubrik böyük filmlər hesabına dahiləşib, Fellini kiçik filmlərlə böyük ürəklərə yol tapıb. 
8. Kubrikin qəhrəmanları təcrid olunmuşlardı, Fellini qəhrəmanları zəhmətkeşlər.
9. Fellini film içində film çəkib, Kubrik dünya içində dünya.
10. Fellini içdəndir, Kubrik düşüncədən.
11. Fellini rəssam olub, Kubrik zərgər.
12. Fellini mifalogiyadır, Kubrik illuziya.
13. Fellini italiyan kinosunun tanrısıdır, Kubrik Amerika kinosunun 
14. Kubrik klassik musiqidir, Fellini simfonik
15. Fellini üçün "Həyat şirindir", Kubrik üçün "Geniş qapalı gözlər".
Ümid edirəm bu müqayisə Kubriki daha da yaxşı tanımağa kömək edəcək. Və son olaraq. Kubrikin İllumunati adlanan təşkilatın üzvü olduğuna dair şaiələr və sübutlar var.
Ən son filmi olan "Eyes Wide Shut" filmində masonları deşifrə etdiyinə və məhz buna görə filmin ekran üzü görməsindən bir neçə gün sonra dünyasını dəyişdiyi də deyilir. İnfarktdan öldüyü deyilsə də, həyat yoldaşı Kristian Kubrik də infarkt məsələsini hər zaman təkzib edib. Elə söz düşmüşkən siyahı baş-ayaq olsa da, onun son filmi olan "Eyes Wide Shut" filmindən başlayaq. Film Kubrikin son filmi olub, 1999-cu ilin martında ekran üzü görüb. Film Arthur Schnitzlerin eyni adlı əsərindən götürülüb və Kubrikin əsəri təkrar işləməsiylə filmə çevrilib. Kişi-qadın münasibətlərindən, AİDS məsələsindən (az-maz) bəhs edir başlıca olaraq, ancaq sonrasında film başqa yönə çəkilir, ta ki Nikol Kidmanın ən sonda dediyi cümləyə qədər. Bu film haqqında türkçə tapdığım bir bloq yazısının  linkini paylaşıram, orda bu haqda və İllumunati, masonlar barədə də yazılıb. ( http://michaelsikkofield.blogspot.com.tr/2011/07/stanley-kubrick-zihin-kontrolu-ve.html?m=1 ) Yəni çox qarışıq bir film olduğuna görə filmdən hansı nəticəni çıxaracağınızı sizin ixtiyarınıza buraxıram.
 

İkinci baxdığım filmi "Full Metal Jacket" olub.

Vyetnam-Amerika müharibəsindən bəhs edir. Filmdə ana quzularının hərbi düşərgələrdə necə peşəkar qatilə çevrildikləri açıq şəkildə göstərilir, bundan başqa filmdə ikili göndərmələr diqqət çəkir, belə ki, əsgərin kaskasında yazılan "Öldürmək üçün doğulmuşam" sözləriylə ilə onun sülhü təbliğ edən nişan gəzdirməsi, və ya Vyetnamlı meyidlərə baxan ABŞ əsgərinin "onlara azadlıq vermək üçün gəlmişdik,  keşkə azad olmasaydılar, ama həyatda olsaydılar" ifadəsi. Və filmdə Apokalipsis now filmində olduğu kimi vyetnamlı əliyalın insanların səbəbsiz öldürülməsinə diqqət çəkilir, səbəbi isə bu əsgər-qatilə görə sadəydi "onlar da qızılı (vyetnam ordusu) idi və onları da öldürmək asanıydı buna görə, sadəcə bir az yuxarıdan atəş açmaq lazım idi. Filmdə Kubrik sonda vergül qoyur, bir növ nəticə çıxarmağı izləyicinin ixtiyarına buraxır. Film 1 Oskar, 1 Qızıl Qlobus və 2 BAFTA mükafatına namizəd kimi göstərilsə də, heç bir mükafat almayıb.
 Baxdığım digər filmi isə "The Shining" oldu. Stefan Kinqin "Medyum" kitabı əsasında çəkilmişdir, təbii ki, Kubrikin bəzi dəyişmələr etməyi ilə. Filmin çəkişləri planlanan vaxtdan düz 3 dəfə daha uzun sürmüşdür və deyilənə görə qaradərili aşpazın öldürüldüyü səhnə düz 70 dəfəyə çəkilmişdir.

Bu film sıradan bir izləyici üçün triller və qorxu filmi olsa da, səslənən musiqidən tutmuş ən sonda göstərilən tabloya qədər sətiraltı mənalarla zəngin bir filmdir. Filmdəki hadisələrin baş verdiyi Overluk oteli deyilənə görə Amerikanın yerli əhalisinin qəbirləri üzərində tikilib və otelin içinin dizaynı Kubrickin qızına məxsusdur.  Filmdə tək ölənin bir zənci olması və sondakı fotoda bütün insanların ağdərili olması 1921-ci ildə Tuslada çıxan üsyanda zəncilərin yerləşdiyi binaların yandırılaraq kül edilməsinə bir işarədir və bu tarixdə təkcə qızıldərililərin deyil, həmçinin qaradərililərə də soyqırım törədildiyini vurğulayır. Klassik musiqi xəstəsi olan Kubrickin ailənin otelə getdiyi yol boyunca səsləndirdiyi tükürpədici musiqi isə Mozartın "Cəhənnəm atəşi" musiqisidir ki, bu da filmə xüsusi ab-hava verir. Filmdə bir ara hər şey qarışır bir-birinə. Otelin Cek Nikolsonu dəli etməsi, ya Cekin əvvəlcədən dəli olması sual altında qalır. 
  


Kubrikin adamı düşünməyə vadar edən filmi kimi izlədiyim filmlərdən 4-cüsü "A Clockwork Orange" oldu. Filmdə ən saf şey olan südün içilməsiylə günah gecəsi başlanılır və qatillər ağ paltar geyinirlər, etdikləri hər şeyə rəğmən bu ağ paltarlara bircə damcı da qan və ya başqa ləkə izi düşmür ki, bu da gizli-gizli cinayət törədənlərin üzdə məsum insan olduqlarına (göründüklərinə) işarədir bir növ.

  
 Aleks adlı qatil psixolji müalicə almaqla cəzasının yüngülləşməsinə razı olur. Və bu müalicə üsulu onun şiddət duyğusunu bir növ xədim edir, ancaq bu dünyada şiddət olmadan yaşamağın mümkünsüzlüyünü də Kubrik gözlərimizin önünə sərir. Aleks dəyişib, ancaq bu heç kəsin vecinə deyil, onun zəifliyindən istifadə edirlər, hər kəs öz bacardığı kimi qisasını alır. Köhnə cinayətkar dostlarının polis formasında onun qarşısına çıxması və "işləmək yaşımız çatmışdı, biz də polis olduq" demələri polislərin də hansı vəziyyətdə olmasından xəbər verir. Və ayrıntılara xüsusi önəm verən biri kimi Kubrikin filmin qəhrəmanı üçün seçdiyi Aleks adı da təsadüfi deyil. Mənası, qanunlara uymayan, öz qanunları olan, özü üçün yaşayan adam deməkdir. Filmin adını isə hadisələrin gedişi yaxşı açıqlayır. Bundan başqa Kubrik burda ailə məsələsinə də toxunaraq, bir qisim ailələr üçün övladdan daha çox evin kirayəsini vaxtında, hətta qabaqcadan ödəyən, onlara yaxşı davranan kirayəkeşin əhəmiyyətli olduğunu vurğulayır.
  


Baxdığım 5-ci filmi isə "A Space Odyssey" oldu. Film Artur Klarkın əsəri əsasında çəkilmişdir. Filmdə ilk başlarda insanın təkamülünə nəzər salınır, bir növ necə bu hala gəlməyimizin qısa xronologiyasını verir. Deyilənə görə Kubrik bu filmdə istifadə olunan cihazları bir daha istifadə olunmaması üçün film bitdikdən sonra qırdırır. Və filmdəki ən maraqlı səhnə gizli bir sirri açmağa çalışan, bir növ başqa planetdə yaşayan canlı və ya Tanrı axtarışına çıxan insanın kosmosda işıq sürətiylə hərəkət edərək məsafələri qət etməsi və qocalması ən sonda isə elə özü kimi insanı görməsidir, bu da ki bu dünyada insandan başqa düşünə bilən bir varlığın olmadığına işarədir və sonda belə həmin o sirli daşın necə və nə üçün gəldiyi müəmma olaraq qalır. Bundan başqa filmdə elmin o zaman üçün kəşf etmədiyi məsələlər də yer almışdır, məsələn, kosmosda səssizlik və təklikdə eşidilən səsin ancaq insanın öz nəfəsi olması kimi..
  

Ən son baxdığım filmi isə "Paths of Glory" oldu.
Kubrik acı zarafatını elə filmin adı (Zəfər yolu) və filmdə baş verən hadisələr arasındakı əksliklə edir. Film ordudakı mənasız bürokratiyadan, özbaşınalıqdan, şöhrətpərstlikdən və bunun vətənpərvərlik adı altında gizlədilməsindən çox məharətlə bəhs edir.
 Rəislərin günahlarının cəzasını döyüşən əsgərlər çəkir, bir növ onlar günahsız "günah keçisi" olurlar. Və ən sonda digər filmlərdə hər şeyin yaxşı sonluğu bu filmdə təkraranmır, təkrarlanan şey isə hər şeyin əvvəlki halına qayıtması və heç nəyin düzəlməyəcəyi fikridir. Və filmin sonunda düşmən əsgərini sentimentallaşdırıb ağladan aktrisa Suzan Kristian filmdən sonra Kubriklə evlənib Kristian Kubrik olub.
P.S. Ümid edirəm bu uzun yazı sizi yormadı. 
P.P.S. Stenli Kubrikin filmlərinə baxmaq mütləq olmasa da, son dərəcə vacibdir, ancaq hər fgilmdən sonra o film haqqında araşdırma aparmaq, oxumaq isə mütləqdir.
Ümid Xəzər
Kultura.az

Axtar