29.06.2014

Bizim haqsızlığımız və həyasızlığımız


Şəhərdə və bölgələrdə şadlıq saraylarının sayı durmadan artır, hər gün bir-birindən daha dəbdəbəli, orta gəlirli bir ailənənin öz büdcəsi hesabına toy edə bilməyəcəyi şadlıq sarayları  tikilir və istifadəyə verilir. Şadlıq saraylarındakı verilən yeməklərdən tutmuş ordakı xidmətlərə qədər hər şey göstəriş üçün nəzərdə tutulub. Toy edəcək ailənin qohum-əqrəba, tanış-biliş arasındakı hörməti də, sanballılığı da toyun hansı şadlıq sarayında olmasından asılıdır. Bizimkilər də heç özünü filankəsdən əskik göstərməz axı, borc-xərc tapıb, birtəhər də olsa, xirtdəyə qədər borcun içində də üzəsi olsa, toyu mütləq ən yaxşı şadlıq saraylarından birində etməlidir. Toy etmək üçün girir xirtdəyə qədər borcun içinə, ümidi də var ki, toya yazılan pullarla bağlayar borcunu. Birtəhər də bağlayır, amma toydan sonra əldə qalan qəpik-quruş olur, evlənən cütlüyün də, ailəsinin də toy bütün var-yoxunu alır, qoyur quru düzdə. Axı nəyə lazımdır bu qədər dəbdəbə?Kimə lazımdır? Bu tanış-biliş də oğraşlıq edir, elə hamısı. Kimə nə xeyri var orda bol-bol verilən və tez xarab olan, çölə atılan yeməklərin? Nə faydası var yaxınlıqdakı ən dəbdəbəli şadlıq saraylarında toy etdirməyin? Niyə bu insanlar göstəriş xətrinə aldadırlar bir-birini? Səbəb nədir? Bu qədər camaatın içində biri cəsarətli çıxmır ki, desin, ay qardaş, çəkin mıxınızı, mənim filan şadlıq sarayında toy etdirməyə imkanım çatmır, məqsəd evlənməkdisə, büdcəmə uyğun şadlıq sarayında toy etdirəcəm,  imkanıma uyğun şadlıq sarayında da evləndirə bilərəm övladımı. İnanın ki, bu cəmiyyətdə kimsə bu sözü deməlidir, kimsə bu bədbəxtlərə başa salmalıdır, ya da vecinə almamalıdır ətrafın fikrini. 22 yaşım var və mən fikirləşəndə ki, mənim də valideynlərim mən evlənəndə dəridən-qabıqdan çıxıb, borcun içində üzüb, mənə dəbdəbəli bir şadlıq sarayında toy elətdirəcəklər, adamın nəinki evlənməyə, heç bu barədə fikirləşməyə belə həvəsi qalmır. Qonaqların qozuna da deyil, bəzənib-düzənib gələcəklər toya, büdcələrinə uyğun pulu yazılacaqlar, axıra kimi tıxacaqlar və xoşbəxt olacaqlar. Ancaq mənim valideynlərimin üzü güləcək, içi isə qan ağlayacaq ki, görəsən, toydan yığılan pul ödəyə biləcəkmi bu qədər borc-xərci?
 Bir qohum bu yaxınlarda oğluna toy etdi, qohum da, qayınları da biznesmendirlər və çox varlı adamdırlar. Oğluna da hamımızın yaxşı tanıdığı və söyüşlə yad etdiyi bir məmurun qardaşı qızını aldı. Aldı ki, biznesmen kimi dayaqlarını möhkəmlətsin, dəyib-dolaşan olmasın. Ama adamlar həyasızlığın pik nöqtəsinə çatdılar, hətta o tərəfə də keçdilər. Toyu yaşadıqları Şəmkir rayonunda yox, Gəncəbasar zonasının ən göstərişli, böyük şadlıq sarayı Tovuzda olduğu üçün Tovuzda elətdirdilər. Atam da getmişdi toya, boş yerə kişini də saldılar artıq xərcə. Bu boyda adam toy elətdirə, özü də regionun ən böyük şadlıq sarayında, onda gərək evindəki bütün pulu aparıb ora yazılasan ki, biabır olmayasan.
    Və bu toylara getməyin özü də dəvət edilənlər üçün dəhşətli dərəcədə vacib və aktual məsələdir. Heç ictimai-siyasi həyatda ən vacib məsələ bundan daha vacib olmur. Bir ay qabaqdan evin xanımı özünə, qızına sırf o toya geyinmək üçün paltar alır, aldığını bəyənmir, bir də alır. Kosmetika bol olmalıdır, evdə taxılmağa yarayan qızıl qalmamalıdır, hamısı olmalıdır qolda, boyunda və barmaqlarda. Xala görmüşəm  dörd barmağına beş üzük taxıb gəlib toya. Qızlar üçün ər tapmağın ən ümidverici yeri də elə toydur. Toya getmək vaxtı çatanda lap dəhşət olur. İki saat qabaqdan hazırlığa başlayan evin xanımının hazırlanmağı bitmək bilmir ki bilmir. Kişiyə nə var, Novruzəli də olsa, ən cool biri də olsa, keçirir əyninə kostyumu və başlayır gözləməyə. Qadınlar isə daha çox qısqandıra bilmək və daha yaxşı ər tapa bilmək üçün bir xeyli əlləşib-vuruşurlar. Hərə öz çıxarları üçün istifadə edir. Xalalar qızıllarını göstərir, “xalxın arvadları”nı qısqandırır, qızlar gələcək həyat yoldaşı qazanmağa çalışır. Toyda bəzənib-düzənmək göstərişdir. Başqa da bir şey deyil. Axı niyə bu insanlar evdə bəzənmirlər, həyat yoldaşları üçün gözəl olmağa çalışmırlar? Evdəki adam deyil? Əksinə, hər kəsdən daha vacibdir. Amma etməzlər bunu, çünki göstərməlidirlər ki, bizim filan şeyimiz var, camaat da qısqanmalıdır, işin özü budur.
 Bəs onlar bunu bilirmi? Etdiklərinin artistlik olduğunu bilmirlər? Bütün bunların əslində adət-ənənə olmadığını, özlərini aldatdıqlarını bilmirlər? Bilirlər! Onlar buna adət-ənənə deyir, hər kəs öz etdiyi hərəkəti adıyla adlandırmağı bacarsaydı, nə varıydı ki. Avtobusda polis görmüşəm, avtobusa minən xanımın arxasına keçib, qabağını xanımın arxasına yapışdırıb, əliylə tutub xanımın belindən, budundan. O polisə də bir-ikisini ilişdirib, oturtsan qabağına və soruşsan ki, ay oğraş, bu hərəkəti niyə edirsən, əmin olun ki, o sizə etdiyi hərəkətin səbəbi kimi elə məsumca şey deyəcək ki, matınız quruyacaq. Bəli, biz buyuq. Etdiyimiz hərəkətlərin hər birindən bir sünilik, bir oğraşlıq yağır. Özümüzə tolerant deyib, bütün günü pivə içən yerdə fotolarımızı çəkdiririk, amma müsəlmanın Ramazan ayıyla bağlı paylaşımlarına dözə bilmirik, başlayırıq hoqqabazlığa, artistlik edirik, məzələnirik. Sonra da deyirik belə. Biz hər zaman haqlı deyilik, sadəcə, həyasızıq. Etdiyimiz hər bir hərəkətimizə haqq qazandıra biləcək qədər həyasızıq.

Hiç yorum yok:

Yorum Gönderme

Axtar