26.12.2016

On yeddi yaşın hekayəsi

Türkiyə mənim üçün həm də hərbi çevrilişlərin bir vaxtlar tez-tez olduğu ölkədir. Axırıncı çevriliş şousundan sonra isə çətin ki, AKP-nin hakimiyyətdə olduğu vaxtda ordu bir daha elə bir güc əldə etsin.  Yazıda çevrilişlərin düz, yoxsa səhv olduğunu müzakirəyə çıxarmaq fikrim yoxdur, amma türk tarixində çevriliş deyincə ağla təkcə ordunun hakimiyyəti ələ keçirməsi, idarə üsuluna qarışması deyil, həm də sayı-hesabı bilinməyən edamlar, sui-qəsdlər, işgəncələr gəlir. Onların içində isə hərbi çevriliş deyincə əsas yadıma düşən bir insan var. Bu yazı da məhz o və onun edamına səbəb olan hərbi çevriliş haqqındadır.


Erdal Eren məhkəmə zalında

      Erdal Eren.
Boğazına ip keçirilərkən 17 yaşında olan bu oğlanı edama aparan yol hələ həmin ilin əvvəllərində 1980-nin 30 yanvar tarixində onun da üzvü olduğu  YDGD (Yurtseven Devrimci Gençlik Derneği) üzvü Sinan Sunerin MHP-li nazir Cengiz Gökçekin mühafizəçisi tərəfindən öldürülməsiylə başlamışdı. Mühafizəçinin gənci Ankaranın Yuxarı Ayrancı istiqamətinə avtomobiliylə gətirib yolda işgəncələr verərək və öldüyünə tam əmin olduqdan sonra xəstəxananın qapısının ağzına tullaması dövrün gənclərində dərin bir şiddətə səbəb olmuşdu . Hadisənin cəmiyyətdə geniş rezonans doğurmasının ardından – fevralın ikisi gəncin öldürüldüyü yerdə Erdal Erenin də iştirak etdiyi etiraz mitinqi təşkil olundu. Əsgərlərlə etirazçılar arasında baş verən qarşıdurmada Erdal Eren də daxil olmaqla 24 insan həbs edildi. Erdal Erenin həbsinin əsas səbəbi isə Zekeriyye  Önge adlı əsgərin qarşıdurmada onun öldürməsinə olan iddia idi. 
Sürətli məhkəmə proseslərinin ardından 19 martda edam cəzasına məhkum edildi.  Daha 17 yaşındaydı. Vəkili Nihat Toktay dəlillərin nöqsanlı olduğunu, ballistik araşdırmaların aparılmamasını və əsas olaraq da yaşının edama imkan vermədiyini səbəb kimi göstərərək edam qərarının ömürlük həbsə çevrilməsini tələb etdi, ancaq tələblər rədd edildi. Kütləvi imza toplama kampaniyaları, ölkə xaricindən gələn etiraz səsləri də qərara təsir edə bilmədi. Çünki qərar yuxarıdan artıq verilmişdi və hakimlərə sadəcə yazılanı elan etmək qalmışdı.
Şəxsiyyət vəsiqəsində 1961-ci il yazılması edama imkan verən səbəblərdən göstərilmişdi. 17 yaşında olmasını sübut etmək üçün sümüklərinin qrafiklərinin çəkilməsi və tibbi analizə göndərilməsi barədə vəkilinin tələbləri də Hərbi Məhkəmə tərəfindən  “vəsiqədə yazılan doğum tarixiylə bağlı problem yoxdur.” açıqlamasıyla rədd edildi və 1980-ci il 13 dekabrda Ankara Mərkəzi Həbsxanasında edam edildi.
Vəkil edam qərarının dəyişməməsini “dövrün gəncliyini susdurmaq və qorxutmaq” kimi qiymətləndirərkən edamdan sonra Xunta rəhbəri Kenan Evren çıxan etiraz səslərinə cavab olaraq etirazların daha da artmasına səbəb olan “asmayıb, nə edəcəkdik, əsgərə silah çəkən xainləri bəsləyib yedirəcəkdik?!” ,  “edamları imzalayarkən əllərim belə titrəmədi”  ifadələriylə yaddaşlara qazındı.

 Vəkili sonralar – 1994-cü ildə yayımlanan proqramda Erdal Erenlə üzbəüz dayanan əsgər Zekeriya Öngenin əslində arxadan və tüfənglə vurulduğunu, həmin etiraz mitinqində isə heç kimdə, xüsusən Erdal Erenin əlində tüfəng tapılmadığını dilə gətirdi.
Həbsdə olduğu müddətdə Erdal Erenin çeşidli və dözülməz işgəncələrə məruz qaldığını və məhz bu səbəbdəndir ki, ölümün qorxuducu bir şey əvəzinə arzulanan bir hadisəyə çevrilməsinin onun valideynlərinə yazdığı məktubundan da görmək mümkündür. Burada paylaşacağım linkdə Erdal Erenin valideyninə məktubu eşitmək mümknüdür (https://www.youtube.com/watch?v=ppMsg6yIcSM&index=3&list=LL0NH7y23ZBZ12OdXGOVAZ2w).  Mənə bu məktub çox soyuqqanlı və dərindən yazılmış bir təsir bağışlayır. Sentimentallıqdan uzaq, qorxudan arınmış və hansı yolda olduğunu, onu nələr gözlədiyini tam dərk edən 17 yaşlı bu oğlanın həmin məktubu yazarkən keçirdiyi hisslər və düşüncə tərzi sanki daha böyük bir şəxsin, hətta bir dəfə artıq yaşayıb yenidən həyata qayıtmış  birinin hissləri və düşüncə tərzidir.


Erdal Eren dustaqların ailələri ilə görüş otağında
                                           

Ölümündən sonra çox müxtəlif sənədli filmlər çəkilib, müxtəlif müğənnilər (Sezen Aksu – Son bakış, Teoman – On yedi, Çoban yıldızı, İki çocuk,  Duman – Kolay değildir, Mor ve ötesi – Darbe, Grup Yorum – Büyü və s.) onun haqqında mahnılar səsləndirib. Bunlar arasında isə Teoman mənim üçün həm səsinə və oxuğu mahnılarım məzmununa görə, həm də siyasi düşüncə və biliklərinə görə xüsusi önəm daşıyır. Kenan Evren haqqında danışarkən çevrilişdən az sonra onu görüşdə alqışlayan tələbələri axmaq adlandırdığına görə bir xeyli söh-söhbətin yaranmasına səbəb olmuşdu (https://www.youtube.com/watch?v=JiQDxbMxm7w&list=LL0NH7y23ZBZ12OdXGOVAZ2w).  Erdal Eren haqqındakı düşüncələrinə qarşı  və qohum olduqları səbəbindən “əsgərin də anası var” kimi qınanmalardan sonra öldürülən əsgərin də onun qohumu olması faktı ortaya çıxmışdı və prosesdə hər iki gəncin günahsız olaraq qurban getməsi onun “İki çocuk” mahnısında da öz əksini tapıb.
Saysız edamlara, işgəncələrə səbəb olmuş həmin çevrilişi (Türkiyə üçün ordunun sayca 3-cü çevrilişi) 12 sentyabrda Kenan Evren və 4 general (Nejat Tümer , Nurettin Ersin, Tahsin Şahinkaya, Sedat Celasun)  həyata keçirmişdi. Düz 30 il sonra – 12 sentyabr 2010-cu ildə çevrilişi edənlərdən sağ qalan iki şəxsə (Kenan Evren və Tahsin Şahinkaya) cinayət işi başladılmış, ancaq proses sona çatmadan Kenan Evrenin ölməsi onun cinayətlərinin cəzasız qalması ilə nəticələnmişdir.
Çevrilişdən sonra Süleyman Demirelin rəhbəri olduğu hökümət tutduqları mövqedən azad edildi,  Milli Məclis (TBMM – Türkiye Büyük Millet Meclisi) buraxıldı, Konstitusiya ləğv edildi, siyasi partiyaların fəaliyyəti dayandırıldı və əmlakları müsadirə olunmaq şərtilə ofislərinin qapıları qıfıllandı, 650 min insan həbsə atıldı, 1 milyon 683 min insan nəzarətə götürüldü. 98 min 404 insan “terror təşkilatı üzvü olmaq” iddiasıyla cəzalandırıldı, 7 min insan üçün edam cəzası tələb edildi, 517 insana edam cəzası verildi və 300 nəfər şübhəli şəkildə öldü, 171 nəfərin işgəncədən öldüyü sənədləşdirildi.
 Etiraz olaraq keçirilən aclıq aksiyalarında  14 nəfər öldü,  “qaçarkən” vurulanlardan 16 nəfər, baş verən qarşıdurmalarda isə 95 nəfər öldürüldü. Həbsxanalarda həyatını itirən 73 nəfərə isə “təbii ölüm sənədi” verildi və 43 nəfərin intihar etdiyini elan etdilər.
400 jurnalist üçün ümumilikdə 4 min il həbs istənildi və bunlardan 31 jurnalistə 3 min 315 il 6 ay  həbs cəzası verildi. Ümumilikdə 300 jurnalist hücuma məruz qaldı. 3854 müəllim, 47 hakim işdən çıxarıldı.
Çevriliş zamanı dəyən əmlak zərərinin isə 50.4 milyard dollar olduğu açıqlandı.
Türklər hər nə qədər bu mövzunu çəkdikləri filmlərlə çeynənmiş hala gətirsələr də, aralarında bəzi filmlər bürokratiyanı, senzuranı, işgəncələri tam olaraq ifadə edə bilib (Eve dönüş, Kağıt).


Hiç yorum yok:

Yorum Gönderme

Axtar