Onu ilk dəfə 2 ay qabaq görmüşdüm. İdman normativləri
vermək üçün stadionda toplaşmışdıq. Turnik, pres və qaçışdan imtahan verəcəkdik.
İlk olaraq turnikə qalxdıq. Dilxorçuluq idi. 9 dəfə çəkinməliydim, ancaq səkkizincini
güc-bəla ilə çatdıra bilmişdim. Əslində çəkinə bilməmək heç vecimə deyildi, (dağ ab-havası -mənə heç kim heç nə edə bilməz fikri qalmışdı beynimdə) amma ətrafdakıların
dilxorçuluğu mənə də sirayət etmişdi. Bir gözümü otluğun üstünə qoyduğum kitel
və sanitar çantama dikib bardyorlarda oturub siqaret çəkirdim. Hamı bir-birindən
nəticəni soruşurdu. Sevinən də var idi, sevinənlərə həsəd aparan da, imtahan
bitəndən sonra yenidən normativ verəcəyini və keçəcəyini deyən kəsilənlər də.
Zabitlər hərəsi iki-iki, üç-üç bir tərəfə dağılışmışdılar. Mən də maxe
tayfasına qarışmamaq üçün kənara çəkilmişdim. Onsuz da ağızlarının danışığını
bilmirlər, mənim yanımda ola-ola söyüş söyməkləri gələcəkdə onları daha da
qudurdacaqdı. Bu işin sonu əmr verəsi olsam, qoz qoymamağa qədər gedib çıxa bilərdi.
Buralarda belədir. Həyasız maxelər pərdəni cırmağa çalışdıqca sən üzünü
bozartmalısan, - qısaca zabit olduğunu hiss etdirməlisən ki, xəttə heç
yaxınlaşa da bilməsinlər.
Yan tərəfimdə otluqda oturan MAXE-dən başqa bir
maxe nəticəni soruşanda imtahandan keçdiyini dedi. Onsuz da həmişə
qışqıra-qışqıra danışırlar, həm də yaxın məsafə danışmaqları hər şeyi açıq-aydın
eşitməyimə imkan yaradırdı. Aralarındakı dialoqdan gündə 3 dəfə yeməyi hərbi
hissədə yediyini, siqaret çəkmədiyini, içmədiyini, demək olar ki, heç bir şey
üçün pul xərcləmədiyini başa düşdüm.
Ayaqüstə dayanan bunu ikrah hissiylə deyirdi və oturanın “hər dəfə yeməyi
hərbi hissədə yediyimə görə bütün normativləri verə bilirəm. Sizin kimi pul xərcləmək
mənlik deyil” dediyinə görə mən də bu əcinnəyə nifrət etmişdim. Xəsis adamları
görməyə gözüm yoxdur. Maxelər onsuz da xəsis olur. Hələ beləsini bir qaşıq suda
boğa bilərəm. Sözləri eşidəndən sonra baxmışdım onun üzünə. Görüm, xəsisliyi
üzünə vurubmu deyə. Vurmuşdu. Uzun boylu və həddən artıq arıq biridir. Heç vaxt
daramadığı qısa saçları, çuxura düşmüş xırda gözləri, göz çuxurunun ətrafında
çoxdan yaranmış qırışları, xırda ləkələri olan bozarmış sifətində almacıq
sümükləri açıq—aşkar görünür və bu, onu daha da əcaib edir. Əllərinin damarları
çıxmışdı. Hərbi forması da qaynar Günəşin, tozun, yağışın təsirindən çoxdan
bozarmışdı. Nifrətlə uzaqlaşmışdım ordan. Ondakı özündən əminlik, həm də
dünyadan bixəbər olması əsəblərimə toxunmuşdu.
Keçən dəfə poliqonda gördüm onu. “Əcinnə gəlir” –
deyib sürücümə onu göstərdim. Nə dediyimi tam başa düşməmişdi, amma əcinnəni
görüb: “hə, o” – mızıldandı. Bizə çathaçatda yandan çıxan bir maxe onun başına
sanballı bir qapaz vurdu, başqaları da bu əyləncəyə bərkdən güldülər. “Niyə
vururlar? – soruşdum. Sürücü: “həmişə belə edirlər, həkim. Özü də həmişə bax, həminki
maxe döyür onu. Guya zarafatla vurur, amma mənə elə vursa,onu minərəm. O da bədbəxt
adamdır da. Bir adamın ki maaşını anası ala...”
- - Alsın
da...
- - Elə
almır e. Maaş gələnə bir-iki gün qalmış gəlib əlindən alır, aparır maaşı çəkir,
sonra da hərbi hissədə maaş kartını yoxlayırlar deyə gətirib boş kartı
qaytarır. Bir dəfə NBM-də növbətçi
durmuşdu. Maaş gələn ərəfəydi deyə anası Ordubaddan
durub gəlmişdi bura. Gözümüzün qabağında e, həkim, kartı alıb apardı söyə-söyə.
- - Niyə
də? Ev zad tikdirir buna? – soruşdum. Çünki buralarda ev ən birinci qayğıdır.
Bütün
maxelər
pulu evdə anasına, ya da arvadına verir ki, yığıb ev tiksinlər.
- - Yox
e. Atası rəhmətə gedib, özü də evin tək uşağıdır. Bir bacısı var, o da ərdədir.
Ev
söhbəti deyil. Anası pulu nəsə edir. Bu, özünə nəsə
bir şey alanda anası çox bərk döyür bunu. Bir dəfə tibb məntəqəsində xəstə
yatırdı. Anası da yenə maaşqabağı olduğuna görə kart dalınca gəlmişdi. Mən də
ordaydım. Eşitdi ki, anası gəlib düşdü əl-ayağa. Elvin həkimə yalvarırdı ki,
sumkasındakı 3 dənə fətiri (lavaşı) yeməyə icazə versin. Qorxurdu ki, anası fətir
aldığına görə döyəcək onu. Amma nə fərqi e, anası döyməyəndə də hər gün bu
maxelər döyür onu. Kazarmanın arxasında, poliqonda, düzülüşlərdə.
Biz maşında danışırdıq, yan tərəfdə isə şənlik
davam edirdi, almışdılar onu ortaya, gedə də bilmirdi. Çünki yemək vaxtı idi. Və
onun da yeməyi bir-birinə oxşayan maxelərdən birinin əlindəki torbada idi. Onun
yemək sırası hələ gəlməmişdi, deyəsən. Onlar yeyirdi və yemək vaxtı ən böyük əyləncəyə
çevirmişdilər onu.
10-15 dəqiqə
keçmiş olardı. Əlində bayaqkı torba
maşının arxasına keçdiyini gördüm. Maşından düşüb yavaş-yavaş arxaya getdim.
Başını aşağı salıb yarım çörəyi quru-quru yeməklə məşğul idi. “Gəl, maşında ye”
– deyə təklif etdim. Diksinən kimi oldu, çiynimdəki iki ulduzu görüb qorxmuşdu,
ürkək-ürkək baxdı, üzümdəki təbəssümü görüb bir az ürəkləndi, o da gülümsəməyə
cəhd etdi. Gülümsəyəndə daha da əcinnəyə oxşadı. Sifətinin dartılan dərisi onun
arıqlığını daha da aşkara çıxardı, almacıq və çənə sümükləri daha da
qabarıqlaşdı, göz çuxurunun ətrafındakı qırışların sayı da artmışdı.
Qorxa-qorxa “yox” dedi. Nə qədər israr etsəm də, əcinnə razılaşmadı. Deyəsən,
onun üçün ən böyük yaxşılığımın onu danlamadığım olduğunu düşündü və daha da
çoxa razı olmağa gücü çatmadı.
Maşına qayıdandan sonra onun, bu qoca əcinnənin daha 22 yaşının olduğunu öyrəndim
Maşına qayıdandan sonra onun, bu qoca əcinnənin daha 22 yaşının olduğunu öyrəndim
Hiç yorum yok:
Yorum Gönder