13.08.2017

Aslan İsmayılova açıq məktub

Aslan müəllim, bu gün özümü bir az söydürmək istəyirəm. Yazacağım yazıdan sonra oxuyucularınızın məni söyəcəyini dəqiq bildiyim üçün sizə üz tutdum, tək ümid yerim sizsiniz yəni. Bəlkə sizinkilərin aqressiyası məni bu acınacaqlı depressiyadan çıxartdı.

Bu yazını paylaşmayacağınızdan əmin olmadığım üçün bəribaşdan deyim ki, zarafat edirəm.
“Budur İntiqamın, Ənnağının zəhərlədiyi gənclər” , “Müasir dövrün korlanmış dırnaqarası gəncləri mənim hesabıma məşhurlaşmaq istəyir” zad kimi dəbdəbəli başlıqlara qətiyyən ehtiyac yoxdur. Axı sizin pərəstişkarlarınız çoxdur. Nə virtual at oynatmağınıza fikir verən var, nə lordlar kimi (c) yaşayışınıza, nə övladınızın xaricdə təhsil almasına, nə də yazdığınız səfeh statuslara.

Səbr edin, müəllim, sizin arqumentlərinizi məhv edəcək gücdə olmasam, sizin əlinizə bu qədər arqument verməzdim.

İlk olaraq onu deyim ki, Ənnağı müəllimi və İntiqam müəllimi real olaraq qətiyyən tanımıram, oturub onlarla söhbət etmək kimi bir şərəfdən çox təəssüf ki, məhrum olmuşam. İntiqam müəllimi cəmi bir dəfə Sumqayıtda siyasi məhbusun məhkəməsi önündə görmüşəm. Yəqin ki, həmin vaxt siz hansısa türkmən albayı ilə öz villanızda oynayırdınız. Cəmi bir dəfə sizin siyasi məhbusu dəstəklədiyinizin şahidi olmuşam. Zaur Qurbanlını. Məhkəmədən çıxanda mən də orda idim. Hələ sizi tanımırdım o zaman. Bəh-bəhlə müsahibə verirdiniz. İndi xatırlamadığım bir nəfər sakitcə sizin müsahibənizin əslində sizin piarınız olduğunu pıçıldamışdı. Sonra Zaurun bir statusu sizi necə qıcıqlandırdısa, dərhal vəkillikdən imtina etdiniz. Statusunuz da təqribi yadımdadır. Amma təhrif ola bilər deyə yazmıram. Sonra oğlunuzun çoxsaylı xahişlərini nəzərə alıb yenidən onun hüquqlarını müdafiə etməyə qərar verdiniz. Müəllim, səhifənizdə bir məcburi köçkünün statusunu gördüm sizin barənizdə. İnciməyin, ama onu da sizin göstərişinizlə yazıldığına inanıram. Seymur Baycan yazmışdı insanlar haqdakı əfsanələr və uyğunluq haqqında. Sizin haqqınızdakı bu fikrə də ona görə inanıram ki, bunu sizdən gözləyirəm.

Məşhurlaşmaq kimi bir dərdim yoxdur, çünki heç vaxt məşhur olmayacağımı bilirəm. Və ağlınız kiminsə şotuna məşhurluq dalınca qaçanlara getməsin. Mən öz çevrəm üçün yetəri qədər məşhuram. Sizin bir ömür əldə edə bilməyəcəyiniz məşhurluğu mən bir gecədə əldə etmişdim. Və sözün açığı, müəllim, babat sıxılmışdım.

Müəllim, Günel Mövludun “Gəldim deyim ki” şeirini oxuyun. Son vaxtlar dilimdədir. Deyim ki, sizin babat işinizi heç vaxt görməmişəm, eşitməmişəm. Amma sizə inananlar var. Bir qohumum hər gün sizin səhifənizi oxuyur, sizi tərifləyir. Çünki onun da reallıqdan xəbəri yoxdur. Mənim o qohumuma yazığım gəlir. Sizə inandığı üçün.

Mən bilmirəm yuxarılarda nə baş verir, kimi alıb, kimi satırlar və ya kimlər nəyi rahatlığına qurban verir. Rahatlığını qurban verənləri tanıyıram mən. Məhrumiyyətlər içində mübarizə aparanları, sözün əsl mənasında çörəklə və həyatla sınağa çəkilənləri. Sizin kimilər bircə dəfə barmağını tuşlayıb əsl günahkarı göstərə bilməyəndə onlar yazır, təzyiqlərə məruz qalır, əziyyətlərə düçar olur. Əlbəttə ki, eynəyinizi gözünüzə taxıb yazı zad yazanda heç bu haqda düşünmürsünüz, albay belə gəldi, məmur belə getdi, mən filan şeyi elədim, mən behmən şeyi elədim yazırsınız.
Səhifənizdə yazdığınızı profilinizdə təkrar paylaşırsınız, daşın üstünə çıxıb Daşkəsən torpağından sizə inanları salamlayırsınız, sizə gülən bizlərin isə gülüş hədəfinə çevrilirsiniz. (Həmin postunuz profilimdə babat gülüşə və zəncirvarı paylaşıma səbəb olmuşdu). Bilirəm, biz gənclər çox zay nəsilik, qoca-böyük zad saymırıq. Yaxşı ki, saymırıq. Amma siz allah, bircə düşünməyin ki, malikanənizin paxıllığını çəkirik, ya da ki, oğlunuzun xaricdə oxumasının (bizim oxuya bilməməyimizin) xiffətini çəkirik. Sadəcə bir az cəsarətli nəsil yetişib, vəssəlam. Biz tərbiyəsizlər öz şəxsi praktikamızdan bilirik ki,hökümət heç bir şərt daxilində ona qarşı olanları bağışlamır. Gerçəkdən qarşı olanları. Nəinki lüks malikanə, sizə heç vəkillik etməyə icazə verməzdilər. Can Yücelin bir şeiri var: “Yalan söylememek değil, gerçeği gizlememekmiş marifet” Əgər siz bütün gerçəkləri deyə bilsəydiniz.

Onda sizin heç türkmən albay itiniz də olmayacaqdı.

Ev alan juranlistləri xatırlayırsınız, müəllim? Onların bir qismi müxalif qəzetlərdə işləyir, amma onlara ev bağışlandı. Sizə villanızın olmasına göz yumulduğu kimi. Fikrim sizi ittiham etmək zad deyil. Mənim sizin kimi gücüm yoxdur, şikayət etsəniz, yəqin ki, növbəti dəfə aparıb ağzımın payını verəcəklər, amma bəzi şeylərin təsdiqi hələlik qeyri-mümkündür və buna rəğmən, gün kimi aydındır.

2010-cu il idi, müəllim. “Azadlıq” qəzetinin redaksiyasına tez-tez gedib gəlirdim. Natiq Ədilovu, yəqin ki, tanıyırsınız. Həmin vaxtlar bizim beynimizi doldururdu ki, mitinqlərə çıxın, qorxmayın. Mənə mitinqlərə çıxdığına görə universitetdən qovulan, sonra xaricə gedib orda siyasi mühacir statusu alan ona yaxın gəncin adını çəkmişdi. Sözləri ömürboyu yadımdan çıxmaz: “Mən hətta sizin yerinizə olsam, mitinqlərə çıxıb universitetdən qovularam ki, gedim xaricdə təhsil alım” Aldatmışdılar bizi, müəllim. Sizin sizə inanları aldatdığınız kimi. Natiq Ədilov indi Fransadadır. Bizi mübarizəyə səsləyən bir çoxları kimi.

Keçmişimi kimsə araşdırmaq eşqinə düşsə, özüm yazım ki, çox da əziyyət çəkməsinlər. AXCP-nin Gənclər Komitəsində bir ilə yaxın qeyri-rəsmi üzv olmuşam. Xilas qrupunun qan edən vaxtları idi. Müxalifəti tənqid edən istənilən yazını trollamağı bizdən gizli qrupda şiddətlə tələb edirdilər. Qarşı çıxanda demişdilər ki, bu problemləri biz özümüz bilirik, yazıb qabartmağa ehtiyac yoxdur. Bilirdilər, amma aradan qaldırmırdılar.

Bir dəfə Nizami metrosunun çıxışındakı bir çay evində oturmuşduq. Komitəyə təzə qoşulduğum vaxtlar idi. Vəzifələri bölüşdürürdülər. İnqilabdan sonra kim hansı vəzifəni istəyirdisə, ona həmin vəzifəni söz verirdi sədr. Gözüm kəlləmə çıxmışdı, müəllim. Axı biz bu prosesə təmənnasız qoşulmuşduq. Əsas sədrin oğlunun İngiltərədə oxumasına belə açıqlama vermişdilər ki, inqilabdan sonra başımızda duracaq biri olsun deyə oxuyur. Sanki sürü idik. Ya da qoyun. Sadəcə bir sürüdən ayrılıb o birinə qoşulmuşduq.

Sonra ordan ayrıldım, bir ara mühacir getmək eşqinə düşdüm. Yəni ki, utancverici şeylər etmişəm. Amma bir neçə dəfə müsahibə qarşılığında, susmaq qarşılığında edilən təkliflərə yox demişəm. Ayağımdan patinka ancaq axşam 9-dan sonra çıxır, bəzən heç çıxmır. Sizin kimilər bizim ölümümüzün üstündən öz piarını aparsın deyə biz burda tər iyi verə-verə ora-bura qaçırıq.

O klassik müxalifət də, siz də nə qədər höküməti tənqid etsəniz də, lazım olanda bir damın altında elə yığılırsınız ki, adam qalır mat-məəttəl. Müxalifət camaatla məzələnməklə məşğuldur, siz isə ucu-bucağı bilinməyən statuslar yazmaqla. Amma sizdən bir xahiş edim. Xahişimi Əli Kərimliyə də çatdırarsınız. Bilmirəm, indi o işlə məşğuldur, ya yox, amma əvvəllər status yazanda onun statusu dərhal paylaşırdıq, belə buyururdular və özü girib saxta profillərlə comment zad da yazırdı müavinlərinin paylaşımlarına. Siz allah, o statuslarınızı bir az qısa edin. Oxumaq cəhənnəm, ötüb keçmək də zümdür.

Mənə görə vəkillik müqəddəs bir peşədir, Aslan müəllim. Ya hökümətin vəkili olacaqsınız, ya gerçəkləri son nöqtə-vergülünə qədər deyəcəksiniz. Biz yolunu azmışlar sizə inanmasaq da, sizə inananlar həddən artıq çoxdur.

Və son olaraq, çox xahiş edirəm, mən nə vaxtsa həbsə atılsam (ki, bu, mənim öz günahıma görə olmayacaq) mənim vəkilim olmayın. Mən heç vaxt mənim üstümdən piar aparmağınıza dözə bilmirəm. Gecəniz xeyrə, müəllim. Bu gecə də cənnətlə müjdələnmiş insanlar kimi rahat yatın. Sistem burda bizi dəli edəndə siz məişət qayğılarınızla məşğul olun və lütfən o türkmən albayına yaxşı baxın. Kim bilir, bəlkə, bir gün sizə sədaqətli qalacaq tək canlı o oldu?!

Hiç yorum yok:

Yorum Gönder

Axtar