31.03.2017

Spartalılar və Tanrılar

Bu, mənəm, Ümid Xəzər. Hansı ki, gün ərzində mənim söymədiyiniz yerim qalmayıb, tərifləriniz məni məst edib, amma söyüşlərə və təriflərə ara verin və yaxın oturun, başlayaq.
Commentin screen edilib paylaşılmasında rolum sıfırdır. Amma paylaşıldı, yayıldı. Və ardınca bitib-tükənməyən təriflər, tənqid və təhqirlər, hətta bir neçə təhdid gəlməyə başladı. “Söyüş söyməklə öz iç üzünüzü göstərdiniz” kimi cümlələr işlətmək fikrindən qətiyyən uzağam. Söymüsünüz, yaxşı eləmisiniz. Amma haqsızsınız. Çünki...


Ağsaqqal məni təhqir edəndən sonra coşmuşam. Onun timsalında bütöv bir təbəqəni söydüyümü deyənlər var. Yanılırsınız. Söhbət bioloji yaşlılıqdan çox, uyğunlaşma qocalığı yaşayan orta yaşlı insanlardan və hətta yaşıdlarımdan gedirdi. Həmin insanlar ki, kölə olmağı, boyun əyməyi atalar sözləri halına gətiriblər (Dövlətlə dövlətçilik eləmə. Başını aşağı sal, bir tikə çörəyini qazan. Qızını döyməyən dizini döyər və s.) Həmin ağsaqqallar ki, həyat yoldaşlarının üzünü ancaq toy günü görməyi namus hesab ediblər, ancaq toy gecəsi bakirəlik sübutu olan qanlı parçanı nümayiş etdirməkdən çəkinməyiblər. Bir az daha artıq pul üçün rüşvət almağı tam normal bir şey hesab ediblər. Mümkün olan hər yerdən pul qopartmağa çalışıblar, hətta onun nəticəsidir ki, indi də bəzi iş yerləri “yeyintili yer” kimi bilinir. Seçki indi bu insanlar üçün əlavə gəlir yeridir. Videoları görməmisiniz? Google-dan baxa bilərsiniz doyunca. Müdaifə etdiyiniz qarıların lifciklərindən topa bulletenləri necə çıxarıb qutulara atdığını. 2010-da müşahidəçi olanda öz gözlərimlə görmüşdüm. Qara koftalı bir qadının yarıya qədər açılmış böyük döşünü və imkan tapıb saya bildiyim 4 bülleteni.
Ölkənin ictimai-siyasi həyatına tamam biganə bir şəkildə yaşayıblar, öz ölkələrində turistlərdən daha artıq turist olublar.
Sevməyiblər, öpüşməyiblər, baharın ilıqlığını, gəlişini hiss ediblər bəlkə də, amma imkanları olmayıb, fürsətini tapa bilməyiblər. “Biz belə bir şey görməmişdik öz vaxtımızda, bizim vaxtımızda belə şeylər yox idi” cümlələri ilə əslində necə də haqlıdırlar. Heç biri hələ indiyədək “biz belə bir şey istəməmişdik” cümləsini dillərinə gətirməyiblər. Quruluşun dəyişməsi fələyin çarxına çomaq soxdu, artıq insanlar baharın gəlişindən həzz almağa başladılar. Həmçinin orta yaşlılar. Ancaq artıq vaxtları keçmişdi, daha onların ömrü qışa doğru gedirdi. İstəklərinin hikkəsini görmədikləri şeyi lənətləməklə çıxmağa başladılar. İmkanı və canı sulu olanlar gizlində ikinci qadın saxlamağa başladı. Olmayanlar metrolara tökülüşdü, sıxlıqdan istifadə edib kiməsə sürtünməklə azarlarını öldürməyə cəhd etdilər və edirlər. Qrup yoldaşım demişdi. Bir dəfə onun atası metro ilə gedəndə basabasda üzbəüz duran qızın sakitcə ağladığını görür. Amma səbəbini bilmədiyi üçün susur. Qatar stansiyaya çatan kimi qız düşür və arxada duran orta yaşlı kişinin şalvarının qabağını bağlamasından hər şeyi başa düşür. “Qaçış”da da yazmışam, öz gözlərimin şahidiyəm, orta yaşlı birinin avtobusdakı qadının qarnını, budlarını əlləməyini görmüşdüm. Məhz bu orta yaşlı nəslin nümayəndələri ya lənətləyir, ya sürtünür. Qadınların başına az gəlməyib atası yaşda kişidən sevgi etirafı eşitmələri. Bizim nəslin nümayəndələri də edir bunu? Əlbəttə, haqlısınız. Ancaq bir baxın, kimdir onlar. Yaşlandıqca atalarının eynisi olacaq gənclər. 25 yaşında ağsaqqal olmağa çalışan, başında tükü tökülməyini ağlın təzahürü hesab edən, rəngli geyinməyi “petuxluq” hesab edən gerontokratik cəmiyyətin sadiq qoruyucuları və daşıyıcıları. Bura prestijli iş yerlərində işləyən, qalstuk və kostyumu ancaq evdə çıxaran, cins şalvar geyinməyən,saçlarına ayrıc atan, ağır danışan qocalmağa çalışanları, butulka, qara şalvar geyinən, söhbətlər xırdalayan, məhləsinin ətrafında gəzən oğlanları səhv çıxaran, facebookda Qarabağı qaytaran, çeçenka saç saxlayan, podorginal saatı və bilərziyi, iri qaşlı böyük dini üzüyünü gözə soxmağa çalışan qaqaşları və s. və i. Kimsə özünü və yaxının, yaşlısını, cavanını bu kateqoriyalardan birində hesab edirsə, o, mənim problemim deyil. Mənim atam heç vaxt rüşvət almayıb, amma hər zaman doğru bildiyimi etməyimə mane olub, öz bildiklərini özündən əvvəlkilərin ona etdiyi kimi, mənə zorla təlqin etməyə çalışıb. 2 il qabaq “Adamlar və imtinalar” yazısına görə növbəti dəfə məni söyməyə başlayanda doluxsunmuşdum. Çünki son olduğunu bilirdim. Bundan o tərəfi olmayacaqdı, artıq qərarımı vermişdim. Və həmin gündən sonra onların “sənin yazıların bizə problem gətirəcək. Kaş doğulmayaydın”” sözlərindən sonra bir daha nə üzlərini gördüm, nə səslərini eşitdim. Çoxbilmişlər travmalı olduğumu və ona görə hirsli olduğumu dilə gətirə bilərlər. Amma mənim yaşadıqlarım travma almaq söhbəti deyildi, həmin gündən atam daxil hər kəsi adıyla çağıracaq qədər cəsarətə sahib oldum. Peşmanlıqları məni onlara geri qaytarmadı. Bütün valideynlər hirslənə bilər, ancaq geri qayıtsam, onların mənim həyatıma qarışması, qınaması, müdaxilə etməsi halları yenidən başlayacaqdı. Siz isə bunu edəcək qədər gücə və cəsarətə, həmçinin maddi imkana sahib olmadığınıza görə hirsinizi bir-iki günlük evdən getməklə çıxırsınız ən uzağı. Gələcəkdə onların yolunu gedəcəyinizi bildiyinizdəndir bu hikkə, onların belə qüvvətli müdafiəsi? Axı oğraşlıq edənləri söymək niyə kimisə bu cür qıcıqlandırır? Aradakı uçurum, onların bitib-tükənməyən təzyiqləri, özlərini ağıllı hesab etmələri və təcrübələrdən çıxartdıqları dərsləri zorla bizə itələməkləri göz qabağındadır. Həyat eşqi sönmüş gözlərin qaynayan həyatların söndürülməsinə olan hərisliyi. Atam demişdi mənə. “Hərbidə olmağının ən yaxşı tərəfi odur ki, sənin həyatının qızğın çağları orda, işdə keçəcək və sən cavanlıq edə bilməyəcəksən, hərbidən 42 yaşında çıxanda isə artıq ailəsi, evi olan sakit bir adam olacaqsan” Bəli, hər səhər gecə hələ yer üzündən tam çəkilməmiş hərbi hissəyə doğru yol alıram, axşam Günəşin son şəfəqləri yuvaya yığılan sonuncu qarışqalar kimi dağın dalında gözdən itməyə başlayanda evə qayıdıram, bəzən isə aylarla Günəşin mənim üçün heç bir əhəmiyyəti olmur.
Atamın timsalında danışmağım sizin atalarınızı, yaxınlarınızı və bütün bunlarda əməyi olan digər yaşlıları daha az günahsız etmir qətiyyən, belə tez rahatlamayın. Onlarla yaxşı yola gedirsiniz, çünki onların dediklərini edirsiniz.

“Bu qədər danışırsan, sən özün nə etmisən, nəyə nail olmusan?” deyənlərə. İsa, Musa, Məhəmməd və digər peyğəmbərlərin dinə gəlməyən qövmlərinin dedikləri sözlər düşür yadınıza? “bizə bir möcüzə göstər, sənə inanaq” Zatən hər zaman axırı eyni olub. İsa yarasanı yaratdı, suyu şəraba çevirdi, Məhəmməd Ayı iki yerə böldü, Musa Nil çayını. İnanmadılar. Çünki inanmaq üçün deməmişdilər. Hesabat verəcək deyiləm. Amma sizə cəzalarımdan danışa bilərəm. Əvvəlcə buralara sürgün olunmağımdan, ardınca dağa, sonra yenidən başqa dağa. Hər yazım harasa getməyimlə nəticələnib. Ardı-arası bitməyən DTX təhdidləri, təzyiqlər, daima “bir gün gəlib aparacaqlar” qorxusu ilə yaşamaq. Başqa cür yaşamaq barədə isə düşünmürəm, düşünə bilmirəm.
Mentalitet xristianın dininin kilsələrə sığınması kimi sussa, bu qədər problem olmaz bəlkə də. Amma bədxassəli şiş kimi özünü əcaib bir şəkildə və ən müxtəlif formalarda həyatımızın hər bir sahəsinə girir. Müqayisə edəsi olsam, 300 spartalı filmində dağdakı cüzamlı qocalardır mentalitet. Mundar dilləri ilə toxunduqları gənc və yarıçılpaq qadın isə gəncliyin həyatıdır. Və bütün bu proseslərin təkanverici qüvvəsi, dəyirmanın suyu qocalardır, qocalmış cavanlardır. Öz oğraşlıqları, fırıldaqları, qanunsuzluqları ilə daha da eybəcərləşdirirlər bu səhnəni.

Ağsaqqalın cümlələrinin təhqirsiz olduğunu yazanlar və ümumiyyətlə maraqlı olanlar üçün paylaşıram aşağıdakı şəkilləri. Birincisi mənim commentimə cavabdır, digər ikisi öz səhifəsində yazdıqları.




Haqlısan, ağsaqqal. Bir daha sübut edirsən ki, sən və sənin timsalında dediklərim çox az olub. Bacın oğlu mənim inboksuma təhdid mesajları yazmamışdan, sən öz iç üzünü açıb daha yaxşı tökməmişdən qabaq doyunca söyülməli olan o nəslin nümayəndəsisən. Sən məni tabe olduğum MN-lə təhdid edirsən, hərbçinin facebooka girməyə vaxtının olmamalı olduğunu dilə gətirirsən. Qısaca, içindəki hikkənin çölə vurmuş halı. Necə ki, yetməzlikdən yaranan hikkəni metroda gənclərə göstərmisən. Halbuki, sən və sənin kimilərin aprel hadisələrində “Şəhidlər ölməz, Vətən bölünməz!” hayqırtıları ərşə çıxarkən, mən sənin kimiləri televizordan izləyirdim hər axşam. Dəmir asılqandan düzəldilmiş antenası olan o televizorda və hər gün o tabutun içində olma ehtimalının yüksək olaraq qaldığı həmin günlərdə. Səndən fərqli olaraq, mən ermənini çox yaxından görmüşəm, hiss edə bilmişəm o əsgərin ürəyindən keçənləri, bezginliyi. Sən və sənin kimiləri tabutları daşımaqla fəxr edərkən, təpələrin alınmasından orqazm olarkən, mən erməni qəzəbini başımın üstündən uçan güllələrdə hiss etmişəm. Bu,  həmin vaxtlar bizə yaxın yerlərdə ölən erməni əsgərlərinin hirsini çıxmaq üçün idi. Başa düşmüşəm ki, insan olduqları üçün və acıyı hiss etdikləri üçün qəzəbləniblər, amma öldürmək istəsəydilər, öldürə biləcəkləri halda o an bağışlayıblar məni. Alnımın ortasına gülləni yapışdırmaq əvəzinə, ağlayıb, sağa-sola məqsədsizcə yumruq atan yetişkin adamlar kimi davrandılar, sağa-sola güllə səpdilər. 30 metrlik qar, çovğun, külək, 3 tərəfdə düşmən varkən, bir qarış torpağı vermədik, almağa hazır idik. Onlar isə verməyə. Veclərinə deyildi o yüksəkliklər, sadəcə etməli olduqlarını edirdilər. Necə ki, sən MN filan qatacaqsan bura,mən cəzalara dözməyə məcbur olacam. Sənin kimi xislətli insanlar üçün istifadəsi rahat imkanlar yaranıb. Amma unutduğun məqamlar var. Sənin bildiyin hər şeyi əslində mənim sənə dediyimdir. Profil şəkli, Naxçıvanda xidmət etməyim. Ona görə bilirsən ki, mən istədim. Çünki avtobusda necə parazitlik edirsiniz ha, başımızın üstündə dayanıb vurnuxursunuz, itələyirsiniz, yer tutmağa çalışırsınız, tənə edirsiniz, həmin o an sizlərin necə göründüyünü biz bilirik, hiss edirik. Bax, indi də sənin bu çırpınışların mənə onu xatırladır. Sənin uğursuz cəhdlərin, yalanların, bacoğlunun hirsi. Yekun nəticəsi nə olacaq? Ya blöf, ya mənim şərlənərək həbsim, ya dağa göndərilməyim, ya da ki, bacın oğlunun nəsə etməyi. Axırıncıya imkan verməyəcəm, ağsaqqal. Mənim sizin növbəti qurbanınız olmaq fikrim yoxdur. Necə ki, bütün bu intiharlarda, bədbəxtçiliklərdə sizin fikirləriniz əsas səbəbdir. Ayrılıqlar yaşadırsınız, zorla evliliklər boşanmaların sayını artırır. Metroda öpüşməyənlər qonşu gəlinlərin, küçədə tək gəzən qadınların bədənlərinə tamah salır, zorlayır, öldürür, bıçaqlayır. Özgüvənini darmadağın etdiyiniz həmin övladlarınızdır ki, qadınından boş yerə şübhələnib bıçağa əl atırlar. Başqa nələr sayım? Nəslinizin nəslimizə ötürdüklərindən? Nə ötürmüsünüz? Oğraşlarınız oğraşlığı, qocalmağın keyfiyyətli bir şey olduğunu, zövqsüzlüyü, suka olmağı, susmağı. Sistemin təşəkkül tapıb möhkəmlənməsində, onların ideyalarının sistemi idarə edənlərdən daha qüvvətli bir şeyə çevrilməsinə şərait yaratmısınız. Ən yaxşılarınızı 37-də, 20 yanvarda və müharibədə itirdiniz, ağsaqqal. Geriyə sənin kimilər qaldı. Birinci commentdə özünü mülayim göstərən, amma içi üfunətli olanların çoxluq təşkil etdiyi cəmiyyət. Amma gücünüz gətirməyəcək, bilmiş ol. Təpik atan linç olunmaqla cavab aldı. Sənin barəndə hələ demirəm. İradlarınız ancaq sizə qarşı qızmış gəncliyin gücünü göstərdi. Bir də, yaşlıların kiflənmiş, saxta əxlaq qaydalarını vecinə almayanların sayı çoxalacaq. Vəssəlam. Cəmiyyətin təşəkkülündə sənin kimilərin qeyri-adi davranışı mühüm rol oynayır. Necə ki, illərlə edilən zülmə dinməyən xalqın hakimiyyətin gözlənilməz hər hansı bir səhvi nəticəsində inqilab etməsi kimi.



Hiç yorum yok:

Yorum Gönder

Axtar