8.01.2017

"Şahənşah"ın qeydləri


Tərcümənin diləyatımlı və başa düşülən olması kitabı daha da maraqlı edən məqamlardan biridir. Şahənşah üçün də eyni şeyləri demək vacibdir.


Kitabda İranla və islam dini ilə bağlı bir çox mövzulara toxunulub. Mən bu kitabda həm bəzi əvvəldən bildiyim mövzulara rast gəldim, həm də indiyə qədər bildiklərimin əksini oxudum. Məsələn, mən indiyə qədər sünnilərin daha radikal olduğunu düşünürdüm, ən azından sünni təriqətinə mənsub terror təşkilatlarının sayı çoxdur. Kitab isə əksini - şiələrin ta Həzrəti Əli dönəmindən bu yana təzyiqlərə məruz qalmasını əsas gətirərək onların daha üsyankar olmasını, məhz bu səbəbdən islam dini İranda qılınc gücünə yayıldığı vaxtlarda iranlıların özünəməxsus inadla İslam dininin şiə təriqətini qəbul etməsini yazır. Sözü çox uzatmadan kitabdakı qeydlərə keçirəm.

“Məndə Məhəmməd Rza şah Pəhləvinin 1941-ci ilin 16 sentyabrında taxta çıxan zaman çəkilmiş şəkli var. Yaraşıqlı, hərbi formada, belinə qılınc bağlamış yeni şah məclisin kürsüsündə and içir. Bu şəkil Şaha həsr edilmiş bəlkə də sayı yüzlərlə olan bütün xatirə albomlarında təkrar-təkrar verilib.Şah ona həsr edilən kitabları oxumağı, onun şərəfinə nəşr edilmiş albomları vərəqləməyi sevirdi. Heykəl və portretlərinin açılışını etməyi çox xoşlayırdı. Şahın obrazını görməmək mümkün deyildi. İstənilən yerdə dayanmaq və gözləri açmaq kifayət idi: şah hər yerdə idi.”

“Neft fövqəladə ümidlər və emosiyalar yaradır, çünki ən böyük şirnikləşdirici vasitədir. O, rahatlıq, sərvət, güc, gələcək, hakimiyyət vəd edir. Bu çirkli və pis qoxulu maye göyə fontan vurur və qayıdıb yerə pul yağışı kimi tökülür. Neft yatağı tapmaq və ona sahib olmaq sanki yerin altında uzun müddət vurnuxandan sonra qəfildən qədim dəfinəyə rast gəlmək kimidir. Sən yalnız varlı olmursan, həm də səndə elə bir mistik inam yaranır ki, hansısa böyük qüvvə sənə mərhəmət gözüylə baxıb, səni baqçalarından yuxarı qaldırıb, səni öz sevimlisi seçib. Bir çox fotolarda neftin quyudan ilk çıxma anı yaxşıca həkk olunub: insanlar sevincdən atılıb düşür, bir-birinin qoynuna atılır, hönkür-hönkür ağlayırlar. Neft tamamilə yenilənmiş həyat, zəhmətsiz və müftə ömür illuziyası yaradır.Neft fikirləri keyidən, insanları pozan maddədir... Neft bizdə elə təkəbbür yaradır ki, biz hətta zaman kimi əbədi maneələri də asanlıqla nəf edə biləcəyimizə inanırıq.... Neft güclü olmasına baxmayaraq, həm də öz çatışmazlıqları olan sərvətdir.O, ağlı və müdrikliyi əvəz etməyə qabil deyil. Rəhbərlər üçün neftin əl cəlbedici xüsusiyyəti avtoritarizmi gücləndirməsidir. Neft çox insanı işlətmədən böyük mənfəət gətirir.”



“Simanı itirmək ən böyük rüsvayçılqıdır, o deyir, ona görə də şah öncə öz nüfuzunu bərpa etməyə çalışır. Təsəvüür et, bizim dəyərlər sistemində padşah ölkənin atasıdır, ən kritik məqamda qaçır və həyat yoldaşı ilə zinət alarkən görüntülənir. Yox, şah bu zərəri necəsə aradan qaldırmalıdır. Ona görə də Müsəddiq hökümətini devirən ordunun komandiri Zahidi teleqram vurub tankların öz işini gördüyünü və evə qayıtmağın təhlükəsiz olduğunu bildirən kimi şah da ilk olaraq şiələrin müqəddəs imamı Əlinin Iraqdaki Məzarına gedib onun qarşısında təzim edərək şəkil çəkdirir.

Dini jestlər – bizim xalqın qılığına girməyin ən sınanmış yoludur.”



“Kimin tənqid etmək haqqı var? Yalnız SAVAK agentlərinin. Onların işi ağılsız boşboğazları provakasiyaya çəkib sonra da həbsxanaya ötürməkdir. Hər yerdə tüğyan edən terror insanları dəli etmişdi, onlar elə paronoik olmuşdular ki, heç kimin təmiz, vicdanlı və ya cəsur olmağını qəbul etmək istəmirdilər. Onlar yalnız özlərini vicdanlı hesab edirdilər, buna baxmayaraq öz fikirlərini bildirməyə, mühakimə yürütməyə, ittiham irəli sürməyə cəsarətləri çatmırdı, çünki onları gözləyən amansız cəzadan xəbərdar idilər. Ona görə də kim açıq şəkildə şahı tənqid edirdisə, onu provokator hesab edirdilər – məqsəd yalnız onunla razılaşanları ifşa etmək və məhvə sürükləmək ola bilərdi. İnsanlar daxildə gizlətdikləri fikirləri daha aydın və kəskin şəkildə başqasından eşidəndə, daha çox şübhəyə düşür, həmin adamdan uzaq gəzməyə çalışır və dostlarını da xəbərdar edirdilər: ehtiyatlı olun, bu adam çox şübhəlidir, o çox cürətli davranır. Terror bu yolla öz qurbanlarına qalib gəlirdi – repressiv rejimə müxalif olan hər kəsi təcrid edir və onlar haqqında şübhə oyadırdı”



“İran SAVAK-a aid idi, ancaq SAVAK ölkədə yeraltı təşkilat kimi fəaliyyət göstərirdi, görünürdü, sonra yoxa çıxırdı, izlərini silirdi, arxasınca heç bir iz buraxmırdı. Eyni zamanda onun bəzi bölmələri rəsmi olaraq mövcud idi. SAVAK mətbuatı, kitabları və filmləri senzuradan keçirirdi. Molyer və Şekspirin dramları monarxiya və aristokratiyanın qüsurlarını tənqid etdiyi üçün  SAVAK tərəfindən qadağan edilmişdi. SAVAK universitetləri, idarələri, zavod və fabrikləri idarə edirdi. Nəhəng osminoq kimi SAVAK qollarını hər yerə dolamışdı, hər künc-bucağa sürünüb girmişdi, əmicilərini hər yerə yapışdırmışdı, hər istiqaməti izləyirdi, eşələyirdi, həyatın hər qatını qaşıyıb qazırdı. SAVAKın 60.000 agenti var idi. Bir hesablamaya görə SAVAK üç milyonluq informator şəbəkəsinə nəzarət edirdi – bu insanlar pul, vəzifə və özünü qoruma motivləri kimi səbəblərdən digər insanlar haqqında könüllü xəbərçilik edirdilər. SAVAK insanları satın alır, ya da işgəncəyə məruz qoyurdu: onları vəzifəyə çəkir, ya da həbsxanaya salırdı. Kimin düşmən olduğunu, kimin məhv edilməli olduğunu SAVAK müəyyən edirdi. Bu hökmə yenidən baxmaq və ya etiraz etmək mümkün deyildi. Təqsirləndirilən şəxsi yalnız şah xilas edə bilərdi. SAVAK yalnız şahın qarşısında cavabdeh idi.”



“SAVAK o qədər qüvvətli, “dövlətin düşməni” ifadəsi isə o qədər dumanlı idi ki, hər kəs bir gün özünün də belə işgəncə kamerasına düşəcəyini təsəvvür edə bilirdi.”



“Ümumiyyətlə, tarix mübarizə vasitəsi olaraq fərdi terrorun nəzəriyyə və praktikasının baniləri kimi şiələri qəbul edir.

Təqib olunan, gettolara məhkum edilmiş və həyatda qalma mübarizəsi aparan hər qrupda olduğu kimi şiəlik də ənənəçilik və doktrinal təmizliyə çılğın aludəçiliklə səciyyələnir. Təqib olunan adam öz seçiminin doğruluğuna sarsılmaz inamı olmadan həyatda qala bilməz. O, bu seçimi zəruri edən dəyərləri müdafiə etməlidir.”



“Məscid və kilsənin quruluşunda əsaslı fərqlər var. Kilsə dua, meditasiya və sükut üçün nəzərdə tutulmuş qapalı yerdir. Əgər kimsə danışmağa başlasa, digərləri onu məzəmmət edir. Məscid isə fərqlidir. Onun əsas komponenti insanların ibadət etdiyi, gəzişdiyi, müzakirələr apardığı və hətta görüşlər keçirdiyi açıq həyətidir. Burada coşqun ictimai və siyasi həyat var. İş yerində incdillən, rüşvət istəyən hövsələsiz məmurla qarşılaşan, polis tərəfindən hər yerdə təqib olunan iranlı məscidə ona görə gəlir ki, ruhi tarazlığını və dincliyini tapsın, ləyaqətini özünə qaytarsın. Burada heç kim onu tələsdirmir, heç kim narahat etmir. Məsciddə iyerarxiya yoxa çıxır, hər kəs bərabərdir və qardaşdır. Məscid müzakirə və dialoq məkanı olduğu üçün insanlar öz fikirlərini deyə, gileylənə və digərlərinin söhbətini dinləyə bilərlər. Hər kəsin belə rahatlığa ehtiyacı var. Diktatura vintləri bərkitdikcə, iş yerlərini və küçələri vahiməli sükut bürüdükcə insanlar da məscidlərə axışır, onların söhbətlərinin uğultusu yüksəlməyə başlayır.”



“Mahmud görüşü tərk edərkən yazıçı və tərcüməçi Qulam Qasımi ona yaxınlaşır. Mahmud Londona köçəndə Qulam vətəndə qalıb Böyük Sivilizasiyanın şəninə hekəyələr yazırdı. Onlar uzun illər bir-birilərini görməyib. Qulam dəbdəbəli həyat yaşayır, istədiyi zaman saraya gedib-gəlir, kitabları nəfis tərtibatda dərc olunur. O, Mahmuda nəsə demək istəyir. Mahmudu erməni kafesinə aparır, stolun üstünə həftəlik ədəbiyyat məcmuəsini qoyub qürurla deyir: “Bax, mən nəyi çap etməyə nail olmuşam!” Bu, Pol Elüarın bir şeirinin tərcüməsidir. Mahmud şeirə göz gəzdirib deyir: “Yaxşı, indi bunun nəyi qeyri-adidir? Nə ilə fəxr edirsən?” Qulam coşur: “Necə yəni niyə? Sən heç nə başa düşmürsən? Dİqqətlə oxu:

              İndi zülmət gecədir, indi qüssə vaxtıdır,

              İndi hətta korlar da evində olmalıdır.”

Qulam oxuduğu hər sözün üstünə barmağını qoyur, həyəcanla deyir: “bilirsən, bunu çap etdirmək üçün SAVAKa nə qədər dil tökmüşəm? Nə qədər səy göstərmişəm, nə qədər əngəl aşmışam? Bu ölkədə hər şey optimizm, gülüş, tərəqqi aşılamalı olduğu halda qəflətən “qüssə vaxtı”  - təsəvvür edə bilirsən?” Qulam qalib simasına bürünür, öz cəsarətindən məst olur.

Məhz indi, Qulamın hiyləgər sifətinə baxanda Mahmud inqilabın yaxınlaşdığını ilk dəfə hiss etdi. Qəflətən hər şeyi başa düşdü. Qulam qarşıdan gələn təlatümü hiss etmişdi. O, məharətlə manevr etməyə, döyüş cəbhəsini dəyişməyə başlamışdı, sanki günahlarını yumağa çalışırdı, qorxuya düşən ürəyinin uğultusuna qulaq asırdı.”



“İnqilabın səbəbləri adətən obyektiv şərtlərlə əlaqləndirilir – kütləvi yoxsulluq, zülm və istibdad, qalmaqal həddinə çatan haqsızlıq. Bu baxış doğru olsa da, birtərəflidir. Hər şeydən öncə bu şərtlər yüzlərlə ölkədə mövcuddur, ancaq inqilablar nadir hallarda baş verir. Ehtiyac duyulan şey yoxsulluq və zülmün dərk edilməsi, həmçinin yoxsulluq və zülmün bu dünyanın təbii nizamı olmaması mühakiməsinə varılmasıdır. Maraqlıdır ki, nə qədər ağrılı olmasına baxmayaraq, təcrübə bu hallarda kifayət etmir. Lazımi katalizator rolunu bir söz və ya aydın bir izah oynayır. Tiranları qorxudan bombalar və xəncərlər deyil, nəzarətsiz, icazəsiz, gizli, azad dövran edən üsyankar sözlərdir. Amma bəzən rəsmi, icazəli, uniforma geyinmiş sözlər də inqilaba səbəb olur.

İnqilab heç vaxt planlaşdırılmır. İnqilabın başlaması, partlayış saatı  hətta onun üçün çalışanları da qəfil yaxalayır. Hətta inqilabı gözləyənlər də onun qəflətən necə meydana çıxmasına və rastına çıxan hər şeyi yandırıb-yaxmasına heyrət içində tamaşa edirlər.

Hər bir inqilab dəhşətli tamaşadır və insanlar qeyri-ixtiyari olaraq dramatik vəziyyətlərdən qaçmağa çalışırlar. İnqilab müraciətin son ünvanıdır. Əgər insanlar inqilaba üz tutursa, demək uzun müddətli təcrübələri onlara başqa həll yolu olmadığını öyrədib. Bütün başqa vasitələr və cəhdlər uğursuzluğa düçar olub.

İnsanları inqilaba təhrik edən hakimiyyətdir. Əlbəttə, o, bunu şüurlu şəkildə etmir. Onun həyat tərzi və idarəçilik üsulu sonda inqilaba gətirib çıxarır. Bu, onda baş verir ki, elita arasında cəzasızlıq hissi kök salır: biz hər şeyi edə bilərik, bizə hər şeyə icazə verilib. Bu müəyyən rasional əsaslara söykənən xülyadır. Bir müddət həqiqətən, elə görünür ki, onlar istədiklərini edə bilərlər. Qalmaqal dalınca qalmaqal, qanunsuzluq dalınca qanunsuzluq cəzasız qalır. İnsanlar ehtiyatlı, sakit və dözümlü davranır. Onlar hələ öz güclərinin fərqində deyillər. Eyni zamanda insanlar bütün haqsızlıqların hesabatını aparırlar və xüsusi bir an gələndə onları ortaya çıxaracaqlar. Bu xüsusi anın seçilməsi tarixin ən böyük tapmacasıdır.”



“Diktatura insanlara xor baxsa da, onların rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxır. Qanunsuz olmasına baxmayaraq, daha doğrusu, qanunsuz olduğuna görə legitimlik görüntüsü üçün çarpışır. Bu baxımdan o, dəhşətli dərəcədə küsəyən, həddən artıq həssasdır. Bundan başqa o, həm də natamamlıq kompleksindən (ancaq gizli!) əziyyət çəkir. Buna görə də xalqın ona etimadını özünə və başqalarına nümayiş etdirmək üçün əlindən gələni əsirgəmir. Hətta bu etimad dumanlı da olsa, qane edər. Nə olsun ki, sadəcə görüntüdür? Diktatura dünyasında hər şey gözdən pərdə asmaq üçündür.”



Hiç yorum yok:

Yorum Gönder

Axtar